"Seçkidə sosial şəbəkələrin əhəmiyyəti artıb" - MÜSAHİBƏ

13.08.2015 18:21     Müsahibə     2942

Hər bir deputat ona verilən beş illik səlahiyyətə məsuliyyətlə yanaşmalı və növbəti seçkidə bunun hesabatını verməlidir.

Reaksiya.az Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisə 47 saylı Mingəçevir Seçki Dairəsindən deputat seçilmiş  Aydın Mirzəzadə ilə müsahibəsini təqdim edir.

 

- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlığı hansı səviyyədədir?

- Yeni Azərbaycan Partiyası, hər zamankı kimi, yenə də seçkilərə çox məsuliyyətlə hazırlaşır. Biz öz fəaliyyətimizi Seçki Məcəlləsinin tələbləri üzərində qururuq. Xeyli əvvəl partiya daxilində qarşıdan gələn seçkilərlə bağlı bütün rayon və şəhər təşkilatlarında ciddi hazırlıq işləri aparılıb. Vaxtaşırı müşavirələr keçirilib, tövsiyə və tapşırıqlar verilib. Bu yaxınlarda isə YAP Mərkəzi Seçki Qərargahının bütün rayon və şəhər təşkilatları üzrə şöbələri fəaliyyətə başladı. Həmin şöbələrə ərazi təşkilatlarımızın nüfuzlu üzvləri və seçkidə birbaşa təşkilatçılıq edəcək insanlar daxil edildilər. Bütün dairələr üzrə partiya özünün parlament üzvü olan deputatlarının fəaliyyətini bir daha nəzərdən keçirdi. Və qarşıdan gələn seçkilər üçün zamanında namizədlər irəli sürüləcək. Ümid edirəm ki, bu seçkilərdə də əvvəlki dövrlərin qələbəsini təkrar edə biləcəyik.

- Seçki təbliğatına start verilməyinə sayılı günlər qalıb. YAP-ın seçki siyahısı hazırdırmı?

- Partiya bütün fəaliyyətini Seçki Məcəlləsinin tələbləri üzərində qurur. Ona görə də, seçki siyahısı zamanı gəldiyində açıqlanacaq.

- Bu dəfə də namizədliyinizi irəli sürəcəksinizmi?

- Artıq, bu, partiyanın qərarından asılıdır. Partiya rəhbərliyi məsləhət bilərsə, məni yenidən parlamentdə görmək istəyərsə seçkidə iştirak edəcəyəm. Yox, əgər başqasının namizədliyi irəli sürüləcəksə ona ilk kömək edən və onun seçki təbliğatında ən fəal iştirak edən şəxs mən olacağam.

- Builki seçki əvvəlkilərindən fərqlənəcəkmi? Hansısa yeniliklər gözlənilirmi?

-Hər seçki əvvəlkilərdən mütləq şəkildə fərqlənir. Cəmiyyət inkişaf edir, yeniliklər baş verir, seçki texnologiyasında müasir metodlar yaranır. Və əlbəttə ki, bunların hər biri nəzərə alınacaq. İndi sosial şəbəkələrin əhəmiyyəti artıb. seçici-namizəd münasibətlərinin yaxınlığı da burada böyük rol oynayır. Bu seçkidə təbliğatın bütün formalarından istifadə ediləcək. Həmçinin, namizədlər öz seçkiqabağı platformalarında konkret regionun seçicilərinin tələblərini nəzərə alacaqlar. Eyni zamanda partiyadan irəli sürüləcək namizədlər hakim partiyanın nümayəndələri kimi ölkənin siyasi kursunun təbliğində və mövqeyinin bildirilməsində fəal iştirak edəcəklər.

- Aydın müəllim, sosial şəbəkələrdə millət vəkilləri müzakirəyə çıxarılır. Bəzi hallarda seçiciləri ilə ünsiyyətində, fəaliyyətində müsbət mənada seçilən deputatlar da haqsız olaraq tənqid, bəzən də təhqir obyektinə çevrilir. Bütün bunlar necə tənzimlənməlidir?

- Hesab edirəm ki, qanunla qadağan edilməyən hər şey icazəlidir. Əgər qanunda buna qadağa yoxdursa, fəaliyyət göstərə bilərlər. O ki qaldı kimlərinsə  rəy bildirməsinə, hər kəs özünün təcrübəsinə və hazırlığına uyğun münasibət bildirir. Hər bir deputat ona verilən beş illik səlahiyyətə məsuliyyətlə yanaşmalı və növbəti seçkidə bunun hesabatını verməlidir. Hesab edirəm ki, deputat həmkarlarımın əksəriyyəti məhz bu prinsiplə fəaliyyət göstərir.

- Ümumiyyətlə, deputat-seçici münasibətləri necə qurulmalıdır?

- Hər ölkənin bu sahədə öz təcrübəsi var. Bu, cəmiyyətdə qəbul edilmiş qaydalardan, hər dövrün tələblərindən, eyni zamanda bu və ya digər məsələlərin aktuallığından asılıdır. Hər halda deputat öz seçicisinə açıq olmalıdır. O, bütün məsələləri həll etməyə bilər, amma istənilən məsələni bilməyə və ona dair öz mövqeyini orataya qoymağı bacarmalıdır. Millət vəkili mütəxəssislərlə işləməyi, günün nəbzini tutmağı bacarmalıdır, vaxtaşırı hesab verməlidir. Parlamentdəki və parlamentdən kənardakı fəaliyyətini göstərməyi bacarmalıdır. Ümumən götürdükdə, seçici o qənaətdə olmalıdır ki, istənilən məsələ üzrə öz deputatının qapısını döyməyə imkanı var.

Şərhlər

Çox oxunanlar