"Şıxlinskinin ev muzeyi açılmalıdır"
18.08.2015 19:00 Müsahibə 3467
Bu gün “Artilleriyanın Allahı” adlandırılan Əli ağa Şıxlinskinin anım günüdür. Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.
Reaksiya.az Şərq qəzetinin baş redaktoru Akif Aşırlı ilə Əliağa Şıxlinskindən danışıb.
-Akif müəllim, mümkünsə ilk öncə Əliağa Şıxlinskinin Azərbaycan hərb tarixindəki rolundan danışardınız.
-Əliağa Şıxlinski Azərbaycan hərb tarixində çox möhtəşəm yeri olan şəxsiyyətdir. Onun hərb səlnaməsində göstərdiyi tarixi xidmətlər iki mərhələdən ibarətdir. Birinci mərhələ, Azərbaycanın müstəqillik əldə etməmişdən əvvəlki dövrü əhatə edir. Çar Rusiyasının tərkibində olduğu zaman Əliağa Şıxlinskinin hərbiçi kimi təkcə Çar Rusiyasının sərhədləri daxilində deyil, xaricində də kifayət qədər tanınırdı. Onun “Şıxlinski üçbucağı” adlı məşhur hərbi nəzəriyyəsi var idi. Hərbi nəzəriyyə döyüş əməliyyatlarında sıravi qoşun hissələrinin ağır toplar altında irəliləməsini təmin edirdi. Şıxlinskinin özü isə “Topun allahı” adlandırılırdı. Əliağa Şıxlinskinin xidmətlərinin ikinci mərhələsi 1917-ci ilin sonlarından başlayır. Həmin ilin dekabrında Şıxlinksi Zaqafqaziya Seimində milli müsəlman ordusunun yaradılması məsələsini real həyata keçirtdi. O, Azərbaycanda milli-müsəlman ordusunun formalaşmasında öz xidmətlərini göstərdi. Qafqaz İslam Ordusunun (QİO) tərkibində Azərbaycan hərbiçilərinə komandanlıq etdi. Sonradan Azərbaycan milli qoşun birləşmələri QİO-nun tərkibinə daxil oldu. Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın ən yaxın silahdaşlarından biri idi. Nuru Paşa Şıxlinskinin hərbi təcrübəsini çox yüksək qiymətləndirirdi və dəyərləndirirdi. QİO Azərbaycanı tərk edəndən sonra Azərbaycanda nizami ordu hissələrinin qurulmasında Əliağa Şıxlinski müdafiə nazirinin müavini kimi çox böyük rol oynadı. 1920-ci ildən sonra O, milli qüvvələrin xalq cümhuriyyətinin tərkibində hərbi quruculuq sahəsindəki işlərdə iştirakına görə həbs olundu və güllələnməsi gözlənildi. Nəriman Nərimanov 1920-ci ildə mayın 16-da Azərbaycana qayıdandan sonra Leninə məktub yazaraq onu ölümdən xilas etdi. Müdafiə naziri olmuş Səməd bəy Mehmandarovla birlikdə Moskvaya göndərdi. Bir müddət Moskvada bolşevik qoşunlarının hərbi qüvvələrinin, ordu quruculuğunun formalaşmasında, təlimlərində iştirak etdi. Bir müddət sonra Azərbaycana geri döndü, ordu quruculuq işlərində fəaliyyətini davam etdirdi.
-Əliağa Şıxlinski Azərbaycanda ilk dəfə hərbi tərcüməçilik işi ilə məşğul olub. Bununla bağlı nə deyə bilərsiz?
- Şıxlinski 1923-cü ildən sonra rusca-türkcə hərbi terminləri tərcümə edərək lüğət halına salıb və kitab şəklində çap etdirib. Bu Azərbaycan hərbi tərcüməçilik sahəsində ilk iş idi. Görün Şıxlinski Azərbaycan dilini nə qədər zəngin bilirdi ki, tərcümələr belə edirdi. O, həmçinin rus ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.
- Azərbaycan xalqı Əliağa Şıxlinskiyə layiq olduğu qiyməti verə bilibmi?
- Çox təəssüf ki, yox. Düzdür, Şıxlinskinin adı müəyyən qədər əbədiləşdirlib. Səhv etmirəmsə Şıxlinski adına küçə var, hərb muzeyində onunla bağlı eksponatlar yerləşdirilib. Ancaq bunlar kifayət qədər deyil. Onun, nəinki Azaərbaycan hərb tarixində, dünya hərb tarixində belə rolunu müəyyənləşdirəcək işləri görə bilməmişik. Fəaliyyəti Şəmistan Nəzirli tərəfindən müəyyən formada publisistik tərzdə qələmə alınıb. Ancaq lazımdır ki, peşəkar hərb tarixçiləri, hərbi jurnalistlər, tərəfindən Şıxlinski kimi hərbiçilərin fəaliyyəti geniş şəkildə təhlil olunsun, öyrənilsin. Şıxlinskinin hərbi bilik və bacarığını, döyüş taktikalarını, hərbi biliklərini çap etdiyi kitabı zaman keçməsinə baxmayaraq hərb tariximizin səlnaməsi kimi bizə lazımdır. Bu baxımdan Əliağa Şıxlinskinin adının daima uca tutulması lazımdır. Hesab edirəm ki, ya Bakıda, ya da Qazaxda Əliağa Şıxlinskinin adına muzey yaradılmalıdır. Ev muzeyi olsa daha yaxşı olar, onun xatirələri toplanar.
- Əliağa Şıxlinski həm də gözəl şeirlər yazıb. Ancaq təəsüf ki, bizə çox az hissəsi gəlib çatıb.
- Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir, qızının övladıdır. Sözsüz ki, şairlik istedadı nəsildən gələn qabiliyyət olub. Təssüflər olsun ki, onlar bizim əlimizdə yoxdur. Onun şeirlərinin, əsərlərinin çapı ilə Şəmistan Nəzirli müəyyən qədər məşğul olubdur. Mərkəzi tarix arxivində çalışdığım zaman Şıxlinski ilə bağlı xeyli sənədlərə rast gəldim. Həmin sənədlərin çoxu bizim elmi dövriyyədə yoxdur. Bununla ciddi şəkildə məşğul olan insanlarımız lazımdır. Və bizim elmi tədqiqat institutlarımızda Şıxlinskinin fəaliyyəti ilə bağlı nəinki namizədlik, doktorluq işləri yazılmalıdır.
-Şıxlinskinin fəaliyyəti ilə yanaşı çox maraqlı həyatı olub. Həyat yoldaşı ilə dastan olacaq bir eşq yaşayıb. Bu barədə də danışardınız, mümkündürsə?
- O, Qafqaz müftisi Hüseyn Əfəndi Qayıbovun qızı Nigar xanım ilə evlənmişdi. Onun Nigar xanımla yaşadığı sevgi böyük bir ədəbiyyat faktıdır. Tiflisdə hərbi gimnaziyada təhsil aldığı zaman Nigar xanımı sevmişdi və sonradan uzun hərb yolçuluğuna başlamışdı. Geri dönəndən sonra Nigar xanımın evləndiyini, ailə qurduğunu görüb daha evlənməmişdi. Sonradan tale qismət elə gətirmişdi ki, Nigar xanımın həyat yoldaşı dünyasını dəyişir və Şıxlinski Nigar xanımla ailə qurur. Tale onları yenidən bağlayır. Hər ikisi də son günlərinə qədər Azərbaycan üçün çox böyük xidmətlər göstərir.
Şıxlinski ilə Nigar xanım məhəbbəti çox saf məhəbbət idi və övladlarının olmasına baxmayaraq son günlərinə kimi o məhəbbət yaşadı. Onun həyatı öyrənilməli, bununla bağlı romanlar yazılmalıdır.
-Bəzi insanlar Şıxlinskinin xidmətlərini kölgədə qoyaraq generala yaraşmayan ifadələr səsləndirirdilər. Onu Çar Rusiyasına xidmət etməkdə, döşündə “Georgio” ordeni gəzdirməkdə ittiham edirdilər. Səslənən həmin fikirlərlə bağlı nə deyə bilərsiz?
- Nigar xanımın ölümündən sonra Əliağa Şıxlinskinin vəsiyyətləri oldu. Qaynı Bahadurağa Qayıbova yazdığı vəsiyyətnamənin özü də çox böyük ibrətamiz sənəddir. O vəsiyyətnaməsində qeyd edir ki, mənimçün elə təmtəraqlı məzar düzəltməyin, mənimçün verəcəyiniz ehsanı yetimlər üçün verin, məni şəriət qaydalarına uyğun olaraq bir ağa büküb dəfn edin. Vəsiyyətnaməyə nəzər saldıqda görünür ki, o, islama çox böyük qiymət verib. Şıxlinskinin dünya nemətlərində gözü olmayıb.
Şərhlər