Azərbaycanın ən varlı GƏNCİ - "Ölkədə məndən başqa heç kimdə bu qədər pul yoxdur"

10.10.2018 15:30     Müsahibə     1619

Publika.az-ın “Kolleksioner” layihəsinin növbəti qonağı ölkənin ən zəngin pul kolleksiyasına sahib olan bonistik Mirzə Cavadovdur.

- Mirzə, nəfis kolleksiyanla tanış olandan sonra pula əl çirki demək günah olar...

- Bu, bir incəsənətdir. Dünyanın ən qəliz tapılan pul setlərini yığıram.

- Bəs çətin tapılan pulları necə əldə edirsən?

- Beynəlxalq Kolleksiyaçılar Birliyinin üzvüyəm. Ukraynanın sabiq deputatı, kolleksiyaçı Sergey Tryuşin Bakıya gəlmişdi. Tanış olduq. Sergeyin sayəsində əhatəm daha da genişləndi. İndi dünya kolleksiyaçılarının Azərbaycanla bağlı problemləri olanda birbaşa mənə müraciət edirlər. Pul dəyişən xüsusi insanlar var. Onlar svaper adlanırlar. Məsələn, mən ona 100 manat yollayıramsa, o, həmin məbləğdə digər ölkənin pulunu mənə geri göndərirlər.

- Kolleksiyandakı pullarda bir tarixi şəxsiyyətin təsviri bütün nominallarda həkk olunub...

- Keniya, Vyetnam, Lüksemburq, Folkland adaları, Cənubi Koreya və bir çox digər ölkələrdə vəziyyət eynidir. Bir tarixi şəxsiyyətin təsviri müxtəlif nominallarda əks olunub.

- Pul kolleksiyası yığmaq da futbola azarkeşlik etmək kimidir? Yəni məktəbdə Coğrafiyanı yaxşı oxumasan da futbol komandalarının hansı ölkəyə aid olduğunu əzbər bilirsən.

- Deməzdim, çünki on birinci sinifdə oxuyanda coğrafiya fənni üzrə Azərbaycan çempionu olmuşam.

- Onda maraq buradan yaranıb?

- Yox, 2006-cı il idi. Neftçi ilə Riqa komandası futbol oynayırdı. Matça getmək istəyirdim, amma evdən icazə vermədilər. Əmim də bizdə idi. Əmim gəmi kapitanıdır. Ömrünün çox hissəsini dünya səyahətinə həsr edib. Dedi, gəl, nərd oynayaq. Udsan gedəcəksən, uduzsan sənə elə bir şey verəcəyəm ki, ömür boyu davam etdirəcəksən. Qalib gəldim. O da mənə on-on beş cür müxtəlif pullar verdi. Həmin pulları manata dəyişib, oyuna getdim. Artıq məktəbin son siniflərində idim. Bakının mərkəzində pul satan insanlardan xırda pullar almağa başladım. Elə bu yolla Kamran adlı bir oğlanla tanış oldum. O, Azərbaycanın ən güclü svaperlərindən biri, bəlkə də birincisidir. Amma təəssüf ki, artıq kolleksiyaçı deyil. O, mənə istiqamət verdi, kömək elədi. Beləcə kolleksiyamı yığmağa başladım.

- Kolleksiya toplayanda əməl etməli olduğun xüsusi şərtlər varmı?

- Məsələn, 2016-cı ilədək qarışıq pullar toplayırdım. İçərisində əzikləri də çox idi. Sonra Emil Şirinov adlı məşhur kolleksiyaçı mənə dedi ki, bu pulu yığırsansa, səliqəli yığ. Ödəyəcəyin məbləğin üzərinə bir az da əlavə et, amma təzə pullar al.

- Əlbəttə, belə o qədər peşəkar görünür ki, insan toxunmağa da qıymır. Bəs dünyanın neçə ölkəsindən pulların var?

- 220-dən çoxdur. Dəst olaraqsa 170-i keçib. Azərbaycanda başqa keç bir kolleksiyaçıda bu qədər pul yoxdur.

- Səni ən çox ziyana salan pul hansıdır?

- Surinamın quldeni... 2000-ci ildə buraxılıb. Sonradan bu pul dövriyyədən elə yığışdırılıb ki, şax vəziyyətdə tapmaq qeyri-mümkündür. Əzik nüsxələrsə 200-300 dollardan aşağı deyil. Amma mən uzun axtarışdan sonra şax qulden tapıb 600 dollara aldım.

- Bəs indiki valyuta ilə dəyəri ən çox olan pul hansıdır?

- İtaliyanın 500 000 liresi var. O pul hazırda dövriyyədən çıxıb. Çünki İtaliyada artıq avro istifadə olunur. Amma nominalı 332 avroya bərabərdir. Ümumiyyətlə, Avropa pullarının çoxu bahalıdır.

- Bəs dünyanın ən böyük nominalı hansı ölkələrdədir?

- Sinqapur və Bruneydədir. 10 min Sinqapur dolları və 10 min Bruney ringgiti dünyanın ən böyük nominallarıdır. Hazırda onları dövriyyədən çıxardıblar, hər ikisinin dəyəri 13 min manata bərabərdir. Hazırda İsveçrənin 1000 frankı var ki, 1700 manat civarındadır. Filippinin 100 min pisosu var, ölçüsü o qədər böyükdür ki, notbuk boydadır. Bu piso xatirə puludur, qiyməti 13 min manatdır.

- Madam ki, ölçülərə toxunduq, dünyanın ən böyük ölçülü pulları hansılardır?

- Ötən il Malayziyada 60 və 600 ringgit çıxarılıb. Həmin pullardır. 60 ringgiti almışam, amma 600-ü yox. Həm çox nadir tapılandır, həm də bahadır.

- Nə qədər baha?

- 4000 dollar.

- Və sən bu məbləği də gözə almağa hazırsan?

- Əlbəttə...

- Demək olarmı ki, kolleksiya da qumar kimi vərdişdir?

- Yox əksinə...Bu kolleksiyanın mənəvi yükü böyükdür. Heç bir pulla müqayisəyə gəlməz dərəcədə zəngindir. Bəzən o pullara baxıb, gözünün yumursan və özünü həmin ölkədə təsəvvür edirsən. Bundan başqa kolleksiyamdakı pulların hər biri miniatür sənət əsəridir. Onlara baxırsan, dövriyyəyə buraxıldığı ölkə haqda məlumatın formalaşır. Əsla maddiyyat kimi düşünmürəm.

- O pulların vətəninə səyahət etmək istərdinmi?

 

- Hələ 26 yaşındayam, yolun başlanğıcıdır. Gələcəkdə xanımımla birgə dünya turuna çıxmağı arzulayıram.

- O zaman miniatür kolleksiyanın ən qədim nüsxəsi ilə tanış olaq...

- Fransız assisistidir. 1776-cı ilə məxsusdur. Amma mən köhnə pullardan çox, hələ ki, müasir dövriyyənin pullarına üstünlük verirəm. Öz yolumda da olduqca xoşbəxtəm.

Hər yerdə tanınıram, istədiyim ölkənin pulunu əldə etmək su içmək qədər asandır. Yeni başlayanda çox aqressiv idim. Zaman keçdikcə sakitləşib yoluma davam etdim. Çalışıram, kolleksiyama daxil olan hər yeni nüsxədən həzz alım.

- Bəs pulların materialı ilə maraqlanmısanmı?

- Pullar əsasən qiymətli kağızlardan hazırlanır. Dünyanın əsas pul istehsalçıları Amerika, Britaniya, Almaniyanın şirkətləridir. Əsas material isə qiymətli kağızlar və polimirlərdir.

- Saxta pulu əsl puldan necə ayırd edək?

- Bütün pulların qoruyucu nişanı olur. Bu nişanla pulu yoxlamaq mümkündür. Bundan əlavə pula toxunanda saxtanı ayırd edə bilirəm. Ən çox saxtası yaranan ABŞ dollarıdır. Ona belə toxunaraq saxtanı tanıyıram.

- Demək artıq pulla sənin aranda qəribə münasibət yaranıb. Bir-birinizi toxunuşdan anlayırsınız...

- Sevgi deyək...

- Bəs hansı ölkə səndən bizim pullarımızı istəyir?

- Mən artıq dünya dilerləri ilə əlaqə saxlayıram. Onlar bütün ölkələrin sifarişini mənə çatdırır. Cənubi və Şimali Amerika dilerləri ilə pul mübadiləsi etməyə qorxuram. Çünki ya fırıldaqçı olurlar, ya da pul çox gec gəlib çıxır. Azərbaycan pullarını isə bir çox kolleksiyaçılar öz kataloqlarına daxil etmək istəyirlər.

- Dünyanın ilk pul kolleksiyaçısı ilə maraqlanmısan? Bilirsən kim olub?

- İndiyədək mənə verilən ən maraqlı sualdır. Amma təəssüf ki, maraqlanmamışam.

- Mirzə, kolleksiyanın ümumi dəyəri nə qədərdir?

- 60 min dollara yaxındır. Bir də qürurla deyə bilərəm ki, yığdığım pulların son rəqəmi həmişə 02 olur.

- Niyə?

- Anamın atası bayraq ordenli qəhrəmanımız ağdamlı Xosrov Məmmədovdur. Onun əziz xatirəsinə kolleksiyamın son rəqəmi 02 yəni Ağdamın dövlət nişanı ilə bitir. Gürcüstan kolleksiyamın bütün pulları 02 ilə bitir. Hələ sizə Azərbaycan pullarımdan ibarət kolleksiyamın tacını göstərmək istəyərdim. Bunların hər üçü Azərbaycanın 33-cü pullarıdır.

- Bildiyimə görə pulların üzərindəki nişan nömrəsində xüsusi sirr yatır. Yəni o rəqəmlərə görə pulun dəyəri də artır.

- Pulun hər dəstində 100 ədəd eyni nominal olur. Yəni üzərindəki 100 rəqəminədək olan pullar ölkənin ilk pulları sayılır. O pullar isə daha çox kolleksiyaçılarda olur.

- Kolleksiyanın əsas özəlliyi varmı?

- Məsələn, Azərbaycanda bəlkə də heç kimdə Bermud adalarının pulları yoxdur, amma məndə var.

- Azərbaycanda kolleksioner xanım var?

- Bir dəfə taksiyə minmişdim. Sürücü ilə bir az söhbətləşəndən sonra dedi ki, mənim xanımım da pul kolleksiyası toplayır. Amma peşəkar səviyyədə məşğul olmur.

- Niyəsə elə düşünürəm ki, həmcinslərimin pul toplamağa səbri çatmaz. Yəni sabah mağazada gözəl çanta, yaxud ayaqqabı görsə o pulu xərcləyə bilər.

- Bilmirəm bəlkə də o səbəbdəndir ki, kişi kolleksiyaçılar daha çoxdur.

- Sonda nə demək istəyirsən?

- Dünya səyahətinə çıxmağa pulunuz olmayanda gəlin, qonağım olun, çayımı için, pullarıma baxın. Bilin ki, dünya ayaqlarımızdadır. Daha doğrusu, əllərimizdə...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar