Rusiya Qarabağ kartından imtina edir, planı budur - AÇIQLAMA
09.12.2021 15:29 Müsahibə 845
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr Soçi görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində real addımların atılması yönündə bir dinamika müşahidə edilməkdədir. Artıq İrəvan sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, postmünaqişə dövründə regional əməkdaşlıqla bağlı “3+3” formatındakı əməkdaşlıq platforması istiqamətində bir canlanma var. Dekarbrın 10-da “3+3” formatı çərçivəsində bu layihədə iştirak edəcək ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk iclas keçiriləcək. Soçi görüşünü yekunu və 15 dekabr Brüssel görüşü öncəsi yaranmış durumla bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun mövqeyini öyrəndik.
Reaksiya.az olaraq Sabiq XİN başçısı Tofiq Zülfüqarovun Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu nizamlanması istiqamətində gedən son danışıqlar prosesi ilə bağlı “Ölkə.Az”a verdiyi müsahibəsini oxucularımıza təqdim edirik.
- Soçi görüşündən sonra və Brüssel görüşü öncəsi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar prosesində bir canlanma müşahidə olunmaqdadır. Bunun nə ilə izah edərdiniz?
- Soçi görüşünün nəticələri Ermənistan üçün elə də əlverişli deyil. Bu baxımdan biz son günlərdə davamlı iclasların, diskussiyaların keçirildiyinin şahidi oluruq. Çünki Ermənistan hələ də 10 noyabrda imzaladığı sənəd nəticəsində üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirmir. Ermənistanı indi daha ciddi narahat edən məsələ sərhəd məsələsidir. Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün hər vəchlə çalışır ki, Azərbaycanla Ermənistan sərhədinə hansısa xarici ölkənin hərbi qüvvələri yerləşsin. Ermənistan ictimaiyyəti Rusiyaya o qədər də etimadı olmadığından rus hərbçilərinin gəlməsində maraqlı görünmürlər. Onlar düşünür ki, ruslar sərhəddə gələrsə, təhlükəsizlikləri tam təmin olunmayacaq. O baxımdan köhnə problem yenidən daha qabarıq formada gündəmə gəlib. Odur ki Ermənistan indi dilemma qarşısında qalıb. Gələcəkdə hansı siyasəti həyata keçirsinlər. Ya 30 ildə olduğu kimi rusiyapərəst siyasəti davam etdirmək, yaxud da qərbyönümlü siyasətə keçmək layihəsini tamamlamaq. İndki dinamikanı bununla izah etmək olar.
- Yəni Ermənistanın Rusiyadan imtinası mümkündürmü?
- Hesab edirəm ki, Ermənistan üçün bu mövzu potensial təhlükədir. Onların iqtisadi, siyasi maraqları Qərblə olsa da, təhlükəsizliyin təmin olunması məsələsinin həllini Rusiyadan gözləyirlər. Lakin Qərbdən Rusiyanı əvəz edə biləcək qüvvə çıxacaqsa, Ermənistan ona razılıq verə bilər və Rusiyadan tam imtina edə bilər. Bu da çox təhlükəlidir... Proseslər bu istiqamətdə cərəyan edir.
- Ermənistanın bu ikibaşalı oyunu və əksqütblü güclərin marağını bir araya gətirmək nə dərəcədə realdır. Bu mümkündürmü? Hansı nəticələrə gətirib çıxara bilər?
- Birincisi, bu qüvvələrin maraqlarını uzlaşdırmaq mümkün deyil. İkincisi, onların qərbyönümlü istəklərinin də təbii əsasları var. 30 il Rusiya himayəsində olan Ermənistan bu müddət ərzində ancaq böhran içində yaşadı. İqtisadi və demoqrafik durum çox ağır böhranlı vəziyyətdədir. Yaxşı başa düşürlər ki, gələcəklərini Rusiyaya bağlasalar, birmənalı şəkildə Ermənistan dövlətçiliyinə çox böyük təhlükə olacaq. Ona görə də ümidləri Qərbədir. Bir daha təkrar edirəm təhlükəsizliyin təmin olunmasında Rusiyaya, gələcək əlaqələr baxımından Qərblə əməkdaşlığa üstünlük verirlər. Bu da çox təhlükəlidir.
Rusiya isə çalışır ki, Ermənistan daha çox onlardan asılı vəziyyətə düşsün. Amma ermənilər onlara etibar etmir. Digər tərəfdən isə ermənilər görür ki, Rusiya bu gün daha çox Azərbaycan və Türkiyə ilə əməkdaşlığa daha çox üstünlük verir. Bu istiqamətdə əlaqələri sürətlə inkişaf edir. Türkiyənin regionda artan mövqeyini görür. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın üzləşdiyi geopolitik vəziyyət çox gərgindir.
- Belə çıxır ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı tələskənliyi bununla bağlıdır?
- Artıq mühaşidə edirsinizsə, son vaxtlarda danışıqların dinamikası daha çox Zəngəzur dəhlizi və sərhəd məsələsi istiqamətində gedir. Qarabağ məsələsi arxa plana keçib. Əsas toqquşma meydanı indi Azərbaycan ərazisində yox, Ermənistan ərazisindədir. Zəngəzur dəhlizi mövzusu hesab edirəm ki, burada ən mühüm rol oynayır. Çünki 10 noyabr sənədində bu məsələ əksini tapıb. Düzdür konkret dəhliz ifadəsi qeyd olunmasa da, mənası elə dəhliz deməkdir. Bu dəhlizə də Rusiya sərhədçiləri nəzarət edəcək. Bax Ermənistanı narahat edən digər və ən vacib məsələ dəhlizə rusların nəzarət etməsidir. Artıq onlar yaxşı başa düşür ki, ən ciddi məsələni əllərindən veriblər.
Azərbaycanın mövqeyinə gəldikdə isə onu deyə bilərəm ki, 10 noyabr sənədi adi sənəd deyil. Bu kapitulyasiya sənədidir. Müharibədə məğlubiyyətə uğrayan dövlət üzərinə öhdəliklər götürüb. Onu yerinə yetirmək məcburiyyətindədir. Bu adi danışıqlar nəticəsində əldə edilən razılıq deyil ki, istəsən həyata keçirəsən və ya imtina edəsən. Bu belə deyil. Azərbaycan bu məsələdə israrlıdır. Hesab edirəm ki, Azərbaycanın məqsədlərinə nail olmaq üçün imkanları böyükdür.
-Yəni dəhliz açılacaq və bu, artıq zaman məsələsidir. Bəs dəhlizin açılması məsələsində Rusiyanın digər strateji hədəfləri ilə əlaqədardır?
- Zəngəzur dəhlizinin reallaşmasında Rusiyanın öz maraqları var. Görünən məqsədlərdən biri odur ki “Şimal-Cənub” dəhlizi tezliklə işlək vəziyyətə gətirilsin. Bu dəhliz Rusiyanın strateji maraqlarından biridir. Çünki Rusiya müharibədən öncə də bu layihənin reallaşması istiqamətdə aktiv fəaliyyət göstərib. Bununla bağlı Azərbaycan, Rusiya və İran liderlərinin bir neçə dəfə görüşləri də keçirilib. Orada “Şimal-Cənub” dəhlizinin reallaşması müzakirə olunub və konkret qərarlar qəbul edilib. Bir sözlə, Rusiyanın burada siyasi, iqtisadi və geopolitik maraqları var.
İkinci əsas məsələ isə Zəngəzur dəhlizinin işə düşməsi ilə Ermənistan Rusiyadan daha çox asılı vəziyyətə düşəcək. Bu yolla Rusiya Ermənistana daha asan vasitə ilə təsir etmək istəyir.
Çünki Rusiyaya Zəngəzur dəhlizinə, sərhədlərə nəzarət vasitəsi ilə təsir mexanizmi Qarabağdakı erməniləri əlində saxlamaqdan daha asan və rahatdır. Ona görə də Qarabağ erməniləri məsələsi ruslar üçün aktuallığını itirməkdədir. Rusiya Qarabağ erməniləri kartından istifadə edərək bölgədə Ermənistana təsir etməsi çox bahalı, mürəkkəb və çətindir. Rus sülhməramlılarının olmasına baxmayaraq Qarabağdakı ermənilər orada yaşamaq istəmir. İmkan düşən kimi qaçmağa çalışır. Digər tərəfdən ermənilərə orada normal yaşayış şəraiti yaratmaq üçün geniş imkanlar yoxdur. Qarabağdakı ermənilər də artıq siyasi oyunların qurbanı olmaq istəmirlər. Bundan əlavə orada 2 min hərbçini saxlamaq var. O baxımdan oradan köçməyə çalışırlar. Rusiya da bunu yaxşı görür və başa düşür. Ona görə də digər təsir vasitələrinə əl atır. Bu baxımdan Zəngəzur dəhlizi və digər məsələlərdə Rusiyanın mövqeyi Azərbaycanın mövqeyi taktiki baxımdan üst-üstə düşür.
- Bu isə o deməkdir ki, Azərbaycanın uğurlu taktikası nəticəsində Qarabağ arxa plana keçməklə öz əhəmiyyətini maraqlı qüvvələr üçün itirir. Daha doğrusu, diqqəti Zəngəzur dəhlizinə, sərhədlərin müəyyənləşdirilməsi, Ermənistanın təhlükəsizliyi məsələsinə yönəltməklə Qarabağ məsələsi arxivə keçir. Bu isə onu deməyə əsas verir ki, rus sülhməramlılarının da Qarabağda qalması uzun sürməyəcək.
- Bir daha qeyd edirəm ki, Qarabağda erməni kartından istifadə etmək mürəkkəb və bahalı siyasi layihə olmaqla, mürəkkəb idarəetmə formasıdır. O baxımdan Rusiya da Qarabağ məsələsinin arxa plana keçməsində maraqlıdır. Sadəcə, qısamüddətli taktik baxımdan ondan istifadə edir.
Biz məsələlərə taktiki və strateji baxımdan yanaşmalıyıq. Strateji məqsədlərə nail olmaq üçün taktiki gedişlərdən istifadə olunur. Azərbaycanın strateji hədəfləri bəllidir. Bunlar Qarabağda Azərbaycanın tam şəkildə suverenliyini təmin etmək, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi, Ermənistanda Zəngəzur və Göyçə mahallarında tarixi ədalətin bərpası və sair.
İndiki mərhələdə hesab edirəm ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəlkə də bizim strateji maraqlarımızla uyğundur.
- Bəs 15 dekabr Brüssel görüşündən gözləntiləriniz... Soçiyədək Brüssel görüşü də effektli ola bilərmi?
- Birincisi, Brüssel görüşü bu məsələ üçün normal danışıqlar formatı deyil. Orada Avropa İttifaqının bu və ya digər formada bölgədə maraqlarını və proseslərdə iştirakını təmin etməkdir. Ona görə də belə bir görüş təşkil edilir. İkincisi, Aİ-nin Şərq tərəfdaşlığı proqramı var və hər iki ölkə bu proqramın iştirakçısıdır. Üçüncüsü, Brüsseldə əsas gündəm Ermənistan-Azərbaycan məsələsi yox, Ukrayna olacaq. Brüssel görüşündə daha çox humanitar və maliyyə yardımı məsələləri müzakirə olunacaq.
Şərhlər