“RUSİYANIN QARABAĞDA YENİ AVANTÜRALARI İLƏ ÜZLƏŞƏ BİLƏRİK” - “Görüşlərin birində Putin Paşinyana deyib ki, sən kimsən Qarabağın...”

07.06.2022 18:04     Müsahibə     707

Qabil Hüseynli: “Moskva Qarabağda ikinci cəbhə açmağa, Ermənistanda da dövlət çevrilişinə cəhd edir”

“Azərbaycan nəyə görə öz siyasi məkanını Rusiyanın zəhərlə yoğrulan informasiya vasitələrinin sərəncamına verməlidir?”

Rusiyanın Qarabağ və ümumilikdə regionla bağlı siyasətinin dəyişmədiyini görürük. Son olaraq qondarma separatçı qurumun nümayəndəsi Artak Beqlaryanın Rusiya dövlət agentliyinə çıxarılmasi, onun dili ilə müəyyən mesajlar verilməsi də bunu təsdiq edən faktlardan biridir. Müşahidələr deməyə əsas verir ki, Ukraynada dalana dirənən, beynəlxalq tədric vəziyyətinə düşən Rusiya rəhbərliyi hər şeyə rəğmən özünün imperiya ambisiyalarından imtina edə bilmir.

“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib:

- Qabil müəllim, separatçıların sözdə “dövlət naziri” olan Artak Beqlaryanın “RİA Novosti” agentliyinə müsahibəsi ötən həftənin ən diqqətçəkən hadisələrindəndir. Sizcə, hansı səbəblərdən separatçılar Rusiyanın dövlət agentliyinə çıxarılır və Azərbaycan əleyhinə danışdırılır? Bu prosesin görünməyən tərəfləri nədən ibarətdir?

- Əslində, indi Qarabağda hansısa ciddi hadisə baş vermir. Sadəcə olaraq, orada prosesləri üçüncü dövlət fəallaşdırmaq istəyir. Bu məqsədlə Rusiya özünün ən böyük dövlət agentliyinin - “RİA Novosti”nin qapısını dediyiniz Beqlaryana açır və bu şəxs də danışmağa başlayır. Əslində, onun dedikləri Moskvada hazırlanıb və ortaya qoyulub. Moskvada hazırlanan həmin müsahibə dediyim agentlik vasitəsilə ictimai rəy yaratmaq məqsədilə sözdə “Qarabağ respublikası” adından tirajlanır. Bu, siyasi baxımdan avantürist plandır.

Belə görünür ki, Moskva dünənə qədər sadəcə, sülhyaratma prosesində Ermənistana müəyyən təlimatlar göndərirdisə, indi bir qədər də qabağa gedərək bölgədə pesvdo müstəqil dövlətin yaradılması ideologiyası və təcrübəsini özündə ehtiva edəcək müsahibəni tirajlayır. Moskva bununla sərhədləri keçir, bölgədə gərginlik yaratmaq üçün əlində olan imkanları işə salmağa, onlardan sui-istifadə etməyə çalışır.

Moskva anlayır ki, onun bölgədəki arzuları - ikinci bir erməni dövlətinin yaradılması baş tutan sevda deyil. Buna nə beynəlxalq hüquq, nə də bölgədəki qüvvələr imkan verməyəcək. Amma yenə də, Ukraynaya qarşı necə amansızlıqla hərəkətlərini davam etdirirsə, burada da biz görürük ki, separatçıların vasitəsilə qondarma dövlət yaratmaq təcrübəsini həyata keçirmək naminə təxribatları işə salmağa çalışır, sanki bunun anonsunu verir.

Bütün bunlar düşünməyə əsas yaradır ki, gələcəkdə biz Rusiyanın bölgədə yeni avantüraları ilə üzləşə bilərik. Amma Rusiya bu məsələdə yanılır. Çünki bölgənin Türkiyə, Azərbaycan kimi dövlətləri var. Sözsüz ki, Rusiya qəlbində bəslədiyi belə fikirləri reallığa çevirə bilməyəcək.

- Deyirsini ki, ruslar Qarabağda aranı qarışdırırlar. Amma hazırda Rusiya beynəlxalq təcrid vəziyyətindədir, üstəlik onun Ukraynada resurslarını tükəndirməyə çalışırlar. Belə bir vəziyyətdə Moskva Qarabağda nəyə nail olacağını düşünür?

