"SAVAŞI ERMƏNİLƏR YOX, BİZ BAŞLATMALIYIQ"
11.04.2019 13:14 Müsahibə 2043
"Ermənilər müharibə ediblər və istədiklərinə nail olublar. İndi sıra bizdədir. İstəyimizə nail olmaq üçün müharibəni başlatmalıyıq"
Bir müddət əvvəl Vyanada Azərbaycan və Ermənistan rəhbərliyi arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk rəsmi görüş baş tutdu. Düzdür, buna qədər liderlər arasında bir sıra görüşlər olub. Amma öncəki təmaslar beynəlxalq tədbirlər çərçivəsində baş tutmuş və qeyri-rəsmi xarakterə malik idi. İlk görüş ötən ilin sentyabrında Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə yığıncağı zamanı olub. Daha sonra liderlər Sankt-Peterburqda, ardınca Davos iqtisadi forumu çərçivəsində bir araya gəliblər.
Qısa müddətli ünsiyyət zamanı cəbhədə gərginliyin azaldılması, atəşkəsə əməl edilməsi, tərəflər arasında birbaşa kontaktın yaradılması müzakirə olunub. Vyana görüşündən konkret nəticə gözlənilməsə də, Ermənistanın yeni hakimiyyətinin danışıqlarla bağlı konkret mövqeyini açıqlaması, sülh danışıqlarının irəliləməsi üçün addımlar atmaq niyyətinin olub-olmamasını müəyyən etmək vacib idi. Çünki Ermənistanda mövcud olmuş əvvəlki rejimlər hər vəchlə status-kvonun saxlanılmasına çalışıblar. Məhz onların qeyri-konstruktiv siyasəti nəticəsində danışıqlar prosesində heç bir nəticə əldə edilməyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın özü də yaxşı bilir ki, onun qarşısında dayanan və həllini gözləyən birinci əsas məsələ budur. Ermənistanın siyasi, iqtisadi inkişafı Qarabağ probleminin həlli ilə bağlıdır. Lakin Vyana görüşündən sonra həm Paşinyan, həm də onun müdafiə naziri David Tonoyan bir-birinə zidd və absurd açıqlamalar verməyə başlayıblar. Tonoyan Nyu-York şəhərində "yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik” kimi sərsəm açıqlama səsləndirib. Ardınca Paşinyan iddia edib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra belə, Madrid prinsiplərinin nə olduğunu anlaya bilməyib. Yəni münaqişə ətrafında mürəkkəblik hələ də davam etməkdədir.
Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin sabiq spikeri, professor Yaqub Məmmədov hesab edir ki, Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün hərbi təzyiqlə yanaşı, davamlı görüşlər də lazımdır...
***
- Yaqub müəllim, Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan Vyana görüşünü və nəticələrini necə dəyərləndirirsiniz?
- Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün tərəflərin mütəmadi görüş keçirməsi, təmas qurması lazımlıdır. Ümumilikdə Vyana görüşünü müsbət qiymətləndirirəm. Ara-sıra görüş keçirmək vacibdir. Çünki görüşlərdə ümumi fikir mübadiləsi aparmaqla yanaşı, Ermənistan tərəfinin mövqeyini dəqiqləşdirmək və ona uyğun siyasət qurmaq imkanı da meydana çıxır. Həm də nəzərə almaq lazımdır ki, Vyana görüşü həmsədrlərin iştirakı ilə reallaşmış ilk rəsmi təmasdır. Dövlət başçısı İlham Əliyev də açıqlamasında görüşü ümumi anlamda müsbət qiymətləndirdi. Vurğuladı ki, Vyana görüşü Ermənistan rəhbərliyinin format dəyişikliyi ilə bağlı əsassız iddialarını sıradan çıxardı. Ona görə də belə görüşlər heç kimdə narahatlıq doğurmamalıdır. Münaqişə tərəflərinin problemin həll yolunu tapanadək çoxsaylı görüşlər keçirməsi təbiidir. Düzdür, görüş vaxtı danışıqların hansı formada getdiyini, konkret nələrdən söhbət edildiyini dəqiq bilmirik. Lakin istənilən halda ardıcıl təmasları müsbət qiymətləndirirəm.
- Paşinyan Madrid prinsiplərini anlamadığını iddia edib. Həqiqətənmi Ermənistanın baş naziri bu formulu başa düşmür, yoxsa sadəcə anlamaq istəmir?
- Ümumiyyətlə, Paşinyanın açıqlamaları, bəyanatları birbaşa daxili auditoriyaya hesablanıb. Baş nazirin məqsədi ona dəstək verənlərin, erməni xalqının başını qatmaq və vaxt qazanmaqdır. Ermənistanda inqilabdan sonra ictimai rəyin böyük təsir gücü var. Paşinyan müəyyən vədlərlə, populist çıxışlarla köhnə rejimi devirib və hakimiyyəti ələ keçirib. O səbəbdən zaman-zaman daxilə hesablanmış bəyanatlar verməyə məcburdur. Bir tərəfdən də erməni lobbisini əsəbiləşdirməmək, onları razı salmaq üçün ağlına gələn bəyanatları verir. Ermənistan baş nazirinin açıqlamalarına ciddi yanaşmağın tərəfdarı deyiləm.
- Ermənistanın müdafiə naziri Tonoyanın "müharibə” mesajına necə yanaşırsız?
