“Prezidentin xəbərini yeddinci səhifədə verdiyimə görə töhmət almışam” - Aqil Abbas “180 dərəcə” layihəsində:
16.03.2018 22:25 Müsahibə 3468
Tanınmış jurnalistlər Samir Feyruzov və Zaur Qəriboğlunun təqdimatında “180 dərəcə” adlanan yeni media layihəsinin növbəti qonağı millət vəkili, əməkdar jurnalist, yazıçı Aqil Abbasdır.
Aqil Abbas mətbuata açıq adamdır. Bəli, ADAMdır! Jurnalistlərə də “dədə” deyir. Sağ olsun! Yazıçı Anar haqqında deyir: “Əgər fikir vermisinizsə, Anarın bir çiyni yuxarıdır, bu təsadüfi deyil, o, Azərbaycanı bir çiynində daşıyır…”. Tam ciddi deyirik, bəlkə də Azərbaycan jurnalistikasını da bataqlıqdan xilas edən, onun möhkəm çiyinlərdə daşınmasını təmin edən və ayaq üstündə tutan səbəblərdən biri də Aqil Abbasın səmimiyyətidir. Onunla hər şeydən danışmaq olar. Özü də deyir: “Mirzə Cəlili, M.F.Axundovu oxumayan, onu necə başa düşə bilər ki!?” Biz onunla hər dəfə söhbət edəndə, qarşımızda millət vəkili yox, millətin əsl vəkilini və problemlərimizi içinə salan həmkarımızı görürük. “Ədalət” qəzetinin redakasiyasında görüşdük, Aqil müəllim deyirdi, xanım referent yazırdı… Yazını yekunlaşdırdı və otağa daxil olduq. İlk dəfə 35 yaşında siqaret çəkən Aqil Abbas müsahibəyə başlayan kimi bir siqaret də yandırdı. Ömrünün neçənci siqaretini bizimlə çəkdi..? O sayı biləydik… Nə isə, siqaret qutusunu masanının üstünə atıb bizim də çəkməyimizi istədi. Etiraz etmədik, hər halda çəkdiyimiz 1 manatlıq siqareti əvəzləmək “Kent 8”lə ciyərlərimizə toy-bayram yaşatmaq pis olmadı…
Aqil müəllim məşhur soğan məsələsindən başladı. Yadınızdadırsa, onun “get soğan ək, ailəni saxla” sözünün başına kirli bir kəndir salıb o tərəf-bu tərəfə fırlatdılar, sözün mahiyyətini anlamadan kişini təhqir hədəfinə çevirdilər. Vaxtilə bu məsələyə aydınlıq gətirmişdi, indi bizim üçün də dedi: “Mənə deyirlər ki, işsizlikdi. Mən də deyirəm ki, bəli, işsizlik var. Rayonlarda , məsələn, Ağcabədi rayonunda işsizlik var. Amma kəndlərdə işsizlik ola bilməz. Çünki kəndlərdə insanlara torpaq sahəsi ayrılıb. Əgər kəndliyə torpaq sahəsi ayrılıbsa, o necə işsiz ola bilər? Əkib-becərsin torpağını… Kəndlinin işi budur axı. Nə istəyir əksin, Soğan əksin, ailəsini saxlasın. Soğan sözünü də ona görə işlətmişəm ki, mənim əmimin bir nəvəsi var, o dedi ki, Aqil, soğan əkdim, 1200000 pul qazandım. Ona görə də dedim soğan əksinlər. Bu mənada dedim. Bundan bir qalmaqal yaratdılar ki…”.
“Azad söz anlayışı adı ilə başladılar qəzet çıxarmağa və nəticədə Zərdabidən üzü bəri gələn jurnalistika məhv oldu”
S.F. - Tam səmimi deyin bugünkü Azərbaycan mətbuatı sizi qane edirmi?
- Qətiyyən! Qane edə bilməz.
S.F. - Mətbuatımız niyə bu vəziyyətdədir?
- Bilirsiniz, günah müəyyən qanunlardadı. Hələ ölkənin ictimai şüuru Avropa standartlarına uyğunlaşmamış biz Avropa qanunlarını qəbul edirik. Mənim həmişə dediyim bir söz var. 18 yaşına çatmış uşağa atası ailə qurmağa icazə vermir ki, hələ tezdi. Amma 18 yaşında kimsə qəzet açıb, xalqa ailə-məişət problemlərindən danışıb, onların həllinə aid dərslər keçə bilər. Necə ki, televiziya kanallarımızda dərs keçirlər. Mən bu cür qanunları qəbul etmirəm. Avropada söz azadlığı var, bizdə də olmalıdı. Amma söz azdlığı verildi, jurnalistlər başladılar ağızlarına nə gəldisə onu da yazmağa. Keçmişdə ən hörmətli adamlar kimlər idi? Yazıçılar, bəstəkarlar, rəssam və jurnalistlər. Bu insanlar hara gedirdilərsə, hörmətlə qarşılanırdılar. Bir dəfə Səttar Bəhlulzadə Ağdama gedir. Çayxanada hamı çayını qırağa qoyub ona baxır ki, Səttar Bəhlulzadə Ağdama gəlib. O da bunu görür, özünü itirir və çayını belə içə bilmir. Onu orda gəzdirirlər, qonaq saxlayırlar. Fikirləşin, baxın görün, millət Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı necə hörmətlə qarşılayırdı. O cümlədən də, jurnalistlərə böyük hörmət var idi. Çünki jurnalist heç vaxt haqsız yazı yazmazdı. Bu sovet hökumətinin qanunu idi, idealoji bir şey idi, hər nə idisə, amma faktiki olaraq vəziyyət belə idi. Həm də o vaxtlar jurnalistin yazdığına dərhal reaksiya verilirdi. Mən bir dəfə Ucardan tənqidi bir yazı yazmışdım. O vaxt "Sovet kəndi"ndə işləyirdim. Yazı çıxan günün səhərisi 6 kolxoz sədrini işdən çıxartmışdılar.
Z.Q. -Bəs indi niyə elə deyil?
-Jurnalistikanın bir hörməti var. Ona görə də jurnalistikadan anlayışı, xəbəri olmayanlar başladılar jurnalist olmağa. Belələri jurnalistikaya gələndən sonra nələr oldu? Nəticədə azad söz anlayışı adı ilə başladılar qəzet çıxarmağa. Bunun nəticəsində də Zərdabidən üzü bəri gələn jurnalistika məhv oldu. Köhnə jurnalistlər bir kənarda qaldılar, jurnalistikadan anlayışı olmayanlar isə meydanda at oynatmağa başladılar. “Reket”çiliklə dilənçiliklə, şantaj etməklə jurnalistikanı ləkələdilər.
S.F. - Rəsmi şəkildə “reket” elan olunmayan, əslində isə sırf “reket”çiliklə məşğul olan jurnalistlərə də mənzil verildi…
- O jurnalistlərin adlarını deyin. Çünki mən bilirəm ki, mənim qəzetimdə “reket”lik edən jurnalist yoxdu və evlər də kimlərə verilib, onu da bilirəm. O cümlədən də, dost-tanış qəzetlərdə də belə hallar olmayıb. “Reket” adı alan jurnalist Mətbuat Şurasının qara siyahısına düşür və ev növbəsinə salınmır. Amma kimsə hansısa yolla sənəd düzəldib, özünü əfv etdiribsə, o başqa məsələ. Mənim əlimdə elə bir fakt yoxdur ki, filankəs “reket” jurnalistdir və ona ev verilib.
S.F. -Aqil müəllim, kifayət qədər tanımış qəzetlər, saytlar var ki, onlara KİVDF pul ayırır. Həmin mətbu orqanların rəhbərləri məmurdan 5000, “reket” dediyimiz jurnalist isə isə 50 manat alır. Əsl “reket” bunların hansıdır və onlara niyə gözün üstdə qaşın var deyən yoxdur?
-Kim alır məmurdan 5000 manatı?
S.F. – Ad çəkməyə nə gərək var. Bir çox saytlar paket şəklində pul alır.
- Mən sizə səmimi deyirəm ki, üç ildən çoxdur ki, paket ləğv edilib. Belə şey yoxdu. Əgər qəzet hər hansı bir təşkilata aiddirsə, ona pul ayrıla bilər. Sizə 30 yaxın qəzet, sayt adı çəkə bilərəm ki, onlarda belə şeylər yoxdu. Bu gün baxın kimlər tutulub həbs olunur? Onlar heç bir nüfuzu olmayanlardı. Mətbuat Şurasının belə üzvü deyillər.
Z.Q. - Çox maraqlıdır ki, həbs edilənlər arasında bəziləri azadlığa çıxandan sonra, onlardan media kapitanı düzəldirlər.
- Olur. İndi qayıdıb nə edirlərsə... Mən hətta jurnalistlərin VII qurultayında bir söz dedim. Nəşriyyatda salam verdiyim bir tanış adam, indiyə kimi 7 qəzet buraxıb, hamısı da düşüb “reket” siyahısına. Onu görəndə dedim ki, yenə qəzetin düşdü “qara siyahı”ya. Qayıtdı ki, canın sağ olsun, Aqil müəllim, yeni qəzet açaram. Yəni bu dərəcədə də olmaz. Mən senzura tərərfdarı deyiləm, azad söz tərəfdarıyam. Amma onu demək istəyirəm ki, qanunlarda boşluq var. Bu gün “reket” adı alan qəzet sahibi sabah başqa birini açıb yenidən fəaliyyətə başlayır.
“Ədalət” çətin vaxtlarda Adil Minbaşının cibinin pulu hesabına ayaqda qaldı və bu gün də fəaliyyət göstərir”
Z.Q. -Aqil müəllim, qayıdaq "Ədalət" qəzetini təsis etməyinizə. Kiminlə təsis etmisiniz?
- 1990-cı ildə təsis etmişik. O vaxtlar Sovet hökumətinin Mərkəzi Komitəsi belə bir qərar vermişdi ki, respublikaların hər birində hüquq qəzeti buraxılsın. İlk dəfə Moskva buraxdı. Belə qəbul olunmuşdu ki, bütün qəzetlər “Hüquq” adlandırılsın. Azərbaycan Kommunist Partiyası da buna əsasən qərara aldı ki, hüquqşünaslar ittifaqının orqanı kimi belə bir qəzet buraxılsın. O vaxt bu qəzeti Moskva, biz, bir də Pribaltika ölkələri dərc etdi. Məni də bu qəzetə redaktor təyin etdilər. Mən onda dedim ki, “Hüquq” mənasız addır, gəlin qəzetin adını “Ədalət” qoyaq. O vaxt pleniumda etirazlar qalxdı ki, bu adda musavatyönlü partiya olub və elə bilərlər ki, həmin partiyanın adını daşıyır. Mən başa saldım ki, ədalət - ədliyyə deməkdi və bütün hüquq sistemi ədliyyədə birləşir. Bu qəzetin təsisçilərindən biri olan Adil Minbaşı ilə uzun çək-çevirdən, mücadilədən sonra qəzetin adının "Ədalət" olmasına icazə verildi. Əslində belə bir qəzetin yaradılması uğur idi. Çətin vaxtlarda bu qəzet Adil bəyin cibinin pulu hesabına ayaqda qaldı və bu gün də fəaliyyət göstərir. Düz 28 ildir ki, "Ədalət "qəzeti çıxır. Hətta elə zaman olub ki, redaksiyanın idarə heyəti Daxili İşlər Nazirliyinin, “KQB”-nin işciləri, baş prokuror olub. Mən bunlara nə deyə bilərdim? 92-ci ildə kollektivin qərarı ilə qəzetin təsisçiləri özümüz olduq.
Özümü tərifləmək kimi olmasın, Sabir Rüstəmxanlıdan sonra mətbuata yenilik gətirənlərdən biri mənəm. O vaxt adətən qəzetlərdə xəbərlər 7-8 ci səhifələrdə verilirdi. Aqil Abbas onu gətirdi birinci səhifəyə. Ən əsas da ciddi xəbərləri gətirdi. Qəzetin birinci səhifəsində bu cür xəbərlərin verilməsi bir partlayış idi. O vaxt adətən birinci səhifədə prezidentin şəkli verilərdi, hökumət xəbərləri və s. Hətta eks-prezident Ayaz Mütəllibovun xəbərini 7-ci səhifədə verdiyimə görə, töhmət də almışam. Mən qəzetin birinci səhifəsini xalqa verdim.
Z.Q. - İndi necə?
- İndi mən təbii ki, o yaşda deyiləm və bu gün cəmiyyət də cox fərqlidi.
“Öz qardaşıma ölümünün nə vaxt və necə olacağını dəqiq demişdim”
Z.Q. -Aqil müəllim, illərlə sizi tanıyan bir adam kimi diqqətimi çəkən sizin eyni siqareti çəkməyinizdir. Hər şeyə belə sadiqsiniz?
- Mən telefon nomrəmi dəyişmirəm, adətən çay içdiyim çayxananı dəyişmirəm, dostlarımı dəyişmirəm. Yeni dost gələ bilər, amma köhnə dostlarımı ən ağır cinayəti belə işləmiş olsalar da ,dəyişmərəm.
Z.Q. -Aqil müəllim, sizin haqqınızda gəncliyinizdə öngörücü olduğunuzu eşitmişəm. Doğrudurmu?
- Bu yazıçılar maraqlı və fərqlənmək istəyən adamlardı. Mən də falçılığa inanmayan biriyəm. O vaxt mənə Əlisa Nicat oxumaq üçün bir kitab məsləhət gördü. O kitabı çox çətinliklə əldə etdim, oxudum və ondan sonra bu cür başqa kitablarla maraqlandım. O kitab insanların əl cizgiləri ilə hayatlarını görməyi başa salırdı. Dostlara- tanışlara bəzi şeylər demişəm, düz çıxanlar da olub. Hətta öz qardaşıma belə ölümünün nə vaxt və necə olacağını demişdim, oldu da...
Ondan sonra özümə söz verdim ki, heç kimə heç nə deməyəcəm. Amma hərdən dostlarımın uşaqlarının əllərinə baxıram. Səbəbi də odur ki, uşaqların hansısa xəstəliyi ola bilər, onu demək lazımdır. Yaxud da o uşaq gələcəkdə istedadlı biri ola bilər, qarşısını almasınlar deyə. O kitablarda yazılırdı ki, pis şeyi deməməlisən. Mən də əksinə. Pis şeyləri deyirdim ki, bilsinlər və qarşısını alsınlar.
S.F. -Siz düşünürsüz ki, ölümün qarşısını almaq olar?
- Bəli! Sənin ağlın var axı... Sən burdan gedirsən Bərdəyə və 180 km sürətlə maşın sürürsən. Buna Allah neynəsin?
Z.Q. -Aqil müəllim, millət vəkili olacağınızı bilirdiniz?
-Yox . Millət vəkili olacağımı bilmirdim. Amma tanınmış şöhrətli biri olacağımı bilirdim.
“İradə məndən savadlıdır…”
Z.Q. - Tanınmağınızda Məmməd Arazın rolu olubmu?
-Məmməd Arazın rolu belə olub ki, mən uzun illər onum evində yaşamışam, mənəvi atam olub. Ondan çox şeylər öyrənmişəm. Yer üzündə qəribə adamlardan biri də mən deyərdim ki, Məmməd Araz idi. O qədər saf, təmiz insan idi ki… Təsəvvür edin ki, bu insan ömrundə yalan danışmayıb. Belə nadir insanlardan idi.
Z.Q.- Məmməd Araza yalan danışmışdınız?
- O qədər… Çox saf insan idi. Nə desən, inanırdı.
Z.Q. -İradə xanımı necə sevdiniz?
-Sizə bir söz deyim ki, həyatda müqəddəs şeylər var və onlardan biri də ailədir. Mən xanımımı sevib evlənmişəm. Bu gün də sevdiyim qadınla yaşayıram, öləndə də Ramiz Rövşən demişkən, sevdiyim qadının göz yaşı ilə torpağa tapşırılmaq istəyərəm. Ailə hər şeydən müqəddəsdir. Ailəsini müqəddəs saymayan biri üçün heç nə müqəddəs deyil.
Z.Q. -Siz bu yaşınızda, bu qədər işin gücün arasında hər yay İradə xanımla istirahətə gedirsiniz. Bu da həmin sevgidən irəli gəlirmi?
-Tək yayda deyil. Buna istirahət də demək olmaz. İstirahət bir yerdə qalıb dincəlməkdi. Biz isə gəzməyi, görməyi sevirik. Səfərlərə gedirik. Şənbə, bazar günləri məni Bakıda tapmaq çətindi. Allaha şükür ölkəmiz inkişaf edib, hər yerdə yaxşı şərait var. Mən xanımımı Azərbaycanın hər bir bucağını gəzdirmişəm. Demək olar ki, bütün kəndlərdə olmuşuq.
Z.Q. -İradə xanım çox gözəl bir xanım olmaqla yanaşı, onda bir kişilik də sezilir. Siz necə görürsüz İradə xanımı?
- İradə məndən savadlıdı. Mən rus dilini incəliyinə qədər bilmirəm, amma o rus dilində məqalələr yazır. O məndən çox mütaliə edir. İradə xanım hətta məni yazıçı kimi qəbul etmirdi. "Dolu" romanımı oxuyandan sonra mənə “deyəsən sən də yazçısısan” dedi.
“Xəlil Rza Ulutürkü, Mikayıl Müşviqi təhqir edənlər gündəmə gəlmək üçün buna əl atırlar”
S.F. -Aqil müəllim trollara münasibətiniz necədi?
-Adam kişi olar və sözünü üzə deyər. Bunları qruplar şəklində kimlərsə, qurur ki, kimlərisə təhqir etsinlər, alçaltsınlar. Sosial şəbəkələri bağlamaq mümkün deyil. Amma o insanları axtarıb tapmaq və məsuliyyətə cəlb etmək olar.
S.F. -Xəlil Rza, Mikayıl Müşviq istedadlı şair olublar?
- Bu insanlar Azərbaycanın pasportudular. Onları təhqir edən dünənki uşaqlardır gündəmə gəlmək üçün buna əl atırlar. 10-15 gün adları sosial şəbəkədə, saytlarda hallanır və sonra üzr istəyib dediklərini təkzib edirlər. Bu insanlar Azərbaycanın tarixidi. Bunu danmaq olmaz. Xaricdən maliyələşənlər da bir tərəfdən məqsədli şəkildə Azərbaycanın Babəkini, Xətayisini, Rəsulzadəsini ləkələməyə çalışırlar. Guya bu xalq heç kimdi. Heç kim yetişdirə bilmir. Heç bir tarixi şəxsiyyəti yoxdu. Planlı şəkildə Azərbaxcan xalqının tarixini onun keçmişinı ləkələyib sildirməyə çalışırlar.
S.F. -Adətən deputatlar kiminsə klanında olurlar. Siz kimin klanındasız?
- Dövlətimin…
Zaur Qəriboğlu
Samir Feyruzov
Şərhlər