- Belə təsəvvür yaranır ki, ruslar nə etdiklərini özləri də bilmirlər. Onların Ukraynada etdikləri, xüsusilə, müharibənin dayandırılması sahəsində kənardan olan təklifləri qəbul etməmələri, müharibəni davam etdirmək siyasəti onu deməyə əsas verir ki, Rusiya bir nəfərin iradəsi ilə idarə olunur. Bu şəxsin də iradəsi ölçülüb-biçilmiş, adekvat deyil və rus xalqının arzularını ifadə etmir. Əksinə, bütün bunlar rus xalqına və rus dövlətçiliyinə qarşı çevrilir. Əgər, belə olmasaydı, indi Rusiya Qarabağda ikinci cəbhəni açmağa cəhd göstərməzdi. Eləcə də Ermənistanda dövlət çevrilişi etməyə çalışmaz, İrəvanda “Qarabağ klanı” adlandırılan kriminal qrupu fəal müdafiə etməzdi. Üstəlik də bizə qarşı açıq-saçıq formada “Qarabağ bizimdir” şüarını ortaya atmazdı.

Məsələn, görüşlərin birində Putin Nikol Paşinyana deyib ki, sən kimsən Qarabağın Azərbaycana aid olduğunu deyirsən, ora bizimdir və onun taleyi ilə biz məşğul olacağıq. Bütün bunlar onu göstərir ki, Rusiya müəyyən mənada dəliliyə, ağılsızlığa söykənən siyasət yeritməkdədir və bu siyasətin nəyə gətirib çıxaracağını düşünmədən onu inadla həyata keçirməkdə davam edir. Amma Ukraynada onlar “qayaya dirənib” və bundan sonra başlarına nələrin gələcəyini söyləmək çətindir. Bu siyasətlə onlar Cənubi Qafqazda ciddi problemlə baş-başa qala bilərlər. Çünki bu saat faktiki olaraq Rusiya həm hərbi potensialına görə, həm də dünya poseslərinə təsir imkanları baxımından artıq hesablaşacaq güc halında deyil. Dünənə qədər fövqəldövlət səviyyəsində güc hesab edilən Rusiya Ukrayna hadisələrində sınaqdan çıxa bilmədi və zəifləməkdə davam edir. Bu zəifləmə ona qarşı tətbiq olunan sanksiyalar hesabına daha da dərinləşəcək. Əlavə edim ki, bu sanksiyalar müharibə qurtarsa da tətbiq ediləcək. Rusiya üçün ən yaxşı halda embarqolar yumşaldıla bilər. Rusiyanın bütün dünyadan təcrid edilməsi prosesi davam edəcək. Rusiya bu proseslərdən böyük zədələr alacaq. Mən inanmıram ki, ağır yaralar alan Rusiya yenə sağa-sola zərərli təsirlərini davam etdirsin. O cümlədən də Cənubi Qafqaza.

- Azərbaycan tərəfi məlum separatçının müsahibəsindən sonra “RİA Novosti” agentliyini blokladı. Buna Bakının Moskvaya cavab mesajı kimi baxmaq nə dərəcədə doğru olardı?

- Postsovet məkanının əksər ölkələrində Rusiyanın “TASS” agentliyindən tutmuş “RİA Novosti”yə qədər əksər media qurumları bloklanıb. Televiziya kanalları da həmçinin. Çünki onlar zərərli ideologiya yayırlar. Onlar rus dövlətinin maraqlarına xidmət edən, amma həqiqətlə əlaqəsi olmayan ideyalar yaymaqla məşğuldurlar. Azərbaycan nəyə görə öz siyasi məkanını Rusiyanın zəhərlə yoğrulan informasiya vasitələrinin sərəncamına verməlidir? Son vaxtlar Moldova da Rusiya KİV-lərinin və kanallarının yayımını dayandırıb. Eyni proses zamanında Ukraynada və Gürcüstanda da getmişdi. Yalnız Ermənistanda Rusiya mediasının fəaliyyəti qalır. Bunun nə vaxta qədər belə olacağını söyləmək çətindir. Hər halda ruslar elə bir siyasi ideologiyanı təbliğ edirlər ki, bu ideologiya xalqlara və millətlərə nə azad düşüncə tərzi gətirir, nə də onların suverenliyinə xidmət edir. Bu baxımdan onların bağlanmasına təbii yanaşmaq lazımdır

 

 

- Sizcə, Kreml Ermənistanda hansı prosesləri həyata keçirməyə çalışır? Görürük ki, rus kəşfiyyatına bağlı olan erməni müxalifəti bir aydan çoxdur küçələrə çıxır...

