Banklar kredit verməyə çətinlik çəkə bilər - Ekspert rəyi

08.08.2015 17:46     Müsahibə     3744

Xəbər verildiyi kimi “Bank of Baku” ASC-nin reytinq proqnozu stabildən mənfiyə  endirilib. Bu barədə Beynəlxalq Moody Investors Service agentliyi bildirib. Azərbaycanın bank sektorunda olan vəziyyəti iqtisadçı ekspert Samir Əliyev “Reaksiya” - ya şərh etdi.

- Azərbaycan bank sistemində nə baş verir?

Azərbaycanda ilin əvvəlində baş verən devalvasiyadan sonra bank sektoru çox böyük zərbə aldı. Bu onların reytinqinə təsir göstərdi. Məsələn "Moody" reytinq şirkəti devalvasiyadan sonra ümumilikdə Azərbaycanın bank sektorunun reytinqini aşağı saldı. Həmin vaxt artıq ayrı-ayrı bankların reytinqlərinin də aşağı salınması gözlənilirdi. Budur artıq reytinqlərin aşağı salınmasını müşahidə edirik.  Bank  sektorunda vəziyyət yaxşı olmadığından reytinq şirkətləri qiymətləndirmələr aparıb reytinqləri aşağı salırlar. Problemlər aradan qalxmasa reytinqin pisləşməsi davam edəcək. Bu təkcə bir bankda olmaqla qalmayacaq digər banklarda da müşahidə olunacaq.

- Reytinq nə deməkdir?

-Bir neçə cür reytinq şirkətləri var. Bu şirkətlər bankların vəziyyətini araşdıraraq onlara reytinq verirlər. Reytinq verilərkən bir neçə əsas kriteriyalara önəm verilir. Bunlara bankın maliyyə vəziyyəti, maliyyə dayanıqlılığı, makroiqtisadi dəyişikliklərə dözümlülüyü, maliyyə vəziyyəti, kapitala dair tələblər, kredit götürülməsi və s. məsələlər qiymətləndirilir və banka reytinq verilir. Təbii ki, bankın vəziyyəti nə qədər yaxşı olarsa, reytinqi də o qədər yaxşı olur.  

- Reytinq nə üçün lazımdır?

-Reytinq hər bankın vizit kartıdır. Bütün dünyada bankın gücünü müəyyənləşdirməyin yoludur. Reytinqin yüksək olması bankların xaricdən resurs cəlb etmək imkanlarını asanlaşdırır. Reytinq yüksək olarsa, bank ucuz qiymətə resurs cəlb edə biləcək və ucuz şəkildə Azərbaycan bazarına yönəldə biləcək. Reytinq aşağı düşdükdə isə xaricdən vəsait cəlb etmək çətin olur. Cəlb edilən vəsait isə baha olur.

- Reytinqin azalması hansı problemlərə səbəb ola  bilər?

-Reytinqin aşağı düşməsi banka çətinlik yaradacaq. Bu çətinlik bankların kredit vermək imkanları çətinləşəcək. Xaricdən resurs həmin vəsaiti kredit şəklində vətəndaşlara vermək üçün əldə olunur. Kreditlər müəyyən artımla geri qaytarılır. Bank həm xaricdən götürdüyü krediti xaricə qaytarır, həm də gəlir əldə edir.  Buna görə də reytinqin azalması həm kredit cəlb edilməsini çətinləşdirəcək, cəlb edilən kredit də baha olacaq. Baha olduğuna görə də, bankın kredit vermək imkanlarını çətinləşdirəcək. Çünki hamı ucuz banka qaçır. Kredit məhdudlaşanda da bankın gəlirləri məhdudlaşır və bankın işi çətinləşir.

-  Hansısa bankların bu səbəblərə görə iflas edib bağlanması gözlənilir?

-Reytinq agentliklərinin verdiyi qiymətləndirmə nəticədir, səbəb deyil. Bankın düşdüyü maliyyə vəziyyətinin göstəricisidir. Reytinqin düşməsinə görə banklar müflisləşmir. Doğrudur, reytinq düşəndə xaricdən resurs cəlb etmək imkanı məhdudlaşır, lakin bizdə elə banklar var ki, heç onların reytinqi yoxdur, lakin fəaliyyət göstərirlər. Çünki əsasən daxili bazara işləyir və əmanət vermək üçün portfelini  əmanətlər təşkil edir. Əmanət alır və onu kredit şəklində verir. Böyük banklar isə xaricə çıxmaq istəyir.

-Son olaraq yenidən “Bank of Baku” ya qayıtsaq hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

-Konkret “Bank of Baku”dan söhbət gedirsə, reytinqi olduğu kimi saxlayıblar, lakin proqnozu stabildən neqativə dəyişiblər. Bu bir neçə bankda bizdə oxşar situasiya var. Yəni reytinq qalır, proqnoz dəyişir. Burada faciəvi bir şey yoxdur. Bankın vəziyyəti düzələrsə yenidən proqnozu neqativdən stabilə dəyişə bilərlər. Ciddi aşağı düşmədən danışmağa dəyməz. Bu sadəcə gələcəkdə reytinqin düşə biləcəyi ilə bağlı xəbərdarlıqdır.   

 

Şərhlər

Çox oxunanlar