“Terrorun gülən üzü” kitabının yazarı: “Bunların xalqıma, dövlətimə qarşı etmək istədiklərini görüb mübarizəyə başlamışam”. - I hissə
04.06.2015 13:35 Müsahibə 2094
Fətullahçılar sənin gələcəyinin düşünən beyinlərini oğurlayırlar...
-Əvvəla, kitabınızın nəşri münasibəti ilə sizi təbrik edirəm. Və dərhal da bir sualla davam edirəm: bu mövzuda kitab yazmaq hardan ağlınıza gəldi?
-Kitab onu deyim ki, bizim son səkkiz il boyunca yazdıqlarımızın real nəticəsidir. Səkkiz ildir ki, biz Azərbaycanda Gülən camaatının və digər sektalarını araşdırırıq. Bir zamanlar kitab yayınlamaq cəhdimiz oldu, lakin yolumuzu kəsdilər və biz də taym – out götürmək məcburiyyətində qaldıq. Taym – out götürdük ki, daha samballı araşdırmalar aparaq və ortaya daha səviyyəli bir araşdırma qoyaq.
-Taym – out bitdi, yoxsa başqa səbəblər oldu ki, yenidən yazdıqlarınızı kitablaşdırmaq qərarına gəldiniz?
-Belə deyək, biz qısamüddətli taym – out götürsək də, biz davamlı olaraq araşdırmalar aparır, yazılar yazırdıq. Azərbaycanda bəlkə də yeganə mətbu orqan “Yeni çağ”dır ki, Gülən mövzusunda hər zaman vahid xətt tutub və bizim hər zaman qırmızı xəttimiz məhz Gülən məsələsi olub. Biz beş il öncə də, səkkiz il öncə də, on il öncə də eyni mövqedə olmuşuq və bu gün də eyni xətt üzərindən çalışmalarımızı davam etdiririk. Bəzən bizi ittiham edirlər ki, Gülənə qarşı Türkiyənin hakim dairələrində hücumlar başlayıb deyə, siz də bu mövzuda yazırsınız. Amma bu heç də belə deyil. Biz kiminsə tərəfinə keçməmişik. Onlar sonunda bizim haqlı mövqeyimizi qəbul etmək məcburiyyətində qalıblar.
-Bu kitabın nəşr olunmasının əsas səbəbi nədir? Oxuculara nəyi çatdırmağa çalışırsınız?
-Oxuculara Gülən təhlükəsini çatdırmaq istəyirik.
-Nədir axı bu Gülən təhlükəsi?!
-Kitabın adına baxın. “Terrorun Gülən üzü”. Bizdə əsasən terrorla bağlı stereotipləşmiş qəliblər var. hamı PKK – ya, Hizbullah- a və digər bu kimi təşkilatlara hansı prizmalardan yanaşırlarsa, deyək ki, İŞİD - ə də eyni gözlə baxırlar. Terror təşkilatları deyəndə ənənəvi bir forma, ənənəvi bir qəlib gəlir gözönünə. Bin Ladin haqqında düşünür hamı terrorist deyəndə, bu gün terrorist deyəndə əmamməli, cübbəli bir şəxs gəlir gözünün önünə. Bu yayğın olan düşüncədən kənarda olan heç bir obraz terrorçu kimi qəbul edilmir. Amma Gülən məsələsi bir qədər fərqlidir. Fətullahçılar düşünən beyinlərin oğrularıdır. Bu gün mənim dövlətimin ən böyük kapitalı insan kapitalıdır. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman bildirib ki, neft də, taxıl da, digər yerlaltı və yerüstü sərvətlər də hamısı dövlətin milli sərvətləridir, amma əsas dövlətin kapitalı insan kapitalıdır. Bunlar sənin gələcəyinin düşünən beyinlərini oğurlayırlar. Sənin yüksək səviyyəli gənclərini özlərinə uyğun bir şəkildə, öz düşüncələrinə uyğun olaraq yetişdirirlər. Bunun üçün Azərbaycan ictimaiyyəti də, Azərbaycan xalqı da xüsusi olaraq diqqətli olmalıdır. Biz çalışmalıyıq ki, ölkəmizin sabahı heç bir xarici qüvvənin əlinə düşməsin. Bu qüvvələr fərq etməz ki, kimdir. Bunu dövlətdəki bəzi məmurlar anlamalıdır. Bu gün ölkəmizin milli təhsil strategiyası olmalı və fəaliyyətlər də buna uyğun olaraq qurulmalıdır. Xaricdən gələn birisi ən gözəl təhsili versə belə, o, sənin milli dövlətçilik maraqlarına cavab verməyəcək.
-Mənim üçün çox maraqlıdır, Azərbaycan oxucusu buna qədər Fətullah Gülənin kim olduğunu bilmirdimi?
-Çox təəssüf ki, bizim yazdığımız yazılara qədər Fətullah Gülənin gerçək kimliyindən Azərbaycan oxucusu xəbərdar deyildi. Hətta bəzi dostlar deyirlər ki, biz o zaman siz bunları yazanda, deyəndə, dilə gətirəndə düşünürdük ki, siz xəyalpərəstlik edirsiniz. Amma həmin dövrdə doğrudan da Fətullah Gülən çox ciddi şəkildə maskalana bilmişdi. Türkiyə dövlətinin qanadı altına girərək öz fəaliyyətlərini davam etdirirdi. Və bu gün artıq iki ildir ki, 2013 – cü ildən etibarən Türkiyədə yaşayan proseslər Azərbaycan üçün də aktualdır, Azərbaycan üçün bir dərs olmalıdır ki, bir camaat ki, özünə “hizmət camaatı” deyir, hazırda bir siyasi iqtidarla savaşır və bu zamana kimi milli olduğunu deyən, milliyyətçi olduğunu iddia edən adamlar hətta iddialara görə PKK ilə ortaq fəaliyyət göstərirlər.
-Bu kitab bəlkə sırf Aqil Ələsgərin Fətullah Gülənin şəxsinə qarşı duyduğu nifrətdən yaranıb. Çünki, danışığınızdan da bu hiss olunur...
-Bilirsiniz, mən ilahiyyatçıyam. Hətta bəzən zarafatla, “mən istefada olan ilahiyyatçıyam” – deyirəm, çünki, bu ölkədə bu gün ilahiyyatçılara qətiyyən ehtiyac yoxdur. Azərbaycanda fizik, kimyaçı, tətbiqi riyaziyyatçı, kitabxanaçı ilahiyyat elmi haqqında rahat danışdığına və İlahi hökmləri rahatlıqla təfsir etdiyinə görə, biz ilahiyyatçılara da qətiyyən ehtiyac duyulmur. Bizdə əsas qəlb təmizliyidir. Amma bir məsələ var ki, Türkiyədə olan həqiqi ilahiyyatçılar qətiyyən camaatları və təriqətləri qəbul etmirlər. Eyni zamanda ilanın zəhləsi yarpızdan getdiyi kimi camaatların və təriqətlərin də zəhləsi ilahiyyatçılardan gedir. Düzünü bilmək istəsəniz, mənim nə gəncliyimdə, nə tələbəliyimdə camaatla heç bir problemim olmayıb. Nə nurçu olmuşam, nə işıq evlərində qalmışam, yəni şəxsimlə bağlı camaatla heç bir problemim yoxdur. Sırf ilahiyyatçı olduğuma görə, ilk daşı mən atmışam, bunları dərindən araşdırmışam, ki, mövzum da sırf budur, bunların fəaliyyətlərini incələmişəm və istəmişəm ki, hər kəs bu təhlükənin fərqində olsun. Hə, bunlara qarşı savaşmağa başlayandan sonra mənə bir başa və dolayısı ilə hücum olmayıb? Əlbəttə ki, olub! Amma ilk daşı mən atmışam və bunlar da mənə qarşı əllərindəki media gücündən, dövlət gücündən istifadə ediblər, məni hər addımbaşı vurmağa çalışıblar. Bundan da qətiyyən narahat deyiləm, çünki, bunların xalqıma, dövlətimə qarşı etmək istədiklərini görüb mübarizəyə başlamışam. Bu gün də bu mübarizəm davam edir, sabah da davam edəcək...
Oktay
Şərhlər