“O, mənim mərhəmətli böyüyümdür” - ONLAYN YAZAR

18.08.2015 15:15     Müsahibə     3732

“Sosial şəbəkələrdəki “inboks” bölməsi təkcə şəxsi yazışmalar üçün istifadə edilməməməlidir” deyə düşündük və bu bölmənin xüsusiyyətlərindən daha çox yararlanmaq qərarına gəldik.

Sosial şəbəkə istifadəçiyiksə və dostluğumuzda ölkənin dəyərli və gərəkli şəxsləri varsa, niyə də “inboks”la müsahibə almayaq?!

Bu gündən Reaksiya.az olaraq onlayn müsahibə rubrikasına start verdik. Rubrikamız maraqlı qarşılansa, ənənəni davam etdirərək sosial şəbəkədə aktiv olan siyasət, sənət adamları ilə görüşünüzə gələcəyik.

“ONLAYN YAZAR”nın ilk qonağı şair İbrahim İlyaslı oldu.

-Salam, ŞAİR. (Ona hər zaman böyük hərflərlə müraciət edirəm)

-Əleykum salam.

-Bu gün sizinlə onlayn müsahibə etmək istəyirəm, mümkündürmü?

-Olar.

-Başlaya bilərikmi?

-Sən sualları göndərib gözləyəcəksən, yoxsa elə dalbadal sual-cavab şəklində olsun?

-Yox, sual-cavab şəklində olsun.

-Buyurun!

-Ondan başlayaq ki, hazırda Azərbaycan ədəbiyyatı cəbhəsində  (yazar Babək Göyüşün "Ədəbiyyat cəbhəsində sakitlikdir" kitabına istinadən) vəziyyət necədir?

-Ədəbiyyatı cəbhə adlandırmağınız xoşuma gəldi. Doğrudan burası hər zaman cəbhə olaraq qalıb. Amma mən bu cəbhənin nə kəşfiyyatçısı, nə də komandanıyam. O üzdən ümumi vəziyəti dəyərləndirmək də mənlik deyil. Mən öz milliyətçi səngərimdəyəm və hərbçilərin təbiri ilə desək, cinahlarımızı möhkəmləndirməklə məşğulam.

-Necə düşünürsüz, bu cəbhəni qorumaqla görəvləndirilmiş şəxslər vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacarırlarmı?

-Qorumağa çalışırlar, deyərdim. Görəvliləri adətən çox tənqid edirlər və bu da normal haldı. Ədəbi camiədə fikir ayrılıqları normal haldır. Amma bizim qorunmaq yox, əldən getmiş qalalarımızı geri qaytarmaq zamanımızdır. Görəvlilər bax bunu hələ ki, bacarmırlar.

-Əldən getmiş qalaları qaytarmaq çoxmu çətindir?

-Qətiyyən çətin deyil. Azərbaycanın yetərincə ciddi yazarları var. Həm yaşlı, həm orta, həm də gənc nəsildən. Sadəcə mizan problemi var, mizan! Ədalətli yanaşma problemi! Meyarlar pozulub. Və ümumiyyətlə Azərbaycanın dünyada ədəbiyyat adına problemi olmayıb. Sadəcə 1 əsrdə 5 yazar yetişdirib və yetişdirəcək də. Bu ölkəmiz üçün artıqlamasıyla bəsdi.

-İbrahim bəy, bəlkə bir az da şeirdən danışaq. O seirdən ki, indi vəlilərin, dəlilərin, hətta elzaların ümidinə qalıb...

-Vəli çox böyük sözdü. Onu qırağa qoyduq. Yeri gəlmişkən, poeziyamızın ən uca zirvələrində həm ad, həm də mahiyyət mənasında VƏLİlər dayanır. Dəlilər də dəliliyində olmalıdı. O biri sözü anlamadım. Elza qadın adıdır, bildiyim qədər. İntəhası, bu ismin mətləbimizə nə dəxli var başa düşmədim.

-Elza Seyidcahan.

-O kimdi?

-Tanımırsızmı?

-Yox.

-Bəstəkar müğənni, həm də "şeir" yazır...

-Ədəbiyyata təsir etmək mümkün deyil. O boyda qızıl-qırmızı sovet imperiyasının- Allahsız hökümətin dövründə belə bizim imanlı ədəbiyatımız yarandı, duruş gətirdi. Mən bəstəkar adına, Allah can sağlığı versin, Azərbaycanda iki adam tanıyıram, dahi Arif Məlikov və hələlik sonuncu bəstəkarımız Cavanşir Quliyev...

-Çox aktiv olmasanız da belə sosial şəbəkə istifadəçisiz. Hazırda sosial şəbəkələrdə, xüsusilə də “facebook”da o qədər “şairlər” peyda olub ki... Şeir adıyla paylaşdıqları da nəzmdən başqa nəyə desəniz bənzəyir. Nəzərə alsaq ki, buradan bizi bir çox xalqın nümayəndələri də oxuya bilir, o zaman belə düşünə bilərikmi ki, Azərbaycan şeiri sosial şəbəkələrdə "öldürülür"?

-Yox... Qətiyyən belə düşünmürəm. Ciddi ədəbiyat adamları və ciddi oxucular ciddi yazarları izləyirlər. Mənim bütün Türk cümhuriyyətlərində, eləcə də Rusiyada izlədiyim şairlər, yazıçılar var. Həvəskarlarla nə işimiz var. Mənə də bəzən siz deyənlərdən rast gəlir. Oxuyub gülürəm...))) Və ötüb keçir.

-Mən konkret olaraq sosial şəbəkə oxucularını nəzərdə tuturam. Çünki ciddi şairlər sosial şəbəkələrdə şeirlər paylaşmırlar . Xarici oxucu da Azərbaycan şeirinin təkcə onlardan ibarət olduğunu düşünür.

-Rumiyyə xanım, sosial şəbəkə azad bir məkandır. Orda kim nə istəsə, paylaşa bilər. Oxunar və 5 dəqiqədən sonra unudulub gedər. Ədəbiyat üçün kriteriya deyil sosial şəbəkə. Bu qarşısı alına biləcək bir şey deyil. Kimə deyə bilərsən ki, burada zəif yazı paylaşma. Boş verin getsin.

-Şair İbrahim İlyaslı hazırda nə işlə məşğuldur? Yaradıcılıqda nə kimi yenilklər var?

-Əsasən tərcüməylə məşğulam. Altun Kitab nəşriyatının sifarişi lə Vasili Şukşinin və Fazil İsgəndərin hekayələrini tərcümə edirəm.Yay mənim fəslim deyil... Yaradıcılıq da, məhsuldarlığım da sıfır həddinə enir. Payızı gözləyirəm böyük intizarla!

-Nələr vəd edirsiz oxucularınıza? Payız kimi çoxmu saraldıb solduracaqsınız? Yoxsa yayda saralmış güllər payızda al-əlvan çiçəklər açacaq?

-Heç nə vəd edə bilmərəm. Özbaşıma deyiləm ki... İxtiyar sahibi qapılarını üzümə açsa, nəsə yazacağam. Olmasa, olacağam adilərdən biri... Amma payıza dəli bir gümanım var. O, mənim sadiq dostum və mərhəmətli böyüyümdür.

 

 

Şərhlər

Çox oxunanlar