“Kim istəsə bizim əməliyyatlarda iştirak edə bilər” - Uşaq ürək cərrahı Elnur Həsənov

07.10.2016 12:40     Müsahibə     1917

Bakıda dünyaya  gəlib. 1976-cı il, iyun ayının 6-da. Yəni ilin altıncı ayının altıncı günündə. Özünün dediyi kimi, bu altıların bir sirri var amma nə, onu bilmir. Orta məktəbi bitirdikdən sonra iki ali təhsil alıb. Sonra təhsilini xaricdə davam elətdirməyə qərar verib. Azad təyinatını götürüb və isti ölkəsindən birbaşa yollanıb soyuq Sibirə. Aspirantura təhsilini orda tamamlayıb. İnternaturanı Almaniyada bitirib. 

Dünyada birinci və ikinci yerləri öz aralarında bölüşdürən qospitallarda təcrübə keçib. Londonda, Münhendə, Filadelfiyada, Boston, Harvardda, Miçiqan universitetində, Almaniyada uşaq ürək cərrahiyyəsi ilə məşğul olan müxtəlif xəstəxanalarda sertifikatlaşıb, təcrübələrini artırıb. Növbəti səfəri Amerikayadır. Özü də tək yox, şöbəsinin əməkdaşları ilə birlikdə. 

Onunla müsahibəyə gedəndə haqqında danışılanlardan heybətli bir adam olduğunu düşünürdüm. Müsahibimin şöbə müdiri olduğu Topçubaşov adına xəstəxanada məni tibb bacısı qarşıladı. Çox alçaq səslə “sizin gəlişinizdən xəbərimiz var, indi həkimin özü də gələcək” dedi.  Niyə belə danışdığını soruşanda “bilirsiz mən çox hay-küylü adam idim, Elnur həkim gələndən sonra hamımızın səsini alıb. O yavaş danışır deyə biz də belə danışmağa öyrəşmişik” - deyə cavab verdi.

Bu detalın səbəbini oxuyacaqsınız, indi isə həkimi qarşılayaq. Qarşımda arıq, balaca boy, kübar bir adam dayanıb. Salamlaşdıqdan sonra qapısına “şöbə müdiri Elnur Həsənov” yazılan otağa keçirik. Açıq qapıdan balaca uşaqların səsi gəlir. 

Əslində məhz elə burda bir haşiyə çıxmalıyam. Bu mükəmməl adamla tanışlığı və bir azdan edəcəyimiz söhbəti Şamil Şahbazov və Sənan Nəcəfova borcluyam. Şamil bəy Azərbaycanda bir ilkə imza atıb və oğlunun açıq ürək əməliyyatında iştirak edib. Mətbuata çıxmaqdan imtina edən həkim Şamil bəyi necə heyrətləndiribsə onu hamıya tanıtmağı qərara alıb. Çünki o buna bilavasitə şahid olub. Gözünün qarşısında oğlu  açıq ürək əməliyyatı keçirib və Şamil bəy dəmir iradə ilə bu prosesi izləyib. Beləliklə Sənan Nəcəfovun Şamil Şahbazova tövsiyəsi ilə mən gəlib çıxmışam Elnur bəyin qarşısına və indi ondan müsahibə almaq üçün əlləşirəm. (Bilirsiniz nə baş verdi? Bu sakit təbiətli  adamla bir neçə saatlıq söhbətdən sonra ilk işim Şamil bəyə zəng vurub təşəkkür etmək oldu. Səbəbini söhbətdə görəcəksiniz)

Mənim bu dəfəki müsahibim sözün həqiqi mənasında Azərbaycan səhiyyəsinin gələcəyi üçün ümid vəd edir. Günümüzün mediasının manşetlərini bəzəyən həkim səhvlərinin baş alıb getdiyi bir dövrdə sizə elə bir uşaq ürək cərrahiyəsi şöbəsindən bəhs edəcəyəm ki, artıq körpələrinizin ürək qüsurları sizin ürək ağrılarınıza çevrilməyəcək. Çünki qarşınızda Azərbaycanın gənc, yaşından artıq savadlı, vicdanlı ürək həkimi dayanıb. O “alver” eləmir, insan həyatı sağaldır. Olmalı olan da elə bu deyilmi?!

Azadinform-un müsahibi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Şöbəsinin müdiri Elnur Həsənovdur:

- Elnur bəy, neçə ildir Azərbaycandasınız?

- Dörd il yarımdır. 

- Səhiyyələr arasındakı fərq nədir? 

- Fərq odur ki, əgər mənim öyrəndiklərimi təbabət adlandıracağıqsa o təbabət ümumiyyətlə burda yoxdur. Burda heç o haqda məlumat da tapmaq olmaz.

- Siz necə, öyrəndiklərinizi bura gətirə bildinizmi?

- Qismən. Gətiriləsi şeylər kifayət qədər çoxdur. Bu bir adamın işi deyil və illər lazımdır.  Bilirsinzimi,  ürək cərrahiyyəsi təbabətin başqa sferalarından fərqli olaraq komanda işidir. İdmanla müqayisə eləsək, bir idmançı öz ölkəsinin bayrağını tək dalğalandıra bilər. Amma ürək cərrahiyəsi bir futbol komandasıdır. Bir oyunçu hər nə qədər peşəkar olsa da rəqibin on bir nəfərinə qarşı özünün on nəfərinin yerinə oynaya bilməz. Məhz buna görə mən başqa ölkələrdə təcrübə keşməyə komandamla birlikdə gedirəm. Gördüklərimizi bir mexanizm halında burda da tətbiq edirik və bizdə alınır.  

- Bu həm də bir ilkdir, elə deyilmi?

- Məncə hə. Bəzi adamlar şəxsi keyfiyyətlərindən yola çıxaraq sadəcə özünü irəli çıxarmağa çalışır. Ürək cərrahiyyəsində mümkün deyil, çünki bu sahə elit sahədir. Diafraqmadan yuxarı nə varsa bədənin elitasıdır, ora aşağıdan gəlmək lazımdır, birinci aşağıları öyrənmək lazımdır. Heç bir ümumi cərrah ürək cərrahiyəsini bilmir, amma hər bir ürək cərrahı ümumi cərrahiyəni bilir. Ona görə orda bir oyunçu oyunu apara bilir, amma bizdə yox. 

- Bu klinikaya gəlişiniz necə oldu? Bu Mərkəz nə vaxtdan fəlaiyyət göstərir?

- Topçubaşov adına mərkəz 2011-ci ildə açılıb amma əməliyyatlar açılışdan səkkiz ay sonra keçirilməyə başlayıb. 

- Niyə? Həkimmi yox idi?

- Həkim var idi, amma güc yox idi. Bu cərrahiyyədə həmişə ölüm var. Ona görə də ilk vaxlarda ehtiyatlı yanaşma olub. O  vaxt  Ukraynadan bir həkim briqadasının gətirilməsi nəzərdə tutulub. Həmin ərəfədə mən də Azərbaycana gəldim. Və düşündüm ki, biz niyə kimisə gözləməliyik? Bizim nəyimiz çatmır? Səhiyyə Nazirliyindəki iclasda fikirlərimi dedim. Onlar da mənə dəstək oldular. Müəyyən bir müddətdən sonra işimizin alındığını  gördülər  və  mənə şöbəyə rəhbərlik eləməyi məsləhət gördülər.  

- Elnur bəy, ürək bir insanı həm dünyadan qoparan həm də dünyaya bağlayan tək orqandır. İnsanın varı ilə yoxunun cəmi ürəkdə birləşir. Nə hiss edirsə ordadır. Bax o ürəyi faktiki olaraq qarşınızda görəndə heç ağlınıza gəlirmi ki, bu xəstənin “üəryindən nələr keçir”?

- Bunu deyə bilmərəm. Mənə elə gəlir ki, işimin fəlsəfəsini anlasam tam fərqli bir həkim olacağam. 

- Deyirlər ki, filankəsin “iki ürəyi var”, “qurd ürəyi” yeyib. Yəqin ki, bunlar praktikada gözə görünmür, hamının ürəyi bir formadadır...

- Yox, bir formada deyil.  Sağlam ürəkləri deyə  bilmərəm, çünki mən adətən qüsurlu ürəkləri görürəm. Onlar da heç vaxt bir olmur, hamısı fərqlidir. Ələlxüsus da uşaq ürək cərrahiyyəsi, anadangəlmə ürək qüsurlarında hər əməliyyatda yeni bir halla qarşılaşmalı olursan. Bəzən kitabda yazılanla gördükləriniz üst-üstə düşmür. Buna əvvəlcədən hazır olmalısınız.  Sizə  bir məqamdan bəhs edim, zahirən o qədər gözəl olmayan uşağın ürəyi elə gözəl olur ki. O ürək sizə minnnətdardır, incitmir,  hər  bir tikişə rahatlıqla icazə verir.  Halbuki, tikiş texnikası fərqli deyil. Bəzi ürəklər də var ki, onu tikirsən, tikirsən, alınmır, kapriz yaradır. Ümumiyyətlə uşaq ürəkləri çox rahat sağalır. Mən adətən uşağın əməliyyatdan əvvəl gözlərinə baxmıram, amma əməliyyatdan sonra onların gözlərinə baxmaqdan doymuram. Hər addımda sizə minnətdar olduqlarını göstərməyə çalışırlar, içərilərində danışa bilən varsa, hər gün gəlib deyir ki, mən bu gün daha yaxşıyam, bax, görürsən mən yaxşıyam. Və beləliklə, sən onların gözlərində əməyinin bəhrəsini görə bilirsən.

- Bir insanı sağaltmaq...

- Çox ağır bir hissdir. Fikriləşirsiniz, bax bu adam ayağa durub gəzənə qədər mən nələr çəkmişəm. Amma özündən razısan. Bu hiss də adama qürur verir, adamı öz gözündə böyüdür.

- Sizin ürəyinizi açsalar nə görərlər?

- O biri ürəklər kimi, sadəcə qan. Mənəvi baxımdan isə mən elə də pis adam deyiləm. Hərçənd hamı üçün yaxşı olmaq olmur. 

- Balansı necə tarazlayırsınız? Birinə həyat verirsiniz, başqa birinin isə həyatına son qoyursunuz...

- Bu, bir az ağır oldu. Mən belə suallara hazır deyiləm.

- Mən istəmirəm siz düşünülmüş cavablar verəsiniz.

- (Duruxur) Mən heç bilmirəm bu suala nə cavab verə bilərəm. Sadəcə tam səmimi onu deyim, mən heç vaxt sonun nə olacağını düşünmürəm,. 

- Ümumiyyətlə bir ürək həkimi sonu fikirləşməlidirmi? 

- Bilmirəm, mən düşünmürəm. Bəlkə də bu yaşımın verdiyi bir həyəcandır, cavan olduğum üçün dərk edə bilmirəm, bəlkə də yaş artdıqca artıq ehtiyat edəcəyəm. Hələ ki, mənim yanıma uşaq gəlirsə  və mən təxmin edirəmsə ki, mənim oxuduğum, bildiyim onu sağaltmağa yetəcək, o halda heç nədən çəkinmirəm. Əməliyyata girəndə dünyadan təcrid olunuram. Bütün şəxsi problemlərimi  bir kənara  atıram  və  sadəcə  əməliyyata yönəlirəm. Həmin gün çox rahat oluram.

- Bu, şəxsi yoxsa öyrədilmiş xüsusiyyətdir?

- Öyrədilmiş vərdişdir. 

- Yeri gəlmişkən, tibbi təhsilə pulla yiyələnmək nə dərəcədə düzgündür?

- Çox mənasız bir şeydir. Biz özümüz buna şərait yaradırıq, uşağımızı oxutmasın deyə müəllimə pul veririk. Mən bu barədə çox bəxtəvər adamam, orta məktəbdə, universitetdə çox gözəl müəllimlərim olub. Onlardan öyrənmək adama zövq verib. Biz nəyisə öyrənməyəndə müəlimlərimizdən utanırdıq. Əsas məsələ müəllim məsələsidir. Hər bir insanın vicdanı var, amma o vicdanı oyadan müəllimlər azalıb. Bir də ki, diplomu pulla almaq olar, amma ixtisası necə alırlar, mən onu başa düşə bilmirəm.

