Azay Quliyev: "Ümid edirik ki, 2017-ci il QHT-lər üçün daha rahat və rəvan keçəcək"

15.03.2017 13:21     Müsahibə     2290

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Əfv Məsələləri Komissiyasının üzvü və ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin "Report"a müsahibəsi.

- Azay bəy, Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Komissiyanın müsbət rəy verdiyi 450 nəfərin içində adı mətbuatda daha çox hallanan şəxslər varmı?

- Əvvəla səslənən 450 rəqəmi doğru deyil. Ümumiyyətlə, bu məsələdə rəqəmlərin əvvəlcədən açıqlanması düzgün yanaşma deyl. Ona görə də komissiyanın neçə nəfər haqqında qərar qəbul etdiyini açıqlamayacam. Eyni zamanda adı mətbuatda hallanan şəxslərlə də bağlı hər hansı bir məlumatın verilməsinin də əleyhinəyəm. Bunun sadə səbəbi var, əfv fərmanının imzalanması dövlət başçısının səlahiyyətinə daxildir. Biz Prezidentə tövsiyə xarakterli siyahı təqdim edirik. Bu tövsiyə qəbul oluna da, olunmaya da bilər. Prezidentin müstəsna hüququdur ki, istənilən şəxsi əfv etsin. Yəni bu gün həbsdə olan hər hansı bir məhbusun əfv olunacağını əvvəlcədən açıqlasaq, onların sayı ilə bağlı rəqəmlər səsləndirsək, fərman imzalanandan sonra həmin adlar olmazsa və rəqəmlər düz gəlməzsə, o zaman onun məsuliyyətini kim üzərinə götürəcək? Bu mənada adları çəkməklə cəmiyyəti çaşdıra bilərik.

- İnsan Hüquqları üzrə Birgə İşçi Qrup Prezident yanında Əfv Məsələləri Komissiyasına siyahı təqdim edib, həmin siyahıda 27 nəfərin adı var. Siyahıda adı olanlara müsbət rəy verilibmi?

- Prezident yanında Əfv Məsələləri Komissiyası İnsan Hüquqları üzrə Birgə İşçi Qrupla yaxından əməkdaşlıq edir. İşçi Qrupun üzvlərindən bir neçəsi Əfv Məsələləri Komissiyasında da təmsil olunur. İşçi Qrupun qaldırdığı məsələlərə Komissiya həmişə konstruktiv yanaşıb. Biz İşçi Qrupun digər üzvləri, xüsusilə hüquq müdafiəçiləri ilə məsləhətləşmələri və müzakirələri davam etdiririk və hesab edirik ki, İşçi Qrup Azərbaycanda insan haqları ilə bağlı hökumətlə dialoq platformasının önəmli və effektiv bir formasıdır. Düşünürəm ki, bu baxımdan İşçi Qrup özünü doğruldub və qrupun təklifləri Əvf Komissiyası tərəfindən hər zaman nəzərə alınır.

- Əfv Məsələləri Komissiyasının iclasında bütün üzvlər iştirak edirmi?

- Əlbəttə, hamı iştirak edir. Üzrlü səbəblər istisna olmaqla bütün üzvlər iclasa qatılırlar.

- Azərbaycanda hazırda qeyri-hökumət təşkilatlarının və xarici donorların vəziyyəti necədir və 2017-ci ildə onları nə gözləyir?

- Ümid edirik ki, 2017-ci il qeyri-hökumət təşkilatları üçün daha rahat və rəvan keçəcək. Ötən il hökumət tərəfindən QHT-lərin qaldırdıqları bir sıra məsələ ilə əlaqədar müsbət addımlar atıldı. Xüsusilə də xarici qrantların qeydiyyat proseduru sadələşdirildi, "vahid pəncərə" sistemi tətbiqi edildi. Bütövlükdə xarici donorlarla bağlı hüquqi rejimin nəzərəçarpacaq dərəcədə sadələşdirilməsi onu deməyə əsas verir ki, bu il xarici donorların Azərbaycanda fəaliyyəti genişlənəcək. Dövlət hər zaman xarici donorların Azərbaycandakı fəaliyyətinin şəffaf və hesabatlı olmasında maraqlı olub. Əsas tələb o olub ki, maliyyələşən layihələr, sərf edilən vəsaitlər açıq və şəffaf şəkildə həyata keçirilsin, hər hansı gizli məqsədlərə xərclənməsin, hesabatlılıq olsun, Azərbaycanın milli maraqlarını təhdid edə biləcək hərəkətlərə yol verilməsin. Dünyada istənilən ölkə ictimai-siyasi sabitliyi qorumaq üçün tələb olunan zəruri tədbirləri həyata keçirir. Azərbaycanın milli təhlükəsizliyinin hərtərəfli təminatı baxımından müəyyən addımlar atması heç kimi narahat etməməlidir.
Digər tərəfdən ümid edirəm ki, bundan sonra xarici donorların fəaliyyətində təkrarlanmalar azalacaq və hökumətlə xarici donorlar arasında effektiv koordinasiya təmin olunacaq.

- Bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri xarici donorların qeydiyyatı ilə bağlı məhdudiyyətlərin hələ də qaldığını bildirirlər. Məhdudiyyətlər tam aradan qaldırılıbmı?

- Mən bilmirəm “vahid pəncərə” sisteminin tətbiqindən sonra hansı beynəlxalq təşkilat, fond hökumətə qeydiyyat üçün müraciət edib və rədd cavabı alıb? Məndə hələlik belə bir məlumat yoxdur. Əksinə, adlarını çəkmək istəmədiyim iki tanınmış beynəlxalq donor təşkilatı Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edib və mən bilirəm ki, nazirlik tərəfindən onların qeydiyyatı üçün müvafiq addımlar atılır və yəqin ki, yaxın zamanlarda onların qeydiyyatı rəsmiləşəcək. Düşünürəm ki, xarici donorlar dövlətin atdığı son müsbət addımlar əsasında ölkəmizdə fəaliyyətlərini tam şəkildə təşkil edə bilərlər.
Digər tərəfdən, Azərbaycanda donorluq fəaliyyəti ilə məşğul olmaq istəyən qurumlara bundan əlavə təklif olunub ki, əgər onlar tələb olunan hüquqi prosedurları keçmək istəmirlərsə, bunu etmədən də istənilən qeyri-hökumət təşkilatına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vasitəsilə də dəstək verə və onların layihəsini maliyyələşdirə bilərlər. Yəni Şura özünün bank hesabını onların istifadəsinə verir, donor təşkilat vəsaiti Şuranın hesabına köçürür, Şura da həmin vəsaiti donorun müəyyən etdiyi resipiyentə ötürür. Bunu ona görə deyirəm ki, hamı üçün bir daha aydın olsun. Dövlət xarici donorların şəffaf və aşkar fəaliyyətində nəinki maraqlıdır, hətta bunun üçün bütün imkanlardan istifadə etməyə hazırdır.

- Ermənistan-Azərbaycan Sülh Platforması özünü doğruldurmu?

- Bildiyiniz kimi, platforma vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən yeni bir təşəbbüsdür. Düşünürəm ki, bu platforma münaqişənin həllinə kömək edə bilər. Uzun müddətdir beynəlxalq təşkilatlar tələb edirdi ki, münaqişə tərəfləri arasında etimad mühiti yaradılsın. İnam və etimad mühiti yaradıldıqdan sonra müəyyən təmaslar olsun. Platforma bu baxımdan unikal imkandır. İndiyədək bu cür konkret missiyası və vizyonu olan qurum yaradılmayıb. Sülh Platforması əvvəlki təşəbbüslərdən daha çox onunla fərqlənir ki, burada münaqişənin ədalətli və mərhələli həlli ilə bağlı dəqiq prinsiplər və şərtlər müəyyənləşdirilib. Platforma münaqişənin 3 mərhələdə həllini doğru və mümkün hesab edir. Birinci mərhələdə Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayondan qeyd-şərtsiz çıxması təklif olunur. İkinci mərhələdə həmin ərazilərə, o cümlədən Dağlıq Qarabağa, yəni Şuşaya, Xankəndinə və digər bölgələrə azərbaycanlılar qayıdır. Bu mərhələ başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında kommunikasiyalar bərpa olunur. Üçüncü və sonuncu mərhələdə isə orada yaşayan ermənilərlə azərbaycanlılar birlikdə Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyənləşdirirlər. Məlumdur ki, Dağlıq Qarabağın hüquqi statusu uzun müddətdir müzakirə olunur. Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirir. Sülh Platformasının üzvləri Dağlıq Qarabağın Azərbaycanın tərkibində hüquqi statusunun müəyyənləşdirilməsinin ən doğru və ən təhlükəsiz variant hesab edirlər. Bu, həm də beynəlxalq hüquq normalarına tam uyğundur. Helsinki Yekun Aktında qeyd olunur ki, xalqların öz müqəddəratını təyin etməsi hər hansı ölkənin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması hesabına ola bilməz. Sülh Platforması da bu cür mövqedən çıxış edir və beynəlxalq təcrübəyə istinad edir. Bu baxımdan platformaya maraq çoxdur, həm Ermənistan, həm də Azərbaycan tərəfdən bura qoşulanlar artmaqda davam edir. Eyni zamanda platformaya beynəlxalq təşkilatlar, xarici ölkə siyasətçiləri və vətəndaş cəmiyyəti fəalları tərəfindən də kifayət qədər diqqət və maraq müşahidə olunur. Platformanın işçi orqanı olan Katibliyi fəaliyyət göstərir və hər iki tərəfdən təyin olunan həmkoordinatorlar onun işini uğurla davam etdirirlər. Səhv etmirəmsə, indiyə kimi Platformaya qoşulanların və onu dəstəkləyənlərin sayı 60-ı keçib. Bu isə qısa müddət ərzində əldə olunan müsbət nəticə kimi qeyd oluna bilər. Təəssüflər olsun ki, cəmiyyətdə bir sıra şəxslər tərəfindən bilərəkdən və ya biməyərəkdən yanlış fikirlər ortalığa atılır. Deyirlər ki, guya Sülh Platforması yaradılıb və işğal altında olan torpaqların qaytarılması istiqamətində iş görülmür. Bunlar yanlış fikirlərdir. Hər kəs problemin itkisiz həll edilməsinin tərəfdarıdır. Kim istəyər ki, gənclərimiz həlak olsun, heç kəs istəməz. Eyni zamanda kimsə torpaqların Ermənistana verilməsini və ya uzun müddət işğal altında qalmasını da istəməz. Azərbaycanın güclü ordusu var, ordumuz öz işini görür və görəcək. İşğalçı ölkə Azərbaycanın ərazisindən çəkilməlidir, bunun başqa yolu yoxdur. Davamlı sülhün əldə olunmasının yeganə yolu torpaqların işğaldan azad edilməsidir. İki ölkə arasında danışıqlar təxirə salınmadan bərpa olunmalıdır. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən dönməyəcəksə, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə razılıq verməyəcəksə, o zaman münaqişənin həlli üçün başqa variantlara əl atılacaq. Cəmiyyətdə ümumi fikir bundan ibarətdir. Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələri bu reallığı dəqiq bilirlər. Ümid edirəm ki, bu reallıqdan çıxış edərək Ermənistan tezliklə danışıqlar masasına qayıdacaq və ya qaytarılacaq.

- Bəzi hallarda müharibə çağırışları olur. Bu, platformanın fəaliyyətinə necə təsir edir?

- Bunlar hazırkı durumdan qaynaqlanan fikirlərdir və bu fikri səsləndirənləri başa düşmək olar. Çünki bir insanın evi, mülkü və torpağı işğal altındadırsa, bütün hüquqları pozulursa, işğalçılıq siyasəti davam edirsə və vasitəçilər heç bir nəticəyə nail olmurlarsa, əlbəttə, bu kimi çağırışlar olacaq. Əlbəttə, biz xalq olaraq sülhün tərəfdarıyıq. Ancaq, bu, o demək deyil ki, biz sülh istəyiriksə, Ermənistan istədiyini edə və ya danışıqları sonsuzluğa qədər uzada bilər. Aprel hadisələrindən sonra ölkədə müharibə çağırışlarının artması həm də beynəlxalq təşkilatlara bir mesajdır. İnsanları nə qədər aldatmaq, danışıqlar imitasiyası yaratmaq olar? Azərbaycan ictimaiyyəti ədalətli sülh istəyir, dədə-baba torpaqlarına qayıtmaq istəyir. Bu istək gec-tez həyata keçəcək və torpaqlarımız işğaldan azad ediləcək.

- Siz ATƏT Parlament Assambleyasının vitse-prezidentisiniz. ATƏT PA-nın Azərbaycanla hazırkı münasibətləri necədir?

- ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq pozitiv istiqamətdə inkişaf edir. Bu müsbət tendensiya ilə yanaşı, etiraf etməliyəm ki, narazı qaldığım məqamlar da var. Hələ də ATƏT PA-da bəzi insanların Azərbaycana münasibəti təəssüf ki, birmənalı deyil. Onlar bəzən Azərbaycanı hədəfə almaqla öz fəaliyyətlərini qurmağa çalışırlar. Azərbaycanla bağlı haqsız bəyanatların səsləndirilməsini doğru saymıram, bunun səbəbləri var. Azərbaycan həmişə dialoqa hazır olub. Biz istənilən məsələni dialoq çərçivəsində həll edə bilərik. Elə olub ki, bizə suallar ünvanlayıblar, biz də cavablandırmışıq, izahatımızı qəbul ediblər. Bəzən isə bu dialoqa və əməkdaşlığa mane olacaq addımlar atan və üzv ölkələrə selektiv yanaşanlar da var. Bu, yolverilməzdir. ATƏT-ə üzv ölkələrin bir çoxunda elə ciddi problemlər var ki... Həmin ölkələrdə istər insan haqları, istərsə də demokratik prinsiplərlə bağlı problemlər kifayət qədərdir. Amma bunların heç birinə assambleyanın insan hüquqları və demokratiya komitəsi və ya ATƏT-in digər aidiyyəti qurumları diqqət ayırmır. Bir neçə gün əvvəl Hollandiyada türklərə qarşı aqressiyanın və qanunsuz hərəkətin şahidi olduq. Türkiyənin xarici işlər naziri bu ölkəyə buraxılmadı və digər naziri isə demək olar Hollandiyadan deportasiya olundu. Burada sərbəst toplaşmaq azadlığı da məhdudlaşdırıldı, dinc aksiyaçılara zor tətbiq edildi. Hollandiya tərəfindən atılan addımlar demokratik prinsiplərə, beynəlxalq normalara və diplomatik münasibətlər haqqında Vyana konvensiyasına tam ziddir. Bütün bunlara reaksiya verildimi? Təəssüf ki, xeyr. Bu hadisə Türkiyədə və ya Azərbaycanda olsaydı, hansı reaksiyanı verərdilər? Dərhal bəyanatlar, qətnamələr və digər ittihamların şahidi olardıq. Anca biz bunu Hollandiyaya qarşı hələlik görmürük.

- Siz ATƏT PA-nın vitse prezidenti kimi bu məsələlərlə bağlı hansı addımları atmısınız ?

- Mən bu gün (13 martda - red.) ATƏT PA-nın rəhbərliyi və beynəlxalq katibliyi ilə bu məsələləri müzakirə etdim və bu qanunsuzluqlara münasibət bildirilməsinin vacibliyini onların diqqətinə çatdırdım. Ümid edirəm ki, sabah ATƏT PA bu hadisələrə rəsmi münasibət bildirəcək.
Ümumiyyətlə, ATƏT məkanı və bütövlükdə beynəlxalq hüquq ikili yanaşmaların və standartların məngənəsində sıxılmaqda davam edir və bunların aradan qaldırılması istiqamətində hər hansı bir əhəmiyyətli addım atılmır. Bu, bizi ciddi narahat etməlidir. Düşünürəm ki, ATƏT-də islahatlar həyata keçirilməli, konkret meyarlar müəyyənləşdirilməlidir. Yəni hansısa ölkədə qanun pozuntusu varsa, adekvat münasibət bildirilməlidir. Biz görəndə ki, məsələn, yalnız ayrı-ayrı seçilmiş ölkələr hədəfə götürülür, o zaman onların mövqeləri hətta haqlı olsalar belə qıcıq və narahatçılıq yaradır. ATƏT-in 57 üzv ölkəsi var və onların hamısına bərabər və ədalətli münasibət sərgilənməlidir. Şəxsən mən ATƏT PA-nın vitse-prezidenti olaraq indiyə kimi bu məsələni qaldırmışam və bundan sonra da səlahiyyətlərim çərçivəsində bu istiqamətdə işimi davam etdirəcəm.

