“Şanxay Əməkdaşlıq Təşkilatı elan olunmayan hərbi paktdır” - POLİTOLOQ

23.07.2015 12:46     Müsahibə     3781

Xəbər verildiyi kimi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycana dialoq üzrə tərəfdaş statusu vermək niyyətindədir. Bu fikri bir müddət öncə Rusiyanın Ufa şəhərində ŞƏT-in geniş tərkibli iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

Ekspertlər hesab edir ki, ŞƏT-in daxilində Azərbaycanın belə status alması onun yürütdüyü xarici siyasət müstəvisində ciddi dəyişikliyə uğraması deməkdir. Əslində isə rəsmi Bakının Qərblə münasibətlərinin indiki gərgin dövründə Çinlə Rusiyanın yanında yer almaq cəhdi nəyə hesablanıb?

Bu və ya digər suallara cavab almaq üçün Reaksiya.az politoloq Adıgözəl Məmmədovdan eksklüziv müsahibə alıb.

 

-Adıgözəl bəy, bu yaxınlarda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına dialoq üzrə tərəfdaş statusu kimi daxil olacağı haqda informasiya yayıldı. Ölkəmizin bu quruma daxil olmasının kökündə hansı perspektivlər gizlənir?

-Burda istənilən mülahizəni yürütmək olar. Ancaq gəlin, fikir verək. ŞƏT-in bugünkü formatında nəyi müşahidə edirik? Tamamilə birmənalı şəkildə Azərbaycanın mənafeyinə uyğun ola biləcək konstruksiya görürük. Əvvəlindən sonunadək ŞƏT-in üzvü olan Pakistan Azərbaycanın yanında yer alıb. Sevindirici haldır ki, son 20 ildə Orta Asiya Cümhuriyyətlərində, xüsusilə Özbəkistan, Qazaxıstan və Qırğızıstanda milli şüurun daşıyıcıları olan bir aristokratiya, bir ziyalılıq zümrəsi formalaşıb. Bu ziyalılıq zümrələrində kimlilik identifikasiyası önə gəlib. Bu zümrələr hansı kökdən, hansı mənbədən gəldiklərini özlərinə sual verirlər və cəmiyyətə açıqlayırlar ki, biz türkük, türk kökənliyik. Bunu mən ŞƏT-ə daxil olan Qazaxıstanda və digər Orta Asiya respublikalarında da görmüşəm. Bəlkə kənardan bu dediklərim elə də görünmür, ancaq cəmiyyətin daxilində olduqda bunu bariz görmək mümkündür. Çini də bu toplumdan kənarda qoymaq olmaz, çünki bu ölkədə xeyli sayda türklər yaşayır.  Əslində Çinin bu təşkilatın yaradılmasındakı iştirakının əsas  səbəbi  coğrafiyadakı türk dilli xalqların anti Çin siyasətində böyk qlobal güclərlə bərabər olmasıdır. Bu baxımdan uyğur məsələsində Çin cox həssasdır və regiondakı Türk varlığının anti Pekin geopolitik konstruksiyalarında yer  ala bilməsi ehtimalı belə onun üçün öldürüçü bir haldır. Ona görə də Çin bu coğrafiyada ən azı taktiki olaraq  türk topluqları ilə münasibətdə mülayım siyasət yeritmək məcburiyyətindədir.Bu da onu anti Azərbaycan mövqeyində dayanmasını mümkünsüz edir.

-Burda maraqlı bir müans var. Azərbaycan nəyə görə Putinin yaratdığı Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatını deyil, məhz Şanxay Əməkdaşlıq Təşkilatını seçib?

-Ola bilsin ki, ölkə liderlərinin görüşündə Azərbaycanın ŞƏT-ə dialoq üzrə tərəfdaş statusu kimi daxil olacağı barədə söhbət aparılıb, hətta bəzi məsələlər ətrafında ilkin razılaşma da əldə edilib. Və bu görüşlər konteksində də məsələ mətbuat konfransında səsləndirib. Yenə də deyirəm, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Şanxay Əməkdaşlıq Təşkilatı çox fərqli bir qurumlardır. ŞƏT strateji nöqteyi nəzərdən yeni formalaşa biləcək bir paktdır. Necə ki, 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq mövcud idi. Bax, bu, onun yeni bir hərbi formasıdır. O vaxt da Varşava müqaviləsi NATO-nun yaradılmasına SSRİ-nin bir cavabı idi. İndi isə bu, regionda bu quruma daxil olan dövlətlərin milli maraqları çərçivəsində baş verəcək. Yəni bu dövlətlər ümumi razılığa gəlirlər ki, regionda digər oyunçular öz strategiyalarını həyata keçirə bilməsinlər. Və Xəzər hövzəsində yalnız bu dövlətlərin razılaşdırılmış siyasətləri yer alacaq.

