Ermənilərin mənə qarşı təqibi dayanmır - Qriqorui

27.05.2018 13:04     Müsahibə     2278

Reaksiya.az Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriunun apa-ya müsahibəsini təqdim edir:

- İlk olaraq Bakıya səfərinizin məqsədi barədə məlumat verməyinizi istərdik.

- Bakıya əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfovanın dəvəti ilə gələrək şəxsən tanıdığım və onunla bağlı xoş xatirələrim olan tanınmış kimyaçı alim, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyevanın məzarüstü abidəsinin açılış mərasiminə qatıldım.

Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı Səbail rayonunda keçirilən təntənəli mərasimdə iştirak etdim. Mən Heydər Əliyevin doğum gününə həsr edilmiş mərasimlərdə ilk dəfə iştirak etmirəm. Xalq müstəqil Azərbaycan dövlətinin yaranmasında, daxili və xarici siyasətin formalaşmasında Heydər Əliyevin rolunu yüksək dəyərləndirir.

- Ermənistandakı son hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsirini necə qiymətləndirirsiniz?

- Ermənistanda baş verən son hadisələr Dağlıq Qarabağ münaqişəsinə böyük təsir göstərməyəcək.

Ermənistan əhalisi dövlət siyasətinin dəyişməsi üçün yox, Serj Sarkisyanın istefası uğrunda mübarizə aparırdı. Ermənistanda sadəcə bir qrup oliqarxı digər qrup əvəz edib. Nikol Paşinyan baş nazir seçilən kimi Azərbaycanı hədələməyə başladı. O, ilk səfərini Dağlıq Qarabağa edərək Ermənistanın Azərbaycana qarşı seçdiyi aqressiv siyasətə və müharibə kursuna sadiq olduğunu nümayiş etdirdi.

- Erməni lobbisinin sizə qarşı təqibləri davam edir?

- Təqiblər dayanmır, daimi davam edir. Hazırda Moldova məhkəməsində erməni icmasının iddiasına baxılır. Bu iddiada mənim kütləvi informasiya vasitələrində erməni xalqının qarşısında üzr istəməyim və məndən “şərəf və ləyaqətin təhqiri üçün” 2500 avro məbləğində cərimə tutulması tələb edilir. Son illər uydurma motivlərə əsasən hüquq-mühafizə orqanları məni daim cinayət məsuliyyətinə cəlb etməyə cəhd edirlər. Bir qayda olaraq, bu, erməni icmasının güclü olduğu regionlarda baş verir. Məsələn, məhkəmədə müdafiə etdiyim müştərimin vəkil mandatımda imzasını saxtalaşdırdığım iddiası əsasında mənə qarşı cinayət işinin açılmasını göstərə bilərəm. Polis ekspertiza keçirərək absurd qərar çıxarır ki, imza müştərimə məxsusdur, lakin onun əlini vəkil Aureliya Qriqoriu idarə edib. Mənim və ailə üzvlərimin telefonlarına gələn təhqiredici mesajların məzmunu o qədər çirkindir ki, nəzakətli insanlar üçün onları nəinki dərc etmək, hətta oxumaq belə ürəkbulandırıcıdır.

- Bu il Moldovada parlament seçkiləri keçiriləcək. Moldovada seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

- Moldovada vəziyyət heç də sadə deyil. Hazırda ölkədə iki partiya - Vlad Plaxotnyukun sədrlik etdiyi Moldova Demokratik Partiyası və prezident İqor Dodonun sədrlik etdiyi Moldova Sosialistlər Partiyası real potensiala malikdir. Bu partiyaların heç birinin üzvü deyiləm. Sosialistlər Partiyası 2000-ci illərin əvvəlində yaranıb, siyasi arenada böyük nailiyyətlər əldə etməyib. Populist vədlərin sayına görə bu partiyanın tayı-bərabəri yoxdur.

Moldovada hakimiyyət Vlad Plaxotnyukun rəhbərlik etdiyi partiyanın əlindədir. Xatırlatmaq istəyirəm ki, Moldova parlament idarəçiliyi olan respublikadır. MDP bu gün parlamentdə səs çoxluğuna malikdir. Parlamentin spikeri demokrat Andrian Kandudur. Demokratik hökuməti baş naziri Pavel Filip idarə edir. Demokratlar öz işlərini savadlı və ardıcıl qururlar. Praktiki olaraq, ölkənin bütün sahələrində, əhalinin həyatında dəyişikliklərə real təsir edən islahatlar aparılır. Ölkənin rəhbərliyində dövlətin inkişafında bütün istiqamətlərə dair dəqiq mövqe var və bu mövqe ardıcıl həyata keçirilir. Bu, Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsinə də aiddir. Bu haqda xarici işlər və Moldovanın avrointeqrasiya naziri, demokrat Tudor Ulyanovski dəfələrlə bəyanat verib.

Yalnız ötən il ərzində Moldova milli iqtisadiyyatı 4 faiz, əhalinin əməkhaqqı 11 faiz, təqaüdlərin indeksasiyası 10 faiz təşkil edib. Müxtəlif növ müavinət və ödənişlər artıb, gənc ailələrə “İlk mənzil” dəstək proqramına dəstək verilib.

Vlad Plaxotnyukun “Edelveys” xeyriyyə fondu tərəfindən həyata keçirilən müxtəlif sosial layihələr xüsusi populyardır. Analar və uşaqlara dəstək, müasir uşaq meydançalarının tikintisi, yeni doğulanlar üçün qutunun təqdimatı, gənclər üçün biznes inkubatorların və digər məsələləri sadalaya bilərik. Başqa sözlə, Moldova Demokratik Partiyası ölkədə yaşayışın yaxşılaşdırması üçün real işlər aparır, boş vədlər vermir. Və ən əsası odur ki, Moldova Demokratik Partiyasına etibar edənlərin sayı durmadan artır. Mən ümid edirəm ki, qarşıdan gələn parlament seçkilərində bu partiya qələbə qazanacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar