Məmmədyarov Lavrovla görüşündən danışdı
12.07.2016 11:27 Müsahibə 1673
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub.
APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır:
"Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk Qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə "Cənub-Şimal" dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir".
Rusiya-Türkiyə münasibətlərinin normallaşmasının müzakirə mövzulardan biri olduğunu deyən Elmar Məmmədyarov Azərbaycan bunu alqışladığını bildirib.
O bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir:
“Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.
Şərhlər