- Rusiya Ermənistanı daim lakey kimi əlinin altında saxlamaq istəyir. Moskva çox yaxşı anlayır ki, onu Cənubi Qafqazdan çıxarmaq üçün müxtəlif planlar var. Rusiya düşünür ki, Cənubi Qafqazdan çıxmaq onun üçün ağır zərbə olacaq. Bu səbəbdən də Ermənistandan möhkəm yapışıb. Ermənistanda Rusiya tərəfindən müdafiə olunan qüvvələr cəmiyyətə bağlı olan və erməni xalqının iradəsini ifadə edən qüvvələr deyil. Bunlar “Qarabağ klanı” deyilən qruplaşmadır, müəyyən qədər də Daşnaksutyunun hissələridir. Amma bütövlükdə erməni cəmiyyəti Daşnaksutyun daxil olmaqla “Qarabağ klanı”na nifrət edir və onların siyasətə gəlməsini qəti sürətdə istəmir. Anlayırlar ki, bu qüvvələrin hakimiyyətə gəlməsi yoxsulluq, qan-qada, bölgədə müharibə deməkdir. Bu səbəbdən də onların siyasətini dəstəkləmirlər. Rusiya isə bu qüvvələri hələ ki, əlində saxlayır və onların vasitəsilə Ermənistanda mövcudluğunu qoruyub saxlamaq istəyir. Əslində, ruslar yaxşı başa düşürlər ki, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Ermənistandakı rus bazasına ÇIX deyəcəklər. Üstəlik, Rusiyanın bölgədəki təsirini aradan qaldırmaq üçün Azərbaycan və Ermənistan tərəfindən müxtəlif təsirli tədbirlər görüləcək. Beləliklə, onun Cənubi Qafqazdakı təsirinə son qoyulacaq. Gürcüstan da bu gedişi ürəkdən alqışlayacaq, prosesə dəstək verəcək. Çünki Rusiya bu bölgədə o qədər təxribatlar edib ki, nəticədə arzuolunmaz qüvvəyə çevrilib. Bu baxımdan düşünsək ki, gələcəkdə Qazaxıstan, Özbəkistan və Türkmənistan qazının və neftinin Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması məsələsi gündəmə gələ bilər, bütün bunlar həyata keçdikdən sonra Rusiyanın burada iştirakına Qərb ciddi etiraz edəcək. Bu halda Rusiya buradakı fəaliyyətinə nəzər yetirməli, bütün bunları dərk etməli və özü üçün nəticələr çıxarmalıdır.

- Rusiyanın istəklərinin əksinə olaraq separatçıların iradəsini qırmaq, rus layihələrinin baş tutmasına mane olmaq üçün nə etməliyik?

- Biz hələlik məsələnin antiterror əməliyyatlarına gedib çıxmasını istəmirik. Bizim üçün bu, mürəkkəb bir şey deyil. Qarabağda ermənilərin yaşadığı bölgə üzük qaşı kimi Azərbaycan ordusu tərəfindən müahsirəyə alınıb. Söhbət Azərbaycanın elit qoşunları - xüsusi təyinatlılar və komandolardan gedir. Əmr gələn kimi qısa müddətdə bu ərazidəki o qədər də böyük olmayan erməni silahlı qüvvələrini təcrid etmək olar. Əgər ruslar bu prosesdə müqavimət göstərmək niyyətinə düşsələr, məncə, əks-müqavimətlə üzləşə bilərlər. Qabaqcadan siyasi iş aparılmalı, danışıqlar da davam etməlidir. Amma biz imkan verə bilmərik ki, ərazimizin bu hissəsində müxtəlif qüvvələr, kənardan gələnlər meydan sulasınlar. Bu kimi hallar Azərbaycanın suverenliyinə qarşı istehza deməkdir və Azərbaycan belə bir vəziyyətlə heç zaman barışmayacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar