Ətrafınızdakı insanlara dəyər verin - problem hər zaman var...
07.07.2018 19:10 Müsahibə 3414
İnsan psixologiyası qədər mürəkkəb anlayış yoxdur. Yaşadığımız hər bir hadisə psixikamızda öz izini buraxır. Hər bir acılı- şirinli hadisələr öz xəttini cızır. Özümüzü bir gün ərzində neçə halda hiss edə bilirik. Günlük həyatımız o qədər problem yüklü olub ki, gün ərzində nəyi, necə edim deyə çabalayıb dururuq. İstər istəməz yaşadıqlarımız günlük ruh əhvalımıza təsir edir, daha çox aqressiv, əsəb dolu, gərgin oluruq. Kənardan müşahidə etdikdə insanların üzündə sevincdən çox qüssə kədər görürsən. Əsasən ictimai nəqliyyatda insanlara fikir verərkən görürsən ki, fikirləri tamam başqa yerdədi. Bu da gündəlik problemlərin bitib - tükənmək bilməyən çarəsizliklərindən irəli gəlir. Bu isə beynin yüklənməsi və düşüncə qabiliyyətinin aşağı düşməsidi.
Daim stress içində yaşamaq sağlamlıq cəhətdən də öz mənfi təsirini göstərir. İnsanların bugünkü durumu, psixologiyası ilə bağlı psixoloq Rəvan Sultanov Reaksiya.az- ın suallarını cavablandırıb.
Bugünkü günümüzdə insanların psixoloji durumunu necə dəyərləndirirsiz?
- İlk öncə onu qeyd etmək istərdim ki, indi bir çox anomaliyalar normal durum halına çevrilib. Stress, depressiya, perfeksionizm və affelliativ tələbat pozuntusu baş alıb gedir. Bunlar isə mənəviyyatın və ümumi ünsiyyət strukturunun düşmənləridir. İlk üç termin haqqında məlumatınız əminəm ki, var. Lakin yerli ədəbiyyatlarımızda olmayan və tədris olunmayan "Affeliativ tələbat" anlayışını bir neçə cümlə ilə izah etmək istərdim:
Affeliativ tələbat - hər şeydə rəngarənglik, müxtəlif tanışlıqlar, təklikdən kənar olmaq, kütləyə meyillilik, hər zaman gündəmdə qalmaq hissi, lazımlı və tələb olunan biri olmaq hissi və s. kimi izah etmək olar. Baxın, bu hisslərin aşırı olması artıq "Affeliativ tələbat pozuntusuna" gətirir. Cəmiyyətimizə baxın - hamı milyarder olmaq istəyir, bir işdə daim işləmək istəmir kimsə, dostluq yaxud şəxsi münasibətlərdə bir nəfərlə qane olmamaqlar ucbatından ailələr dağılır-bir kişi bir qadınla, bir qadın isə bir kişi ilə qane olmaq istəmir sanki, sosial şəbəkələri açırsan hamı əyləncə mərkəzlərində müxtəlif "pozalarda" şəkillər paylaşırlar - baxın, bu təbii ki, normaldır, əylənmək və bu kimi hallar da lazımdır, həyatımızın ayrılmaz hissəsidir. Amma mütləq ki, qədərində. İndi çox çətin taparsınız ki, kimsə elmə, elmi maariflənməyə böyük həvəs göstərsin. Bütün bu danışıqlarımın səbəbini elmin və elmi maariflənmənin, valideynlərin mənəvi qayğılarının yetərincə və lazımı dərəcədə olmaması kimi qiymətləndirirəm. Bir insanın savadı və dünyagörüşü olmazsa, onun adı cahil insan olar. İndi özünüz baxın nə qədər cahil və Affeliativ tələbat pozuntusu olan insanlarla əhatə olunmuşuq. Qeyd edim ki, bu olduqca geniş mövzudur və sualınızın cavabı təbii ki, bu bir neçə cümlə ilə tam əhatə oluna bilməz.
Son zamanlar insanların aqressiyalaşmasının səbəbi nədir?
- Bir insan bir şeyi tam əldə etmədikdə, dərk etmədikdə yaxud kobud desək nəyisə itirmək qorxusu olduğu zaman aqressivləşər. Yəni bir insan bir şeyə əmin olmadığı halda aqqressivləşər. Heç görmüsünüzmü ki, özgüvəni olan bir insan aqqressiv olsun?
İtirmək hissi indi də var, sadəcə itirilməsini ehtiyyat etdiyimiz dəyərlər dəyişib. Dəyərlər isə subyektiv məfhumdur.
Bəzən insanlar emosiyalarlı ilə hərəkət edir. Bu nə dərəcədə duzgundu?
- Tutalım ki, siz bir layihə üzərində işləyirsiniz və sizə bu layihə üzrə bir kadr lazımdır. İki nəfər namizəd sizə yaxınlaşır və ikisini də ayrılıqda qəbul edirsiniz. Birinci insandan "Sən bu işi necə edəcəksən?"-deyə soruşsanız emosional və xaotik olaraq fikrini bildirir. İkinci kadra eyni sualı verdikdə isə sistemli, real arqumentlərlə və faktlarla daha inandırıcı cavab verir. Belə olduğu halda siz hansı kadra layihənizi həvalə edərsiniz? İnanıram ki, əlbətdə daha rasional olanına, yəni ikinci kadra. İnsan peşəkarlaşdıqca fikir və fəaliyyət istiqaməti müxtəlif prizmalı olmaqla daha rasional və uzunmüddətli olmalıdır. Bu gözəl məqamı əldə etmək üçün isə aşırı irrasionallıq və emosionallıq yalnız maneə ola bilər. Oxuyucularımıza tövsiyyə edirəm ilk növbədə şüur və emosiyaların bizlərə niyə verildiyinin təyinatını oyrənsinlər. Bu sualın cavabı onlara çox yardım etmiş olacaq.
Sosial problemlər insan psixologiyasına hansı əks təsirləri göstərir?
- Hazırda sosial şəbəkələr və əhatəmizdəki insanlar sayəsində müxtəlif mövzularda müxtəlif doğru və yalnış həqiqətlərlə tanış oluruq. Həmin həqiqətləri qulaq asmayıb eşidərkən, baxmayıb görərkən belə yaddaşımıza həkk olur. Və gələcəkdə analoji hadisələrlə üzləşəndə həmin qəbul edilmiş həqiqətlərə uyğun davranış və yanaşma sərgiləyirik. Bu o deməkdir ki, gələcək davranışlarımızın sağlamlığını sığortalamaq üçün istədiyimiz yaxud istəmədiyimiz deyil, lazımlı informasilarla "beynimizi" təmin etməliyik. Əgər bir insanın hafizəsi yalnız problemlərdən ibarətdirsə, o zaman o insandan necə xoşbəxtlik tələb edə bilərik? Bu adi bir məntiq məsələsidir. Amma onu da mütləq qeyd etməliyəm ki, ümumən problem anlayışı bizdən əvvəl də olub, indimizdə də var və gələcəyimizdə də olacaq. Hamı həmişə problemli həyat yaşamayıbki. İndi problemləri olan insanlara demək istərdim ki, problemli həyatınızı yaşarkən başınızı qaldırıb ətrafa nəzər salsanız görəcəksiniz ki, bu hal tək sizdə deyil, çox insanlarda var və əvvəl də bu halla üzləşən insanlar əhatənizdə çoxdur. Onlar zamanında o "problemləri" həll edərək indi xoş bir həyata sahibləniblər. Sadəcə olaraq indi sizin növbənizdir. Qeyd edim ki, əgər bir hal tək sizdə baş vermirsə, demək ki, o problem deyil, normaldır. Sadəcə həll edin getsin. Bəzən insanlar problemin həllini düşünmək əvəzinə onun aqibətini yaşamağa üstünlük verirlər. Sosial problemlər isə insanları əlbəttə ki, asosiallaşdırır, inamsızlaşdırır. Mənəvi və insani dəyərləri azaldır. Bəlkə də elə onun nəticəsidir ki, indi maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi bir dövrdə yaşayırıq.
Gün keçdikcə qətl, intihar kimi hadisələrin artdığının şahidi oluruq. Bütün bu hadisələrin təməlində sizcə nə dayanır?
- Bu suala qısa, lokanik və daha obyektiv cavab verəcəm. Çünki müəyyən anlamda çox subyektiv mövzudur. Buna səbəb olaraq həmin insanların "MƏN"lərinin zəif olması kimi qiymətləndirirəm. O durumda olan insanlar öz və ətraflarındakı insanların həyatlarna fikir versələr görərlər ki, daxili "MƏN"ləri güclü olduğu üçün zamanında çıxılmaz bildikləri "problemlərin" öhtəsindən məharətlə gəliblər. Ona görə indi intihar etmək deyil, ilk öncə daxili "MƏN"lərini gücləndirsinlər. Bunun isə əsas 3 şərti vardır:
1. özünü dərk etmə;
2. özünü qiymətləndirmə;
3. özünü aktuallaşdırma.
İnsanlar var özlərini dərk etməklə mənfi, müsbətlərini bilirlər (yəni, özlərini tanıyırlar), özlərinin qiymətlərini görürlər və bilirlər və hətta sosium tərəfdən qiymətləndirilirlər. Lakin özlərini aktuallaşdıra bilmirlər, yəni bu bacarıqlarını və əllərində olan özəlliklərini gündəmdə saxlaya bilmirlər və şikayətlənirlər ki, "falan filan şeylərim var amma bazarda filan şey satıram, bu qədər bacarıqlı gözəl, anlayışlı və mehriban ikən təkəm, sevgilim yoxdur və s.". Bax bu qədər özəlliklərin olubda özünü tələb olunan hiss etmədikdə insan alternativ fəaliyyət olaraq intihar haqqında düşünə bilir (bəzən intiharla insan sosiumu yaxud konkret bir şəxsin diqqətini özünə cəlb etmək istəyir). Ona görə oxuculara demək istəyirəm ki, ətrafınızdakı insanlara dəyər verin, özünüzü aktual saxlayın ki, daim sizə və ətrafdakılarınıza lazımlı oldugunuzu hiss edib hiss etdirəsiniz. Bütün bu "MƏN"lə bağlı olan problemlərə səbəb kimi müxtəlif obyektiv və daha çox subyektiv faktorları göstərə bilərəm.
Bir çox hallarda ciddi stress yaşamış insanlar sonradan problemlərlə üzləşir, özünə qapanma, insanlarla əlaqələrin kəsilməsi hətta xəstəliyə tutulma kimi hallarla rastlaşırıq. Buna iradə zəifliyi deyə bilərik? Ümumiyyətlə insanlarımız stress və gərginlikdən uzaq olmaq üçün nə etməlidirlər?
Stressdən sonrakı hallar kimi hesab etdiyiniz özünəqapanma və s. kimi hallar əslində məhz elə stress və depressiyanın kontekstində baş verir.
Sualınıza cavab olaraq isə demək istərdim ki, tək iradə zəifliyi demək olmaz. Stress və depressiya zamanı insanın "psixoloji immuniteti" sadəcə zəifləyir . Onu gücləndirmək və normasına salması üçün özünü heyrətləndirəcək işlərlə məşğul olmalıdır. Yəni bir növ özünü yenidən özünə isbat etməlidir. Stressdən azad olmağın yollarını öyrənməzdən öncə gəlin ilk olaraq görək necə edək ki, ona tutulmayaq. Hər bir insanın həyatında müəyyən emosional və maddi gözləntiləri olur. Gözləntinin olması isə normaldır. Normal olmayan o gözləntilərə qarşı olan emosional bağlılıqdır. Deyə bilərsiniz "-yaxşı bəs emosional gözləntiyə qarşı emosional bağlantı necə olur?". Cavabım: - Emosialara qarşı olan quyğularımız məhz affekt durumu adlanır. Yəni emosional gözləntilərinizə dair emosional bağlılığınızla özünüzü affekt durumuna sürükləyirsiniz. Ehtiyyat etməli olduğunuz mövzu və məqam məhz budur. Düşdüyünüz stress və depressiya halından özünüzü çıxarmaq üçün "hər şeyə qarşı" olan emosional münasibətinizə xüsusi nəzarət edəcəksiniz. Çünki affekt durumu iki və daha artıq emosiaların birləşməsi olmaqla bir haldan digər hala yalnız emosiaların müşayiəti ilə keçid edir.
Rəsmiyyə Allahverdiyeva
Şərhlər