Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı substantiv danışıqlara hazırdır

26.04.2017 16:16     Müsahibə     2141

Reaksiya.az Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend-ə  verdiyi müsahibəni təqdim edir 

- Sankt-Peterburq görüşündən etibarən Ermənistan tərəfi görüşlərdən qaçır və destruktiv siyasət yürüdür. Hamburqda və Münhendə Ermənistanın xarici işlər naziri aşkar şəkildə rəsmi görüşlərə qatılmadı. Ümumiyyətlə, münaqişənin həlli prosesi haqqında nə demək olar?

- Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü əsasında keçirilmiş Sankt-Peterburq görüşündə prezidentlər səviyyəsində münaqişənin həlli ilə bağlı əsaslı müzakirələr aparıldı. Bu danışıqlar mahiyyət etibarilə işğala əsaslanan status-kvonun dəyişdirilməsini nəzərdə tuturdu.

Bu ilin əvvəlində Moskvaya işgüzar səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüş oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri yeni tərkibdə regiona səfər etdilər və tərəflərin mövqelərini dinlədilər.

Sankt-Peterburq görüşündə müzakirə olunduğu kimi, münaqişənin həllində irəliləyişə nail olmaq üçün atılmalı olan addımlar və həyata keçirilməli olan plan hər kəsə çox yaxşı bəllidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və hərbi işğal faktı münaqişənin həllində ən başlıca maneədir. Ona görə də işğal faktı aradan qaldırılmalıdır. İşğal faktının aradan qaldırılması ilə dəyişəcək status-kvo şəraitində tamamilə yeni mühitdə davamlı sülhü təmin etmək üçün danışıqları davam etdirə bilərik.

Ermənistan görüşlərdən qaçmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməməyə və status-kvonu olduğu kimi saxlamağa çalışır.

Eyni zamanda Ermənistan qəsdən vəziyyəti gərginləşdirmək, texniki məsələləri önə çəkərək əsas mahiyyətdən yayınmaq siyasətini davam etdirir. Ermənistanın artıq bəhanə etmək üçün heç bir manevr imkanı qalmayıb. Ermənistanın bəhanə etdiyi seçkilər də birtəhər başa çatdı.

- Qarşıdan gələn Moskva görüşündən gözləntilər nədən ibarətdir?

- Moskva görüşünün Sankt-Peterburqda prezidentlər səviyyəsində aparılmış mahiyyətli danışıqların davamı olacağına ümidvar olmaq istəyirik. Artıq sözdən əmələ keçmək vaxtıdır. Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan substantiv danışıqlara hazırdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar