Qazi intiharları cəmiyyətin vicdanını yaralayır... - Sabiq Baş nazir hökumətə səsləndi

24.05.2022 14:27     Müsahibə     717

Müxtəlif vaxtlarda vətəndaşların məmurlardan şikayət etməsi, onların vəzifələrini layiqli yerinə yetirməməsi ilə bağlı xəbərlərə rast gəlirik. İnsanlar məmurların xalqı hökumətdən sanki narazı salmağa çalışdığını deyir.
 
 
Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseyn məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.
 
Onun sözlərinə görə, bu, hökumətin məmurlar üzərində nəzarətinin qüsurlu olmasının nəticəsidir:
 
 
 
“Problemi ayrı-ayrı məmurların şəxsi keyfiyyətində axtarmaq doğru deyil. Hökumət öz siyasətində dəyişiklik edərsə, xalqa doğru addımlar atarsa, bu, dərhal məmurların fəaliyyətində də öz əksini tapar. Burada əsas günah, məsuliyyət hökumətin özündədir”.
 
Sabiq baş nazir icra hakimiyyətlərinin fəaliyyətinə də diqqət çəkib:
 
“İcra hakimiyyəti sistemi dövrün tələblərinə cavab vermir. Hökumət yerli idarəetmənin bütün xarakterini, sistemini dəyişməlidir. Yerli idarəetmə seçkili əsaslarla qurulmalıdır. Yerli icra hakimiyyəti orqanları idarəetməyə artıq zərər verir. Bu sahədə ciddi islahata ehtiyac var. Müxtəlif vaxtlarda məmurlar dəyişsə də, vəziyyət dəyişmir. Problem siyasi idarəçilik sistemininin özündədir”.
 
P.Hüseyn qazi intiharları ilə bağlı məsələyə də toxunub:
 
“Qazi intiharları çox narahatlıq doğuran haldır. Müharibədən sonra belə halların olması gözlənilən idi. Azərbaycanda reabilitasiya mərkəzləri yaradılıb, amma bu kifayət etmir. Müharibənin psixoloji təsirləri nəticəsində ciddi problem kimi dünyanın müxtəlif ölkələrində də bu hallar müşahidə olunur. Lakin müstəqil bir hal kimi bu məsələ diqqət mərkəzinə gətirilməlidir. Lazım olarsa, xarici ölkələrdən təcrübəli mütəxəssislər cəlb olunmaldır ki, bizdə mütəxəssislər hazırlasın. Digər tərəfdən, şübhəsiz ki, intiharlar qazilərin problemlərinə biganəlikdən irəli gəlir. Qazilər diqqətdən kənarda olamasa da, faktlar da göstərir ki, onların problemlərinin həllinə daha həssas yanaşmaq lazımdır. Sayından asılı olmayaraq, hər bir qazi intiharı cəmiyyətin vicdanını yaralayır. Buna kompleks yanaşmaya ciddi ehtiyac var. Məsələnin siyasiləşməsinin tərəfdarı deyiləm. Bu bizim hamımızın ümumi problemidir”.
 
Reaksiya.az

Şərhlər

Çox oxunanlar