Arif Rəhimzadə: “Biz gərək özümüzü azərbaycanlı kimi təqdim edək” (Eksklüziv müsahibə)
10.03.2017 16:01 Müsahibə 2640
Milli Məclisin Regional məsələlər komitəsinin sədri: “Bəla odur ki, Rusiya bizi həmişə türklərlə eyniləşdirib və xalq olduğumuzu inkar edib”;“Deputatlar arasında 2-3 nəfər əleyhimə çıxış edib, ancaq müsbət qiymətləndirən də həddindən artıq çoxdur”
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin km.ru rus xəbər portalına verdiyi müsahibə aranı qatıb. Daha doğrusu, onun “biz türk deyilik, türklər tamam ayrı millətdir”, yanaşması Azərbaycanda ciddi etirazlar doğurub. Ayrı-ayrı ziyalılar, ictimaiyyət nümayəndələri, siyasətçilər, hətta komitə sədrinin deputat həmkarları bu yanaşmaya kəskin etiraz ediblər. Belə həssas bir məqamda belə yanaşma, bu cür açıqlama kimə, nəyə lazımdır, sualı üzərində çoxları baş sındırır. Biz “Yeni Müsavat” olaraq Arif Rəhimzadənin özünü dinləmək, ortadakı suallara onun öz dilindən cavab almaq istədik. Kifayət qədər açıq söhbət etdik, buyurun, tanış olun:
- Arif bəy, yəqin etiraf edərsiniz ki, bir müsahibə ilə böyük bir qalmaqala səbəb olmusunuz. Siz milli kimliyimizlə əlaqədar olduqca həssas məsələyə toxunarkən belə bir reaksiyanın olacağını əvvəlcədən gözləyirdinizmi?
- Burada heç bir qəbahət görmürəm. Mən qeyri-adi heç bir söz deməmişəm, bunu savadlı insanlar daha düzgün qiymətləndirirlər, mənim sözümü ümumi kontekstdən çıxardaraq, onun bir hissəsini yayıblar. Siz km.ru saytında mənim çıxışımı oxusanız görərsiniz ki, müxbirin “Mən eşitmişəm ki, türklər və azərbaycanlılar bir xalqdır” sualına cavabım belə olubdur: Biz azərbaycanlıyıq, türklərlə eyni kökə malikik, ancaq başqa xalqlarıq. Bilirsiniz vəziyyət necə idi, bundan qabaq hansı hadisələr olmuşdu? Bakıda Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi ilə əlaqədar bir məclis keçirilirdi. Həm o tərəfdən, həm də biz tərəfdən deputatlar, ictimai xadimlər və ekspertlər var idi. Sədrlik edən biz tərəfdən Səməd Seyidov, digər tərəfdən Markov idi. Çıxış etdilər, başladılar ki, Azərbaycan-Rusiya münasibətləri çox yaxşıdır, inkişaf edir və s. Sonra mən çıxış etdim, dedim həqiqətən belədir, bütün səviyyələrdə bizim münasibətlərimiz çox yaxşıdır, həm prezidentlər, həm parlamentlər səviyyəsində, həm də ictimaiyyət səviyyəsində. Məsələn, biz başqa ölkələrdən fərqli olaraq, rusları, rus dilini, rus mədəniyyətini inkar etmirik. Dedim mən bu haqda saatlarla danışa bilərəm. Ancaq əlavə etdim ki, Azərbaycan-Rusiya münasibətlərinin iki qatı var, biz həmişə üst qat haqqında danışırıq, mən istəyirəm ki, ictimaiyyəti və məni narahat edən alt qat haqqında danışaq. Alt qat da ondan ibarətdir ki, Rusiya bizə həmişə ögey baxır. Dedim nəyə görə Rusiya Duması qondarma “erməni soyqırımı” ilə əlaqədar qərar qəbul edir, Xocalı hadisəsi gözünün qabağında olub, bu barədə heç bir qərar verməyib? Dedim nəyə görə Rusiya XİN Lapşinin azad olunması barədə məsələ qaldırır, ancaq öz vətəndaşı olan Dilqəm Əsgərovla əlaqədar bir kəlmə də demir? Qeyd etdim ki, mən istəyirəm biz bu məsələlər ətrafında danışaq.
“Məndən soruşdular ki, siz türksünüz? Çünki Moskvada belə deyirlər. Dedim yox, biz azərbaycanlıyıq. Ancaq bizim kökümüz türkdür. Mən bunu demişəm” |
- Amma sizin qaldırdığınız digər məsələlər ictimaiyyətin diqqətini cəlb etməyib, müzakirə olunan məsələ türklüyümüzü danmağınız oldu, məhz bu məsələ önə çıxdı. Bu, təsadüfi məsələdir, yoxsa...
- Yox, bu, təsadüf deyil, bu, bir çoxlarının məsələyə səthi yanaşmasının, özünü qəhrəman kimi göstərmək istəməsinin nəticəsidir. Onlar milli qəhrəman rolunda çıxış edir, amma keçmişləri və əməlləri hamıya məlumdur.
- Yuxarıda dediklərinizə qatılmamaq mümkün deyil. Amma sonrakı fikirlərinizlə faktiki olaraq öz əleyhinizə rəy formalaşdırmısınız. Niyə belə etdiniz?
- Hansı fikirlərimlə?
- “Biz türk deyilik, azərbaycanlıyıq” fikrini nəzərdə tuturam.
- Məndən soruşdular ki, siz türksünüz? Çünki Moskvada belə deyirlər. Dedim yox, biz azərbaycanlıyıq. Ancaq bizim kökümüz türkdür. Mən bunu demişəm.
- Arif bəy, siz təsadüfi adam deyilsiniz, kifayət qədər həyat təcrübəniz var, uzun illərdir siyasət meydanındasınız. Hər halda siz də bilməmiş deyilsiniz ki, bu millətə azərbaycanlı adı sonradan qoyulub, tarixən dost-düşmən bizi türk olaraq tanıyıb...
- Amerikada yaşayanlar etnik cəhətdən kimdir? Orda ingilis də, türk də, italyan da var. Ancaq onların hamısına amerikan deyillər. Yaxud götürək Rusiya, Ukrayna, Belorus, Bolqarıstan, Çexiyanı, bunlar hamısı slavyandır, ancaq hər biri ayrı millətdir. Biz bunu indiyə qədər başa düşməmişiksə də, bu, bizim çox böyük nöqsanımızdır.
- Əgər Azərbaycanda yaşayan digər etniklər, ləzgilər, talışlar, ruslar özlərini öz adı ilə çağırırsa, niyə mütləq çoxluq təşkil edən etnos özünü türk adlandırmamalıdır?
- Qazaxlar, türkmənlər, qırğızlar kimdilər? Biz də düzgün olaraq deyirik azərbaycanlıyıq. Birincisi, bizim nə pasportumuzda, nə də şəxsiyyət vəsiqəmizdə milliyyət qrafası yoxdur. Ayrı-ayrı millətlərin nümayəndələri özlərini azərbaycanlı adlandırmırlarsa, bu ilk növbədə dediyiniz “qalmaqal” qaldıranların təqsiri üzündən irəli gəlir.
“Biz hamımız azərbaycanlıyıq, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Etnik köklərimiz müxtəlif ola bilər. Mənim də etnik köküm türkdür” |
- Əslində qazax, qırğız, Anadolu türkü olduğu kimi, biz də Azərbaycan türkləriyik. Bəziləri hesab edir ki, türkə qarşı nifrət hissi olan insan öz fikrində belə israr edə bilər. Bu cür yanaşmalarla bağlı nə deyə bilərsiniz?
- Çox səhv fikirdir. Mənim türklərə heç bir nifrətim, mənfi münasibətim yoxdur. Biz qardaşıq və qardaş olaraq qalacayıq.
- Bu arada Türkiyədəki dostlardan mesajlar aldıq, onlar çox narahatdırlar ki, Azərbaycan parlamentinin tanınmış bir üzvü belə bir münasibət sərgiləyib. Bu narahatlıqlara cavabınız nədir?
- Biz Azərbaycanda yaşayırıq, Azərbaycan Konstitusiyası var, orada Azərbaycan dili təsbit olunub və biz də hamımız azərbaycanlıyıq, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Etnik köklərimiz müxtəlif ola bilər. Mənim də etnik köküm türkdür. Biri dedi ermənidir, nə bilim nədir... Qərəzli adamlar belə şeylər yazırlar. Mən hesab edirəm ki, mənim söylədiklərim Heydər Əliyevin ideyalarından qaynaqlanır. Bu azərbaycançılıq ideyasının tərkib hissəsidir və əks fikirlər siyasi cəhətdən çox zərərlidir.
- Ancaq unutmayaq ki, Heydər Əliyev də “Biz bir millət, iki dövlətik” deyib. Deməli, o da hesab edirdi ki, biz türkük, yəni Azərbaycan türkləri. Özü də siz həmişə mərhum prezidentin sadiq müdafiəçisi kimi tanınmısınız, bu məsələdə fərqli düşünməyinizin anlamı nədir?
- Eyni zamanda Heydər Əliyev deyirdi ki, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bunu da o deyirdi, elədir?
-İcazə verin razılaşmayım. Heydər Əliyev də prezidentliyi dövründə Türkiyə-Azərbaycan birliyinə strateji məsələ olaraq önəm verirdi...
- Əşi, birlik var e, yenə də birlik var. Kimdir o birliyi inkar edən? Söhbət ondan gedir ki, biz azərbaycanlıyıq.
-Amma yuxarıda da dediniz ki, siz özünüz də etnik cəhətdən türksünüz...
-Əlbəttə. Valideynlərimin biri Şamaxıdan, o biri Qazaxdandır.
- Siz də türksünüzsə, indi bu millətin türklüyünü danmağın mənası nədir?
- Ay qardaş, mən deyirəm ki, bizim kökümüz türkdür, ancaq biz özümüz Azərbaycan xalqının nümayəndəsiyik. Uyğur da, özbək də, qırğız da, qazax da eyni mənşəli xalqlardır. Ancaq inkişaf dövründə hər bir xalq özünəməxsus dəyərlər, adət-ənənələr, mədəniyyət, ədəbiyyat formalaşdırıb. Azərbaycan dili, alimlərin fikrincə, türk dünyasında ən inkişaf etmiş dildir. Bizim və digər türkdilli xalqların formalaşmasına fərqli amillər təsir edibdir. Bu gün biz tolerant, dözümlü, Avropa və dünya mədəniyyətinə qovuşan və eyni zamanda öz milli ənənəmizə sadiq bir xalqıq. Digər türkdilli xalqlar başqa şəraitdə formalaşıb və bizdən fərqlənirlər. Məsələni bax, bu qaydada anlamaq lazımdır. Moldovada yaşayan türk köklü qaqauz adlı xalq var və eyni zamanda xristian dininə mənsubdular. Biz deyə bilmərik ki, biz eyni millətik, bizi fərqləndirən çoxlu cəhətlər vardır. Türk xalqından da bizi fərqləndirən cəhətlər var.
-Slavyan xalqları qohum olduğu, bir kökdən yarandığı kimi, bizim də digər türkdilli xalqlarla kök bağlılığımız var. Bunu necə danmaq olar ki?
- Bilirsiniz, xalqın formalaşmasının şərtləri var. Biz tamamilə başqa bir şəraitdə formalaşmışıq. İndi də bizim ayrı ənənəmiz, qayda-qanunlarımız, dünyagörüşümüz, baxışımız var.
“İndi bu ATV-də bir aparıcı var, Turan. Özünü peşəkar jurnalist hesab edən bu adam, qəribədir ki, parlamentlə icra orqanlarının səlahiyyətlərini bir-birindən ayıra bilmir” |
- Arif bəy, ona qalsa, Güney və Quzey Azərbaycanda yaşayan azərbaycanlılar arasında da kifayət qədər fərq var. Dünyagörüş, məsələlərə baxışda da fərq az deyil. İndi biz 40 milyonluq Güney türklərini də danıb, “onlar türk deyil”, deyəcəyik? Hansı ki, meydanlara çıxanda “mən azəri deyiləm, türkəm” deyirlər...
- Onlar da azərbaycanlıdır. Onlara Güney türklərimi deyirlər? Hər yerdə onlar cənubi azərbaycanlılar kimi təqdim olunurlar.
- Hər halda Turan dünyası, Türk birliyi deyilən məsələlərdən də xəbərsiz deyilsiniz. Üstəlik, sizin də səs verməyiniz nəticəsində bu parlamentdə Türk PA yaradılıb, Azərbaycan da ən yüksək səviyyədə türkdilli ölkələrin birliyində təmsil olunur. Sizin dedikləriniz bütün bunları danmaq demək deyilmi?
- Mən türklərə qarşı çıxış eləmirəm ki. Türk PA da o kök əsasında yaranıb. Ancaq biz başqa-başqa xalqlarıq. Qazax da başqa xalqdır, özbək də, türkmən də, azərbaycanlı da, türklər də.
- Türkmən “biz azərbaycanlılarla qan qardaşıyıq” deyir, sizsə...
- Qan qardaşı, ya nə olursan, ol e, xalq kimi biz başqayıq. Amma mən həmişə deyirəm ki, bizim eyni kökümüz var.
- Əgər kökümüz bir, soyumuz birdirsə, siz də bunu inkar etmirsiniz, onda niyə ayrılıq salaq ki? Onsuz da türk dünyasının düşməni dostundan çoxdur.
- Biz ayrılıq salmırıq. Biz Azərbaycanda formalaşmışıq və yerin adına görə də xalqın adı müəyyənləşdirilir. Belorusun da rusla heç bir fərqi yoxdur, özünə rus demir ki, belorus deyir. Ukrayna niyə özünü Rusiyadan ayırır? Adətləri, inancları da eynidir, niyə eyni adla çağırılmırlar? Mən də deyirəm ki, kökümüz birdir, etnik cəhətdən eyniyik, ancaq formalaşmış xalq kimi, biz azərbaycanlıyıq.
- Deməli, Azərbaycan türkləriyik də? Necə ki, Azərbaycanda talışlar, ləzgilər, tatlar, udinlər özlərinin milli kimliyini danmır, türklər niyə dansın ki?
- Onlar özlərini etnik mənsubiyyətinə görə adlandırırlar, ancaq Azərbaycan vətəndaşlarıdırlar və özlərini azərbaycanlı adlandırırlar. Xarici ölkələrə də gedəndə özlərini talış kimi yox, azərbaycanlı kimi təqdim edirlər.
- Amma Konstitusiya onların milli kimliyini danmasını qadağan etmir...
- Heç kim qadağa qoya bilməz. Türkiyədə yaşayanlar kimdir? Amma milliyyəti hamılıqla türk gedir. Onlar xaricə gedəndə haradan gəldiyi soruşulur, deyirlər türkük. Mən istəyirəm biz də belə olaq. Bizim bəlalarımız ondan başlayır ki, Rusiya bizi həmişə türklərlə eyniləşdirib. Rusiyada iki məşhur yazıçı olub, Posternak və Soljenitsın. Soljenitsın xaricdə bir əsər nəşr edəndə sovet yazıçılarına tapşırıq verilirdi ki, hər kəs onun əsərinə qarşı bir şey yazsın. Hamısı yazıb, Posternak yazmayıb. O da sözünü deyən çox sakit, mədəni ziyalı olub. Bundan soruşublar ki, bəs, sən niyə yazmamısan? Deyib, axı, mən onu oxumamışam. Bəlamız ondan irəli gəlir ki, bəzən nəyisə oxumadan, öyrənmədən bu barədə təzadlı, əsassız fikirlər söyləyirlər. Mənim fikirlərimə də belə münasibət göstərilib. Kontekstdən bir dənə söz çıxarıblar ki, “biz türk deyilik”. Bu, ziyanlı haldır. Erməni də deyir azərbaycanlı xalqı yoxdur, qondarma bir addır. Erməni bizə “türk” deyir. İçimizdən olan bəziləri də söyləyir ki, Azərbaycan xalqı yoxdur. Bəs, biz kimik?
- Arif bəy, hətta 1918-ci ildə Bakıya gələn ingilis komandanlığı Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağının Osmanlı Türkiyəsinin bayrağının bənzəri olmasını da sinirə bilməmişdi, bundan sonra bayrağımız dəyişdirildi. Qərb daim Türk dünyasını parçalamağa çalışıb, Azərbaycanla Türkiyə arasında Ermənistan adlı dövlətin yaradılması da əlaqələrin kəsilməsinə hesablanmışdı. Onların mövqeyi bəllidir, amma sizin, müstəqil Azərbaycanın deputatının yanaşması təəccüb doğurur. Hətta belə bir yanaşma var ki, Azərbaycandakı “beşinci kolon” hərəkətə keçib, Arif Rəhimzadə də onun üzvüdür, Rusiyanın siyasətini Azərbaycanda yerinə yetirir. Bu kimi yanaşmalara münasibətiniz necədir?
- (Gülür) Vallah, nə deyə bilərəm? Tamamilə əsası olmayan, cılız bir fikirlərdir. İndi bu ATV-də bir aparıcı var, Turan. Özünü peşəkar jurnalist hesab edən bu adam, qəribədir ki, parlamentlə icra orqanlarının səlahiyyətlərini bir-birindən ayıra bilmir. Deyir ki, Regional məsələlər komitəsinin sədri regionlardakı vəziyyətdən xəbərsizdir. O, dərk etmir ki, Milli Məclis qanunvericilik orqanıdır. Ölkənin imicinə, sədaqətli insanlara məhz belələri ziyan vururlar.
- Jurnalist həmkarımız haqqında belə fikirlər səsləndirməyiniz yaxşı hal deyil. Çox yaxşı olardı ki, siz Turan İbrahimovla polemikaya çıxaydınız, sözünüzü ona deyə, fikirlərinizi mənimlə söhbətdə olduğu kimi efirdən izah edəydiniz...
- Mən onunla heç vaxt polemikaya çıxası deyiləm. Çünki fəaliyyətim, səviyyəm və mövqeyim buna imkan vermir. Mən dövlətimiz ən çətin günlər keçirtdiyi anlarda öz sözümü demişəm, kimliyimi və mövqeyimi ortaya qoymuşam. Hansı xalqa mənsub olduğumu nümayiş etdirmişəm. İndi belə bir jurnalistə özümü təqdim etməyi özümü təhqir hesab edirəm. Məni tanıyanlar mövqeyimi yaxşı bilirlər.
- Dediklərinizlə bağlı sizə hansısa televiziyadan müraciət edən oldumu?
- Yox, müraciət edən olmayıb. Hətta sizə bir şey deyim: bizim deputatlardan biri mənə müraciət etdi ki, istəyirəm televiziyaya açıqlama verim, mən məsləhət görmədim. Məsələni gərginləşdirmək istəmədim. Çünki belə yersiz işlər bizə lazım deyil. Yaxşı işlə məşğul olmalıyıq.
- Amma elə tarixçi həmkarınız Fəzail Ağamalı sizin dediklərinizə tarixi arqumentlər gətirməklə etiraz etdi, hətta dedi ki, “Arif Rəhimzadə çox dərinə gedir”. Digər deputatlardan da etirazlar gəldimi?
- Deputatlar arasında 2-3 nəfər əleyhimə çıxış edib, ancaq müsbət qiymətləndirən də çoxdur. Kim nə deyir, özü bilər. Həqiqətə arxalanmaq lazımdır.
- Ağacın gövdəsi və budaqları kökü üzərində dayanmırmı?
- (Əsəbi halda) Sən mənə biologiyadan danışma! Fəlsəfə açmaq da lazım deyil. Yuxarıda dediyim kimi, biz eyni kökdənik, lakin fərqli şəraitdə formalaşmışıq. Biz toxumdan əmələ gələn əkiz qardaşlar da müxtəlif şəraitdə yaşadıqda fərqlənirlər.
- Amma calaq olmasa, alma ağacında alma bitir, heyva, ya nar yox...
- Biz bir kökdən əmələ gələn bəhrələrik. Ancaq calaq deyilik. Öz tarixi keçmişi, dövlətçiliyi olan xalqıq. Bizi calaq hesab etmək bu xalqa düşmənçilikdir.(musavat.com)
Şərhlər