"Kimlərsə bilərəkdən millətimizin axırına çıxmaq istəyir"

13.07.2016 22:40     Müsahibə     1613

"Həm cəmiyyət, həm əlaqədar dövlət orqanları olaraq həyəcan təbili çalınmalı və çəkinmədən bu problemin üstünə gedilməlidir, yoxsa sonra gec olacaq”

"Reaksiya.az" Moderator.az-a istinadən xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkəni başına götürmüş çay evlərində baş verən neqativ hallarla bağlı medianın, cəmiyyətin və müvafiq dövlət qurumlarının ayaqda olmasını təklif edib, vaxtında tədbir görülməsinin vacibliyini bildirib:

 
"Biz qanun qəbul etmişik ki, orta məktəblərin yaxınlığında spirtli içkilərin və tütün məmulatlarının satılması qadağandır. Gedin baxın,  orta məktəblərin ətrafında görün hansı acınacaqlı mənzərədir? Elə mənim övladlarım oxuyan  məktəbin ətrafında 3 dənə çay evi var, amma adı çay evidir, içəridə spirtli içki də satılır, siqaret də, sulu qəlyan da. 13-14 yaşında uşaqlar bu yolla cəlb olunur həmin məktəbələri əhatəyə almış o qəlyan evlərinə. Mən hesab edirəm ki, ümumiyyətlə Azərbaycanda qəlyan evləri qadağan olunmalıdır və qanunları pozanlar sərt şəkildə cəzalandırılmalıdır. Sizdən də xahişim odur ki, mətbuat olaraq bu bəlanın üzərinə gedəsiniz. Təəssüf ki, Azərbaycan dünyada ən çox spirtli içki içilən və ən çox siqaret çəkilən ölkələr sırasındadır. Təhsil Nazirliyi də bu istiqamətdə tədbirlər görməlidir, İqtisadiyyat və Sənaye Nazirliyi də ümumiyyətlə bu sahəyə nəzarəti həyata keçirmir. Çay evində pivə satmaq olarmı? Qanunla qadağandır, amma satılır. Çay evində neçə qəlyan satıla bilər? Qanunla qadağan olsa da kimsə qanuna məhəl qoymur, çay evi adı ilə açıb min hoqqadan çıxırlar. Ona görə də hesab edirəm ki, müvafiq qurumlar bu məsələyə bir əncam çəkməlidirlər. Gələcək nəsil sağlam olmalıdır ki, sonra onun təhsilinin qayğısına qalasan. Xəstə insan heç istəsə belə yaxşı təhsil də ala bilməz. Necə ola bilər ki, şəhər, rayon icra hakimiyyətləri bu cür çay evlərinə icazə versinlər? Niyə əlaqədar orqanlar çay evi adlanan həmin məkanlarda baş verənlərlə bağlı tədbir görmürlər? Düşünürəm ki, ictimaiyyətin özü də bu məsələnin üstünə getməlidirlər, valideynlər həyəcan təbili çalmalıdırlar. Küçələrə baxın, məktəb yaşlı uşaqların az qala hamısının əlində siqaret, əksəriyyəti sulu qəlyan təklif edən çay evlərinin müştəriləridir, orada spirtli içkilər də qəbul edirlər və belə qənaətə gəlmək mümkündür ki, kimlərsə bilərəkdən gənc nəslin tərbiyəsini korlamaqla millətimizin axırına çıxmaq istəyirlər. Qanundakı boşluqlar və qüvvədə olan mövcud qanunların işləməməsi bu cür acınacaqlı mənzərəin yaranmasına səbəb olur. Sizə bir misal gətirim. Qardaşım deyir övladı ilə birlikdə xaricə gedibmiş, bir yerdə oturublar və oğlunu göndərib ki, durub onun üçün pivə alsın. Amma satıcı qardaşımın yerdən işarə edərək pivəni özü üçün istədiyini bildirməsinə baxmayaraq pivəni verməyib ki, qanun azyaşlının əlinə pivə şüşəsinin dəyməsini belə qadağan edir. Ona görə də pivə içirsənsə özün durub gəlib sifariş etməlisən. Bax qanun bu cür olmalıdır. Amma bizdə necədir bu sahədə vəziyyət? Lap 5 yaşındakı uşaq da gedib nəinki siqaret, hətta bir neçə şüşə spirtli içki də ala bilər. Ona görə də bir daha vurğulayıram ki, həm cəmiyyət, həm əlaqədar dövlət orqanları olaraq həyəcan təbili çalınmalı və çəkinmədən bu problemin üstünə gedilməlidir, yoxsa sonra gec olacaq”.
 

Şərhlər

Çox oxunanlar