- İdealınız varmı? 

- Mən sizə balaca bir epizod danışım. İsti sevən biri olduğum halda azad təyinatla, mənfi 38 dərəcə  soyuq olan bir yerə,  Sibirə - Novosibirskə getdim. Halbuki Moskvaya getmək mənim üçün daha rahat idi. Ailədə tərbiyəni elə almışam ki, həmişə seçim imkanı özümə məxsus olub. Yenə də ailəm mənim seçimimə hörmətlə yanaşdı. Avqust ayının 28-də burdan getdim,  Bakıda temperatur 41, Novosibirskdə təyyarədən düşəndə havanın dərəcəsi mənfi dörd idi. Hamı isti paltoda bircə mən qoluqısa köynəkdə idim. Orda dedilər, burda bir insan var o səni öyrətsə öyrənəcəksən, öyrənməsən gəldiyin kimi də çıx get. İmtahan verib qəbul oldum, amma üç  ay o adama yaxın düşə bilmədim. Təsəvvür edirsiz, 90 gün bir yerdə olasınız, amma zəhmindən yaxınlaşıb bir kəlmə söz deyə bilməyəsiniz. Onun əməliyyatxanada səsi çıxanda hamı qorxudan əsirdi. Və o doxsan gün mən orda heç kimə lazım da olmadım. Heç kim də soruşmadı, sən burda nə edirsən deyə. Məni qazanılmış qüsurlar şöbəsinə salmışdılar, mən isə anadangəlmə ürək qüsurları şöbəsini istəyirdim. Ona görə heç ora da getmirdim. Hər gün hər səhər o adamla danışmaq fikri ilə xəstəxanaya gedirdim və məyus olub qayıdırdım. Amma onun əməliyyatlarına girirdim, əməliyyat vaxtı onun arxasında dururdum. Bir gün bezdim, Bakıya biletimi aldım. Hardasa dekabr ayı idi. Ailəmlə əlaqə saxladım  və atamın tövsiyəsi ilə son dəfə həkimlə danışmağa qərar verdim. Bilet cibimdə bütün gücümü yoxlayıb yaxınlaşdım ki, bəs, “Yuri Nikolayeviç, mən  axı  üç  aydır sizinlə danışmaq istəyirəm”. Bəxtimdən də adamın əhvalının pis vaxtıydı, çətin bir əməliyyatdan çıxmışdı. Dönüb üzümə baxdı və nə istədiyimi soruşdu. Mənim yenə dilim tutuldu, əlimi cibimə atıb bileti çıxardım və dedim ki, mən sentyabr ayından bəri burdayam. Artıq  evə  gedirəm, amma hər ehtimala qarşı şansımı yoxlamaq istəyirəm. Əgər öyrədəcəksinizsə mən qalım, yoxsa, mən gedim. Üzümə baxdı, baxdı və dedi səhər saat 8-də şöbədə ol. 

Elə bildim  dünyanı  mənə verdilər. Həmin gecəni yata bilmədim, çox gözəl hisslər keçirdim. Səhər açılar-açılmaz gəldim, Yuri Nikolayev hamının  içərisində  məni təqdim elədi, onun yanında işləyəcəyimi bildirdi. Altı il onunla işlədim. Hara gedirdisə məni də özü ilə aparırdı. Bütün işlərini  mənə  arxayınlıqla əmanət edə bilirdi. Hətta narkotik maddələri də. Bax o adamı mən özümə bir valideyn hesab edirəm.  

- Azərbaycanda tərəddüd eləmədən təqdim edə biləcəyiniz həkim varmı? 

- Ürək sahəsində birlikdə işlədiyim Faiq Mirzəzadə. Mən atayam və əgər övladımın ürək qüsuru olarsa öz övladımı arxayınlıqla ona etibar edə bilərəm.

