Azərbaycanda ərzaq məhsulları niyə bahalaşır?
19.08.2015 15:55 Müsahibə 4146
Azərbaycanda ərzaq məhsulları niyə bahalaşır? Xəbər verildiyi kimi, bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırır. Məlumata görə, artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb.
Ərzaq məhsullarının qiymət artımının arxasında duran səbəblər barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Reaksiya.az-a müsahibə verdi.
- Ərzaq məhsullarında qiymət artımı gözlənilən idi mi?
- Qiymət artımı gözlənilən idi. Və bu haqda bir müddət əvvəl demişdik. Azərbaycan ərzaq mallarına olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir. Yəni istehlak etdiyimiz ərzaq mallarının, kənd təsərrüfatı məhsulların əksəriyyəti digər ölkələrdən gətirilir. Xaricdən alınan qida məhsulları isə dollarla alınır. Dollarla alınmasa da dolların kursu ilə hesablanır. Azərbaycan manatının devalvasiyası qiymətlərin artımının əsas səbəblərindən biridir.
- Devalvasiya bu il fevralda baş verib. Niyə üzərindən 6 ay keçdikdən sonra qiymətlər artırılır bəs?
- Manatın devalvasiyasından sonra sahibkarlar gətirdikləri məhsulun qiymətini qaldırmağa çalışsa da hökümət bunun qarşısını bir müddət ala bildi. Lakin qiymətləri daimi olaraq əvvəlki səviyyədə saxlamaq mümkün olmadı. Ona görə ki, xaricdən dollarla alınan ərzaq malları devalvasiyadan sonra əvvəlkindən fərqli laraq manatla hesabladıqda sahibkarlara baha başa gəlir. Baha aldıqları üçün də qiymətləri artırmalı olurlar. Devalvasiyadan sonra anbarlarda qalan məhsullar bir müddət köhnə qiymətlərlə satıldı. Lakin yeni idxal olunan məhsullar artıq yeni qiymətlə təklif olunmalı idi.
“Unun və ərzaq buğdasının qiyməti təcili aşağı salınmalıdır”
- Ərzaq məhsullarının əksəriyyətində qiymət artımı neçə faizə qədər ola bilər?
- Bunu konkret demək mümkün deyil. Hər mal qrupunda qiymət artımı fərqli olur. Elə məhsullar var ki, nisbətən baha qiymətə əldə olunub, buna görə də baha satılır. Lakin elə məhsullar da var ki, heç onların qiymətlərində artım olmayıb, əksinə aşağı düşüb, bu da nəzərə alınmalıdır. Ümumiyyətlə bizim bazarlarda ərzaq malları hər zaman dünya bazarındakı qiymətlərə fərqli olaraq baha təklif olunur. Məsələn: yüksək keyfiyyətli ərzaq buğdasının qiyməti dünya bazarında 169-175 dollar arasında dəyişsə də, Azərbaycanda keyfiyyəti aşağı olan buğda 250 dollara təklif olunur. Bizdə qiymətlər süni şəkildə artırılır. Bu gün ərzaq buğdasının, unun qiyməti dünya bazarında mövcud olan qiymətə uyğun olaraq müəyyən edilməlidir . Bu gün dunya bazarında unun bir tonu 200 dollar olduğu halda Azərbaycanda iki dəfə bahadır. Unun qiyməti təcili olaraq aşağı salınmalıdır. Unun qiymətinin yüksək olmasına heç bir iqtisadi əsas yoxdur. Hansı məhsulların qiymətləri dünya bazarlarında da artır, həmin məhsulların qiyməti 5-10 % arta bilər.
"Bir məhsulun qiyməti qalxdısa, hamısının qiymətini qaldırmağa çalışırlar".
- Qiymətlər necə tənzimlənməlidir?
- Təbii ki, qiymətlər bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənməlidir. Azərbaycanda elə bir mühit yaranıb ki, hər hansı bir adda məhsulun qiyməti qalxanda, digər məhsulların qiymətlərini də həmin anda qaldırırlar. Ümumiyyətlə ölkə əhalisinin alıcılıq qabiliyyəti azalıb. Həm neftdən glən gəlir azalıb, həm Rusiyadan gələn valyuta 50% azalıb. Əhalinin alıcılıq qabilliyyəti azalıbsa, demək, tələb azalıb. Tələb azalıbsa, deməli qiymətlər də enməlidir. Bazarın qaydası budur .Amma biz bunun əksini müşahidə edirik, bizdə tələb azaldıqca qiymətlərı artırırlar.
- Qiymət artımının aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
- Ən birinci, ölkənin daxili istehsalı artırılmalıdır. İkincisi, rəqabət mühiti formalaşdırılmalıdır ki, qiymətlər ensin və dünya bazarlarındakı qiymətlərə uyğun olsun.
Şərhlər