Məşhur polkovnik: 'Azərbaycan nəinki "İskəndər" raketlərinə cavab vermək, hətta düşməni tam məhv etmək gücündədir'

25.09.2016 13:45     Müsahibə     1905

Hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanovun Milli.Az-a müsahibəsi
 
- İrəvanda sentyabrın 21-də keçirilmiş hərbi parada hazırlıq dövründə meydanda "İskəndər" operativ-taktiki raket komplekslərinin (OTRK) Ermənistan bayrağı altında görünməsi onların Rusiya tərəfindən Ermənistana verilməsi məsələsini qabartdı. Sizcə, Rusiya həqiqən də bu raketləri Ermənistana veribmi? Əgər veribsə, əsas hədəf kimdir?
 
- Əgər "İskəndər" raketləri artıq Ermənistana məxsusdursa, təbii ki, hədəf ilk növbədə Azərbaycan və burada yerləşən obyektlər olacaq. Əgər onlar Ermənistanın yox, Rusiyanındırsa, o zaman həmin silahların Azərbaycandakı hansısa obyektə yönəlməsi ehtimalı çox azdır. Çünki Rusiyanın Ermənistandakı bazasının tapşırıqlarından biz də məlumatlıyıq.
 
Lakin İrəvanda hərbi parada çıxarılan "İskəndər" komplekslərinin Rusiyaya və ya Ermənistana məxsus olması hələ ki, mübahisəlidir, tam dəqiqləşməyib. Ermənistanın bugünkü iqtisadi vəziyyətini nəzərə alsaq, onların belə bir silah sistemləri almağa imkanının olmasına inanmıram.
 
- Əgər raketlər Ermənistana məxsus deyilsə, o zaman niyə Ermənistan bayrağı altında nümayiş etdirilirdi?
 
- Bu gün Azərbaycan öz gücünü heç kimdən çəkinmədən nümayiş etdirir, heç kimdən, o cümlədən beynəlxalq təşkilatlardan heç nə gizlətmir. Bizim müdafiə sənayemiz haqqında da mütəmadi məlumatlar yayılır. Artıq Azərbaycanın özü xaricə silah satır. Bunların hamısı onu göstərir ki, Azərbaycan ordusu silahlanır, onun müdafiə gücü artır.
 
Təbii ki, Ermənistan da göstərməlidir ki, onlarda da hansısa güclü silahlar var. Onlar parad təşkil edirlər, təlimlər keçirlər və s. Məncə, bu paradın bir məqsədi güc nümayişidirsə, digər məqsəd də diqqəti daxildəki qeyri-sabitlikdən yayındırmaqdır, narazı kütləni sakitləşdirməkdir. Amma Azərbaycanda belə bir məsəl var: "İtdən soruşurlar ki, niyə hürürsən? Deyir ki, qorxuduram. Soruşurlar, bəs quyruğunu niyə bulayırsan? Deyir ki, özüm də qorxuram". İndi Ermənistanın vəziyyəti də təxminən ona bənzəyir.
 
- Sizcə, "İskəndər"lərin Ermənistana verilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?
 
- Bu gün Azərbaycan ordusu yalnız müdafiə xarakterli tapşırıqları yerinə yetirir. Ancaq Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməkdə israrlıdır, bu onun haqqıdır. Bunu beynəlxalq aləm də, Ermənistan da yaxşı bilir. Lakin müşahidələr göstərir ki, Ermənistanın və onun havadarlarının bu cür hərəkətləri nəticəsində zaman keçdikcə Dağlıq Qarabağ probleminin sülh yolu ilə yox, hərbi yolla həll ediləcəyi ehtimalı daha da artır. Çünki beynəlxalq qurumlar verdiyi vədləri yerinə yetirmir, məsələyə ikili standartdan yanaşırlar, sadəcə vaxtı uzadırlar. Onlar Azərbaycanın mövqeyini tam şəkildə dəstəkləmirlər. Əgər onlar haqqı dəstəkləsəydilər, malik olduqları çoxlu təsir mexanizmləri və beynəlxalq tələblər çərçivəsində işğal edilmiş torpaqların Azərbaycana qaytarılmasını təmin edərdilər. Lakin bu edilməyib. Bundan başqa, bilirik ki, bu məsələdə Rusiyanın öz maraqları var, eləcə də digər dövlətlərin də burada maraqları toqquşur. Yəni belə çıxır ki, Dağlıq Qarabağ probleminin münaqişə formasında saxlanması bəzi dövlətlərin marağındadır. Bura hər an alovlana bilər bir regiondur.
 
- Bəs Azərbaycanın istər "İskəndər" raketləri olsun, istərsə də Rusiya tərəfindən Ermənistana verilən digər yeni müasir silah sietemlərinin qarşısını almağa, onlara qarşı əks tədbirlər görməyə imkanları varmı?
 
- Biz bilirik ki, bu məsələ ortaya çıxandan sonra ali baş komandanın göstərişi ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə tapşırıqlar dəqiqləşdirildi, bəzi məsələlər nəzərə alındı. İndi həmin istiqamətlərdə işlər gedir.
 
Hamı bilir ki, prezident İlham Əliyev Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir. Əgər hələ də bunun üçün imkanlar tükənməyibsə, hansısa işıq ucu görünürsə, ondan istifadə edir. Ancaq bununla yanaşı, dövlət başçısı orduya böyük etimad göstərir və onun lazım gələrsə, torpaqları azad etməsi üçün daim ən müasir silahlarla təchiz edilməsinə böyük diqqət və səylə yanaşır.
 
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında istər "İskəndər" olsun, istərsə də digər silahları olsun, onlara qarşı dura biləcək yetərli qədər müvafiq silah və texnika var, bunun üçün lazımi tədbirlər görülüb. Təbii ki, qarşı tərəf də ilk növbədə düşmənin ata biləcəyi addımlarının qarşısını almaq üçün silahlanır.
 
Digər tərəfdən, bizim tapşırığımız yalnız onlara qarşı hansısa tədbir görməkdən ibarət deyil. Bizim qarşımızda duran əsas vəzifə və tapşırıq Azərbaycan torpaqlarını işğalçıdan azad etməkdir. Yəni biz nəinki onlara cavab vermək, hətta torpaqlarımızı azad etmək, düşməni tam məhv etmək gücündəyik. Mən buna tam əminəm, qəti şübhəm yoxdur. Bu gün Azərbaycandakı güc və vasitələr, silah-sursat, texnika, aparılan işlər, islahatlar, mövcud döyüş hazırlığı və s. göstərir ki, Azərbaycan istənilən vaxt bunu etmək iqtidarındadır.   
 
 

Şərhlər

Çox oxunanlar