"Kreslonu sərvətə konvertasiya edən kadrların əvəzinə ..."
17.08.2015 14:48 Müsahibə 3569
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev bir müddət öncə ölkədə bəzi dövlət qurumlarının ləğvi barədə sərəncam imzalamışdı.
O sərəncamdan sonra isə ictimaiyyət arasında Dövlət Gömrük Komitəsinin ləğv edilərək, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları gündəmə gətirildi. Ancaq yayılan bu xəbərlərdən heç biri hələ öz təsdiqini tapmayıb.
Prezidentin isə bu istiqamətdə hansı addımlar atacağı isə çoxlarını düşündürür.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Reaksiya.az-ın bununla bağlı suallarını cavablandırıb:
-Əli müəllim, dünyada baş vermiş iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşmədi. Bu böhrandan az itkiylə çıxmağın yolları nədir?
- Dünya iqtisadiyyatında qlobal maliyyə böhranı 2008-ci ildə başladı və bir sıra əlamətlərinə görə hələ də bəzi ölkələri çıxılmaz vəziyyətdə saxlayır. Dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və manatın 21 fevral devalvasiyası isə Azərbaycanda da yeni situasiya yaratdı.
Həmin situasiyanın mənfi meyllərini neytrallaşdırmağın və ya az itki ilə çıxmağın, davamlı inkişafı etibarlı şəkildə davam etdirməyin magistral yolu bütün sahələrdə ölkənin rəqabət qabiliyyətinin artırılmasına xidmət edən sistemli islahatların yeni mərhələsindən keçir. Bu islahatlar yolu digər şərtlərlə yanaşı, həm də idarəetmənin fəlsəfəsinin yeniləşdirilməsini tələb edir. Bu baxımdan idarəetmənin təşkilati strukturunun təkmilləşdirilməsi istiqamətində başlanılan islahatların davam etdirilməsi labüddür.
-Az öncə neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın Azərbaycanda da hiss olunması səbəbindən hökumət dövlət xərclərini azaltmaq və ixtisarlar etmək istiqamətində addımlar atdı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi. Hökumətin bu istiqamətdə daha hansı tədbirlər görəcəyi cəmiyyət üçün çox maraqlıdır.
-Azərbaycanda üst-üstə 40-yaxın nazirlik, dövlət komitəsi, dövlət xidməti və digər baş idarələr mövcuddur ki, bunun da 20-si nazirlikdir. Əhalisi 10 milyona çatmayan bir ölkə üçün bu çox böyük rəqəmdir. Təkcə onu müqayisə etmək kifayətdir ki,Azərbaycanda dövlət səviyyəsini təmsil edən nazirliklərin sayı əhalisi bizdən qat-qat artıq olan Almaniya və İtaliyadan 1,4 dəfə, Belçika və İspaniya kimi ölkələrdən isə 2 dəfə çoxdur. Ona görə də təkrarçılıqları aradan qaldırmaq, idarəermənin keyfiyyətini yaxşılaşdırmaq və çevikliyini artırmaqdan ötrü, onun optimal ölçüsünü tapmaq lazımdır. Bundan ötrü idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi sahəsində başlanan islahatların birinci mərhələdə sayı 40-a yaxın olan nazirlik, dövlət komitəsi, dövlət xidməti və digər baş idarələrin sayının təqribən üçdəbir azaldılması məqsəduyğun olardı. Konkret hansı nazirlik, komitə və digər baş idarələrin ləğv edilməsi, birləşdirilməsi və sair bu kimi məsələlərə gəldikdə isə mətbuatda bu istiqamətdə verilən təkliflərin bir qismi fikirləşmək üşün zəngin material versə də, digər qismi, xüsusən də idarəetmə sahəsində heç bir təcrübəsi olmayanlar tərəfindən səslənən təkliflər isə sadəcə “doğrama, kəsib atma yanaşması”olub, texniki xarakter daşıyır və bunun ziyanı xeyirindən çox ola bilər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi, “Bakıelektrikşəbəkə”nin əvəzində “Azərişıq” ASC-nin yaradılması bir sıra nazirlik və baş idarələrin səlahiyyətlərinin bir qisminin ASAN xidmətə verilməsi göstərir ki, hökumətin bu sahədə öz proqramı var və onu həyata keçirməkdə davam edəcək. Həm də situasiya bu prosesin sürətləndirilməsini qaçılmaz edib.
- Bu istiqamətdə görülən işlərlə bağlı nə kimi təklifləriniz var?
-Düşünürəm ki, bu zaman 3 amil önə çəkilməlidir: birincisi hazırkı idarəetmə rəqabət qabiliyyətli bir ölkə kimi özümüzü təsdiq edərək iqtisadi inkişafın yeni mərhələsinə çıxmaq üçün yaramır və onu beynəlxalq praktikadan yetərincə məlum olan və özünü doğruldan “yaxşı idarəetmə” ilə əvəz etmək lazımdır. İkincisi, hazırkı reallıqlar şəraitində idarəetmənin çəkiciliyini artırmaqdan ötrü idarəetmədə sahə prinsipi yox, funksional prinsip proritet olmalıdır. Üçüncü, idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi sahəsindəki islahatlar inhisarçiliğa, korrupsiyaya, məmur özbaşınalıqlarına, acgözlüyə, nəzarətsizliyə qarşı mübarizənin gücləndirilməsi sahəsindəki sistemli islahatlarla paralel aparlmalıdır. Həmin islahatların uğur qazanmasından ötrü, digər şərtlərlə yanaşı həm də oturduğu kreslonu sərvətə konvertasiya etməyə üstünlük verən kadrların əvəzinə müasir dövrün tələblərinə cavab verən, sağlam dövlətçilik təfəkkürü olan təmiz imicli kadrlar, texnokratlar önə çəkilməlidir.
Şərhlər