"Deyə bilmərəm ki, hədiyyəni sevmirəm" - Afaq Bəşirqızı
15.08.2015 13:02 Müsahibə 3260
Yaratdığı obrazlarla minlərlə tamaşaçının könlündə taxt qurmuş, istedadlı aktrisa, Afaq Bəşirqızı Səfərovanın doğum günüdür. Mərhum xalq artisti Bəşir Səfəroğlunun Azərbaycan tamaşaçısına ən dəyərli hədiyyəsi olan Afaq xanım bu gün 60 illik yubiley yaşını qeyd edir.
Afaq xanıma yubiley təbriki ilk olaraq ölkə başçısından gəlib. Dünən respublika prezidenti İlham Əliyev aktrisanı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, aktrisa bundan əvvəl “xalq artisti” adına layiq görülüb, “Şöhrət” ordeni, “Qızıl Dərviş” mükafatı, “Prezident mükafatı”, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə”, “Zirvə” mükafatı və “Sənətkar ordeni” ilə təltif edilib.
Reaksiya.az sevilən aktrisanı doğum günü münasibətilə təbrik edib və bu gün yaşadığı duyğuları öyrənib.
-Afaq xanım, ilk öncə doğum gününüz münasibəti ilə sizi kollektivimiz adından ürəkdən təbrik edirik. Sizə can sağlığı və yeni sənət uğurları arzu edirik.
-Diqqətinizə görə minnətdaram, Çox sağ olun.
-Bildiyimiz kimi, ən dəyərli hədiyyəni dünən ölkə başçısı tərəfindən aldınız. Bununla bağlı hisslərinizi öyrənmək istərdik.
-Ölkə başçısına, Prezidentimə yalnız və yalnız minnətdarlığımı bildirirəm. Dünəndən bəri keçirdiyim hisslərin sözlə ifadəsi mümkün deyil. Şəxsən mənə ünvanladığı məktubda sənətimə, şəxsimə verdiyi yüksək qiymətə görə ölkə başçısına dərin təşəkkürümü bildirirəm və Prezidentimlə fəxr edirəm.
-Daha hansı dəyərli insanlardan hədiyyə gözləyirsiz?
-Dəyərli insanlardan biri həyat yoldaşımdır və səhər açılan kimi o, hədiyyəsini mənə verib. Daha sonra övladım, gəlinim, nəvələrim hədiyyələri ilə məni sevindiriblər. Bütün dostlarım da mənim üçün dəyərlidir və onların varlığı elə ən dəyərli hədiyyədir. Deyə bilmərəm ki, hədiyyəni sevmirəm, amma məni sevən, mənim sevdiyim insanların hər biri, ümumiyyətlə Azərbaycan xalqının hər bir şəxsi mənim üçün hədiyyədir. Çünki mən millətimi, xalqımı çox sevirəm.
-Afaq xanım, yubiley yaşınızla bağlı hansısa böyük tədbir gözlənilirmi?
-Təntənədən qaçan insan olduğum üçün bu günü ancaq ailəmlə qeyd etməyi düşünürəm. Amma ki, noyabr ayının 7-də 60 illik yubileyim dövlət səviyyəsində qeyd olunacaq. Tədbirə hazırlıqlar artıq başlayıb.
-Tamaşaçıları qarşıda hansı yeniliklərlə sevindirəcəksiniz? Repertuarınızda nələr gözlənilir?
-İnşaallah yenə də səhnədə olacağam, yenə də teatr tamaşaçılarıma gülüş, təbəssüm bəxs edəcəyəm. Sentyabr ayının 15-20-də televiziya tamaşaçılarına serial tövhəm olacaq. “SOY” prodakşnla yeni bir layihəyə başlamışıq. Uzun müddətli fasilədən sonra tamaşaçılarımın intizarına son qoyaraq Azad Azərbaycan telekanalında hər həftə onlarla görüşə gələcəyəm və gülüş sovqatımı ərməğan edəcəyəm.
-Bir ara səhhətinizdə yaranmış problem, soyuq yel kimi əsən xəstəlik tamaşaçıları da ciddi narahat etdi. İndi necəsiz?
-Allaha min şükür olsun ki, indi çox yaxşıyam. Narahat olanların hər birinə təşəkkür edirəm və bildirirəm ki, hər şey yaxşıdır. Bundan sonra da hər zamankı Afaq Bəşirqızını səhnədə görəcəklər. Sevgi olan yerdə xəstəlik də tez qaçır. Hər kəsə mənə, sənətimə olan sevgisindən dolayı təşəkkür edirəm.
Şərhlər