Hikmət Hacıyev: BMT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənar deyil və ola da bilməz

27.03.2017 17:10     Müsahibə     2214

Reaksiya.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsini təqdim edir

- Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu günlərdə BMT-nin mənzil-qərargahına səfər edərək Ermənistanın BMT Nizamnaməsinə, BMT-nin məqsəd və məramlarına sadiq olduğunu bildirib. Bu barədə nə deyərdiniz?

- BMT Nizamnaməsinə əsasən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı gücdən istifadə edilməsi və təcavüz əməllərinin törədilməsi qadağandır. Azərbaycana qarşı gücdən istifadə edərək işğal və təcavüz törətmiş dövlət kimi Ermənistan BMT Nizamnaməsininin 2-ci maddəsinin 4-cü bəndini kobud şəkildə pozmaqda davam edir. Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməkdən boyun qaçırır və Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni hərbi mövcudluğunu saxlamaqla regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Bundan sonra xarici işlər naziri səviyyəsində Ermənistanın BMT Nizamnaməsinə və BMT-nin məqsəd və məramlarına sadiq olduğunu iddia etmək riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyildir.

- BMT baş katibinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 27 fevral tarixində verdiyi açıqlamanı necə şərh edərdiniz?

- BMT-nin baş katibi 27 fevral 2017-ci il tarixində verdiyi açıqlamada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün təxirəsalınmadan substantiv danışıqlara başlamağa çağırış edib. Azərbaycan tərəfindən biz BMT baş katibinin bu açıqlamasını təqdir edir və dəstəkləyirik. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həlli üçün prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış substantiv danışıqları davam etdirmək lazımdır.

Biz eyni zamanda BMT baş katibinin 1 yanvar 2017-ci il tarixli sülh üçün müraciətini və 2017-ci ilin "Sülh ili" elan edilməsi təşəbbüsünü də dəstəkləyirik. BMT-nin baş katibi bu müraciətində, həmçinin siyasi həllə nail olmaq üçün atəşkəs və danışıqlar masasında kompromislərə çağırış edir. Təəssüflər olsun ki, 1994-cü ildən etibarən atəşkəs rejimi Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq və Azərbaycan ərazilərini ilhaq etmək siyasəti nəticəsində siyasi həllə və davamlı sülhə çevrilməyib. Ermənistan işğalı gücləndirmək üçün atəşkəs rejimindən sui-istifadə etməkdə davam edir və hər vəchlə danışıqlar masasında irəliləyişin əldə olunmasına mane olur. Ermənistanın substantiv danışıqlardan qaçması və dövlət başçısı səviyyəsində danışıqları boykot etməsi və qeyd-şərt qoyması siyasəti də bundan irəli gəlir. Ermənistan çox yaxşı anlayır ki, substantiv danışıqların hədəfi və mahiyyəti işğala əsaslanan status-kvonun mərhələli şəkildə dəyişilməsindən ibarətdir.

- Bütün bunlar BMT-nin yenidən münaqişənin həlli prosesinə qayıtması kimi qiymətləndirilə bilərmi?

- BMT münaqişənin həllindən heç zaman kənarlaşmayıb ki, yenidən qayıtsın. BMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən beynəlxalq sülh və təhlükəsizlik məsələləri BMT-nin ən ümdə vəzifəsidir.

BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələri yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. Heç bir dövlətə BMT TŞ-nin qəntamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.

874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun bütün üzvləri tərəfindən təqdim olunan “TŞ-nin 822 və 853 saylı qətnamələrinin icrası üçün təxirəsalınmaz tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT TŞ-nin 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.

BMT Təhlükəsizlik Şurasının mandatı əsasında Minsk qrupunun həmsədrlərinə BMT TŞ-nin qətnamələrinin icrası həvalə edilib. Qəbul edilmiş 884 saylı qətnamənin sonuncu bəndində deyilir ki, BMT-nin baş katibi Minsk qrupu ilə məsləhətləşərək vəziyyət haqqında Təhlükəsizlik Şurasına məruzə etsin.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il Budapeşt sənədinə görə beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri onların mandatının əsasını təşkil edir.

BMT baş katibinin 31 oktyabr 1994-cü il tarixli, SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”.

Həmçinin, 14 mart 2008-ci ildə BMT Baş Assambleyasında qəbul olunmuş Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı qətnaməni və BMT-nin sessiyalarının gündəliyinə hər il eyniadlı maddənin daxil edilməsini qeyd edə bilərik. Onu da nəzərə alaq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Bununla bərabər, BMT və onun ixtisaslaşmış təşkilatları münaqişənin ilk günündən Azərbaycanın üzləşdiyi humanitar fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycana yardım və dəstək göstəriblər. Bu xüsusda biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün humanitar vəziyyətinin yaxşılaşdırılması üçün rolunu və dəstəyini xüsusilə qiymətləndiririk.

Ona görə də beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsini əks etdirən BMT münaqişənin həlli prosesindən kənar deyil və ola da bilməz. Münaqişənin həlli üçün BMT TŞ-nin qətnamələrini rəhbər tutaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səylərin artırılması, Ermənistanın substantiv danışıqlar masasına qaytarılması və Ermənistandan beynəlxalq hüquq və BMT TŞ-nin qətnamələri əsasında üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsinin tələb olunması təmin olunmalıdır.

Ümidvar olmaq istəyirik ki, 2017-ci il BMT baş katibinin "Sülh ili" elan etdiyi kimi, substantiv danışıqlar vasitəsilə Ermənistanın Azərbaycana qarşı davam edən işğalının sonu və davamlı sülhün başlanğıcı olacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar