Məhərrəm Bədirzadə: “Maarifləndirici verilişlərin sayı çox olmalıdır. Həqiqətən ictimai nüfuza malik insanlar müxtəlif mövzularda müzakirələrdə iştirak etməlidir”
“Özəl kanallarda o qədər qeyri-peşəkar aparıcılar var ki, tamaşaçı onlardan yorulub. Radioya qulaq asa bilmirik. Küçə danışığı ilə az qala efiri çayxanaya bənzədirlər
Azərbaycan teleməkanı barədə bu gün müxtəlif fikirlər, rəylər səslənir. Bəziləri müasir efir məkanını qəbul etmir, teleməkanda bayağılığın olduğunu iddia edirlər, bəziləri isə əksinə, müasir dövrdə efirdə sərbəstliyin olmasını normal qəbul edirlər. Budəfəki qonağımız uzun illər Azərbaycan Dövlət Televiziyasında rejissor kimi çalışan Məhərrəm Bədirzadədir. Azərbaycan teleməkanını bir də onun dilindən eşidib, onun gözündən baxmağa çalışdıq.
- Azərbaycan teleməkanına baxışınız maraqlıdı. Televiziyalarımız sizi qane edirmi?
- Televiziyalarımızın fəaliyyətini normal qəbul etmək olar. Müasir dövrdü, dövrün tələblərinə uyğun da efir məkanı formalaşıb. Əvvəllər tamamilə qaydalar, standartlar fərqli idi. Bu gün televiziyanın standartları dəyişib. Mən köhnəliyi sevmirəm. Müasirliyi qəbul edə bilirəm. Televiziyalarımızın ümumi səviyyəsi yaxşıdı. Amma düzünü desəm, mən yerli kanallarımızı o qədər də izləmirəm. Heç evdəkilərə də məsləhət görmürəm.
- Niyə? Tamaşaçı olaraq axtarıb tapa bilmədiyiniz nədi?
- Məni düzgün başa düşün. Mən televiziyalarımızın fəaliyyətini gözdən sala bilmərəm. Burda çalışanların əməyini kölgələmək düzgün olmaz. Bizim televiziyalarımızda abır-həya hələ qalıb. Sadəcə peşəkarlıq zəifdi. Yaxşı jurnalistlərimiz var. Əvvəllər diktorlarımız var idi, onlara hazır mətn verilirdi, oxuyurdular. İndi maşallah, elə savadlı, güclü jurnalistlər var ki, verilişlərdə maraqlı müzakirələr aparırlar. Amma yaxşı tərəflərimizlə yanaşı, qüsurlarımız da var. Bunu demək lazımdı. Peşəkarlıq zəifdi, çünki bəzən təsadüfi insanlar televiziyaya ayaq aça bilir. Məsuliyyət əvvəlki illərlə müqayisədə az hiss olunur. Düzdü, müasir gənclər sərbəstliyə maraqlı olurlar. Efirdə sərbəst olmaq gözəl xüsusiyyətdi. Amma sərbəstliyin də bir həddi olmalıdı. Əvvəllər senzura var idi. Hər bir mətn gözdən keçirilirdi, efirdə hər sözü demək olmurdu. Amma bu gün aparıcı sərbəstdi. Qonaq sərbəst fikirlərini bildirə bilir. Amma insanın daxilində bir senzuranın olması vacibdi. Mütləq deyil sənə nəsə qadağa qoysunlar. Sən özün-özünə qadağalar qoymağı bacarmalısan. Aparıcı cəmiyyətdə baş verən hadisələrdən, dünyada baş verən proseslərdən xəbərdar olmalıdı. Mən gənclərə ümidlə baxan insanam. Televiziya müasirliyi sevir. Televiziya sehrli bir güzgüdür, hamı ordan nəsə umur. Bəlkə hamını qane etmək olmaz. Amma tamaşaçıların istəklərini, onların axtardıqlarını ödəmək lazımdı. Mənim efirdə xoşuma gəlməyən nə isə başqa bir tamaşaçının xoşuna gələ bilir. Amma televiziya kütlənin deyil, kütlə televiziyanın arxasınca getməlidir. Televiziyalarda maarifləndirici verilişlərin sayı çox olmalıdır. Həqiqətən ictimai nüfuza malik insanlar müxtəlif mövzularda müzakirələrdə iştirak etməli, onlarla tamaşaçılar arasında ünsiyyət körpüsü yaradılmalıdır.
- Efirdə qüsurlar nədi?
- Efirdə qüsurlar var deməklə mən inanmıram ki, onlar aradan dərhal qalxacaq. Mənim əlimdə düymə var, görürəm ki, efirdə təqdim olunan məni qane etmir, başqa kanala keçirə bilirəm. Müasir yerli kanallarda daha çox qalmaqallara üstünlük verilir. Yerli kanallarımıza demək olar ki, baxmıram.
- Amma baxmıram deyib, yerli kanallarımızdan imtina edə bilmərik. Qüsurlar varsa, onları aradan qaldırmaq üçün addım atmaq lazımdı.