-Fərz edək ki, dedikləriniz həyata keçdi, Azərbaycan bu quruma üzv oldu. Qarşılığında rəsmi Moskva ilə Pekin Azərbaycana nə verəcək?. Azərbaycanın isə hazırkı dönəmdə almaq istədiyi şey Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən torpaqlarıdır...

-Düzdür, Azərbaycanın hansı qurumda yer alıb-almamasından asılı olmayaraq ən ali məqsədi torpaqlarını işğaldan azad etməkdir. Burda isə son söz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevindir. Yenə də deyirəm, bu qurum razılaşdırılmış bir konsensusdur. Misal üçün, Hindistanla Pakistanın bura daxil edilməsi paritetliyi qoruyur. Hamı bilir ki, bu ölkələr arasında Kəşmir kimi bir problem var. Şanxay Əməkdaşlıq Təşkilatı yalnız regiona kənar qüvvələrin gəlişinə əngəl törətmək üçün nəzərdə tutulmuş bir proyektdir. Azərbaycanın isə bu təşkilata girib-girməməsi haqda cənab prezident qərar verəcək. Yetərincə bu məsələlər ölçülüb biçiləcək. Dağlıq Qarabağ probleminin həlli isə heç bir qurumun iradəsində deyil. Bu, yalnızAzərbaycan xalqının və Ali Baş Komandanın əmrində olan əsgərlərin iradəsilə həll ediləcək.

-Artıq erməni politoloqları dərk edirki, Ermənistan Dağlıq Qarabağı daha bundan sonra əlində saxlaya bilməyəcək və bu torpaqlar əzəli sahibinə qayıdacaq.

-Ümumiyyətlə, tarixin gəlişinə baxdıqda görərik ki, gec və ya tez ədalət bərpa olunacaq. Hansı üsulla olursa-olsun, ədalət zəfər çalacaq. Bu ədalət heç də əlçatmaz deyil və çox yaxındadır.

-Tarixdən bəllidir ki, işğal edilən torpaqlar yalnız müharibə yolu ilə geri qayıdıb.

-Zaman və məkan istənilən ədalətsizliyi bərpa edir. Dağlıq Qarabağ ərazisi tarixən Azərbaycanın olub. Bunun heç sübuta belə ehtiyacı yoxdur. Hazırda rus müəllifinin Qarabağla bağlı arxiv sənədləri ilə zəngin bir kitabını oxuyuram. Orda da açıq-aydın yazılır ki, ermənilər Azərbaycan torpaqlarında yerləşdirilmələri haqda rus çarına çox saylı məktublar yazıblar.

-Əgər sizin dediyiniz kimi, Şanxay Əməkdaşlıq Təşkilatı Varşava müqaviləsini əvəz edə biləcək bir qurum olsa, Azərbaycan NATO-ya qarşı çıxan bir dövlətə çevrilər.

-Bu, hələlik hərbi blok deyil, amma gedişat, strateji xətt onu göstərirki, ŞƏT regiona kənar qüvvələrin gəlişinə imkan verməyəcək. Bu quruma daxil olmaq da yalnız paritet əsasında həyata keçiriləcək.

-Gəlin, konkret danışaq. Məqsəd ABŞ-ı bu regiona buraxmamaqdır.

-Bəli, məqsəd ABŞ-ın və onunla tərəfdaşlıq edən Qərb dövlətlərinin regiona təsirini tamamilə kəsməkdir. Burda həm hərbi, həm iqtisadi, həm də mədəni məsələlər var. Bu, əslində elan olunmayan bir paktdır.

Qeyd edək ki, Moskva və Pekinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının təməli 1996-cı ildə qoyulub. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında sərhəd təhlükəsizliyinin təmin olunması və birgə əməkdaşlıq məqsədilə yaradılan təşkilat 2001-ci ilədək “Şanxay beşliyi” kimi tanınırdı. Həmin il Özbəkistanın da təşkilata üzv qəbul olunması ilə “Şanxay beşliyi” adı tarixə qovuşdu. ŞƏT 2001-ci ildə təşkilatlanmış  bir sistemə sahib olaraq beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz qazanmış təşkilata çevrildi. Hazırda təşkilatın üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Hindistan və Pakistandır. Monqolustan, İran, Belarus və Əfqanıstana müşahidəçi statusu, Azərbaycan, Ermənistan, Nepal, Kamboca, Şri-Lanka və Türkiyəyə isə dialoq üzrə tərəfdaş statusu verilib.

Babək Göyüş

Şərhlər

Çox oxunanlar