“Mənzil bazarında real alıcı yoxdur” - Ekspert
12.08.2015 15:04 Müsahibə 3570
Daşınmaz əmlak bazarı çökmüş vəziyyətdədir. Ofislərimizi bağlamaq məcburiyyətindəyik.
Bunu Reaksiya.az-a müsahibəsində daşınmaz əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib.
- Daşınmaz əmlak bazarının hazırki vəziyyəti necədir?
- Daşınmaz əmlak bazarı bu gün yox dərəcəsindədir. Vəziyyət çox pisdir. Qiymətlər günü-gündən aşağı düşməkdə davam edir. Mart ayından bu günə qiymətlərdə 33% azalma müşahidə olunur.
- Qiymətlərin aşağı düşməsinin səbəbi nədir?
- Mənzil bazarında qiymətlərin aşağı düşməsinin bir neçə səbəbi var. Birincisi və ən başlıcası neftin qiymətinin aşağı düşməyidir. Bundan başqa, söküntü proseslərinin saxlanılması qiymətlərə təsir edən əsas səbəblərdən biridir. Digər tərəfdən, əmlak bazarının özünün durğunluq dövrü hesab edilən yay mövsümündə olmağımız da təsir edən amillərdən biridir. Yayda insanların mənzil bazarına müraciəti kəskin şəkildə azalır. İnsanlar istirahətdə olur, alıcılıq qabiliyyəti azalır. Tələb azalanda təklif də azalır, qiymətlər aşağı düşür. Ümumiyyətlə, bu hər il müşahidə olunan haldır, lakin bu il daha da kəskin şəkildə özünü göstərib.
- Qiymətlər aşağı düşürsə, ev almaq istəyənlərin sayı artırmı?
Yox, əksinə. Qiymətlər aşağı düşsə də, ev almaq istəyənlərin sayında artım müşahidə olunmur. Bir neçə yerdə ofislərimizi bağlamaq təhlükəsi ilə qarşı-qarşıyayıq. 15 ildir ki, fəaliyyət göstərən ofislərimizə indi gündə bir nəfər də olsun müraciət etmir. Daşınmaz əmlak elanları ilə bağlı fəaliyyət göstərən portallarımızın istifadəçilərinin sayı da azalıb. Elan yükləyənlər çox olsa da, real alıcı yoxdur.
- Ötən illərlə müqayisədə bu il tələbatda nə qədər azalma müşahidə olunur?
İndi heç real alıcı var ki, müqayisə də edək? (gülür) Alıcı qüvvəsi heç müqayisə olunmayacaq qədər aşağıdır.
- Gələn ay ipoteka kreditlərinin faizlərinin aşağı salınması ilə bağlı qanuna dəyişikliklər edilməsi əmlak bazarında canlanmaya səbəb ola bilərmi?
- Bəli, gələn ay ipoteka kreditlərinin faizlərinin aşağı salınması planlaşdırılır. Lakin bu da daşınmaz əmlak bazarında canlanmaya səbəb olmayacaq. Bu məsələnin bazara cəmi 3% təsiri ola bilər. Elə də böyük təsirinin olması gözlənilmir. Konkret 50-80 min manatlıq evlər arasında ipoteka kreditlərinin aşağı düşməsi nəsə canlanma yarada bilər. Lakin digər evlərdə qiymətlər aşağı düşməyə davam edəcək.
- Əmlak bazarının bu vəziyyətdən nə qurtara bilər?
- Mən bir mütəxəssis kimi düşünürəm ki, neftin qiymətinin artması mənzil qiymətlərinin bahalaşmasına da təsir edə bilər. Bir də söküntülər yenidən başlansa, bazarda canlanma ola bilər.
- Yaxın zamanlarda əmlak bazarı üçün vəziyyət necə proqnozlaşdırılır?
- İndi bu barədə konkret nəsə danışmaq olmaz. Amma hesab edirəm ki, ən tez sentyabrın ortlarında,insanlar istirahətdən qayıtdıqdan sonra nəsə canlanma müşahidə edə bilərik. Sentyabrda da olmasa, dekabrın birinci yarısından sonra bəlkə aktivləşmə görə bilərik. Mənzil bazarında adətən dekabrın 15-dən yanvarın 15 –dək bir balaca aktivlik olur. Bu da xaricdən gələnlərin həmin dövrdə yaranan tələbatı ilə bağlıdır.
Şərhlər