AŞPA-dan Azərbaycana dəstək: ermənilərə icazə verilmədi ki...

29.06.2021 14:51     Müsahibə     870

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Reaksiya.az həmin müsahibəni oxuculara təqdim edirik:

- Səməd müəllim, AŞPA-nın növbəti sessiyası gərgin müzakirələrlə yadda qaldı. Azərbaycanla bağlı hansı məsələlər önə çəkildi?

- AŞPA-nın sessiyasında nümayəndə heyətinin rehbəri kimi görülən işdən çox razı qaldım. Bu, ümumi bir diplomatik iş idi. Ona görə də nümayəndə heyətinin sessiyadakı faəliyyəti xüsusilə müsbət qiymətləndirilməlidir. Azərbaycanın bu sessiyada aktivliyi olduqca böyük oldu. Azərbaycan getdikcə daha çox diplomatik sahədə öz tərəfinə xallar yığır. Ona görə ki, reallıq indi tamamilə başqadır. Azərbaycan bu gün tamam başqa bir rakursdadır. Eyni zamana ölkəmizə qarşı münasibət də getdikcə dəyişib. Bu sessiyada Azərbaycanla bağlı bütün məsələlər açıq və çox gözəl bir şəkildə özünü göstərmiş oldu.

- Sessiyanın gedişində erməni nümayandə heyətinin əsassız ittihamlarına hansı şəkildə reaksiya göstərildi?

- Sessiyanın ilk günü ermənilər ənənəvi olaraq qışqır-bağır salmağa çalışdılar. İsterikaya əl atdılar. Çünki erməni tərəfi müxtəlif yalan, böhtan xarakterli fikirlər səsləndirir, hətta bunu əsaslandırmağa da çalışırdılar. Onlar hər dəfə bunu edib. İndi isə başqa formada hay-küy salmağa çalışdılar. Müharibədə kapitulyasiyaya imza atmış bir ölkənin təmsilçiləri kimi lap azğınlaşıblar. Ona görə də ağıllarına, dillərinə nə gəlir beynəlxalq tribunadan səsləndirməyə çalışırlar.

- AŞPA rəhbərliyinin ermənilərin bu cür yanaşmalara münasibəti necə oldu?

- Sözsüz ki, ermənilərin qaldırmış olduğu iddialara da AŞPA rəhbərliyinin münasibəti bu dəfə tamam fərqli oldu. Elə sessiyanın ilk günündə ermənilər necə məyus olduqlarının fərqində oldular. Burada yüksək səviyyəli, bütün məsələləri əhatə edən yalnız nümayəndə heyətinin çıxışlarından söhbət getmir. Bu, sözsüz ki, öz-özlüyündə başqa bir məsələdir. Nümayəndə heyəti öz işini davam etdirir. Hər zaman da belə olub. Amma biz həmişə bu cür fəaliyyəti görərək qarşımızda az qala keçilməz bir “sədd, divar” görürdük. Eyni zamanda qarşımızda bizi başa düşmək istəməyən bir qüvvə də vardı. Bu gözə görünməyən qüvvə hansısa formada nəinki reallıqları baş düşmək istəmir, əksinə təzyiq göstərib, bizə tamam başqa gözlə baxmağa çalışırdı. Az qala bizə iradlar səsləndirirdilər ki, “siz düz eləmirsiniz”. Belə fikirlər, mövqelər vardı.

- Bəs indi ölkəmizi təmsil edən nümayəndə heyətinə münasibət hansı şəkildədir?

- Sözsüz ki, bu günə qədər bizə qarşı qoyulmuş bu “sədd, divar” getdikcə çat verməyə başladı. Sonra isə bu “sədlər” dağıldı və bizə qarşı keyfiyyətcə yeni bir səviyyədə münasibət sərgilənməyə başlandı. İndi isə Azərbaycana qarşı yırtıq bir pərdə arxasından müəyyən fikirlər səsləndirmək cəhdləri var. Ermənilərin beynəlxalq təşkilatlarda bizə qarşı “tikdiyi divar” Ağdamda, Füzulidə olan hərbi istehkamlar kimi darmadağın oldu. Baxmayaraq ki, ermənilər hər iki “səddin” çəkilməsinə milyardlarla pul xərcləmişdilər.... Amma onların bu isterikaları tamamilə düzgün olmayan, fərsiz, heç bir öz məqsədinə qulluq etməyən istiqamətdə istifadə olunurdu. İndi isə tamamilə yeni bir mənzərə gündəmə gəlib.

- Ümumilikdə AŞPA rəhbərliyinin Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistana qarşı mövqeyini necə şərh etmək olar?

- AŞPA-nın baş katibi işğaldan azd olunmuş ərazilərin mina xəritələri ilə bağlı fikirlərini bildirdi. Baş katib xüsusi olaraq vurğuladı ki, əsirlikdə olan terroristlərlə hamı maraqlanır. Amma yaddan çıxmamalıdır ki, minalardan insanlar həlak olur, zərər çəkir. Eyni zamanda Azərbaycanın təqdim etdiyi sənəd də xarici deputatlar tərəfindən imzalandı. Hətta Azərbaycana qarşı hər zaman qərəzli mövqedə dayanan məruzəçi Stefan Şennıx özü təkif etdi ki, imza atmaq niyyətindədir. Bundan başqa Azərbaycan nümayəndə heyəti müxtəlif vəzifələrə dəvət olundu. Bütün bunlar isə ona dəlalət edir ki, artıq dünya birliyi də Azərbaycanla bağlı reallıqları baş düşməyə başlayır. Azərbaycanın yaratdığı reallıq ədalətli bir reallıqdır. Ədalət isə Azərbaycanın tərəfindədir.

 

Şərhlər

Çox oxunanlar