Afrin əməliyyatı: - ərazilər terrorçulardan təmizlənəcək
24.01.2018 11:35 Müsahibə 2997
Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Ordu artıq Afrində terrorçulara sarsıdıcı zərbələr endirib.
Reaksiya.az axar.az-a istinadən Afrində yaşanan proseslərlə bağlı Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın müsahibəsini təqdim edir:
- Türkiyənin Afrin əməliyyatlarını keçirməkdə əsas dəfə açıqlandığı kimidirmi?
- Əlbəttə, bu əməliyyatların keçirilməsində əsas məqsəd bu əraziləri YPG qruplaşmasından və ona bənzər digər ünsürlərdən (bu zaman İŞİD terrorçularını da xatırlamaq yerinə düşər) təmizləməkdir. Burada digər məqsəd isə bu ərazidə süni şəkildə hər hansı bir dövlətin yaradılmasının qarşısını almaqdır. Xüsusilə ABŞ tərəfindən verilən son açıqlamalar belə bir süni dövlətin yaradılması ilə bağlı təməl hesab oluna bilərdi. Türkiyənin həyata keçirdiyi bu əməliyyatların bu cür fəaliyyətlərin qarşısını alacağı düşünülür.
- Fransa və İranın bu əməliyyatlara etiraz etməsinin səbəbi nədir?
- Fransa və İranın Türkiyəyə bu əməliyyatlarla bağlı etdiyi çağırışlar sadəcə diplomatik xarakter daşıyır. İşin ciddiyyətinə baxdıqda görünən odur ki, Türkiyə diplomatik cəhətdən bu əməliyyat öncəsi bütün ölkələrlə görüşüb. Təsadüfi deyil ki, xarici ölkələrin səfirləri Türkiyə XİN-ə dəvət edildi, onlarla görüşüldü və əməliyyat öncəsində onlara müəyyən məlumatlar verildi. Fransanın bu məsələdə aktivlik göstərməsi, orada erməni lobbisinin aktiv olması ilə bağlıdır. Buradakı erməni lobbisinin terrorçu kürd qruplaşmaları ilə işbirliyi etdiyi istisna edilmir. Bu da Fransanın fəaliyyətində öz əksini tapır.
- Tanınmış rus politoloq Trofimçuk ABŞ və Türkiyə arasında Türkiyənin Suriyada keçirdiyi əməliyyatlarla bağlı elan edilməmiş anlaşma olduğunu iddia edib. Sizcə, bu iddia həqiqətə yaxındır?
- Afrin əməliyyatları öncəsi Türkiyənin Rusiya ilə razılaşdığını müşahidə edirik. Çünki bu əməliyyatlara başlamamışdan öncə həm Türkiyə Baş Qərargah rəisi Hulusi Akar, həm də Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvaya getdi və orada da davamlı məsləhətləşmələr keçirdi. Rusiya üçün Soçi və Astana prosesi çox əhəmiyyətlidir. Daha öncədən xüsusilə Soçidə Suriyanın gələcəyi ilə bağlı keçirilən görüşdə Türkiyə-Rusiya-İranın ortaq qərar qəbul etdiyi də bildirilmişdi. Bu səbəbdən Rusiyanın Afrin məsələsində etiraz edəcəyini düşünmürəm. Digər tərəfdən, Rusiya, bir növ, ABŞ-ın nəzarətinə keçmiş YPG-ni də bu şəkildə cəzalandıraraq bir mesaj verməyə çalışır. Əməliyyatdan öncə əslində Rusiya YPG və onun əlaltılarına Əsəd rejiminin yanına keçməyi təklif etdi. Lakin qruplar bu təkliflə razılaşmadı və ABŞ-ın onları dəstəkləyəcəyini düşündülər. Türkiyənin bu əməliyyatları ilə əslində Rusiya bu qruplaşmaları cəzalandırmış oldu. Digər tərəfdən, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son açıqlaması da bu qruplaşmaların təkrar Əsədin yanında yer alması, Suriyanın ərazi bütövlüyü məsələsini qəbul etmələri yönündə ciddi bir mesajdır. ABŞ-la Türkiyə arasında elan edilməmiş razılaşmanın olduğunu düşünmürəm. Amma əgər belə bir razılaşma varsa da, bu, Türkiyənin diplomatik uğurudur.
- Afrin əməliyyatının nəticələrini necə proqnozlaşdırırsınız?
- Afrin Əl-Babdan fərqli olaraq, daha yüksək dağlıq ərazidir. Bu ərazidə müxtəlif qruplar var. Onlardan ən təhlükəlisi isə YPG terror qruplaşmasıdır. YPG-nin təxminən 8-10 minlik silahlı dəstələri var. Bu dəstələr ABŞ tərəfindən silahlandırılır. Onlar həm də xalqın içərisinə qarışıb, xalqdan sipər kimi istifadə edirlər. Burada Türkiyə çox ciddi əməliyyat aparır və Türkiyənin işi çox çətindir. Terrorçularla sadə xalqı ayırmaq məsələsinə Türkiyə Silahlı Qüvvələri xüsusi həssaslıqla yanaşır.
- Afrin əməliyyatlarından sonra Türkiyənin daxilində yaşayan kürd əhali aldadılaraq, yanlış addımlara təhrik edilə bilərmi?
- Türkiyənin bu əməliyyatının kürdlərə qarşı olması ilə bağlı bəzi KİV-lər təxribat xarakterli məlumatlar dərc edir. Amma türk rəsmiləri dəfələrlə bu əməliyyatların kürdlərə, orada yaşayan xalqa qarşı olmadığını vurğulayıb. Suriyanın bu bölgəsində yaşayan xalqlar tək kürdlər deyil, burada həm də ərəblər, türkmanlar, türklər yaşayırlar. Sadəcə yaranan boşluqdan istifadə edərək, YPG burada hakimiyyətini qurmağa çalışıb və buna nail olub. İndi bu prosesin dəyişdirilməsinə çalışılır. YPG-nin nəzarətində olan ərazilər terrorçulardan təmizlənəcək. PKK-ya bağlı olan HDP və ya PKK-nın əlaltıları Türkiyədə təxribat törətmək istəyə bilər, amma onlar kürdlərdən istədikləri dəstəyi ala bilməzlər. Türkiyənin Afrin əməliyyatı öz axarı ilə davam edir. Qarşıya qoyulan hədəflər yerinə yetirilməkdədir. Türkiyə bu əməliyyatları tamamladıqdan sonra kürd xalqına da çox ciddi dəstək vermiş olacaq. Bunu da unutmamaq lazımdır ki, Türkiyədə məskunlaşan suriyalı mühacirlər arasında kürdlər az deyil. Türkiyə istər Şimali İraqda yaşanan fəlakətlər zamanı, istər Suriyada yaşanan proseslərdə orada yaşayan kürdlərə də sahib çıxıb, onlara hər zaman qapısını açıb.
Reaksiya.az
Şərhlər