Puç olan cəhdlər və Paşinyana Qarabağ zərbəsi - İrəvan TƏŞVİŞ İÇİNDƏ

13.03.2019 13:19     Müsahibə     1553

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin formatının dəyişdirilməsi iddiası ilə bağlı verdiyi bəyanatdan sonra dərhal müxtəlif planlar üzərində çalışır. Paşinyan ATƏT-in bəyanatına cavab verməmiş təcili olaraq Xankəndinə səfər edib. Ehtimal olunur ki, baş nazir bu təşvişini Dağlıq Qarabağa separatçıları ilə bölüşəcək.

Məsələ ilə bağlı Publika.az-ın suallarını politoloq, sabiq diplomat Fikrət Sadıxov cavablandırıb.

- ATƏT-in Minsk qrupunun danışıqların həll formatının dəyişdirilməsi məsələsi haqqında bəyanatından Nikol Paşinyanın ilk addımı Xankəndinə səfər etmək oldu. Eyni zamanda, bu gün Ermənistan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısının Xankəndidə keçirilməsi planlaşdırılıb. Bu prosesləri necə qiymətləndirirsiniz?

- Minsk qrupunun bəyanatından sonra rəsmi İrəvan təşvişə düşüb. Narahatlıq keçirir. Bu günə qədər Paşinyan əmin idi ki, onun bəyanatları normal şəkildə qəbul olunacaq. Dövlətlər və strukturlar bunu reallığa uyğun hesab edəcəklər. Amma Minsk qrupunun həmsədrləri Paşinyana yerini göstərdilər. Birmənalı və konkret şəkildə bəyan olundu ki, danışıqlar prosesinin iki tərəfi var: Ermənistan və Azərbaycan. Burada üçüncü tərəf olmamalıdır. Paşinyan da Xankəndinə gedir ki, separatçı qurumları sakitləşdirsin. Çünki indiyə qədər o hesab edirdi ki, Dağlıq Qarabağın adından çıxış etməyəcək. Eyni zamanda, aydın oldu ki, onlar özləri də danışıqlarda iştirak edə bilməz. Deməli, Paşinyanın onları sakitləşdirməsi gərəkdir. Ona görə ki, ən azından, İrəvanın Dağlıq Qarabağın adından çıxış etməsi şansı qalmalıdır. Bu, bir aksiomadır.

Bundan başqa, Azərbaycanın güclü genişmiqyaslı təlimlər keçirməsi bu təşvişin çoxalmasına gətirib çıxardı. Ermənistanın maraqları zərbə görür. Düşünürəm ki, bu iki səbəb Paşinyanı vadar etdi ki, Dağlıq Qarabağ separatçılarını sakitləşdirsin. Görünür, onlar taktiki məsələləri də Milli Təhlükəsizlik Şurasında müzakirə ediblər. Ermənistan hazırda yaranmış vəziyyətdə necə addım atmasını, hansı siyasi gedişi etməsini düşünür.

- Mövcud proseslər danışıqlar prosesinin gələcək istiqamətini dəyişdirməyə təsir göstərəcəkmi?

- Burada mövqe müxtəlifliyi yoxdur. 90-cı illərdə Helsinki Yekun Aktı qəbul edildi və həmin akta görə, bu münaqişənin iki tərəfi var. Həm Minsk qrupunun həmsədrləri, həm digər beynəlxalq strukturlar, həm də aparıcı dövlətlər və təbii ki, Azərbaycan bu günə qədər bu xətti yürüdüb. Bununla Ermənistan güzəşt əldə edərək danışıqlar masasına oturmaq şansı qazanıb. Hətta indiyə qədər Ermənistanın da mövqeyi sabit idi. Keçmiş rəhbərlik danışıqlar formatı ilə razı idi. Lakin Ermənistanın hazırkı baş naziri bu barədə sərsəm bəyanatlar verməyə başladı. Sadəcə olaraq, ona izah etdilər ki, onun bəyanatları reallığa uyğun deyil. Əgər Ermənistan burada xüsusi mövqe göstərmək istəyirsə, bu, ciddi bir mövqe kimi qəbul edilə bilməz. Ermənistan bundan sonra iştirak etmək istəyirsə, heç bir şərtsiz və tələbsiz mövqeyini ortaya qoymalıdır.

- Ermənistan mediası iddia edir ki, Paşinyan ATƏT-in bəyanatına cavab olaraq yeni plan hazırlayır. Belə ki, o, proseslərin məsuliyyətini xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanı üzərinə qoyacaq və bununla bir az da vaxt udmağa çalışacaq. Bu iddia reallığa nə qədər yaxındır?

- Ola bilər. Paşinyan bu günahı kiminsə boynuna ata bilər. Çünki cəmiyyət hesabat tələb edir və Paşinyan bunu nəzərə alaraq bir günahkar tapıb onların önünə atmağa məcburdur. Mümkündür ki, hansısa günahkar tapılacaq. O, bununla vaxt da qazana bilər. Amma bir məqama fikir verin: xarici işlər nazirləri bir neçə dəfə görüşüb. Ölkə rəhbərləri də bir araya gəlib. İndi yenidən ölkə rəhbərlərinin görüşü planlaşdırılır. Bu da onun göstəricisidir ki, Paşinyanın bütün cəhdləri boşa çıxır. Prosesdə heç bir dəyişiklik yoxdur və o, öz axarı ilə davam edir. Təbii ki, müəyyən gecikmələr nəzərə çarpır. Lakin gec-tez qarşı tərəf masa arxasına əyləşəcək. Çünki danışıqlara məhkumdur. Ermənistan başa düşür ki, ona ətrafdan çox ciddi təzyiq olunur və bu təzyiqə tab gətirmək çox çətindir. İstənilən halda, Azərbaycanın maraqlarına tam cavab verən vəziyyət mövcuddur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar