Ziyafət Əsgərov: “Azərbaycanın Avropa Şurasından çıxmasını müzakirə edə bilərik”

10.06.2020 11:49     Müsahibə     1241

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Report” İnformasiya Agentliyinə müsahibəsi:
 
- Ziyafət müəllim, COVİD-19-lu günləri necə yaşayırsınız? İri şəhərlərdə şənbə-bazar günləri tətbiq olunan sərt karantin rejimini necə keçirdiniz?
 
- Bu günləri çox normal keçirdim. Mən burada qeyri-adi bir şey görmürəm. Əsas odur ki, insanlarımız bu məsələnin nə qədər ciddi olduğunu dərk etsinlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını ciddi şəkildə əməl etsinlər. Bu, birinci növbədə insanların sağlamlığı üçün vacibdir. İnsanların sağlamlığı naminə məhdudiyyətlərə getmək olar. Ona görə də mən sərt karantin rejimi ilə bağlı qərarı alqışlayıram. Hesab edirəm ki, bu qərarın nəticəsi olacaq.
 
- Sərt karantin rejimi müddətində sosial şəbəkələrdə insanların bəzən küçəyə çıxması, polisdən qaçması, Yasamaldakı məlum hadisə ilə bağlı müəyyən görüntülər yayılıb. Bu görüntülərlə bağlı nə deyə bilərsiniz?
 
- Mən belə halların olmasına çox təəssüf edirəm. Polis hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı və dövlətin nümayəndəsidir. Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur. Bildiyiniz kimi, hökumət iyunun 6-dan 8-i saat 6:00-a qədər ölkənin iri şəhərlərində sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi və polis də həmin qərarın icrasına nəzarətlə məşğul olub. Çox arzulayardım ki, vətəndaşlar öz məsuliyyətlərini dərk etsinlər və başa düşsünlər ki, belə hərəkətlərə görə Milli Məclis inzibati və cinayət məsuliyyəti müəyyən edib. COVID-19-la bağlı bütün vətəndaşlar qoyulan qaydalara əməl etməlidir. Bu, hər şeydən əvvəl qayda-qanunu pozanların özü üçün lazımdır ki, özləri və yaxınları buna yoluxmasın. Polisin də işi ondan ibarətdir ki, hökumətin qəbul etdiyi qərarın icra olunmasına nəzarət etsin. Hesab edirəm ki, ümumən vətəndaşlar sərt karantin rejimi qaydalarına çox böyük intizamla əməl edib. Biz sərt karantin rejimini tətbiq edən yeganə ölkə deyilik. Bizə qədər Türkiyə, Gürcüstan və digər ölkələr də tətbiq edib. Bunun müsbət nəticələrini də görüblər.
 
 
- Bəs karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsinə ehtiyac varmı?
 
- Burada əsas məqsəd insanları cəzalandırmaq deyil. Bu məsuliyyət növünü tətbiq etməkdə əsas məqsəd insanların karantin rejimi ilə bağlı qəbul olunan qərarlara əməl etməsinə vadar etməkdir. İnsanlar qanunsuz yollardan çəkinməlidir. Yəni, onlar tibbi maska geyinməli, sosial məsafə saxlamalı və gigiyena qaydalarına əməl etməlidir. Qalan bütün məsələləri isə dövlət nizamla tənzimləyir. Biz də bu pandemiyanın qarşısının alınması üçün dövlətə kömək etməliyik. Nə qədər ki, biz qaydalara əməl etməyəcəyik, yoluxmaların sayı artacaq. Bəzi adamlar buna qeyri-ciddi yanaşırlar. COVID-19 dövlətin və millətin təhlükəsizliyi məsələsidir. Bu xəstəlik əslində dövləti, insanları təhdid edir. Bu həm də millətin genofondu məsələsidir. Çünki biz hələ bilmirik ki, bu xəstəlik necə mutasiya edə, insanlarda özünü göstərə bilər. Ona görə belə məsələlərdə hamı çəkici bir yerə vurmalıdır.
 
- Koronavirusla mübarizə çərçivəsində dövlətin gördüyü işləri necə qiymətləndirirsiniz? Hansı çatışmazlıqlar var?
 
- Çox yüksək qiymətləndirirəm. Fevral-mart aylarında bu pandemiyanın qarşısını almaq üçün dövlətimiz tərəfindən çox ciddi işlərin görülməsinə başlanılıb. Dövlətimiz bu məsələnin üstünə tez düşdü və ciddi yanaşdı. Onun da nəticəsidir ki, biz hazırda vəziyyəti nəzarət altında saxlaya bilirik. Mən bu tədbirlərin vaxtında və davamlı görülməsi üçün cənab Prezidentə, Nazirlər Kabinetinə minnətdarlığımı bildirirəm. Dövlətimiz koronavirusun hansı təhlükələr törədəcəyinin fərqində oldu. Bunun üçün xüsusi xəstəxanalar ayrıldı, modul tipli xəstəxanalar istifadəyə verildi. Modul tipli xəstəxanaların istifadəyə verilməsi dövlətimiz tərəfindən uzaqgörən addımın atılmasının bariz nümunəsi oldu. Biz hər şeyə hazır olmalıyıq. Mən sosial şəbəkələrə və mətbuat orqanlarına baxan zaman görürəm ki, bir qisim vətəndaş bu xəstəliyə inanmır, qeyri-ciddi yanaşır. Belə olmaz. Bu, çox ciddi məsələdir. Cənab Prezident Tərtərə səfər edən zaman tibbi maska geyinmişdi. Bununla cənab Prezident xalqa bir nümunə göstərdi. Yoluxmaların artdığı belə bir şəraitdə cənab Prezidentin bölgələrə səfər etməsi bir daha onu göstərir ki, ölkə başçısı hər zaman olduğu kimi xalqının, vətəndaşlarının yanındadır. Biz məsələyə ciddi yanaşsaq çox qısa bir müddət ərzində onun yaxşı nəticələrini görəcəyik.
 
 
- Ölkəmizdə Korrupsiyaya qarşı mübarizə istiqamətində geniş tədbirlər həyata keçirilir. Bununla bağlı DTX tərəfindən bir neçə xüsusi əməliyyat tədbirləri də həyata keçirilib. Bu barədə nə deyə bilərsiniz?
 
- Azərbaycanda korrupsiya ilə mübarizənin uzun tarixi var. Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövrünün ilk illərində onun korrupsiya ilə mübarizə istiqamətində çox ciddi bir çıxışı olub. Onu da yadınıza salım ki, o vaxt məşhur “İstintaq” filmi çəkilib. O filmə yəqin siz və hörmətli oxucularımız da baxıb. Bununla Heydər Əliyev göstərdi ki, bu problem SSRİ-də var və onun üstünə getmək lazımdır. Düzdür, bəziləri bu faktları gizlətməyə çalışırdı. Heydər Əliyev bir dəfə televiziyada çıxış edəndə dedi ki, bu filmlə bağlı mənə zəng edib deyirlər ki, nə cəsarətlə bu filmi çəkmisiniz? Yəni, problemi gizlətməklə məsələ həll olmur. Problemdən qorxmamaq və üzərinə getmək lazımdır. Özü də korrupsiya və rüşvətxorluq çox ağır cinayətdir. Buna görə də korrupsiyaya qarşı gecə-gündüz mübarizə aparılır. Çünki o, metastaz verir. Əgər bunun qarşısı alınmasa cəmiyyətdə çox böyük sarsıntılar ola bilər. Mən cənab Prezidentin bu işinə görə də ona təşəkkürümü bildirirəm. Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda rüşvətxor adamlar özlərini çox imtiyazlı hiss edirlər. Belə hallara yol vermək olmaz. Hər bir vətəndaş ictimai nəzarəti gücləndirməlidir. Kimin nə ilə məşğul olması ilə bağlı vaxtında müəyyən orqanlara məlumat verməlidir. Kim ki, rüşvət alır, korrupsiya ilə məşğul olur birmənalı şəkildə bilməlidir ki, cəza qaçılmazdır. Cənab Prezident də dəfələrlə deyib ki, heç kim heç kimə arxayın olmasın. Azərbaycanda hamı qanun qarşısında bərabərdir.
 
- Söhbətimizin istiqamətini dəyişək. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir...
 
- Mən bu fikirlə tamamilə razıyam. Biz Avropa Şurasına daxil olandan bu günə qədər çox təəssüf edirəm ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Sizə bir misal gətirim. Buradakı vətən xainlərinin və ya xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların donosları əsasında Azərbaycana qarşı sənəd hazırlayırlar. Bu nə qədər ciddi təşkilat ola bilər ki, donoslar əsasında sənəd hazırlasın və qərar qəbul etsin?! Onların Azərbaycana münasibəti həmişə ikili standartlar əsasında olub. Mən açığı deyim, Azərbaycan həm də ikili standartlardan ona görə əziyyət çəkir ki, orada ölkəmizə qarşı fəaliyyət göstərən bir çox insanlar bu təşkilata xristian klubu kimi baxırlar. Bizim əhalinin də mütləq əksəriyyəti müsəlman olduğuna görə belə təpkilərlə üzləşirik. Ermənistanda 2000-ci ilin əvvəllərindən bu yana həm Robert Köçəryan, həm də Serj Sarqsyan prezident olanda AŞPA qərar çıxardı ki, orada seçkilər demokratik keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə isə dedi ki, siz düz demirsiniz. O dedi ki, Ermənistanda seçkilər zamanı total saxtakarlıqlar olub. Avropa Şurası Nikol Paşinyanla bağlı seçkiləri də legitim saydı, amma Paşinyan dedi ki, indiyə qədər keçirilən seçkilərin hamısı saxtadır. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi.
 
Ermənilərin bir şairi Egisi Çares deyir ki, bizdə riyakarlıq və ikiüzlülük ana bətnindən başlayır. Mən hətta bir müəllifi də tapdım onun adı Qevorq Aslandır. O, 1914-cü ildə “Ermənistan və ermənilər” kitabını yazıb. Qevorq Aslan yazır ki, ermənilərin heç zaman öz dövləti olmayıb, ona görə də ermənilərdə vətən hissi və vətənpərvərlik yoxdur, ermənilər üçün vətən yalnız coğrafi anlayışıdır. Ermənilər bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və “prezident” seçdilər. Ancaq özünə hörmət edən beynəlxalq təşkilatlar bu “seçki şousu”nu qəbul etmədilər. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir? Hanı Avropanın ədaləti? Ancaq Azərbaycanda kimsə yalandan yıxılırsa o saat Avropa Şurası münasibət bildirir. Xeyir ola?
 
- Ziyafət müəllim, qeyd etdiniz ki, Avropa Şurası qeyri-ciddi təşkilatdır. Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı məsələ gündəmə gələ bilərmi?
 
- Mən bunu istisna etmirəm. Biz onu müzakirə edə bilərik. Bu məsələ sözsüz ki, dərin müzakirələr tələb edir. Hansı qərarın çıxarılması isə parlamentin qərarından asılıdır.
 
- Uzun illərdir ki, Siz Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə rəhbərlik edirsiniz. Ordumuzun hazırki durumunu necə qiymətləndirirsiniz? Ordumuzda hansı yeni dəyişikliklər var?
 
- Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı və texnikası ilə təchiz olunan ən güclü Silahı Qüvvələrindən biridir. Ordumuzun şəxsi heyətinin döyüş ruhu ən yüksək səviyyədədir. Azərbaycan Ordusu çox qısa bir müddət ərzində öz ərazilərini Ermənistanın işğalçılığından azad etməyə qadirdir. Mən bunu tam məsuliyyətimlə deyirəm. Bu, pafos deyil. Bu, reallıqdır. Biz sülhsevər ölkəyik, istəyirik ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Ancaq Ermənistan tərəfi danışıqlarla həmişə imitasiya edir və danışıqların mahiyyətindən qaçır. Təsəvvür edin ki, gəlib bizimlə danışıqlara otururlar, ancaq gedib ölkələrində deyirlər ki, biz orada başqa məsələlərdən danışırdıq. İkiüzlüyün dərəcəsinə baxın. Bu da onların riyakar xislətindən xəbər verir. Bildiyiniz kimi, cənab Prezident dəfələrlə çıxışlarında xüsusi olaraq qeyd edib ki, “Bizim də səbrimiz tükənməz deyil”.
 
 
- Dəfələrlə Milli Məclisdə “İşğal olunmuş ərazilərin statusu haqqında” qanunun qəbul olunmasının vacibliyi ilə bağlı çıxışlar olub. Sizcə belə bir qanunun qəbul olunmasına ehtiyac varmı?
 
- Məsələ qanunun qəbul olunub-olunmamasında deyil. Əsas odur ki, bizim ərazi bütövlüyümüz beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən qəbul olunub.
 
 
- Qanunun qəbul olunması ona görə istənilirdi ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə qarşı müəyyən sanksiyalar qoya bilək...
 
- Biz onlara onsuz indi də xəbərdarlıq edirik, etiraz notaları da göndəririk. Beynəlxalq hüququn yol verdiyi çərçivədə bütün lazımi addımları atırıq. Ədalət, mənəvi, tarixi, beynəlxalq hüquqi çərçivədə hər şey Azərbaycanın tərəfindədir.
 
- Milli Məclisin yaz sessiyasının işlər planına “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi daxil edilib. Bu qanun layihələri barədə məlumat verməyinizi istərdim. Yeni qanun layihələri nə zaman müzakirəyə çıxarılacaq?
 
- “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin müzakirəsini yəqin ki, Milli Məclisin növbədənkənar sessiyasında da çatdıra bilməyəcəyik. Həmin qanun layihələrinin Milli Məclisin payız sessiyasında müzakirə olunması planlaşdırılır. Qanun layihələri barədə isə sizə payız sessiyasında geniş məlumat verərəm.
 
 
 
- Uzun illər Milli Məclisin rəhbərliyində təmsil olunmusunuz. Elə olubmu ki, hansısa bir deputatın xətrinə dəymisiniz? Sizdən incik qalan deputatlar olubmu?
 
- Burada xətirə dəymək bir az yerinə düşmür. Milli Məclis qanunverici orqandır. Sadəcə ola bilər ki, müzakirələr vaxtı hansısa deputatla mövqelərimiz üst-üstə düşməyib. Belə hallar olub. Parlament debatlarının olması normal bir şeydir. Belə mübahisələrin, fikir toqquşmalarının olması tamamilə təbiidir.
 
 
- Hazırki və keçmiş deputatlarla münasibətiniz necədir?
 
- Bəzən III, IV çağırışda deputat olan şəxslər Milli Məclisə gəlirlər. Onlarla görüşürəm, söhbət edirəm. Dediyim odur ki, keçmiş və indiki deputat həmkarlarımla münasibətim normaldır.
 
 
- Son sualım belə olacaq: Parlamentdə yuxarı kürsüdən aşağı, aşağıdan yuxarı baxmaq arasında nə fərq var? Hansı daha rahatdır?
 
- Məsələ rəyasət heyətindən aşağıya baxmaq və aşağıdan yuxarıya baxmaqda deyil. Əsas odur ki, insan başını dik tutsun, amma dikbaş olmasın.
 
Reaksiya.az

Şərhlər

Çox oxunanlar