"Hər QHT bu layihələrlə məşğul ola bilməz ” - ANAR XƏLİLOV
17.08.2015 10:49 Müsahibə 3591
Bu gün Reaksiya.az-ın qonağı Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovdur. Onunla olan müsahibəni diqqətinizə təqdim edirik. Anar Xəlilovla olan söhbət maraqlı alındı və inanıram ki, əziz oxucu Sizin üçün də maraqlı olacaq.
- Anar müəllim, ölkə prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının yaradılması fəaliyyətdə olan QHT-rin inkişafı üçün hansı imkanları yaratmış oldu ?
- Ən əsası Şuranın yaradılması ilə Azərbaycan QHT-nin xarici donorlardan asılılığının qarşısı alındı və milli QHT-in formalaşmasında böyük rol oynadı. Bildiyiniz kimi 90-cı illərin əvvəllərində fəaliyyət göstərən QHT-in əksəriyyəti xaricdən maliyyələşirdi və bu təşkilatlar demək olar ki, xarici donorların iradəsi və diktəsi ilə öz işlərini qurmağa məcbur idilər. Xarici donorlar isə milli yönümlü layihələri dəstəkləmirdilər. Şuranın yaradılması ilə bu asılılığın qarşısı alındı. Digər tərəfdən QHT-lər Şura yaradılana qədər pərakəndə necə gəldi fəaliyyət göstərirdilər. Düzdür MQF və Gənclər Təşkilatları Milli Şurası adlı koalisiyalar var idi və bunların fəaliyyətini danmaq olmaz və o dövr üçün öz rollarını müsbət oynayırdılar. Amma Şura milli QHT-i bir yerə toplamağı bacardı. Demək olar ki, bütün Azərbaycanda siyasi baxışlarından aslı olmayaraq qeydiyyatdan keçmiş QHT-lər Şuranın dəstəyindən istifadə edərək müxtəlif sahələrdə öz layihələrini həyata keçirmişlər. Ən əsası QHT-lər bununla yanaşı mühasibatlıq işlərini və digər sənədləşmə işlərini qaydasına qoyaraq necə gəldi fəaliyyətdən ciddi qurumlara çevrildilər. Şura rəhbəri Azay Quliyevin yüksək idarəçilik qabiliyyəti və icra katibliyinin peşəkarlığı bu sahədə uğurun qazanılmasında böyük rol oynayır.
-Sizcə cəmiyyətdə nələr dəyişdi və QHT sektoru Şuranın yaradılmasında nə qazandı? Ümumiyyətlə, QHT sektoru Azərbaycanda öz sözünü deyə bilirmi ?
-Yuxarıda qeyd etdiyim kimi yenə onu demək istərdim ki, Şuranın yaradılması milli QHT institutunu möhkəmləndirdi və inkişaf etdirdi. Bu da nəinki QHT sektorunun qazancıdır, eləcə də dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində bir qazanc idi. Bu gün elə bir sahə yoxdur ki, orada Azərbaycan QHT-nin fəaliyyəti olmasın. Vətəndaş cəmiyyətinin Azərbaycanda qurulmasında QHT sektorunun böyük rolu var. Hesab edirəm ki, Azərbaycan QHT-i öz sözlərini bu gün nəinki Azərbaycanda eləcə də Beynəlxalq miqyasda deyə bilirlər. Artıq Azərbaycanda QHT sahəsi üzrə ixtisaslaşmış insanlar var ki, onlar həm də bu sahə üzrə brendə çevrilmişlər. Sevindirici hallardan biri də odur ki, regional QHT-lər bu gün inkişaf edir və bu sahəyə diqqət artırılmalıdır. Regionlarımızda güclü QHT-in olması vacibdir. Xüsusilə də dini radikal təşkilatların aktivlik etmək istədikləri regionlarda. Dövlətlə yanaşı radikal dini təşkilatlara qarşı mübarizədə də QHT-in rolu danılmazdır. Bəzi rayon İcra Hakimiyyətləri QHT anlayışını düzgün qəbul etmir. Rayonlarında QHT-in fəaliyyətinə mane olur. Əksinə çalışmaq lazımdır dəstək vermək gərəkdir ki, rayonda bir neçə QHT-lər yaransın. Gənclərlə işlər aparılsın, qadın zorakılığı, insan alveri anlayışları, uşaq hüquqları ilə bağlı təbliğatları yerli vətəndaş cəmiyyəti institutları aparsın. Düzdür deyə bilərlər ki, rayon Təhsil şöbələri və ya İcra hakimiyyətlərinin qurumları bunu edir. Düzdür edirlər, amma bu plan xarakterli olur bəzən də. QHT-lər isə daim axtarışdadır və hər zaman iş aparırlar. Dəfələrlə şahidi olmuşam ki, rayonlarda layihələr zamanı mədəniyyət, səhiyyə, təhsil, icra nümayəndəliklərinin işçilərini yığırlar, qeyd etməliyəm ki, bunlar onsuz da rayonun ziyalı hissəsidir. Layihənin predmetinə uyğun təbəqəni toplamaq və təbliğatı onlara çatdırmaq lazımdır. Bu barədə bölgələrdə yaşayan gənclərimiz dəfələrlə sosial şəbəkələrdə öz iradlarını bildirir.
- Bir çoxları müasir Azərbaycanda QHT sektorunun yaranması və inkişafının prespektivlərini böyük sual altına alırdılar. Ançaq illər keçdi və respublikamızda fəaliyyət göstərən QHT-lər sözün əsl mənasında sözlərini real öz işləri ilə deməyi baçardılar. Sizcə ilkin olaraq bu kimi fikirlər haradan qaynaqlanırdı ?
-Ümumiyyətlə Azərbaycan müstəqillik əldə edəndə bizim müstəqilliyimizin qalmasının özü də sual altında idi. Lakin zaman göstərdi ki, müharibə və torpaqlarımızın itirilməsinə baxmayaraq Azərbaycan xalqı müstəqilliyi qoruyub saxlıya bildi. Böyük siyasətçi, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan öz müstəqilliyini möhkəmləndirdi və qorudu. Aparılan siyasət bütün sahələrdə olduğu kimi QHT sektorunda da uğurlar əldə edilməsinə gətirib çıxardı. İlk öncə gənclər təşkilatlarının yaranmasına və möhkəmlənməsinə üstünlük verildi. Bu gün məhz öz sözünü deyən QHT nümayəndələrinin əksəriyyəti həmin təşkilatların nümayəndələridir. Şura rəhbəri Azay Quliyev də vaxtilə Gənclər Təşkilatları Milli Şurasının rəhbəri olmuşdur. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi məhz bu gün milli QHT sektorunun formalaşmasının təməlini qoydu. Prezident İlham Əliyev də bu siyasətin davamı olaraq Şuranın yaradılması haqqında sərəncam verərək QHT sektorunun möhkəmlənməsi istiqamətində əməli addım atmış oldu. Mən çəkinmədən deyərdim ki, vaxtilə Azərbaycana QHT sektorunun formalaşması üçün əgər xarici mütəxəssislər gəlirdilərsə indi Azərbaycanın vətəndaş cəmiyyəti modelindən dünyanın əksər ölkələri nümunə götürə bilər. O ki qaldı bizdə QHT sektoru inkişaf etmiyəcək kimi fikirlər haradan qaynaqlanırdı məncə bu aydındır. Bizi sevməyən, müstəqilliyimizi istəməyən, inkişafımızı həzm etməyən qüvvələr idi ki, bu çür heç bir tutarlı faktları belə olmadan bu fikirləri irəli sürməklə məşğul idilər. Sonda inkişafımız bu çür fikirləri formalaşdıran insanların özünü də mat qoydu.
-Siz də bir QHT rəhbərisiniz. Bu gün fəaliyyət osbektləriniz ürəyinizçəmidir? Maraqlıdır, QHT fəaliyyəti ideyası necə yarandı ?
-Hesab edirəm ki, tam ürəyimcə deyil. Bunun da bizdən aslı olmayan bəzi səbəbləri var. Hələ açıqlamaq istəməzdim bu səbəbləri. QHT yaratmaq ideyası hələ 90-cı illərdən bir qrup o vaxtkı gənc dostlarımla yaranmışdı. Lakin biz bu ideyanı 2003-cü il 15 sentyabrda reallığa çevirmək üçün təşəbbüs qrupu yaratdıq. O dövrdə çətin siyasi durum var idi. Xalqı yenidən çaşdırmaq istəyən qüvvələr aktivləşmişdi. Məhz bu dövrdə Şuşa rayon İcra hakimiyyəti ilə birlikdə məcburi-köçkün gənclər arasında böyük iş apardıq. Xatırlayılram Dərnəgüldə yerləşən köçkün ailələri ilə söhbət zamanı mənə qarşı fiziki güc də tətbiq edildi. Dostlarımın yardımı ilə məsələ həll olundu. Mən heç vaxt belə məsələlərlə özümü reklam etməmişəm. Hesab etmişəm ki, bu vətəndaşlıq borcum idi. İlk dəfədir ki, deyirəm. 2004-cü ilin 16 yanvarında isə təsis yığıncağı keçirdik. 2005-ci il 31 may tarixində isə Dövlət qeydiyyatına alındıq. Göründüyü kimi asan da olmayıb. (gülür) Əsas ideyamız isə Qarabağ həqiqətlərinin dünyada yayılmasında dövlətimizə yardımçı olmaq, gənclər arasında təbliğat aparmaq olmuşdur. Bir faktı da qeyd edim ki, indi tez-tez deyirlər QHT-lər qrant alır, yeyir və s. Biz ilk qrantımızı 2008-ci ildə almışıq. Ona qədər ofisimiz, maddi texniki bazamız artıq var idi. Özümüz öz maliyyəmizi tapırdıq. Çoxlu könüllülərimiz var idi. Bizim birliyin bazasından bu gün fəaliyyət göstərən ona yaxın QHT yaranıb. Neçə QHT bizim ofis imkanlarımızdan yararlanıb. Bir şeyi də qeyd edim ki, mən Şuşanın ilk Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri olmuşam. Yəni QHT sektoruna YAP-dan gəlmişəm. Bizim Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyini Yuxarı Qarabağ bölgəsinin ilk və yeganə gənclər birliyi adlandırardılar. Amma çox təəssüf ki, bizi mənə məlum olmayan səbəbdən gənclər sferasından uzaqlaşdırdılar....
-Daha çox fəaliyyətiniz Dağlıq Qarabağ ilə bağlıdır. Bir QHT olaraq Qarabağ həqiqətlərinin dünya içtimaiyyətinə catdırılması və təbliği işi QHT-lər tərəfindən neçə aparılır ?
-Bəli demək olar ki, əsas fəaliyyətimiz Qarabağla bağlıdır və bu istiqamətdə bir çox əhəmiyyətli layihələr həyata keçirmişik. Xarici dillərdə kitablar və filmlər çəkmiş, saytlar yaratmışıq. Bir çox ilklərə məhz biz imza atmışıq. Hansı ki, bizim hazırladığımız materiallardan bu gün bir çox layihələrdə istifadə olunur. Qarabağla bağlı bu gün iş görən QHT-lər çoxdur. Amma bunların əksəriyyəti mən hesab edirəm ki, reklam və ad xatrinə iş görürlər. Bəzən bir də görürürsən ki, ixtisaslaşmış QHT qalır kənarda başqa sahə ilə məşğul olmuş QHT Qarabağla bağlı hansısa layihə icra edir və reklamla məşğuldur. Hesab edirəm ki, bu yolverilməzdir. Mən deyə bilmərəm ki, heç bir QHT Qarabağla bağlı layihə həyata keçirməsin. Əksinə bu gün əsas problemimiz Qarabağdır. Amma keyfiyyət və göstəricini qorumaq əsas şərtdir. Mənçə digərinin materialını oğurlamaq və təkrarçılığa yol vermək olmaz. Qarabağ adı ilə özünə xal qazanmaq hesab edirəm ki, vicdansızlıqdır. Lakin vicdanla, peşəkarcasına Qarabağla bağlı iş görən QHT-lər də var. Onlar bu gün Beynəlxalq aləmdə informasiya müharibəsində Azərbaycan dövlətinə çox güclü dəstək verirlər.
-Son layihəniz də məhz Dağlıq Qarabağ ilə bağlı idi səhv etmirəmsə. Bu layihə haqqında nə deyə bilərsiniz ?
-Moskvada yaşayan dostum Elxan Binnətov mənə sosial şəbəkələrdə ermənilər tərəfindən çəkilmiş bir filmin linkini göndərdi. Bu filmə baxdıqdan sonra qərara gəldik ki, ağ yalana qarşı öz həqiqətimizi ortaya qoyaq. Bu məqsədlə ideyanı layihələşdirərək Şuraya təqdim etdik. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, Şura həmişə olduğu kimi bizim layihəni dəstəklədi və artıq bu film hazırdır. Film ingilis və rus dillərində hazırlanmışdır. Film “İşğal edilmiş istedadlar diyarı” adlanır. Biz bu filmdə işğal olunmuş ərazilərimizdə doğulan istedadlı, dünyada və Respublikamızda tanınan insanlarımız haqqında məlumatları vermişik. Düşünürəm ki, bununla biz bu torpaqların Azərbaycan üçün dəyərini və onun ayrılmaz hissəsi olmasını və ən əsası Azərbaycana məxsus olmasını bir daha bu ideya vasitəsilə yanaşma ilə sübüt etmişik. Bir daha bizə dəstəyinə görə Şuraya minnətdaram.
-Gələcəkdə daha hansı layihələr üzərində işlər görürsünüz ?
-Hal-hazırda bir neçə ideya üzərində işləyirik və onları layihələşdiririk. Əvvəlcədən adların demək istəməzdim. Ancaq onu deyə bilərəm ki, Beynəlxalq əhəmiyyətli layihələrdir. Birliyin saytı olan Məcburi köçkün gənclərin informasiya portalı üzərində işləyirik. Hesab edirəm ki, tezliklə yeniliyi ictimaiyyətə təqdim edəcəyik. Ən böyük arzum isə tezliklə bir QHT kimi fəaliyyətimizi işğaldan azad ediləcək doğma torpaqlarımızda davam etdirmək, yenidən qurulacaq o rayonlarımızın vətəndaş cəmiyyətinin inkişafına töhvə verməkdir.
Şərhlər