- Azərbaycana qarşı xüsusi aksiyalar və kampaniyalar təşkil olunur. Rəsmi görüşlərdə bu məsələlərə toxunulurmu? Ümumiyyətlə, buna münasibətiniz maraqlı olardı.

- Bununla bağlı rəsmi görüşlərdə hər hansı müzakirə aparılmır. Ancaq biz bilirik ki, həmin aksiyaları və kampaniyaları kimlər təşkil edir. Həmin aksiyaların təşkilatçıları əsasən erməni diasporu, erməni lobbisi və bölgədə geosiyasi marağı olan yaxın və uzaq ölkələrdir. Onlar Avropa ilə Azərbaycanın münasibətlərini korlamaq və bundan öz maraqları naminə faydalanmaq istəyirlər. Erməni lobbisinin isə əsas marağı Azərbaycanda insan haqlarının pozulması haqqında dünyada süni rəy yaratmaqla ölkəmizi nüfuzdan salmaq, bununla da Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq və beləliklə Dağlıq Qarabağın Azərbaycandan qopartmaq üçün müəyyən zəmin hazırlamaqdan ibarətdir. Bu yaxınlarda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin avropalı lobbiçilərin və bəzi dünya güclərinin Azərbaycan hökumətinə və dövlətinə qarşı yönəlmiş çoxillik, məkrli səylərini ifşa edən sensasion araşdırması da yuxarıda deyilənləri bir daha sübut edir.
Ancaq bu çirkli və məkrli siyasəti həyata keçirmək istəyənlər bilsinlər ki, Azərbaycan güclü dövlətdir və onun İlham Əliyev kimi güclü, qətiyyətli və iradəli prezidenti var. Ona görə də bu cəhdlərin və planların hamısı indiyədək olduğu kimi, bundan sonra da nəticəsiz qalacaq və iflasa uğrayacaq.

- Yekunda bir suala da cavab verməyinizi istərdim. Avropada son illər radikal meyillər və sağçı təmayüllər daha geniş vüsət alıb. Bunun ATƏT məkanında yer almasını necə şərh edərdiniz?

- Bu, çox təhlükəli və qorxulu bir tendensiyadır. Biz Avropada bu gün faktiki olaraq liberal dəyərlərin itirilməsini və aşınmasını müşahidə edirik. “Brexit”dən sonra bu cür neqativ meyillər daha da güclənməyə başladı. Universal dəyərlər Avropada get-gedə öz əhəmiyyətini itirir. Demokratik prinsiplər “özgələr"ə qarşı heç bir məna kəsb etmir. Məscidlərin qapadılması və Quranın qadağan edilməsi haqqında tezislər partiyaların və siyasətçilərin seçkiqabağı platformasının ana xəttini təşkil edir. Hətta hökumət başçıları birgəyaşayışın, multukulturalizmin və mədəniyyətlərarsı dialoqun iflasa uğraması haqqında bəyanatlar verirlər. Bütün bunlar, xüsusilə Almaniyada, Avstriyada, Fransada, Hollandiyada sağçı təmayülün, millətçiliyin və şovinzimin güclənməsi və seçkilərdə ciddi nəticələr əldə etməsi Avropanın gələcəyini və təhlükəsizlik arxitekturasını ciddi şəkildə zədələyir və onu fəlakətə sürükləyir. Bunun qarşısı vaxtında alınmalı, yeni nəzəriyyələr və yanaşmalar işlənib hazırlanmalı və bütövlükdə II Dünya müharibəsinin səbəblərindən və dərslərindən düzgün nəticə çıxarılmalıdır. Əks halda bu cür meyillər yeni “exit”lərin reallaşmasına, Avropa İttifaqının parçalanmasına və bütövlükdə “qoca qitə”də müharibə və münaqişələrin yaranmasına səbəb ola bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar