“Prezident Aparatından mənə “paket”də rüşvət göndərmişdilər ki…” - Sabir Rüstəmxanlı “180 dərəcə” layihəsində - FOTOLAR

21.03.2018 17:15     Müsahibə     5987

Tanınmış jurnalistlər Samir Feyruzov və Zaur Qəriboğlunun təqdimatında  “180 dərəcə” adlanan yeni media layihəsinin növbəti qonağı xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlıdır. 

Sabir Rüstəmxanlı müasir Azərbaycan dövlətinin qurucularındandır, dövlətçiliyimizn bərpasında əvəzsiz xidmətləri olan siyasi nəhəngdir. Bu fikir kimin xoşuna gəlmirsə, özü bilər. Müstəqil Azərbyacana onlarla “ilk” bəxş edib. Bir kitabı orduya bərabərdir Sabir bəyin… Elə ötən əsrin 80-ci illərində də bir ordunun belə edə bilmədiklərini meydanlarda edirdi. Zəng etdik, partiya qərargahına bizi dəvət etdi. Ayaqüstü qardaşı Şahbaz bəylə də rastlaşdıq, görüşdük. Sabir bəy həmişəki kimi səliqəli geyinmiş, 70-dən artıq yaşı olmasına baxmayaraq özünü gənc kimi təqdim etməyə ya çalışırdı, ya da həqiqətən belə idi. Az adam olar ki, 25 il deputat mandatı daşıyıb sonra da mandatsız qalsın, amma qaməti əyilməsin… Bu adam 27 dəfə Həcc ziyarətində də olmayıb. 

Sabir bəy klansız adamdır, bütün dövlərlərdə də öz klanı olacaq… 50, 100, 200 il sonra da… Ustad Aydın Canıyevin sözü olmasın… amma və lakin… bir stəkan çaya belə bizi qonaq etmədi! Təklif də etmədi. Görünür, Sabir bəy həm də gərgindir, nəsə gözləyir və bizim qonaqpərvərlik kimi qəbul etdiyimiz nəsnələri də unudur. Kəsəsi, Sabir bəy bizləri ayaqüstündə qarşıladı, hər birimizin işini-gücünü, əhvalını yetərincə soruşdu. Və… açıq söhbətə keçdik!

“Fatma Abdullazadə dedi ki, Sabir Əhmədli bizim adam olmadığına görə onu Fəxri Xiyabanda dəfn etmədik…” 

 29497119 1835850849822714 7482716749217923072 n

“Bu milllətdən yenidən çoban xalq yaratmaq istəyirlər?!”

 

Z.Q. - Sabir bəy, özünüzü necə hiss edirsiniz? 

- Şükür, yaxşıyam.

Z.Q. - O biri ofisdən köçmüsünüz.  Nə əcəb?

- Bura işçilərin gəlib-getməsi üçün daha uyğundur, daha münasibdi. Nə bura, nə də o biri ofis (Xətaidəki 6 mətrəbəli binanı nəzərdə turur – red.) partiyanın deyil, şəxsidir. Həm partiyanın, həm də özümüzün yaşamağımız üçün dolanışıq lazımdı. Ona görə də o biri ofisi başqa məqsədlə istifadə etməyi düşünürəm.

Z.Q. - Partiyanızdan deputat seçilən şəxslərlə münsaibətləriniz necədir?

- İki nəfər deputat seçilib - Fəzail İbrahimli və Rafael Hüseynov. Müsasibətlərimiz yaxşıdır, onlarla dostuq.

S.F. – Hakimiyyətin, ayrı-ayrı məmurların sizə münasibəti dəyişməyib ki? İndi deputat deyilsiniz, soyuqluq görürsünüzmü? 

- Rəsmi  dairələrin mənə qarşı münasibəti nə sovet dövründə yaxşı olub, nə də indi. Çünki mən həmişə cəsarətli olub sözümü açıq şəkildə demişəm. Cəsarətli adamı isə heç vaxt sevməyiblər. İstər Milli Məclisdə, istər digər dairələrdə mənə qarşı soyuq münasibəti həmişə hiss etmişəm.

“Mətbuat Şurasına da, digər qurumlara da naşı adamları gətirib yerləşdiriblər”

29432845 1835850889822710 8851168637680091136 n

S.F. Sizə elə gəlmir ki, xalq sizdən daha çox şey gözləyir, hal-hazırda siz isə daha az şey verirsiniz?!

- (Düşünür…) Onu hiss edirəm. Ən azı sosial şəbəkələrdə mənə ünvanlanan tənqidi fikirlərdən görürəm. Ancaq bu təqidləri həm də qəbul etmirəm. Çünki, bu tənqidi yazanların çoxu ötən əsrin 90-cı illərindən sonra dünyaya gələnlərdi, yeni nəsildi. O yeni nəsil mənim sovet dövründə hər biri özünü oda atmaq kimi riskli olan şeirlərimi oxumayıblar. Onlar “Gəncə qapısı”nı “Qan yaddaşı”nı, “ Ömür kitabı”nı oxumayıblar. Hansı ki, o bu kitablar həmin illərin ideoloji xəttini təşkil edir. Mənim ömrümün çox vacib bir hissəsindən xəbərsizdilər. Bir milyon insanın qarşısında “boynuma kəfən geyinib gedirəm meydana” deyərək 18 gün dayanmadan çıxış etmişəm. Yeni nəsil günlərdən bixəbərdir. İndi müstəqillik dövründə nə qədər tənqid etsələr də, öz dövlətləridi. Amma o vaxt Moskvanın “KQB”si, insanlarda qorxu var idi. Sabah nə olacağını bilmirdik. Böyük bir risk idi: siyasi partiyalar, siyasətçilər, səni müdafiə edən, arxanda dayanan bir güc də yox idi. Bircə xalq arasında hörmətinə və kitablarının gətirdiyi şöhrətə inanırdın. Buna arxalanaraq meydanlarda çıxış etdim, Azərbaycanın “Müstəqillik Aktı”nın qəbuluna nail olduq, ilk müstəqil qəzetin çıxmasına nail oldum. “Azərbaycan” qəzeti üçün bir model yaratdım. O vaxt bugünkü nəsil yazıçıların, şairlərinin ilk kitablarını, yazılarını mən çap etdirdim, nəşriyyat sisteminə bir yenilik gətirdim. Bir çox ilklərin altında imzam var. Artıq 70-dən çox yaşım var. Amma insanlar yenə təkid edir ki, mən meydanlarda olum. İndi də 40 yaşında olanlar getsin.  Yeni nəsil gəlib öz sözünü deməlidi. Mənim yaradıcılığımdan, siyasi fəaliyyətimdən xəbəri olmayan biri bu gün gəlib məni bugünkü günlə dəyərləndirir, qiymət verir və ittiham edir. Belə olanda içimdə bir qəzəb baş qaldırır ki, insan bu qədər unutqan ola bilməz. O gördüyüm işlərin hansının qiymətini aldım ki, yenidən həmin işləri görüb, hansı qiyməti alım?! Mən “Müstəqillik Aktı”na imza atmışam, müstəqilliyimizin qəbulu üçün günlərlə aclıq elan etmişəm, müstəqil deputatlar blokunun sədri olmuşam. Bütün bunlar bu gün təhrif olunur, adımız çəkilmir. Meydanlarda danışanlar adımızı unutdurmağa çalışırlar, tarixin üstündən keçirlər. Müxalifət yazır ki, Azərbaycanda ilk müstəqil qəzet “Azadlıq” olub, halbuki “Azərbaycan” ondan öncə yaranıb. “Azərbaycan”ın öz yeri var idi, “Azadlıq”ın öz yeri. Yəni insan inciyir, bu boyda işlər görəsən, unudulasan…

Z.Q. - Niyə Sabir bəy, bu unutqanlıq nə ilə bağlıdı?

- Mən bütün ömrümü jurnalistikaya həsr eləmişəm, nazir olmuşam. Məndən sonra gələnlərin üst-üstə təcrübəsindən mənim təcrübəm çoxdu. Heç olmasa, bir məsləhət qrupu yaradıb məsləhət ala bilərdilər. Sanki biz yoxuq.

Z.Q. - Mətbuat Şurasına da dəvət olunmadınız?

- Mətbuat Şurasına da, digər qurumlara da naşı adamları gətirib yerləşdiriblər. Mətbuatı, jurnalistikanı söz nədir bilməyənlərə, yazı mədəniyyətindən xəbəri olmayanlara veriblər.

Z.Q. - Belə çıxır ki bütün gördüyünüz işlər heç imiş?

- Mən xalqdan, oxucudan narahat deyiləm. Amma elə bil, sağdan-soldan bir qəsd qoyulub. Sanki məndən o zaman ”Ömür kitabi”nın gətirdiyi şöhrətimin, meydanlarda heç kimin cəsarət edib ortaya çıxa bilmədiyi zamanlar etdiyim çıxışların qisasını alırlar. Niyə müstəqillik qazanmışıq, niyə o kitabı yazmışıq?! Deyirdilər informasiya blokadasındayıq. İnformasiya blokadasını yaran kitablardan biri  “Ömür kitabı”dır. Bunu hansı dilə tərcümə etdirmisiniz? Ermənilər buna bənzər kitabları on dilə tərcümə etdirir. Bizdə isə çalışırlar ki, sıradan çıxarsınlar. Bu mühit insanlara qol-qanad vermir, əksinə qırır. Mən içimdə inciyirəm. Düzdü mən meydandan çəkilmirəm, yoluma davam edirəm. Ola bilsin ki, əvvəlki kimi deyil. O vaxt meydan mənim idi. İndi gənc nəsil öz sözünü deməlidi. Daha bizi ittiham etməsinlər. O iş ki, mənim boynuma düşürdü, mən onu vaxtında, zamanında etmişəm. Bir şeirin gördüyü işi bir mitinq görə bilməz. Məsələn, mənim bu ölkənin dərdini-sərini anlatan “ Dərdə əyilmə” kitabım çap olunub. Mən onu təzədən niyə yazım ki? Əgər oxumurlarsa, bunu görmürlərsə, bu mənim günahım deyil.

29387187 1835850856489380 8248241321941139456 n

“Yeni Yasamaldakı bina tikintisi ilə mən məşğul olsaydım, belə biabirçı vəziyyətdə tikməzdim”

Z.Q. - Tənzilə xanım dövlətin təşkil etdiyi tədbirlərində daha çox görsənir…

- Dəvət edirlər, görünür. Onun rəhbərlik etdiyi qadın cəmiyyətidir, mən isə siyasi partiyaya rəhbərlik edirəm. Siyasi partiyaya münasibət bir cürdü, QHT-yə başqa cür.

Z.Q. - Tənzilə xanımla fikirləriniz üst-üstə düşür?

- Düşmədiyi vaxtlar da olur şübhəsiz.

S.F. Siyasi baxışlarınızda necə?

- Biz onu müzakirə mövzusuna çevirmirik. Tənzilə xanım o cür düşünür, sözünü o cür deyir. Belə baxanda Milli Məclisdə mənim partiyamı təmsil edən deputatlarla da bəzən fikirlərim üst-üstə düşmür. Partiya üzvləri ilə də fikir ayrılıqlarımız olur.

Z.Q. – Deputatlara görə dövlətdən vəsait alırsınız ?

- Deputatların hər birinə görə müəyyən məbləğdə əlavə vəsait verilir. Amma bu elə də böyük məbləğ deyil.

S.F. – Partiyanın illik hesabatını verirsiniz?

- Əlbəttə! İllik hesabat veririk. Mən uzun müddət nəşriyyatın baş direktoru olmuşam, nazir olmuşam, maliyyə məsələlərini kifayət qədər yaxşı bilirəm. Nə qədər məsuliyyətli olduğunu çox gözəl anlayıram. Ona görə də ayrılan pul qəpiyinə qədər dəqiq xərclənir və hamısının hesabatı aparılır. İlin əvvəlində də audit yoxlayır və bunu mətbuatda dərc edirik.

S.F. Biznesiniz də yoxdur?

- Yoxdur.

Z.Q. - Türkiyədə də?

Yox.

S.F. – Axı deyilənə görə Sizin İstanbulda biznesiniz, orada Ayvalıqda villalarınız var.

- Ayvalıqda mənim dostum Senar Gözəlin villası var. Əslində mənim də olmalıdır da. Mən nəşriyyatda işləyəndə “Azərkitab”ın 120 mağazası var idi. Onlardan birini özümə götürə bilərdim. Amma mən  götürməmişəm. Bütünlükdə mən “Azərkitab”ın qorunmasının tərafdarı olmuşam. Bu gün də hesab edirəm ki, Mədəniyyət Nazirliyi “Azərkitab”ı bərpa etməlidi. O kitab yayımının bir sistemidi. Baxın, hər hansı bir kitab bizdə 300 tirajla çıxır, Gürcüstanda isə 3000 tirajla. Halbuki Gürcüstanın əhalisi bizdən 3 dəfə azdır. Çünki bizdə kitaba qarşı bir düşmənçilik var. Gəncə kimi nəhəng şəhərimizdə kitab mağazası yoxdu. Texniki bitkiləri məhv elədilər, indi təzədən başlayıblar əkinçiliyə qayıtmağa. Bu milllətdən təzədən çoban xalq yaratmaq istəyirlər? Kitab oxunmasın, kitab mağazası olmasın, belə şey olmaz. Ona görə də mən o kitab dükanlarının birinə də toxunmadım. O vaxtlar hətta Prezident Aparatından mənə “paket”də rüşvət göndərmişdilər ki, filan dükanı bizə ver. Mən “kitab dükanı satılmır” deyib, rədd elədim. Yaxud kitab passajı. Rəhmətlik Rövşən Cavadov məndən bir otaq istəmişdi, “Xudu Məmmədov Xeyriyyə Cəmiyyəti” üçün. Mən demişdim ki, Xudu Məmmədov mənim dostumdur. Biz ona başqa otaq axtarıb tapaq, amma kitab passajı olmaz. Ora tarixi bir yerdir. Ona toxunmaq olmaz. İndi nə o kitab passajı var, nə də mənə o vaxt rüşvət təklif edənlər.

Z.Q. - Sabir bəy, heç rüşvət almısınız?

- Deyirəm axı almamışam. Ən yüksək səviyyədən göndərilmişdi, amma mən almamışam, qaytarmışam. Mənim biznesim yoxdu. O vaxtlar  müstəqillik başlayanda təkliflər oldu, fikirləşdim də. Sonra gördüm ki, mənim işim yazı-pozu işidir. Mən biznes adamı deyiləm. Düşündüm ki, bizneslə məşğul olsam, Allahın mənə verdiyi missiyanı itirəcəm. Mənim bir biznesim var, o da yazıdır, kağız-qələmdir.

S.F. - Yeni  Yasamaldakı  tikililər, binalar da sizə aid deyil?

- Yeni Yasamaldakı bina tikintisi ilə mən məşğul olsaydım, belə biabirçı vəziyyətdə tikməzdim.

“Mənim qohum-əqrəbamın işə düzəlməsi son dərəcə çətin işdi”

29496734 1835850949822704 6122256291655057408 n

S.F. - Şou əhli ilə qohum olmağa sizin reaksiyanız necə oldu? Söhbət kürəkəniniz müəğənni Elçindən gedir… 

Düzünü desəm, mən Elçini tanımırdım. Ümumiyyətlə, yeni nəsil müğənniləri tanımıram, qarışdırıram. Bir dəfə İstanbulda bizim konsulluğun tədbirində Elçinin çıxışını görmüşdüm. Biz də ailəvi getmişdik. Təəssüf ki, biz övladlarımızı evdə həbs edirik və onlara çevrələrini tanımağa imkan vermirik. Qızımı bir dəfə çıxartdıq özümüzlə, onda da Elçinlə tanış oldu. Elçin gəlib bizimlə şəkil çəkdirdi və görünür, elə o gündən də onların taleyi birləşdi. Aydan mənim sonbeşiyimdi. Qız uşaqlarının köçürülməsi, kiməsə “hə” demək mənim üçün çox ağırdı. Evdə həmişə mənə deyirdilər ki, səndən olsa, bu qız daima evdə qalacaq. O mənim atam idi ki, ilk gələn elçiyə qızı verirdi. Biz bəyəndik, bəyənmədik… Beş bacım var idi. Atama baxanda mənim xasiyyətim ağırdı. Mən guya seçirəm. Amma burda seçmə imkanı  olmadı. Gənclər özləri tanışıb dil tapmışdılar, biz də razılaşdıq və indi heç də peşman deyiləm. Əsas ailədəki rahatlıqdı.

S.F. - Elçinin hər hansı bir mahnısının adını bilirsiniz, oxuduğu mahnılara qulaq asırsınız?

Yox, mahnılarına qulaq asıram. Türk mahnılarını gözəl oxuyur. Mənim sözlərimə də mahnı yazıb.

S.F. – Qardaşınız Əlövsət bəylə münasibətiniz necədir?

Yaxşıdır. O xaricə gedəndə narahat olmuşdum, incimişdim. Bir il küsülü qaldıq. Amma sonra baxdım ki, miqrasiya dünyada qaçılmaz bir prossesə çevrilib, ölkədən ölkəyə insanlar axışır, hətta ən inkişaf etmiş ölkələrdə belə adamlar başqa ölkələrə yaşamağa gedirlər. Sonra gedib şəraitinə baxdım. Gördüm ki, özünə, hüquq peşəsinə uyğun iş qurub, ondan sonra narahatçılığım keçdi. Biz böyük ailəyik. Bu gün də Azərbaycanda  iş yoxdu. Mənim qohum-əqrəbamın işə düzəlməsi son dərəcə çətin işdi. Mən 88-ci ildə meydanlara çıxanda nə ailəmin böyük problemləri var idi, nə də yaxınlarımın. İndi xırda bir iş olan kimi adamı işdən çıxarırlar. Ona görə də, mən narahat oluram.

S.F. - Övladlaırnız nə işlə məşğul olur? 

- Uşaqlarımın hərəsi öz peşəsinə uyğun işləyir. Qızım Nərgiz həkimdi, oğlum Gündüz üç ali məktəb bitirib, qızım Aydan beynəlxalq münasibətlər üzrə magistraturanı qurtarıb. Hərəsi öz ailəsini dolandırmaq üçün cüzi maaş alır. Mən onları o maaşdan da məhrum edə bilmərəm.

S.F. – O biri oğlunuz qaldı, o necə?

- O biri oğlum da “Azəravtoyol”da şöbə müdiridir.

S.F. – Maraqlıdır, oğlunuzu sırf öz bacarığına görə vəzifiyə qoyublar? Yoxsa nə? 

O, həm yol mühəndisidir, həm də Amerikada oxuyub, bir neçə xarici dil bilir.

S.F. – Və hesab edirsiniz ki, məhz bu keyfiyyətlərinə görə oğlunuz vəzifəyə təyin olunub?!

Mənim oğlum işə düzələndə mən nazir deyildim artıq. Əvvəllər Diaspora Komitəsində, Neft Fondunda işləyib. Onun işi ixtisasına tam uyğun gələn bir işdi.

Z.Q. - Qohumluqdan danışmışkən, qohumlarla əlaqəniz necədi?

- O işi mən indi balacalara tapşırmışam. Bizim ailə son illərə qədər baxmayaraq ki, çox uşaq olmuşuq, amma həmişə bir ailə kimi yaşamışıq. Yəni böyük sözü hamı tərəfindən qəbul olunub. Ata-anamızın sağlığından təməl belə qoyulub, indi də davam edir. Amma hərdən balacalardan o qaydaları pozan olur.

Z.Q. - Sabir bəy, dinə inanırsız?

- Hər bir insanın fizioloji olaraq ruhuna, varlığına din sindiromu yerləşib. Bu dinlər olmasaydı, indi yer kürəsində insanlar sıfırdan başlayardı. Din, peyğəmbər olmasaydı belə insan özünə bir inanc yeri tapacaqdı. İnsanın varlığı bu cürdü. Mən Allaha inanıram. Amma fanatik deyiləm, İslamdakı ayrı-seçkiliyi də qəbul etmirəm. Dinlərin tarixini də kifayət qədər yaxşı bilirəm. Din cəmiyyətdə və insan ruhunda bir nizam yaratmaq üçün göndərilmiş gücdür. Amma təəssüf ki insan şeytana o qədər aludədir ki, dinlər də kömək edə bilmir.

Z.Q. - Şeytanın varlığına inanırsız?

- Hər bir adamın içində bir şeytan vardır.

S.F. - Həzrət Əlini necə, oxumusunuz?

- Şeirlərini və hikmətlərini oxumuşam. Mən ayrı-seçkilik qoymuram, bütün peyğəmbərlərin davamçılarına eyni gözlə baxıram.

S.F. – “İmam” deməyə çəkinirsiniz sanki?

- Həzrət Əlinin öz üstünlükləri var və mən ümumilikdə İslam dininin aşiqiyəm.

“Eynulla təhqirəmiz bir çıxış edərək, kənd camaatına “çuşka” dedi”

29511270 1835850993156033 5509613162892099584 n

 

S.F. – Almaniyada Eynulla Fətullayevlə aranızda nə baş vermişdi Sabir bəy?

- Eynulla Almaniyada təhqirəmiz bir çıxış etmişdi, milləti aşağılamışdı. Kənd camaatına “çuşka” dedi. Dedi ki, yaxşı ki burda bir yahudi və bir bakılı gördüm, sevindim. Avropaya gələnlərə nəsihət verdi ki, Bilasuvardan, Masallıdan və s. rayonlardan olan tükəzbanlarla evlənməyin, gəlin burda Avropa qadınları ilə evlənin, danışığınızı dəyişin, inteqrasiya olun. İnteqrasiya olmaq lazımdı, amma bunu belə kobud şəkildə milləti aşağılayaraq demək olmaz. Bu onda çox böyük narazılıqla qarşılandı. O da bunu özündən uzaqlaşdırmaq üçün gəldi başqa bir şey yazdı: “Sabir Rüstəmxanlı İlham Əliyevə qarşı!”. Halbuki, onda prezidentə məktub yazılırdı və dedim ki, onların heç birinin səs vermə hüququ yoxdu. Onsuz da yazırsız ki, biz sizin siyasəti dəstəkləyirik. Bu yetərlidir. Yoxsa sizə səs verəcəyik. Olmayacaq şeyi niyə yazırsız bura? Xırda bir şey idi, siyasiləşdirdilər.

Z.Q. - Sabir bəy, siz Fərman Kərimzadə ilə dost olmusunuz…

Fərman Kərimzadənin qızı bu yaxınlarda bir müsahibə vermişdi və demişdi ki, atamın ən yaxın dostu Sabir Rüstəmxanlı idi. Sağlığında Fərman mənim ən yaxın dostlarımdan biri idi.

S.F. - Bəs Nüsrət Kəsəmənli?

- Nüsrət də. Mənim bir neçə yaxın dostum var idi. Ədəbiyyatda Nüsrət, Cingiz mən, biz bir nəsil idik. Bir az kənarda Məmməd İsmayılla uzun müddət kirayədə bir yerdə qalmışıq, onunla da dost idim. Fərmanla  bütün Azərbaycanı bir yerdə gəzmişik. Sabir Əhmədli ilə dost olmuşam.

Z.Q. - F.Kərimzadə rəhmətə gedəndə harda basdırılması ilə bağlı müzakirələr gedəndə, belə bir ifadə işlətmisiniz ki, torpaq insanı şərəfləndirmir, insan torpağı şərəfləndirir…

O tək mənim sözüm deyil. O söz dəfələrlə deyilib və mən də o cür düşünürəm. F.Kərimzadənin vaxtında mənim əlim heç yerə çatmadı. Sabir Əhmədli də rəhmətə gedəndə mən çox çalışdım, Prezident Aparatına da zəng vurdum.  Mən bu barədə “Dərdə əyilmə” kitabımda da bir yazı yazmışam: “Bizim olmayan adamlar”. Onda mən zəng vurdum danışdım, dedilər bu gün saxlayın, sabah danışarıq demişdilər. F. Kərimzadə xalq yazıçısı olmasa da, Sabir Əhmədli xalq yazıçısı idi, prinsip bir olmalı idi. Xalq yazıçıları Fəxri Xiyabanda  dəfn edilirdilərsə, bu da orda dəfn olunmalı idi. Gecə elə oldu ki, mən Afrikaya gedəsi oldum. Arxayın oldum ki, səhərə həll edəcəklər. Fəxri Xiyabanda yer olmasa da, heç olmasa bir şəhər qəbirstanlığında dəfn olunar. Uqandada oxudum ki, Sabir Əhmədliyə yer tapılmayıb və aparıb Binəqədi qəbrstanlığında dəfn ediblər. Qayıdan kimi getdim Prezident Aparatına, Fatma Abdullazadənin yanına. Onda vəzifədə idi ad çəkməmişdim. İndi vəzifədə deyil. Artıq mənim sözümün ona isti-soyuğu yoxdu, ona görə deyirəm. Məni görən kimi dedi bilirəm niyə gəlmisən.  Dedim niyə gəlmişəm? Dedi ki, Sabir Əhmədliyə qarşı niyə belə hörmətsizlik olunub. Dedim ki, duz deyirsiniz hörmətsizlik olunub, bəs niyə belə oldu? Qayıtdı ki, sən heç son vaxtlar Fəxri Xiyabanda olmusan? Adlar çəkdi və soruşdu ki, filankəslər orda dəfn olunmağa layiq adamlardı? Dedim yox. Dedi ki, amma biz onları orda dəfn eləmişik, çünki onlar bizim adamlardı, Sabir Əhmədli isə bizim adam deyildi. Dedim təşəkkür edirəm bu sözü mənə dediyiniz, açıq danışdığınız üçün. Amma “bizim olmayan adamlar” nədi, onu başa düşmədim!? Gəldim bir məqalə yazdım: “Dövlətçilik əxlaqı və bizim olmayan adamlar”. Niyə yazıçı, şair prezident aparatının adamı olmalıdır? Xalqın adamıdı bunlar. Sizin olmayan adamlar sizə yaltaqlanmayanlar, sözün düzünü deyənlər, ölkədə baş verənlərə münasibət bildirənlər, düzgün təhlil edənlər, ölkənin gələcəyi üçün məsuliyyət hiss edənlərdi. Yoxsa, rüşvət alsın, bundan sizə də versin, sonra da olsun sizin adamlar. Bu yalnışdı. Dövlətçiliklə bir araya sığan fikir deyil. İnsan harda dəfn olunur, olunsun, Vətən torpağıdır! Amma bu cür ayrı-seçkilik etmək, hətta ölüdən də qisas almaq bizim xalqın xarakterinə xas xüsusiyyət deyil.

Z.Q. - Bildiyimiz qədəri ilə F. Kərimzadənin ailəsi ilə münasibətləriniz yaxşı deyil, düzdür? Oğlu Əzizin həbs olunmasını deyirəm…

- Vallah, o mənim bildiyim bir şey deyil.

Z.Q. – Amma sizi  ittiham edirlər…

- Məni heç kim ittiham edə bilməz. Əziz birinci dəfə deyil ki, həbs olunur. Əksinə mən onu ittiham edirəm, inciyirəm ki, F.Kərimzadənin oğlu dələduzluq edib, tutulub. Hamını aldada-aldada gəlib sonda mənim ailəmə ilişir, ayıb deyil? Mən vaxtilə ona kömək etməyə çalışmışam. Fərmanla dost olmuşuq, amma onun uşaqları ilə bu dostluğu davam etdirmək mümkün olmadı. Çox təəssüf...

Z.Q. – Amma siz istəsəniz, Fərman Kərimzadənin ruhu xatirinə Əziz həbsdən çıxar deyə, düşünülür… 

- Vallah, bununla bağlı mənə nə onun ailəsi, nə də başqa biri müraciət etməyib. Mən bu prosesden xəbərsizəm və mən hər şeyin qanun daxilində həll olunmasının tərəfdarıyam.

29468506 1835850943156038 3244202868428767232 n

“Tənzilə xanımın vəzifəsi var idi, yaxşı iqtisadçı idi, ədəbiyyata, şeirə həvəsi var idi”

Z.Q. - Sabir bəy, 40 yaşındakı sevginiz bu gün də var?

- Sevgi qurtaranda həyat qurtarır. Sevgi həmişə var.

Z.Q. - Cəmiyyətə bu günə qədər açıqlamadığınız nə qalıb?

- Bu yaxınlarda  bir roman yazırdım,  “Dağların intiqamı” adlanır. Roman tamamlanmaq üzrə idi, amma birdən-birə yoruldum, fasilə verdim. Bekar da qala bilmirəm, yazmayanda mütləq oxuyuram. Əlimə dahi alman şairi Hötenin “Şərq Qərb divanı” nı aldım. Oxudum. Sonra düşündüm ki,  Şərqə bu boyda məhəbbəti, İslama, peyğəmbərə sevgisi keçən bir əsər niyə bizim dilimizdə yoxdu!? Böyük dahiyanə bir əsərdi. 12 kitabdan ibarətdir, mən artıq 5-ci kitabı tərcümə edirəm.

Z.Q. - Yazılarınızı necə yazırsınız?

- Tərcüməni diktə edirəm, yazırlar. Amma özüm yazılarımı kompyuterdə yazıram.

Z.Q. - Sevgi məktubları yazırsınız?

- Mənə gələn sevgi məktublarının bir hissəsini Tənzilə xanım bir kitabda çap etdirmişdi. Amma aldığım məktublar kisələrlədi…

Z.Q. - Siz necə yazmısınızmı?

- Şair olasan sevgi məktubu yazmayasan? Cavanlıqda çox yazmışam.

S.F. - Tənzilə xanım bütün verlişlərdə, tədbirlərdə sizin adınızla başlayıb sizin adınızla bitirir sözünü. Sizə elə gəlmirmi ki, həddindən artıq tərifləyir? 

- Ona xoşdursa, qoy eləsin. Biz tanış olana qədər Tənzilə xanımın vəzifəsi var idi, yaxşı iqtisadçı idi, ədəbiyyata, şeirə həvəsi var idi. Mənim bir çox şeirlərimi əzbər bilirdi. Kitab və yazılarımın ilk oxucusudur. Zövqünə inanıram. Amma çox da ailə söhbətlərimizin, bir- birimizə olan münasibətlərimizin ekrana, mətbuata çıxmasının tərəfdarı deyiləm. Bir az köhnə dəbli adamam bu barədə.

“Milli Məclisdə oturan insanların  çoxu dəyişib, amma mənim mövqeyim bir dəfə də olsun, sağa -sola dəyişməyib”

29496953 1835850816489384 215949680037593088 n 1

S.F. – Heç 180 dərəcə dəyişmisinizmi?

- Maraqlı odur ki, Milli Məclisə gedəndə bir cür, getməyəndə də başqa cür  danışırlar. Bizim siyasi cəhətlərimiz bir çox əxlaqi dəyərlərimizi vurub dağıdır. Siyasi mədəniyyət çatışmır, hər kəs öz gözü ilə baxır. Cəmiyyətdə gedən proseslərə, müxalifətə, məni təhqir edənlərə mən daha səbrlə baxıram. Öz yaşıma uyğun təmkinlə davranıram. Həyatın bir məntiqi var. Biz hansı xalqıq, hardan gəlmişik hara gedirik. Bu dövlətçiliyimiz necə bərpa olunub, başımıza nələr gəlib, çevrəmizdə hansı oyunlar gedir və s. Diplomatiyanın dili ayrıdır. Mənim yanaşmam da bəllidir. Amma mövqeyi olmayanlar ‘‘Sabir Rüstəmxanlı mövqeyini dəyişdi’’ deyirlər. Hansı mövqeyimi dəyişmişəm? Mənim mövqeyim vətəndaş həmrəyliyidi, milli birlikdi, xalqın gələcəyidi, torpaqlarımızın azad olunmasıdır. Mən Milli Məclisdə 25 il danışmışam. Orda oturan insanların da  çoxu dəyişib. Mənim isə mövqeyim bir dəfə də olsun, sağa -sola dəyişməyib. Necə var, elə də qalıb. Dəyişən nədi bəs? Bəlkə sizlər dəyişmisiniz? Mənə yad gözlə baxanlar özləri dəyişirlər, elə bilirlər dəyişən mənəm. Mən kənddən necə çıxmışamsa, kənddən rayon mərkəzinə piyada hansı düşüncələrlə gəlmişəmsə, yenə də o saflıq mənim içimdə qalır. Ağıl dəyişib, bilik, informasiya çoxalıb, amma insanlara sevgim azalmayıb. Məni təhqir edənlərə belə içimdə nifrət yoxdu, elələrinə sadəcə yazığım gəlir.

S.F. - Bu dəfə deputat olmağa sizə kim mane oldu?

- Özüm getmədim.

Z.Q. – Bəlkə deyildi ki, siz keçməyəcəksiniz, ona görə?

- Milli Məclisdə sərt bir mübahisə oldu və dedim ki mən bu seçkiyə gəlməyəcəm.

S.F. - İsa Qənbərə xəstələyi ilə bağlı zəng vurmusunuz?

- Burda olanda zəng vurmuşam, göruşmüşük də. Amma Türkiyəyə gedəndən bir dəfə səs göndərmişəm vatsapla. Daha doğrusu mən demişəm Rauf Arifoğlu göndərib. Xəstəlik elədi ki, yaşa baxmır. Biz İsa bəylə uzun yol gəlmişik. İndi bir az yollarımız ayrılıb, buna baxmayaraq münasibətlər dəyişməyib. Mən həyatımı 180 dərəcə dayanıb-dönüb orda dayanmamışam.  Həyatın qanunlarına uyğun olaraq yaz, yay, payızı, insan ömrünün bütün yaşlarını içimdə keçirə-keçirə öz çevrəmdə daima hərəkətdəyəm. Bu mənim çevrəmdi. Mənim nə üzüm, nə də mövqeyim dəyişmir!

Zaur Qəriboğlu

Samir Feyruzov

Reaksiya.az

29473175 1835850873156045 142584040824766464 n

 

Şərhlər

Çox oxunanlar