- Bilirsiz, bu gün bəzi kanallar kommersiya maraqları üstündə fəaliyyət göstərirlər. Teleməkan ciddi bir strateji tribunadır. Ondan düzgün istifadə etmək lazımdı. Kommersiya deyib, efirləri maddiyatın qurbanı edə bilmərik. Efirdə professionallıq çatmır. Bizdə o vaxt "Dalğa” proqramı var idi, İlqar müəllim o qədər maraqlı verilişlər təqdim edirdi ki, tamaşaçı bundan zövq alırdı. Hiss edirdin ki, aparıcı savadlıdır.
- Yəni efirə çıxan aparıcı hazırlaşmalı, mövzu barədə məlumatlı olmalı, qonaqlarını tanımalıdır.
- Təbii ki, aparıcı məsuliyyət hiss etməli, efirə hazırlaşmalıdır. Bəzən görürsən ki, verilişdə hamı danışır, amma mahiyyəti, məqsədi başa düşmək olmur. Hər bir verilişin hədəfi olmalıdı. Efirdə təqdim olunan hər bir söz cəmiyyətə verilən bir mesajdı. Efirdə olan hər bir insan məsuliyyət hiss etməlidir. Yerli kanallarımızda bəzən lazımsız qalmaqallara rast gəlirik. Aparıcı bilə-bilə elə sual verir ki, orda qalmaqal yaransın. Bu, düzgün deyil. Qonaq dəvət etmisən. Qonağın ailə həyatı ilə nə işin var? Aparıcı qonağın şəxsi həyatı ilə maraqlana bilməz. Bu, qeyri-etikdir. Sən qonağı təhqir edə bilməzsən, sən sənətçinin şəxsi həyatına, onun kənarda hansı həyat tərzi yaşadığına müdaxilə edə bilməzsən. Onu efirdə müzakirə də edə bilməzsən. Onun sənəti ilə bağlı fikir bildirə bilərsən. Sənətçini dəvət etmisən, onun sənətindən danış.
Kiminlə yatıb durduğu, kimdən övlad dünyaya gətirdiyi səni narahat etməməlidir. O, şəxsi həyatını yaşamaqda sərbəstdir.
- Siz televiziyanın tanınmışların şəxsi həyatına müdaxiləsini qəbul etmirsiz?
- Qətiyyən qəbul etmirəm. Televiziyada tanınmış insanın şəxsi həyatı müzakirə oluna bilməz. Əgər həmin tanınmış şəxs həyatının müzakirəsinə icazə vermirsə, o barədə danışmaqa kimsənin icazəsi yoxdu. Biz insanların şəxsi dünyası ilə maraqlana bilmərik. Bu, qeyri-etikdi. Belə qalmaqallar bizi yerli kanallardan uzaqlaşdırır. Ona görə də baxmıram. Hərdən yerli seriallara baxıram. Mənim üçün onların səviyyəsi, keyfiyyəti maraqlıdır. Görürəm ki, nə qədər inkişaf var. Bir də keyfiyyət maddiyyatdan asılıdır. Maraqlı televiziya verilişləri, proyektləri həyata keçirmək üçün güclü maliyyə dəstəyi olmalıdır. Necə deyərlər, ucuz ətin şorbası olmur. Keyfiyyətli televiziya layihələri üçün peşəkarlarla çalışmaq, güclü maliyyə vəsaiti əldə etmək lazımdır ki, tamaşaçının marağında ola biləcək verilişlər təqdim edə biləsən. İndi də şouya maraq var deyə, maliyyə də o verilişlərə ödənir. Televiziyalarımızda yaxşı, savadlı aparıcılarımız da var. Sadəcə onlara imkan yaradılmalıdır. Televiziyaya televiziyanı bilən şəxslər rəhbərlik etməlidir.
- Efirlərimizdə dil probleminin olması son vaxtlar daha çox müzakirə edilir...
- Aparıcılarımızın bəzilərində dil qüsurları var. Bu, danılmazdı. Əsasən də son dönəmlər ləhcə ilə danışığa daha çox rast gələ bilirik. Bəzi aparıcılar ləhcə ilə efirdə danışırlar. Bu, qəbulolunmazdı. Televiziyada ləhcə ilə danışmaq düzgün deyil. Sovetlər dönəmində bu məsələyə diqqət yetirilirdi. İndi efirdə aparıcı bəzən elə tərzdə danışır ki, sanki efiri izləmirsən, iki nəfərin küçədə danışığını seyr edirsən. Efirdə kim necə istədi danışa bilməz. Bilirsiz, efir şəhər mədəniyyətini sevir. Bəlkə bu sözümə görə məni qınayacaqlar. Mən bununla bölgələrimizi aşağı səviyyədə tutmaq niyyətində deyiləm. Ancaq efir şəhər mədəniyyəti ilə formalaşmalıdır. Efirdə şəhər mədəniyyətinə önəm verilməlidir. Bu problem həm televiziya, həm də radio aparıcılarımızın bəzilərində var. Ləhcə ilə efirdə danışmaq olmaz. Bu, düzgün deyil. Dilə hörmətlə yanaşmaq lazımdır. Bədii dildə, şəhər mədəniyyətində efirlərdə söhbətlər aparılmalıdır.
- Tamaşaçı olaraq daha çox hansı verilişlərin axtarışında olursuz?
- Nə yalan deyim. Yerli telekanallara baxmıram. Ancaq hərdən gözümə maraqlı olan veriliş olanda izləyə bilirəm. Əsasən bədii verilişləri, analitik proqramları izləyə bilirəm. Əslində maraqlı verilişlər azdı. Aktual mövzulara üstünlük verilməlidir. Müasir televiziya inkişaf etsə də, hələ də problemlər var. Aparıcılar müsabiqə yolu ilə işə götürülürdü. İndi hamı efirə çıxıb veriliş aparır. Verilişlərin bir məqsədi olmalıdı. Hər verilişin ünvanlanmış tamaşaçısı olur. Əgər sənin verilişin ünvanlı deyilsə, ona baxan olmaycaq. Nə qədər müğənniləri efirə gətirib qalmaqalla efir saatını doldurmaq olar. Vallah, bu, biabırçılıqdı. Şou tamaşaçıda maraq yaradır. Razıyam. Amma bunu daha maraqlı tərzdə təqdim etməyin də yolları var. Tok şoular təqdim edilə bilər, cəmiyyəti maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmaq olar. Tamaşaçı belə verilişlərin marağında olur. Bu kimi verilişlərdə ictimai nüfuza sahib olanların fikirləri maraqlı görünür. Tamaşaçı nə isə öyrənib əldə edə bilir. Ən dəhşətlisi odur ki, bu gün aparıcıların bəzən savadsızlığı efirdə hiss olunur. Aparıcı inandırmaq bacarığına sahib olmalıdı. Sənin dediyin sözə, fikrə tamaşaçı inanmırsa, sən efirdə yox kimisən. Efirlərdə insanların hissi ilə oynayıb onları ağlatmaqla məşhurlaşmaq olar. Bu sənin peşəkarlığını göstərən amil sayıla bilməz. Özəl kanallarda o qədər qeyri-peşəkar aparıcılar var ki, tamaşaçı onlardan yorulub. Radioya qulaq asa bilmirik. Küçə danışığı ilə az qala efiri çayxanaya bənzədirlər. Çayxanada oturub nərd atan "Qədeş”lərin danışıq tərzi efirdə təqdim edilir. Bu, biabırçılıqdır. Televiziya aparıcısı sanki qonağı ilə evində oturub söhbət edir. Heç bir efir etikasına diqqət yetirilmir.
- Televiziya estetikasından söhbət gedir...
- Bəli, televiziya estetikanı sevir, tələb edir. Efirdə ən xırda qüsur belə qeyri-estetik görünə bilər. Ona görə də burada həm səs rejissoru, həm operator, həm aparıcı, həm studiyanın dekaorasiyası, seçilən musiqi biri-birini tamalamasa estetika pozulmuş olur. Necə ki, tamaşaya quruluş verilir, hər bir verilişin də öncədən ssenarisi yazılıb hazırlanmalıdır. Bu, televiziyanın əsas önəmli məqamlarından sayılır. Bəzən verilişlərin sırası, proqramlaşdırma düzgün qurulumur. Gündüz təqdim edilən verilişlə axşam saatlarında təqdim edilən verilişlərin formatında, mövzu seçimində fərq olmalıdır. Elə mövzu var ki, onu səhər saatlarında təqdim etmək olmaz. Elə verilişlər də var ki, onun axşam saatlarında verilməsi televiziya stereotipinə ziddir. Bilirsiz, televiziya o qədər cazibədar, ancaq eyni zamanda da məsuliyyətli bir məkandır ki, orada səhvə yol verilə bilməz.
- Televiziyanın hədəfi nə olmalıdır?
- Televiziya dövlətin, millətin ən güclü strateji silahıdır. Sən bu silahdan o qədər peşəkar şəkildə istifadə etməlisən ki, o sənin gücünü, qüdrətini göstərə bilsin. Televiziya maarifləndirməli, məlumatlandırmalı, düşündürməlidir. Televiziya təkcə oxumaq, oynamaq üçün əyləncə məkanı deyil. Televiziya konsert səhnəsi də deyil. Televiziya bir cəmiyyətin güzgüsüdür. Sən onu necə təqdim etdinsə, sənin cəmiyyətin də o şəkildə görünə bilər. O sehrli qutudan daha düzgün şəkildə istifadə edə bildinsə, milli maraqlara önəm verdinsə, dəyərləri nəzərə aldınsa, millət qazanmış olacaq, səhvə yol verdinsə, itirdiklərin ağır ola bilər. Televiziya həqiqətən təbliğatın ən güclü strateji mexanizmidir.(sherq.az)
Şərhlər