- Boş söhbətlərdi, fikir verməyin. Ermənistanın baş naziri bir söz deyir, müdafiə naziri isə tamamilə əks fikir söyləyir. Şübhəsiz, Tonoyanın da "torpaqları qaytarmayacağıq, yeni əraziləri tutacağıq” sözləri sadəcə utopiyadır. Erməni ordusu hansı güclə Azərbaycanın ərazilərini işğal edəcək? Düşmən ordusunun bərbad vəziyyəti bizə bəllidir. Bundan sonra ancaq və ancaq Azərbaycan müharibə başladaraq öz torpaqlarını işğaldan azad edə bilər. İşğalçı erməniləri torpaqlarımızdan qovub çıxardacağıq. Başqa söhbət ola bilməz.
- Uzun zamandır "xalq diplomatiyası”, "xalqların sülhə hazırlanması” məsələsi müzakirə olunur. Vyana görüşündən sonra məsələ yenidən gündəmə gəlib. Bununla bağlı mövqeyiniz nədir?
- Əgər xalqları sülhə hazırlamaq haqqında söhbət gedirsə, deməli, rəsmi danışıqlarda deyilənlərlə erməni müdafiə nazirinin söylədikləri ziddiyyət təşkil edir. Necə olur ki, Paşinyan görüşdə "sülh”dən danışır, amma onun müdafiə naziri müharibədən, yeni torpaqların tutulmasından dəm vurur. Əslində xalqları sülhə hazırlamaq məsələsi ağlabatandır. Fikrimcə, bunun üzərində düşünmək olar. Tarix boyu müharibələr çox olub, qonşu xalqlar yüz illər ərzində bir-biri ilə qanlı savaşlar aparıblar. Bu müharibələrdə milyonlarla insanlar məhv olub. Lakin xalqlar müəyyən zaman sonra birlikdə yaşamağa davam ediblər. Ermənistan-Azərbaycan arasında da gec-tez barışıq olmalıdır. Münaqişənin danışıqlar yolu ilə həllindən sonra istər-istəməz münasibətlər normallaşmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Rəsmi statistikaya görə, Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif yerlərində 20-30 min erməni vətəndaşımız yaşayır. Əbədi düşmənçilik ola bilməz. Bunun fəsadları ciddi olar.
- Müdafiə Nazirliyi bəyan etdi ki, "dünyanın elə bir dövləti yoxdur ki, onun ordusu sülhə hazırlaşsın”. Yəni vurğulandı ki, ordunun vəzifəsi müharibəyə hazırlıq görməkdir...
- Əlbəttə, sülhə hazırlıq prosesində xalqlardan söhbət gedir, ordudan yox. Ordu sülh üçün qurulmayıb. Silahlı Qüvvələrin əsas vəzifəsi ölkənin müdafiəsini təşkil etmək, ərazi bütövlüyünü qorumaq, xarici müdaxilələrin qarşısını almaqdır. Ona görə də daim silahlanır, güclənir, təlimlər keçir. Burada birbaşa əhalinin, cəmiyyətin müxtəlif təbəqələrinin sülhə hazırlanmasından söhbət gedir ki, bu barədə danışıqları da ölkənin siyasi rəhbərliyi və diplomatları aparmalıdır. Yəni proses ordudan kənar, diplomatik danışıqlar müstəvisində həyata keçirilməlidir.
- Müharibə ehtimalını necə dəyərləndirirsiniz? Bununla bağlı da zaman-zaman mesajlar verilir...
- Bu məsələdə proqnoz vermək çox çətindir. Çünki sadə məsələ deyil. Əslində müharibə ehtimalı hər zaman gündəmdədir. Ortada münaqişə var və Azərbaycanın torpaqları düşmən tərəfindən işğal olunub. Qarabağ problemi hansısa formada həllini tapana kimi müharibə ehtimalı həmişə ön planda olacaq. Müharibəni heç zaman gözardı etmək olmaz. Ancaq söhbət ondan gedir ki, savaşı ermənilər yox, biz başlatmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək hamımızın borcudur. Ermənilər müharibə ediblər və istədiklərinə nail olublar. İndi sıra bizdədir. İstəyimizə nail olmaq üçün müharibəni başlatmalıyıq. Ordumuz çox güclüdür. Ötən müddət ərzində silahlı qüvvələrimizin inkişafı istiqamətində xeyli işlər görülüb. Bu işlər elə-belə həyata keçirilmir. Ordu ona görə güclənir ki, lazım olan anda ərazilərimizi təcavüzdən xilas edək.
- Yaxın vaxtlarda Avropa Məhkəməsinin Dilqəm Əhmədov və Şahbaz Quliyev barəsində lehimizə qərar verəcəyi gözlənilir. Lakin iddialara görə, qərar çıxsa belə İrəvan hökuməti girovları qaytarmaya bilər. Bu barədə fikirləriniz nədir?
- Ermənistan Avropa Məhkəməsinin qərarını icra etməlidir. Əgər etməzsə, məhkəmə hüquqi vasitələrlə təcavüzkar dövlətə təzyiq göstərməlidir. Ancaq təəssüflər olsun ki, əksər hallarda beynəlxalq qurumlar üzərinə düşəni etmirlər. Məncə, girovlarımızı azad etməyin başqa yolu yoxdur. Ya hansısa erməni əsirlərlə dəyişdirilməli, ya da diplomatik danışıqlarla problemi çözmək lazımdır. İndiki məqamda uyğun variant əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsidir. Şübhəsiz ki, müharibə başlayacağı təqdirdə ərazilərimizin düşməndən təmizlənməsi və girovlarımızın azad edilməsi mümkün olacaq.
Şərhlər