Syuzan Caqinyan: "Dağlıq Qarabağ münaqişəsinin həll yolu Ermənistan hakimiyyətinin devrilməsindən keçir" - VİDEO
15.11.2016 16:26 Müsahibə 2339
Erməni hüquq müdafiəçisi Syuzan Caqinyan APA TV-yə müsahibə verib. Reaksiya.az həmin müsahibəni təqdim edir:
- İlk öncə bir məsələyə münasibətinizi bilmək istərdik. Əvvəllər sizi Ermənistandan Azərbaycana buraxmır və müəyyən çətinliklər yaradırdılar...
- Bilirsiniz, məni nəinki Azərbaycana, heç yerə buraxmırdılar. Altı ilə yaxındır ki, sərbəst hərəkət etməyimi təmin edəcək heç bir rəsmi sənədim yoxdur. Ermənistan hökuməti faktiki olaraq mənim sərbəst hərəkət etmə imkanlarımı məhdudlaşdırmışdı. Mən bu müddətdə faktiki olaraq Ermənistan ərazisində əsirlikdə olmuşam. 2011-ci ildə mənə məhkəmənin məni guya ölmüş hesab etdiyinə dair 2010-cu ildə çıxardığı rəsmi qərarı verdilər. Bütün bunlardan xəbərsiz idim və əgər ölkəni tərk etməli olmasaydım, yenə də bu qərardan xəbərim olmayacaqdı. Bütün bunlar əlimdə 2014-cü ilədək etibarlılıq müddəti olan pasportum ola-ola baş verirdi. Pasportumun qüvvədə olma müddəti bitdiyi üçün onu 2009-cu ildə dəyişmişdim. Məsələ yalnız Azərbaycanla bağlı deyil. Məni Ermənistanda dustağa çevirmişdilər.
- Sizə bu qədər çətinliklər yaradıldığı halda, ölkəmizə səfəriniz necə reallaşdı?
- Hər şey birdən-birə baş verdi. Bütün böyük işlər beləcə, qəflətən baş verir. "Facebook"da Azərbaycandakı dostlarım məni Bakıda keçiriləcək sülhməramlı foruma dəvət etdilər. Bundan sonra mən onlara qarşılaşdığım problemləri dedim və izah elədim ki, bu səbəblərdən forumda iştirak edə bilməyəcəyəm. Elə oldu ki, onlar mənə kömək etdi və bundan sonra şəhərinizə gələ bildim.
- Həm Ermənistan hökuməti, həm də erməni diasporu dəfələrlə azərbaycanlılarla ermənilərin heç zaman, hətta Qarabağ münaqişəsi həll edilsə belə sülh şəraitində yaşaya bilməyəcəkləri barədə fikirlər səsləndirir. Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bu iki xalqın yenidən birlikdə yaşa bilməsi mümkündürmü?
- Əvvəlcə ondan başlaya bilərik ki, biz artıq sülh şəraitində yaşamaq təcrübəsinə yiyələnmişik. Bilirsiniz, Ermənistan hakimiyyəti sizin də dediyiniz kimi dəfələrlə iki xalqın etnogenezinin uyğunsuzluğu ilə bağlı fikirlər səsləndiriblər. Bu, bir cəfəngiyatdır. Bizim onilliklər boyunca sülh şəraitində yaşamaq təcrübəmiz var. Orta məktəbdə təhsil aldığım sinfimizdə azərbaycanlılar da vardı. Soyadlarını indiyədək xatırlayıram: Əliyevlər idi. Bəxtiyar və Lütfiyar. Onlar əkiz qardaş idilər. Biz heç vaxt demirdik ki onlar azərbaycanlıdır və onlarla dostluq etmək olar və ya olmaz. Heç vaxt aramızda bu cür söhbətlər olmurdu.
- İstər nümayəndə heyətinizin digər üzvlərinin, istərsə də şəxsən sizin ölkəmizdə səsləndirdiyiniz fikirlər Ermənistanda heç də birmənalı qarşılanmadı. Bu cür cəsarətli açıqlamalardan sonra Ermənistanda üzləşə biləcəyiniz cəzalar, həyatınız üçün yarana biləcək təhlükə sizi qorxutmur ki?
- Hətta hazırda Ermənistanda davam etməkdə olan həyatın özü belə təhlükədədir. Bu təhlükə təkcə mənim üçün deyil, Ermənistanda yaşayan hər kəs üçün aktualdır. Yəni, orada hər kəsin həyatı təhlükə qarşısındadır. Orada istənilən vaxt saxta əmr hazırlayıb, qanunsuz olaraq yaşadığın evə daxil olub, hakimiyyətin göstərişini icra edə bilərlər. Məsələ təkcə bunda deyil. Gəlin mən bir qədər də öz şəxsiyyətimə abstrakt olaraq yanaşım. Məni bütövlükdə xalqdan fərqləndirən yeganə cəhət əlimdə qondarma məhkəmənin mənim ölmüş sayılmağım barəsində saxta qərarıdır. Yerdə qalan digər şeylər isə eynidir. Yəni, məni Ermənistanda gözləyən təhlükə bütövlükdə orada yaşayan hər kəsi, Ermənistan əhalisini gözləməkdədir.
- Çıxışlarınızda hər dəfə Ermənistan hakimiyyətinin yürütdüyü siyasətə zidd fikirlər səsləndirmisiniz. Bilirsiniz ki, Ermənistanda xalqımızı düşmən hesab edirlər. Bu əhval-ruhiyə orada hələ də mövcuddur. Burada olmağınız fikirlərinizə necə təsir etdi? Həyatınıza hər hansı təhlükə hiss etdinizmi?
- Bilirsiniz, bu düşmənçilik məsələsi Ermənistan hakimiyyətinin öz xalqını tamamilə qula çevirmək üçün istifadə etdiyi alətlərdən biridir. Nəhayət mən burada çox rahat, azad şəkildə nəfəs ala bildim. Əksinə, mənim həyatım məhz Ermənistanda təhlükə altında idi. Biz həmkarımın başına gətirilənləri yaxşı bilirik. Evinə soxulub, onu və həyat yoldaşını azyaşlı uşaqlarının gözləri qarşısında necə döydüklərini hamımız bilirik. Mən də özümə qarşı eynilə bunların baş verəcəyini hər an, hər dəqiqə gözləyirdim. Bu baş versəydi belə, orada ədalət axtaracağım bir yer yox idi.
Daha doğrusu, ədalət axtarmaq faydasız olardı. Çünki, onlar istədiyini edir. Mənə qarşı Razdan şəhər merinə qarşı şikayət ərizəmə əsasən cinayət işi qaldırdılar. Tək günahım meriyaya gedib, 1996-cı ildən hökumətin evimi sənədləşdirməyə icazə verməsinə rəğmən heç bir sənəd ala bilmədiyimi söyləməyim olmuşdu. Sadəcə 25 ildir yaşadığım evimə order verilməsini istəmişdim. Onlar imtina üçün heç bir aqrument tapa bilməyəndə, hüquqşünas üzərimə hücum edib, məni döymək istədi. Oradakılar buna əngəl oldu. Sonra o, məni təhqir etməyə başladıqda, polisə müraciət etdim. Bilirsiniz bundan sonra nələr oldu?
Sən demə, hücumu mən etmişəm. Onların təfəkkürünə görə zərif bir xanım boyu iki metrə çatan bir kişinin üzərinə hücum edib. Məni xuliqanlıq maddəsi ilə mühakimə etdilər. Bundan sonra mən anladım ki, belə bir ölkədə yaşamaq mənasızdır. Onların hamısı özbaşınalıqla məşğuldur, istədiklərini edirlər. Onların bu gün Ermənistanda etdiklərinin adı özbaşınalıqdır. Mənim "Facebook" sosial şəbəkəsindəki şəxsi hesabım sındırılıb. Onların bunu niyə etdiyi məni qətiyyən maraqlandırmır. Mənim "Facebook"da kompromat və yalan xarakterli heç bir bəyanatım, statusum yoxdur.
Bu gün mətbuatda elə cəfəng məlumatlar oxuyuram ki, guya bütün bunları məhkəmənin qərarından şikayət vermək üçün etmişəm. Necə də yalan danışırlar! İki dəfə məhkəməyə müraciət etmişəm, hər iki halda da təmin edilməyib. Başa düşürsünüz, onlar idarəetmə üsulu olaraq yalanın absolütizasiyasından istifadə edirlər. Yalan danışdığını bilərək, yalan danışmağa davam etmək üçün psixi xəstə olmalısan. Son nəticədə söhbət sizin illərdir dustaq şəraitində saxladığınız vətəndaşınızdan gedir.
- Xanım Caqinyan, sizi Ermənistanda vətənə xəyanətdə ittiham edirlər. Bu istiqamətdə fikirlər Ermənistanın hakim dairələrində sıx-sıx səslənir. Necə düşünürsünüz, həqiqətənmi vətənə xəyanət etmisiniz?
- Əlbəttə ki yox. Mən vətənə xəyanəti həqiqətdən fərqləndirə biləcək qədər sağlam düşüncəli insanam. Bu gün Ermənistanın və bütövlükdə ermənilərin məhv olma təhlükəsi qarşısında olduğunu mən heç müzakirə etmək belə istəmirəm. Söhbət öz xalqının evlərini əlindən zorla alaraq, bunun hökumətin mənfəəti naminə edildiyini deyərək, öz insanını küçəyə atan, vətəndaşlarına minimum əmək haqqını mövcud reallıqdan qat-qat aşağı təyin edən (əhali bu pulları yalnız kommunal xərclərə sərf edə bilir) hökumətdən gedir. Mən hələ tamamilə yoxsulluq içərisində yaşayan yaşlı təqaüdçülərdən danışmıram. Mən orada yaşamışam və təqaüdçülərin necə yaşadığını bilirəm. Çünki, qonşuluğumuzda xeyli sayda təqaüdçü yaşayırdı. Buna görə də bütün bunları ictimailəşdirdiyim üçün sizə də təşəkkür edirəm. Məni nədəsə ittiham etməzdən əvvəl gedib güzgüyə baxsınlar. Onlar kimdir? Bu adamların mənim atmadığım və qaçmadığım vətənimlə hansı bağlılıqları var? Başa düşürsünüz, mən heç ölkənin vətəndaşı da deyiləm. Vətənə xəyanət nə deməkdir? Mən heç kimə xəyanət etməyib, öz işlərimi həll etməyə getmişəm. Çıxdığım kimi, geri qayıda bilərəm.
- Ermənistanda sizə qarşı cinayət işinin qaldırılması və cinayət təqibinin başlanması ilə bağlı xəbərlər dolaşır.
- Nəyə görə? Ölkəni tərk etdiyim üçün? Onlar mənimlə istədiklərini edəcəkdilər, mən isə ölkəni tərk etmək hüququmdan istifadə edə bilməyəcəkdim, hə? Başa düşə bilmirəm, axı niyə? Bir az məntiqlə davranmaq lazımdır. Hüquq isə sadə məntiqdən ibarət bir elmdir. Mən sizə hərbi sirr vermişəm? Mənə heç bir hərbi sirr məlum deyil. Onlar məni başqa nədə ittiham edə bilərlər? Mən bu məntiqi anlamaqda çətinlik çəkirəm. Qoy istədiklərini etsinlər, onlar Ermənistanda olanda da mənə təzyiq ediblər.
- Hazırda verilən fürsətdən istifadə edərək, Ermənistanda özünüzün də dediyiniz kimi despot rejimində yaşayan əhaliyə müraciət etmək şansınız var. Onlara nə demək istəyərdiniz?
- Mən onlara zombi vəziyyətindən çıxmağı arzulayardım. Hipnozdan çıxmaq yolunda ilk addım hipnozda olduğunu dərk etməkdir. Bu yalançı, şişirdilmiş vətənpərvərlik hislərini bir kənara qoyub, sülh şəraitində yaşamağın müharibədən, hər iki tərəfdən əlindəki avtomatla deyil, oyuncaq avtomatla oynamalı olan 20 yaşlı uşaqların qanının tökülməsindən daha yaxşı olduğunu anlamaq lazımdır.
- Xanım Caqinyan, istərdim ki Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk illərə, 1988-ci ilə qayıdaq. Həmin vaxt regionda yaşayan erməni əhalisi həqiqətən dəhşətli şəraitdə yaşayırdı, yoxsa indi bu vəziyyətdə yaşamaqdadır? Bilirsiniz ki, hazırda Qarabağda, Azərbaycanın tarixi torpaqlarında bir nəfər də olsun etnik azərbaycanlı yoxdur.
- İndi Qarabağda kim yaşayır ki? Hamı oradan ya Ermənistana, ya da dünyanın fərqli nöqtələrinə qaçıb. Kim harada, necə bacarırdısa, orada yaşamağa gedib. Mən anlamaq istəyirəm, necə olur ki Fransaya qaçan şəxs vətən xaini deyil, mən Bakıya gəlməklə vətənə xəyanət etmiş oluram? Burada fərq nədir? O, da öz ölkəsini atıb gedib. Mən isə Bakıya gəlmişəm, ölkəmi atmamışam. Bu mənim ölkəmdir və mən onu heç kimə vermirəm. Mən mütləq oraya qayıdacağam. Mən sabah da geri dönə bilərəm. Onlar mənə toxuna da bilməzlər. Çünki, onlar məni o qədər izləyib, mənə qarşı elə cinayətlər törədiblər ki, bundan sonra onların mənə qarşı yenidən nə isə edəcək qədər axmaq olduqlarını düşünmürəm. Onlar etdiyini edib.
Dağlıq Qarabağa gəlincə, bu gün guya Ermənistan Qarabağ müharibəsini udan tərəfdir. Hər halda, hakimiyyət belə düşünür. Mən soruşmaq istərdim; Bütün bunların nə mənası var, ey insanlar? Kəndlər boşdur, insanlar bacardıqca oradan qaçır. Orada hansısa oliqarxlar özlərinə plantasiyalar qurur. Bu oliqarxların orada nə əkdiyi belə məlum deyil. Bu adamların həmin torpaqları özlərinin hansı məqsədləri üçün istifadə etdikləri də mənə aydın deyil. Mənə deyə bilərsiniz ki, burada yaxşı nə var? Anlaya bilmirəm. Bu absurdu heç anlamaq belə istəmirəm.
- Bu gün Ermənistanın ali hakimiyyət orqanlarında təmsil olunanların əksəriyyəti Dağlıq Qarabağ erməniləridir. Onların arasında Azərbaycan vətəndaşları da var. Bu adamlar bu münaqişədən istifadə edib, özlərinə külli-miqdarda sərvət toplayıblar...
- Bütün dünyaya özünün 6 milyard dollarlıq sərvətindən danışan Robert Koçaryan indi sabiq prezidentdir. Məni bir sual maraqlandırır: Əsli-kökü, Ermənistan üçün ümumiyyətlə heç bir önəmi olmayan, Ermənistanın vətəndaşı olmayan bir şəxsi hakimiyyətə atdılar. Və belə bir adam bu gün 6 milyard dollarlıq sərvətə sahibdir. Üzr istəyirəm, 10 il ərzində 6 milyard dolları necə toplamaq olar? Bu, heç bir məntiqə sığmır. Bu sərvətə ancaq və ancaq talançılıqla yiyələnmək mümkündür ki, bunu da Koçaryan çox uğurla həyata keçirib. Bu adamlar Qarabağ işğalçılarının hakimiyyətini daha da gücləndirmək üçün hətta bir müddət əvvəl Konstitusiyanı belə dəyişdilər. Bu yolla onlar gələcəkdə də oğurluq, talançılıq, yalançılıq və büdcənin boşaldılması, köçürmə siyasəti və narkotika plantasiyalarının genişləndirilməsi ilə məşğul olmalarını daha da asanlaşdıra bildi. Mən bunun məhz bu cür olduğuna qətiyyən təəccüblənmirəm.
- Bu münaqişəni başladan və daha da dərinləşdirən iki fiqurdan biri Serj Sərkisyan, digəri isə Robert Köçaryandır. Qeyd elədiyiniz kimi, indi bu adamların hər ikisi külli miqdarda sərvətə malikdir və heç biri də Dağlıq Qarabağda yaşamır. Misal üçün, Köçaryan hazırda ABŞ-da yaşayır, Serj Sərkisyan Ermənistanda hakimiyyətdədir, Seyran Ohanyan isə son dövrədək müdafiə naziri olub.
- Sizin dediklərinizə bir neçə əlavəm də var. Niyə hazırda erməni əsgərləri qonşu dövlətin sərhəd zonalarını mühafizə etməyə məcbur edilir? Gəlin, onları nümunə üçün Sinqapura göndərək. Hüquqi baxımdan bənzər hallardır. Nəyə görə Robert Köçaryanın övladları, qohumları ön xəttə gedib, özlərinin işğal etdiyi əraziləri mühafizə etmirlər? Qoy, elə onlar getsinlər. Bir faktı da deyə bilərəm. Ermənistanın adını unutduğum dövlət rəsmilərindən biri demişdi ki, erməni gənclərinin itirəcək heç nəyi yoxdur. Qoy, elə cəbhəyə gedib vuruşsunlar. Başa düşürsünüz, bir insanın, bir gəncin, Ermənistan vətəndaşının həyatının hakimiyyət üçün bir qəpiklik dəyəri belə yoxdur. Əhali hakimiyyətə yalnız onların qarşısında qul kimi işləmək, nökər olmaq üçün lazımdır. Bu adamlar o qədər savadsız və bacarıqsızdırlar ki! Serj Sərkisyan danışmağa başlayanda, mən ağlamaq istəyirəm. Çünki, nitqində nəzərə çarpan savadsızlıq məni şəxsən öldürür. Belə bir adam mənim xalqımı təmsil edə bilməz. Xalqımı yalnız mənim kimi ziyalı nümayəndələr təmsil etməlidir. Siz hakimiyyətin siması olan üç şəxsin - Seyran Ohanyan, Robert Köçaryan və Serj Sərkisyanın adlarını çəkdiniz. Deyə bilərsiniz, onlardan hansı ermənidir? Heç biri.
- İndi Dağlıq Qarabağdakı işğalçıların mövqelərini əslən Ermənistandan olan gənclər müdafiə edir. Erməni xalqının, ilk növbədə həmin əsgərlərin valideynlərinin baş verənlərə yanaşması necədir? Bu adamların övladı heç vaxt onlara məxsus olmayacaq, özgə torpaqlarda ölür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, "erməni əsgəri ölmək istəmirsə, Qarabağa getməsin!" Bilirsiniz, bu torpaqlar Azərbaycanındır və heç vaxt ermənilərin olmayacaq.
- Yalnız erməni analarının deyil, azərbaycanlı anaların da mövqeyi birdir, ortaqdır: Heç bir valideyn övladının ölümünü istəməz. Mən hətta xalqları ayırmazdım. Heç bir xalqın nümayəndəsi öz övladının ölümünü görmək istəməz. Çünki, fikrimcə bundan böyük dərd yoxdur. Biz erməni analarını "qara paltarlı analar" adlandırırıq. Qarabağda ölən erməni əsgərlərinin də öz ailəsi, övladları qalıb. Valideynlər hökumətdən kiçik bir dəstək almaq ümidi ilə müraciət ediblər. Orada hamı acdır, hər kəs yoxsulluq içərisində yaşayır. Hakimiyyət xalqı yoxsul və dilənçi vəziyyətinə salıb. Onları eşidən belə yoxdur, xalqı eşitmək istəmirlər. Maaşlar verilmir, Ermənistanda törədilməsi mümkün olan bütün cinayətlər törədilir. Hətta, bir insanın taleyinin idarə olunmasına qədər. Mən özümü önəmli bir şəxs hesab elədiyim üçün deyil, Ermənistanda nələrin baş verdiyini göstərmək üçün buradayam.
- 1988-ci ildən Dağlıq Qarabağ və ətraf rayonlardakı azərbaycanlılar doğma torpaqlardan deportasiya olunub, ermənilər xalqımıza qarşı soyqırımı törədib. 1992-ci ilin 26 fevralında baş verən Xocalı soyqırımını, yüzlərlə azərbaycanlının ölümü ilə nəticələnən Meşəli faciəsini xatırlatmaq kifayətdir. Bütün bunlardan sonra hər iki xalqın yenidən mehriban qonşuluq şəraitində yaşaması mümkündürmü?
- Mən çox ümid edirəm ki, mümkündür. Mən bu gün buradayam və bunun reallaşması üçün hər şey edəcəyəm. Sülhün yalnız Dağlıq Qarabağa deyil, bütövlükdə Qafqaz regionuna geri dönməsi, övladlarımızın ölməməsi, bir daha qan görməmək üçün hər şey etməyə hazıram. Aprel döyüşləri zamanı ölən yüzdən çox insan - onlar mənim üçün uşaqdır - üçün mən hər gün ağlamışam. Mən sizə bunu tam səmimi olaraq deyirəm. Burada özümü göstərməyə heç bir ehtiyacım yoxdur. Ümumiyyətlə, əgər istəsəniz, üzümü göstərməyə də bilərsiniz. Mən bu hadisələr zamanı Ermənistanda nələrin yaşandığını təsəvvür edə bilirəm. Sizin ölkəyə də ona görə gəlmişəm ki, siz bu mövzunu qabarda biləcək yeganə tərəfsiniz. Çünki, nəyə görə isə bütün dünya orada nələrin baş verdiyini bilə-bilə susur? Hətta dünyada demokratiya və söz azadlığının carçısı olan ABŞ-da belə üzləşdiyim problemləri yaxşı bildikləri halda, bu məsələyə çox abstrakt formada yanaşdılar. Onlar bütün sənədlərə baxdıqdan sonra, "bəli, sizin hüquqlarınız pozulur" deməklə kifayətlənib, məsələyə olduqca neytral yanaşdılar. Axı, demokratiya və insan hüquqlarının tam olaraq mövcudluğu onların marağında olmalı idi. Sən demə, bu belə deyilmiş.
- 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan və heç bir nəticə əldə etməyən Minsk Qrupuna həmsədrlik edən bu ölkələr konkret təkliflər irəli sürərsə, bu, artıq münaqişənin həlli demək olacaq. Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı qüvvələr maraqlı deyil?
- Mənim fikrimə görə yox, bu, de-fakto belədir. Hazırda mövcud olan çoxsaylı faktlardan da məlumdur ki, sözü gedən ölkə Rusiyadır. Rusiya hazırda bütövlükdə Ermənistanın sahibidir. Bura həm qaz sektoruna, rabitə sektoruna, həm də digər strateji obyektlərinə sahibliyi əlavə etmək olar. Bilirik ki, rabitə milli təhlükəsizliyin özü deməkdir. Anlaya bilmirəm, milli təhlükəsizliyi niyə başqa bir ölkənin ixtiyarına vermək və bunu normal adlandırmaq olar? Kiçik bir Ermənistanda 33 dollar milyarderi var. Bu sərvət haradandır? Hansı yolla əldə edilib? Onlar nəyi və kimə satıblar? Bu adamlar yəqin xalqı da satardılar.
- Ermənistan Türkiyəni 1915-ci ildə soyqırımı törətməkdə ittiham edir. Həmin dövrdə əgər həqiqətən də soyqırımı törədilmişdisə, bu vaxtdan sonra Türkiyə ərazisində ermənilər necə yaşayıblar, necə ticarətlə məşğul olublar? Ermənilərin iddia etdiyi kimi onlara qarşı soyqırımı həyata keçirən bir dövlət bu hadisələrdən sonra ermənilərə yaşamaq icazəsi verərdimi? Soyqırımı törədən bir dövlət bunu edə bilərdimi?
- Gəlin, belə danışaq: Ermənistanla Azərbaycan da münaqişə tərəfləridir və mən gələcəkdə iki xalqın sülh şəraitində yaşayacağını ehtimal edirəm. Olan artıq olub. Ortalığa kin, nifrət, intiqam hislərinin atılması yersizdir. Biz bu gün əlimizdə olan vasitələrdən çıxış etməliyik. Gəlin, sülh yaradaq. Bunlar baş verib, verməyib, mən bunu müzakirə etmirəm. Biz indi əlimizdə olanları hər şeyin daha yaxşı olması üçün istifadə etməliyik. Cinayətlər, qan tökülməsi hələ nə vaxtadək davam edəcək? Hər kəsin yalnız bir dəfə yaşamaq şansı var.
- Siz hər iki xalqın sülh şəraitində yaşamalı olduğundan bəhs edirsiniz. Bu kontekstdə ermənilərin Xocalıda və digər regionlarımızda törətdikləri faciələri unudub, yenidən heç nə baş verməyibmiş kimi bu iki xalqın yenidən birlikdə yaşamasından danışırıq. Siz özünüz bu qırğınları törədənləri bağışlaya bilərdiniz?
- Bəli, mən bağışlaya bilərdim. Bağışlamaq hər şeydən üstün bir hisdir. Mən bir daha təkrar etmək istəyirəm. Gəlin, bütün olanları geridə buraxaq. Bu, müharibə idi. Siz Xocalı kimi bir faciə yaşamısınız. Bir daha deyirəm, bu müharibə idi. Əgər biz sülh əldə olunmasına çalışmasaq, mənim burada olmağımın da bundan sonra heç bir mənası olmayacaq. Səylər nəticəsiz qalacaq. Mən bütün olanları bir kənara qoymağa çağırıram. Biz sizinlə bu gün sivil, adekvat insanlarıq. Bizim istədiyimiz bu gün həm regionda, həm də ölkələrimiz arasında çiçəklənmənin, tərəqqinin, sevginin, inkişaf proseslərinin başlamasıdır. Hər dəfə ən çox da bizim tərəfdən baş verən neqativ hadisələr üzərinə köklənməyək. Bölgədə müharibə gedirdi. Onu kimin başladığını da, necə getdiyini də hər birimiz çox yaxşı bilirik. Bunu yenidən müzakirə etməyin önəmi yoxdur. Biz tarixin bu səhifəsini bağlayıb bir kənara qoyaraq, irəli addımlamalıyıq. Əgər biz bunları indi müzakirə etsək, təhlil etsək, nifrət prosesi daha da dərinləşəcək. Mən bunu istəmirəm. Uşaqların ölməsini qətiyyən istəmirəm, qan tökülməsini istəmirəm. İnsanların öz doğma vətənlərində pis yaşamasını istəmirəm. İstədiyim sadəcə hər kəsin normal şəkildə işləyə, Konstitusiyada göstərilən əmək, yaşayış hüququndan istifadə edə bilməsidir. Bu hüquqları isə bu gün onların əlindən alırlar. Mən özüm sülhün tərəfdarıyam.
- Bakı səfərinizin yekunlarını necə dəyərləndirirsiniz?
- Hələlik hər hansı dəyərləndirmə aparmaq çox tezdir. Lakin, düşünürəm ki, bu bir addımdır və atılan bu addımın bir nəticəsi mütləq olmalıdır. Hər halda mən bir insan, bir vətəndaş olaraq bu prosesin daha da irəliləməsi üçün bütün imkanlardan istifadə edəcəyəm. Allahın köməyi ilə nəzərdə tutduğum bütün işlərin həyata keçəcəyinə inanıram.
- İndiyədək dəfələrlə münaqişənin həlli prosesinə xalq diplomatiyası adlanan bir mexanizmin tətbiqinə cəhd olunub. Xalq diplomatiyasının münaqişənin həllinə təkan verəcəyi barəsində fikirlərə münasibətiniz necədir?
- Qətiyyən yox. Nə qədər ki, Ermənistan hakimiyyətində mənəviyyatsız, acgöz cinayətkarlar təmsil olunur, bu istiqamətdə hər hansı pozitiv proseslərin gedəcəyinə inanmıram. Bu mənim subyektiv fikrim deyil. Bu, obyektiv olaraq belədir.
- Əgər sizi doğru anladımsa, hesab edirsiniz ki, Sərkisyan hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək mənasızdır.
- Tamamilə mənasızdır. Gəlin belə düşünək: tutaq ki, mən Sinqapurun prezidenti seçilmişəm. Sinqapur əhalisinin yaxşı, yaxud pis yaşamasının mənə heç bir aidiyyəti yoxdur. Mən prezidentəm, filan müddətdə hakimiyyətdə olmalıyam, bu qədər sərvət toplamalıyam və s. Mən bunları düşünəcəyəm. Baxın, hakimiyyət tərəfindən işğal edilmiş Ermənistanda analoji vəziyyətdir. Orada belə bir vahid siyasət mövcuddur - hər yeri talan edib, özünə sərvət toplamaq.
Bu hadisələrdə ən çox təsir edən talançılıq siyasətində yerli oliqarxların da iştirakıdır. Onlar oliqarx olsalar da, beyinləri yoxdur. Sizə Ermənistan parlamentinin sədri Halust Saakyandan sadə bir misal gətirim. Bu adam çıxışında "yaradıcı silah" ifadəsini işlədib. Əgər kimsə bu ifadəni izah edə biləcəsəksə... Məncə, heç kim bu rüsvayçılığı izah edə bilməz. Hələ mən bu adamın İQ səviyyəsindən deyil, elementar savadından danışıram. Bütün bunlardan sonra belə adamlarla nə barəsində isə danışmaq, onlarla hesablaşmaq üçün ən azından özümüz də ruhi xəstə olmalıyıq. Onlar səviyyəsində adamlarla hesablaşmaq belə olmaz. Bu adamlar səviyyəsizdir.
- Bakıdan hansı təəssüratlarla ayrılacaqsınız?
- Bilirsinizmi, dünən şəhərdə olarkən müəyyən oxşarlıqların olduğunu müşahidə etdim. Küçələrin forması bir-birinə çox bənzəyir. Sizə necə deyim, mən burada qətiyyən qəriblik hiss etmədim. Buradakı heç nə məni qətiyyən narahat etmir. Əksinə, hər şeyi çox bəyəndim. Ən əsası da odur ki, şəhərdə səfil insanlara rast gəlmədim. Buna görə xüsusi ilə hökumətinizə təşəkkür etmək istəyirəm. İnsanların zibillikdə daim nə isə axtarmasını bir insan olaraq izləyə bilmirəm. Bundan başqa, dükanların bir-birinə yaxın yerləşdiyini də görmədim. Ermənistanda isə belə deyil. Bakıda hər şey insanların rahatlığı üçün rasional olaraq düşünülüb. Buradakı erməni kilsəsində olmağımız məndə böyük təəssürat oyatdı. Oradakı erməni yazıları, müqəddəs kitabımız - hər biri olduqca mədəni bir şəkildə qorunur. Kilsədə eyni zamanda sovet dövründən qalan, Azərbaycan yazıçılarının erməni dilinə tərcümə olunan əsərlərinin saxlandığı rəf də var. Hər şey nömrələnmiş bir şəkildə saxlanılır. Ermənistan hökuməti isə ölkədə bir dənə də olsun kitabxana saxlamayıb. Orada kiməsə kitab lazım olanda, onu axtarıb tapmaqda çətinlik çəkir.
- Azərbaycanda erməni irsinə aid olan şeylər qorunub saxlanır. İşğal olunmuş ərazilərimizdə isə məscidlər, kitabxanalar, muzeylər, məktəblər dağıdılıb.
- Gəlin, ümumiyyətlə bunları müqayisə etməyək. Əgər mən ölkə rəhbəri olsaydım, sizin sualınıza cavab verə bilərdim. Belə bir vandalizmə imkan versəydim, bunu niyə etdiyimi, etməsəydim, niyə etmədiyimi deyərdim. Ona görə də, bu sualınıza cavab verə bilmirəm. İnsanlar adekvat deyil. Oradakı ermənilər istədiyini edir. Onlardan heç kim heç nə soruşa bilmir. Bu gün Serj Sərkisyandan kim Göyçə gölünə olan sənədləri tələb edə bilər? Belə söhbətlər dolaşır ki, sözü gedən gölü Sərkisyan borc əvəzində Dünya Bankına verib. Bu cür söhbətlər gedir. Bunu kim yoxlaya bilər? Heç kim. Ondan kim bu sənədləri göstərməsini xahiş edə bilər? Bu söhbətlər əbəs yerə getmir, od olmayan yerdən tüstü çıxmaz. Bura mənim vətənimdir və sabah mənim övladım bu gölün yaxınlığında dayana bilər və onu göl ətrafına su içməyə buraxmaya bilərlər. Bütün dünyada suyun ətrafında nələrin yaşandığını hamımız yaxşı bilirik. Bu gün dünyada su anbarlarının hətta neftdən daha önəmli vasitəyə çevrildiyi hamıya məlumdur.
- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həll yolu nədən keçir?
- Yalnız Ermənistan hakimiyyətinin devrilməsindən. Bu baş vermədikcə hesab edirəm ki, nəyisə dəyişmək mümkün olmayacaq. Bu, sadəcə olaraq mənim fikrimdir.
Şərhlər