- Böyük etimaddır.

- Çox!

- Bu dörd il yarımlıq fəaliyyətinizdə sizə ən çox hansı hadisə təsir edib?

- Şamil müəllimin davranışı. O bir qədər fərqli valideyn idi. Adətən ata-ana uşağın qüsuru  haqda heç nə bilmir, sadəcə bilir ki, xəstədir və ona kömək eləmək lazımdır. Bu adam çox hazırlıqlıydı, mənimlə dərmanların sinonimləri  haqda da danışırdı. Misal üçün qandakı elektrolitlərdən bəhs edirdi. Onun sualları  çoxuydu və bir qədər narahatıydı. İnamını qazanmaq üçün “kim istəsə bizim əməliyyata buyura bilər” dedim o da cavabında özünün əməliyyatda iştirak eləmək istədiyini dedi. Əvvəl inanmadım məni yoxladığını fikirləşdim. Bir az söhbətdən sonra ciddi olduğunu başa düşdüm. Biz Şamil müəllimi əməliyyat otağına girmək üçün hazırladıq. Mənim üçün ən təəccüblü hadisə bu idi. Belə halla bircə dəfə Filadelfiyada rastlaşmışdım, ordakı valideyn daha həyəcanlı idi. Şamil müəllim isə əməliyyatı başdan-ayağa izlədi hətta mənə mənəvi dəstək də oldu. O, bir Tibb Universiteti  tələbəsi kimi ürəyin  içindəki dəliklərə qədər hər şeylə maraqlanırdı. 

Bax mənim gözümdə Şamil müəllim sizin dediyiniz o “şir ürəyi yemiş” adama misaldı.

- Əməliyyatlarda keçirdiyiniz hisslər sizin ömrünüzdən almır ki?

- Mən peşəmi sevirəm. Alıram ki, vermirəm. Həyatımdan getmir, əksinə, üstünə gəlir. 

- Siz nə elədiniz ki, onu heç kim eləməmişdi?

- Mənə qədər heç vaxt azərbaycanlı həkim uşaq cərrahiyyəsi ilə məşğul olmamışdı. Sırf uşaq cərrahiyyəsindən söhbət gedir. Bizə qədər Azərbaycanda xaricdən gələn mütəxəssislər əməliyyat edirdilər, ölkədən də xaricə gedənlər çox idi. İrana çox gedilirdi, indi demək olar ki, bu göstərici sıfıra enib. Artıq İrandakı həkimlər də bizi tanıyır. Biz özümüzü tanıtmaq üçün beynəlxalq konfranslara öz gördüyümüz işlərlə, öz tezislərimizlə getməyə başladıq. Məqalələrlə çıxış elədik. Elə indi də bu davam edir. Bu ayın 30-da Barselonada, o biri ayın 30-da isə Abu-Dabidə olacağıq. Sırf uşaq ürək cərrahiyəsi haqda beynəlxalq konfranslarda bundan sonra da mütəmadi olaraq iştirak edəcəyik. Facebook sosial şəbəkəsindəki səhifəmizdə üç dildə gündəlik hesabatlarımız olur. 

- Niyə bu qədər sakitsiniz?

- Əksinə, işçilərə görə mən çox qəddaram. Bunun da səbəbləri var, bura uşaq şöbəsidir. Onlar qorxa, inciyə bilərlər. 

- Unutmadığınız uşaqlar varmı?

- Heç birini unutmamışam, hər birinin əməliyyatlarına qədər yadımdadır.

- Musiqini sevirsinizmi?

- Musiqi məktəbini bitirmişəm - fortepiano bölməsini. Bizim əməliyyatxanada həmişə musiqi səslənir. Özüm caz sevirəm. Fransada bir həkim var, deməli, bu həkim, özünün də qıvrım saçları var, əməliyyatdan çıxan kimi gəlib foyedə qoyulan ağ royalda möhkəm səslə qəşəng bir musiqi da ifa edir və ondan sonra valideynlə danışır. Bu bir növ stress atma metodudur.  

- Böyük anlamda səhiyyədə, kiçik anlamda da şöbədə nə kimi dəyişikliklər etmək istəyirsiniz?

- Mən bilsəm ki, sabah gedirəm, sabaha qədər mütləq nəsə edəcəyəm. Səfərdə olduğum ölkələrdə Azərbaycanlı gəncləri görürəm, ürək cərrahiyyəsi ilə bağlı ixtisaslaşmış həkimlərə rast gəlirəm. Onların Azərbaycan üçün ürəkləri gedir, çünki burda dəyərləri var. Şöbəmizə gəlincə, bura yeganə şöbədir ki, hər bir nəfərin sözü keçir. Hətta tələbələrin də. Çünki mən tələbə olanda fikrimi öyrənirdilər. Biz çoxluğun fikri ilə qərarlar  alırıq. Mən elə görmüşəm və o bəhrəsini verib. Belə olanda hər kəs  özünü güclü görür. O, bilir ki, onun fikri hamıya maraqlıdır. Bu, bizi irəli aparır. 

- Yəni, el misalında deyildiyi kimi “hamı baxır, amma baxır kim nə görür”... 

- Bəli. Sırf buna görə bizim tələbələrimiz bir neçə həyat qurtarıblar. Görmədiyimiz detalları bizə göstəriblər. Bu il məzun olacaq rezidentlərimiz var və mən onlar üçün Səhiyyə Nazirliyindən xahiş eləmişəm, başqalarından bir soruşanda onlardan beş soruşsunlar, eyni zamanda mənim imtahanda iştirakıma icazə versinlər. Onlar nəyisə bilməsələr mənim gözümün içinə baxsınlar. Bilirsiniz, vicdanın verdiyi cəzanı başqa heç nə verə bilməz. (Kamerada göstərir) Baxın, bu oğlan bizim rezidentdir, adı da Şahmərdandır, mən həmişə ona “adına layiq ol”deyirəm. Getdiyim hər yerə özümlə aparıram. Bax bu tibb bacısını da Belarusa  göndərmişik. Bunu  niyə edirəm, bilirsinizmi? Bir neçə il bundan əvvəl heç kimə əlcək geydirə bilmirdim, izah edirdim, amma olmurdu. Axırda onları xaricdəki xəstəxanalara göndərdim, gələndən sonra performans dəyişdi. Və nə baş verdi, ordan gələnlər o biriləri də məcbur edirdilər ki, mən orda belə görmüşəm. İndi də hər il özləri gəlib növbəti ildə hara gedəcəkləri ilə maraqlanırlar. Biz bunu öz gücümüzlə edirik. Bu şöbəyə işə düzələn heç kimdən maddiyyat tələb olunmur. Həkimindən tibb bacısına qədər. Onlar üçün lazımi qurumlara ağız açıram, xahiş edirəm, bu gənclər lazımlı kadrlardır, onları işlə təmin eləsinlər, yola verməsinlər. (“Yola vermək” bircə Azərbaycanda var və heç bir dilə tərcümə olunmur).  Şöbəmiz onların sayəsində güclənib. Burda amalı fərqli olanlara yer yoxdur. 

- Siz həm də şöbə müdirisiniz...

- Xeyr, bunun müdirliklə əlaqəsi yoxdur. Mən yarım ildən sonra burda rəhbər olmayacağam,  amma şöbədən də getməyəcəyəm. Rəhbərlik iddialı olmaq tələb edir. İstəmirəm o müdirlik mənim üstümə yapışsın. Gələn ilki rəhbərlik  seçimləri  üçün sənəd verməmişəm. Qoy bizim yetirmələrdən biri rəhbər olsun.  Bura mənim atamın xəstəxanası deyil. Yetirmələrimizdən kimsə buranı  idarə  edəndə mənə daha da rahat olacağam. İndiyə qədər onlara müdir olmamışam, bundan sonra da olmayacağam. Sərt olmuşam amma. Çünki insanlar bizə övladlarını əmanət  edirlər. Bir sözlə, bizim gənclərdən hər hansı biri bura rəhbər təyin olunsa, bu, mənim qələbəm olar.  

