"Mən özümü şəhid bilirəm" - Kəmalə Rəhimlinin etirafı - FOTOLAR
20.08.2015 14:42 Müsahibə 6079
“Sızıldayan bir simdir o,
Ovsunlandım, tilsimdir o,
Bu hüsn ilə hər kimdi o,
Qiyamətdir, Allah, Allah!”.
Bu sözlər müğənni Kəmalə Rəhimlinin oxuduğu "Allah, Allah" mahnısındandır.
Elə bu gün Reaksiya.az olaraq onunla həmsöhbət olmaq qərarına gəldik.
Məlahətli səsi ilə yanaşı, ecazkar gözəlliyi ilə də çoxlarının sevgisini qazanmış Kəmalə Rəhimli.
İndi efirlərdən qeybə çəkilsə də qəlblərdə həmişəlik məskən salmış gözəl xanım.
-Salam, Kəmalə xanım. Necəsiz?
-Salam. Sağ olun.
-Mümkün olsaydı, bir az dərdləşərdik.
-Mümkünsüz heç nə yoxdur.
-Kəmalə xanım, haralardasız? Düşünmürsüzmü ki, çox intizarda saxladınız tamaşaçılarınızı?
-Azərbaycandayam, evimdə. Nə deyim axı, gərək məni arasınlar, canım! Amma ki, maşallah, aləm dəyib bir-birinə. O qədər oxuyan var ki. Hamı da özünü 20 ilin oxuyanı kimi təqdim edir. Ancaq mən heç onları tanımıram. O oxuyanların arasında mən olmasam, elə yaxşıdır.
-Düzdür, sizi axtarmalıyıq. İnciksizmi buna görə?
-Kim olsa inciyər. Ümumiyyətlə, mən özümdəm incimişəm. Amma bu barədə heç danışmaq istəmirəm.
-Kəmalə xanım, kənara çəkilməklə meydanı istedadsızlara verdiyinizi fikirləşmirsiz ki?
-Belə getməyəcək deyə düşünürəm. Hər halda ələnmə gedəcək, ancaq yaxşılar qalacaq üzdə.
-Yaxşılar varmı ki? Axı yaxşılar da sizin kimi kənara çəkilib izləmə mövqeyində dayanıblar. Halbuki biz onları arenada görmək istəyirik.
-Yox, yaxşıları da var və yaxşı da olmalıdılar. Çünki indi onlar üçün hər cür şərait yaradılıb. Deyərdim ki, bu zəmanədə yaşadıqları üçün xoşbəxtdirlər. Altlarında kondisionerli maşınlar, dəbdəbəli hotellər, güclü səsgücləndiricilər, fonoqramalar. Dövlət də çox yaxşı qiymətləndirir onları. Hələ aldıqları yüksək qonorarları demirəm... Sağlıqlarına qismət. Çünki ondan dolayı xoşbəxtdirlər. Amma biz yazıqlar... Neyləyə bilərik, qismətimiz beləymiş, yəni mənim qismətim. Mən dövlətin də yadından çıxmışam... Üzdə qalmaq üçün külli miqdarda pul lazımdır. O da məndə yoxdur, qızım. Aldığım təqaüdü bilmirəm ki, neçə yerə bölüm. Mənzilimin kommunal xərclərini güclə ödəyirəm. İndi bu sözləri deməyi özümə heç yaraşdırmıram. Qızım, mən böyük ziyalı nəslin nümayəndəsiyəm. Atamın dayısı və dörd əmim 1937-ci ildə represiya qurbanı olub. Əmim Yusif Rəhimli ilk beynəlxalq hüquq fakültəsinin banisi olub. Həyatımından gileylə danışmaq nə özümə, nə də nəslimə yaraşmır. Ancaq yalandan da deyə bilmərəm ki, cah-cəlal içində yaşayıram, hər şey qaydasındadır.
-Bir ara səhhətinizdə yaranmış problemlə yaman narahat etdiniz bizi. İndi necəsiz?
-İndi də elə həkimlərdəyəm. Çünki zamanında canımı çox incitmişəm. İndi qeydinə qalıram ki, ölməyim. Hər an ölümlə üzləşirəm. Şəkillərimi “Facebook”a yerləşdirirəm ki, başıma bir iş gəlsə, yadigar qalsın. Jurnaslitlər gələcəkdə istifadə edə bilsinlər. Qaynanamın şəkillərini hər dəfə jurnalistlər alıb apardılar, ancaq geri qaytarmadılar. Bu il onun 90 illiyi idi, bir şəklini tapa bilmədim. İndi yaşamağa stimulu, ancaq məni sevənlərdən alıram. O qədər gözəl sözlər deyirlər ki, adam yaşamağa davam etmək istəyir.
-Bəlkə elə həmin jurnalistlərə buradan səslənək ki, apardıqları şəkilləri sizə qaytarsınlar?
-Bir xanım var, şəkilləri o alıb. İndi də deyir ki, itirmişəm. Belə şeymi olar?! O vaxt istədin, mən də imtina edə bilmədim. İndi də itirmişəm, deyirsən. Kimə inanacığını bilmir adam…
-Kəmalə xanım, indiki müğənnilər arasında dinlədiyiniz varmı?
-Maşallah, indi elə gözəl şərait var ki, oxuya bilməyənlərin də səsini gözəlləşdirirlər. Adları xatirimdə qalmasa da cavanlarlardan canlı oxuya bilənlər var. Eltonun ifasını bəyənirəm.
-Bilirik ki, bu sənətdəki gözəl qadınlardan biri olmusuz. Çoxları da gözəlliyinizin məftunu olub. TV proqramlarının birində “kaş ki, gözəl bəxtim olaydı” dediyinizi eşitmişdim…
-Qızım, qurban olum Allaha. Hər şeyi mənə canımı ala-ala verib. Mən hərtərəfli gözəllik arzu edirəm. Tək simanın gözəl olmasını yox.
-Balanız necədi, evləndirmisinizmi?
-Bəli, evləndirmişəm. Allah bütün subaylara toy-nişan qismət etsin, xoşbəxtlik nəsib etsin! Oğlum görürdü ki, səhhətim tez-tez pisləşir. “Anama bir şey olar toyumu görə bilməz” deyib evləndi.
-Tanrı Kəmalə Rəhimliyə hər şey verdi. Gözəl sima, gözəl səs, gözəl ailə. Ancaq nədənsə heç biri gözəl sonluqla bitmədi, hamısı yarımçıq qaldı. Heç olmazsa xoşbəxt ana ola bildinizmi?
-Xoşbəxt ana olduğumu bundan sonra biləcəyəm. Tanrı yarımçıq qalmış xoşbəxtlikləri gəlinimdən görməyi mənə nəsib etsin.
-Kəmalə xanım, səhnədə olduğu müddətdə həyatının mahnısını oxuya bildimi? Yoxsa o mahnını yazan olmadı?
-Mən bütün mahnılarıma sevgimi, ürəyimi parçalayıb vermişəm. Mənə deyirdilər ki, bu qədər ürəklə oxuma. İndi də ürəklə oxuyan görəndə ürəyim ağrıyır.
-İndiyə qədər hansısa gözlədiyiniz sual olubmu ki, hələ verilməyib sizə?
-Heç kim soruşmayıb ki, nədən şəkər xəstəliyinə tutulmuşam.
-Bəlkə elə cavabını da verəsiniz?
-20 ildir şəkər xəstəsiyəm artıq. Bu sənətdə o qədər qorxular çəkmişəm ki. Üzərimə nə qədər hücum çəkənlər olub.Türkiyəyə festivala gedəndə PKK-çıların silahlı hücumuna belə məzruz qalmışıq. Həmin andakı həyacanlar, dəfələrlə maşın qəzaları, daha nələr, nələr… Mən özümü şəhid bilirəm. Bu sənətin qiyməti verilməmiş şəhidi!!! Hər şeyi özünüz yaxşı bilirsiz, əminəm. Ancaq yenə də Allahdan ümidimi üzmürəm!
Şərhlər