- Səhiyyədə nəyinsə dəyişəcəyinə ümidiniz varmı? Axı belə gedə bilməz...

- Mən heç vaxt kabinetdə əlim cibimdə oturub gözləmirəm xəstəni əməliyyata  hazırlasınlar, sonra işə başlayım. O xəstənin əməliyyat stolunu özüm qururam. Sualınıza gəlincə, mən inanıram ki, səhiyyədə çox şey dəyişəcək.  Ölkədən kənarda, azərbayacanlı olub, orada fəlaiyyət göstərən və Azərbaycana qayıtmaq üçün himə bənd olan çox savadlı həkimlər var. Bu gücü buraya qaytarmaq lazımdır. Eyni zamanda, yaşlı həkimləri də çıxdaş eləmək olmaz. Onları yormaq, incitmək, stress yaşatmaq lazım deyil, əksinə təcrübələrindən faydalanmaq lazımdır. Maaşları verilsin, məsləhətçi olsunlar. 

- Sözünüz varmı? 

- Qəlbiniz ağrımasın. Ürəyin ağrıması mexaniki bir şeydir, insanın gərək qəlbi ağrımasın. Siz istəsəniz də istəməsəniz də yaş öz işini görəcək, o ürəyin damarları tutulacaq. Qəlbin ağrımaması üçün sadəcə yaxşı adam olmaq lazımdır. Vicdanlı, düzgün insan olmaq lazımdır. Hə, bir də mən heç də maraqlı bir müsahib deyiləm.  Yenə də çox sağ olun. 

- Buna oxucularımız qərar verəcək, Elnur həkim. Müsahibə, daha doğrusu səmimi söhbət üçün təşəkkür edirəm.

Haşiyə:

Müsahibəmizə öz övladını Elnur bəyə həvalə edən və onun açıq ürək əməliyyatında iştirak edən Şamil Şahbazovun dedikləri ilə yekun vururuq. Necə deyərlər, biz susaq,  fakt danışsın: 

Şamil Şahbazov: Ölkəmizdə həkimlər barəsində formalaşmış mənfi fikirlər, tez-tez mətbuatdan izlədiyimiz arzuolunmaz hadisələr digərləri kimi məndə də inamsızlıq yaratmışdı. Elnur Həsənovla görüşənə qədər həm ölkə daxilində, həm də ölkə xaricində bir çox qapalı və açıq ürək əməliyyatları həyata keçirən cərrahlar ilə əlaqə saxladım və görüşdüm.  Digər cərrahlarla görüş barəsində olan təəssüratlarımdan danışmaq istəmirəm. Sadəcə onu bilirəm ki, Elnur Həsənovla görüşdən sonra əməliyyatı  xaricdə etdirmək və digər ürək cərrahları ilə görüşləri davam etdirmək istəyindən elə oradaca vaz keçdim. Çünki Elnur Həsənov mənimlə müştəri kimi davranmırdı. Söhbətimiz zamanı  problemin aradan qaldırılması alqı-satqı predmetinə çevrilmədi. Bəlkə də ilk dəfə idi ki, bazarlıq etmədən əməliyyatın vaxtını təyin edən həkimlə rastlaşmışdım.  Bundan əlavə Elnur Həsənov onun əməliyyatında xəstənin yaxınlarının iştirakı etməsinin mümkün olduğunu deyəndə və bunu mənə təklif edəndə, bu qədər öz işinə əminliyə, şəffaflığa görə çox sevindim.  Görüş zamanı onun çox savadlı, peşəkar mütəxəssis olması ilə yanaşı, çox səmimi, sadə, vicdanlı bir insan olduğu təəssüratı yarandı. Onun barəsində ən az məlumatlı olmağıma, özünü reklam etdirmədiyinə görə “işarə verənlərin” sayının az olmasına baxmayaraq mən öz övladımın əməliyyatını ona etibar etdim və xaricə getməkdən son anda fikrimi dəyişdim. Əməliyyatda da bilavasitə iştirak etdim. Onların xəstəni necə əməliyyata hazırlamasını, bütün personalın öz vəzifələrini yerinə yetirmələrini, əməliyyat zamanı sağ 3-cü qabırğanın arasından keçib, ürəyin qulaqçığından girib həmin dəliyi necə bağlamağının şahidi oldum. Bəlkə də, bir çox adamlar üçün bu qəribə gələ bilər, amma Elnur Həsənov və  onun komandası bu işi o qədər gözəl və ahəng içərisində icra edirdilər ki, o mənzərəni izləmək mənə xüsusi güc verirdi. Düzdür, çoxları mənim NLP Master olduğumu bilirlər və bunu NLP texnikalarından istifadə etməyimlə əlaqələndirirlər. Mən isə bununla razılaşmıram çünki, Elnur Həsənovun peşəkarlığını izləyəndə NLP texnikalarına ehtiyac yoxdur.  Əməliyyatdan sonra isə onun barəsində apardığım araşdırmalarda seçimimdə yanılmadığımın şahidi oldum. Öyrəndim ki, o ürək cərrahiyəsi sahəsində dünyanın ən inkişaf etmiş ölkələrində, Filadelfiyada, Almaniyada, Amerikada və s. ölkələrin məşhur klinikalarında, tibb institutlarında elmi nəzəri və praktiki biliklər almış və bilavasitə əməliyyatlar aparmışdır. Azərbaycanda isə 1400-dən çox körpənin ürək əməliyyatını həyata keçirmişdir. Çox riskli olduğu üçün Almaniya xəstəxanasının  imtina  etdiyi körpənin əməliyyatını  öz üzərinə götürüb və uğurlu nəticə alıb. Öz ətrafına çox savadlı, hələ başqa neqativ düşüncələrə bulaşmamış kadrları hazırlayıb toplayıb. Ən vacibi odur ki, o xarici özəl xəstəxanalarda etdiyi əməliyyatlara görə ona verilən qonorarı bahalı maşın, ev və s. şeylərin alınmasına deyil, öz komandasının bilik səviyyəsinin artırılmasına xərcləyir. Onları özünün təcrübə keçdiyi, tibb institutlarında təcrübə keçməyə göndərir. Təsəvvür edirsinizmi bu nə deməkdir?  İstər əməliyyatdan əvvəl, istərsə də əməliyyatdan sonra onun və komandasının davranışları olduğu kimi qaldı. Elə qayğıkeş idilər ki, sanki  onlara qonaq getmişdim. Amma təəssüflər olsun ki, bunu bir çox əməliyyat keçirmiş xəstələr də təsdiq edə bilərlər, bəzi cərrahların və ya həkimlərin xəstəni ilk qəbul etdikləri münasibətlə, istədiklərini əldə etdiklərindən sonrakı münasibət bir-birinə tam zidd olur. Çünki birdəfəlik müştəri kimi qəbul edirlər. Qəbul edəndə “Gülməyi bacarmayan, ticarət edə bilməz” Çin atalar  misalının prinsipinə riayət edirlər, sonra isə, qəribə prinsiplərə...

Bu gün ölkəmizdə Elnur Həsənov kimi səmimi, vicdanlı, alicənab və savadlı uşaq ürək cərrahının olması çox sevindirici haldır. Bu gün təəssüflər olsun ki, ürək qüsuru ilə doğulan çoxlu sayda da insanlar var ki, onların əsl mütəxəssisdən və əsl mahiyyətdən xəbərləri yoxdur. Hər kəs bilməlidir ki, uşaqların ürək əməliyyatlarını yalnız uşaq ürək cərrahiyyəsi üzrə ixtisaslaşanlar aparmalıdırlar. Xüsusilə 14 yaşa qədər. Elnur Həsənov kimi mütəxəssisləri hamılıqla qorumalıyıq ki, elə belə də davam etsin və hər kəs məlumatlı olmalıdır ki, öz şəfalarını doğru ünvanda tapsınlar.  Elnur Həsənova təşəkkür edirəm və ona uğurlar arzu edirəm”. 

Şərhlər

Çox oxunanlar