“Atasız böyüyüb ata olmağa qədər yaşadım” - Əyyub Qiyas
22.08.2015 12:30 Müsahibə 5335
"Onlayn yazar"ın bu günkü qonağı
"Onlayn yazar"ın bu günkü qonağı "Qafqaz Nəşriyyat Evi"nin baş redaktoru, tərcüməçi, ssenarist, şair, yazıçı Əyyub Qiyasdır.
-Sabahınız xeyir, Əyyub bəy. Necəsiniz?
-Salam, hər vaxtınız xeyir. Yaxşıyam. Siz yaxşı olun.
- "Onlayn yazıçı"da bu gün sizi görmək istədik. Mümkündürmü?
-Buyurun. Qoyun notebokumu gətirsinlər, beş dəqiqə sonra hazıram.
-Tamam.
(5 dəqiqədən sonra)
-Buyurun mən hazır.
-Lap əvvəldən başlayaq. Doğulduğunuz məkandan, Lənkərandan. Sonradan isə yaşamaq üçün Sumqayıtı seçdiniz... Bu məkanlardan hansı daha doğma oldu sizə?
-Yox, Sumqayıtı mən seçmədim, tale seçdi. O vaxt Sumqayıt təzə salınmışdı və gənclər iş axtarmaq üçün ora axışırdı. Valideynlərim də Sumqayıta iş tapmaq, yeni həyata başlamaq üçün köçdülər. Amma bu köçün sonu heç də yaxşı olmadı. İki ilə yaxın kirayədə yaşayan atamla anam ilk övladın sevincini təzə mənzildə dadmaq arzusunda idilər. Anam Lənkəranda yenicə uşaq dünyaya gətirən ərəfədə, yəni mənim dünyaya gəlməyimdən təxminən 25 gün sonra atam Sumqayıtda istehsalat qəzasında həlak oldu. O vaxt anamın 23 yaşı vardı. Anamla birlikdə Sumqayıta qayıtdıq, o vaxt ata nənəm də bizimlə gəldi, cavan gəlini tək qoymaq istəmədilər. Və beləcə Sumqayıt atama məzar, ailəmiz üçün isə sınaqlar şəhəri oldu. Seçim etməyə çətinlik çəkirəm. Çünki Lənkəran mənim uşaqlığımın, Sumqayıt isə gəncliyimin şəhəridir. Yay tətillərim Lənkəranda, ömrüm isə Sumqayıtda keçdi. Amma Sumqayıt vətəndir. Sumqayıtı Lənkəranla nisbətdə bir az çox istəyirəm.
-İlk sualdan özüm də bilmədən kövrək hisslərinizə toxundum deyəsən...
-Mən artıq öyrəncəliyəm. Atasız böyüyüb ata olmağa qədər yaşaya bilmək bir işdir də... Ruslar demişkən, “tem boleye” qərib şəhərdə... Çox ağır idi, amma yaşadıq birtəhər... Mən umimiyyətlə faciədən söz açmaq istəmirəm. Sadəcə bir şeyi deyim, anam və mən. Mən körpə, o isə 23 yaşlı dul qadın və qərib şəhər. İşləmək lazım idi. Anam məni böyütmək üçün iki yerdə işləyirdi. Zavodda işləmək problem deyildi. Fəhlə avtobusu aparıb, gətirirdi, amma 23 yaşlı bir qadının səhər saat 5-də küçə süpürməyi, hə bax bu çətin məsələ idi. Anam evdən çıxanda qoca qarılar kimi geyinirdi ki, cavan olduğu bilinməsin. Və beləcə məni böyütdü. Sağ olsun, onun haqqını heç vaxt ödəyə bilməyəcəyəm. Və mən tək, qardaşsız, bacısız böyüdüm. Dərd budur. Tək olmaq dərddir.
-İstəmirəm, kövrək notlarla davam edək, sizin üçün də asan deyil, bilirəm. O üzdən söhbətimizin məcrasını dəyişmək istəyirəm.
-Əla olar.
-Keçək təhsilinizə. Bildiyimiz kimi teatr və kino sənəti üzrə ali təhsil almısınız. Ancaq nədənsə bu sahədə çox duruş gətirməyib mətbuata yönəlmisiniz. Səbəb nə idi? Teatr-kinonu sevmədinizmi, yoxsa ki, başqa mətləblər var idi?
-Mən ümumiyyətlə teatr yox, kino sahəsində olmaq istəyirdim. O vaxt orta məktəbi bitirib Moskvaya gedə bilməməyim ailə şəraiti ilə bağlı oldu, qısası anam məni gözündən qoymadı. Mən də ali təhslimi bitirdikdən sonra ali ssenari kursunda 2-ci təhsilimi aldım. Amma sonda elə gətirdi ki, rejim dəyişdi, kino ağır günlərini yaşadı və mən ailəni dolandırmaq üçün bir müddət müxtəlif sahələrdə çalışdım. Buna baxmayaraq teatr və kino ilə daima sıx əlaqədə oldum və bu əlaqələr hələ də davam edir.
-Teatr-kinonu sevsəniz də bədii yaradıcılıqla da məşğul oldunuz axı?
-Teatr, kino mənim işimdir, peşəmdir... Mən o sahənin peşəkarıyam. Yaradıcılıq isə ruhla bağlıdır. İlk dəfə 10 yaşım olanda çap olunmuşam. Daha sonra ciddi şəkildə yaradıcılığa davam etdim. Ədəbiyyata şeirlə gəldim, amma son 20 ildə ciddi nəsrlə məşğulam. İlk uğurlu yazım "Qarışqa" povesti oldu və mənə uğur gətirdi. Sonra isə romanlar. Romanlarımın sayı çox olsa da, mənim üslubumla yanaşsaq isə mən cəmi bir roman yazıram. Və çox güman ki, elə o bir roman da yazılacaq. Düzdür, başqa romanlarım da var, allah qoysa bu yaxınlarda bir-birinin ardınca 3 roman olacaq. Onlardan biri dörd romanın 5-cisidir, o biri iki roman isə fərqli mövzulardadır.
-Şeir də yazdınız roman da. Bunlardan hansı sizə daha çox həmdəm oldu?
-Əlbəttə ki, nəsr. Mən heç vaxt özümə şair deməmişəm. Mən çox ciddi yazçıyam. Bir hekayəmin 4-5 min adam oxyursa, bu yaxşı göstəricidir.
-"Ölüsü" olduğunuz müəlliflər varmı?
-Demək olar ki, hər gün nəsr oxuyuram. Ancaq yaxşı şeirin ölüsüyəm. Yaxşı şeir tanrının pıçıltısı kimi olur, adamı ruh aparır onu oxuyanda. Yaxşı nəsr isə istedadla zəhmətdən gəlir. Yaxşı nəsrdə ruh dolaşır, yaxşı fikirlərin, yaxşı ideyanın altından çıxır. Yaxşı şeirdə isə ruh bir anlıq gözə dəyir və uçur. Mən yaxşı şeirin ölüsü, yaxşı nəsrin əsiriyəm. Bizimkilərdən Cavidi çox sevirəm. Ruhuma yaxın yazır.
-Hüseyn Cavid?
-Bəli, Cavid çox nəhəg şairdir və çox böyük dramaturqdur. Bir dəfə Kiyevdə "Şeyx Sənan" tamaşasında tamaşaçının Cavidə münasibətini gördüm. Adamlar “bu nəhənglikdə bəşəri müəllifmi olar” deyib qalmışdılar. Daha sonra rəhmətlik Vaqif Səmədoğlu, Şaiq Vəli, Vaqif Bayatlı və Ramiz Rövşən mənim ən sevimli şairlərimdir. Rauf Qaraişıq, İbrahim İlyaslı, Sabir Yusifoğlu həm dostlarım, həm də sevdiyim şairlərdir.
-Cavanlardan imzasını bəyəndiyiniz və xüsusi olaraq izlədiyiniz, oxuduğunuz kimsə varmı?
-Gənclərdən Emin Piri, Cəlil Cavanşir, Kəramət, Mirmehdi, Sona Əli... çoxdur onlar... Hamısını oxuyuram.
-İndi sizdən bir şeir istəsəydim, nə oxuyardınız mənə?
-Görüşünə lap az qalıb,
Cəmi ikicə saat.
Ancaq gəlmə, qurban olum,
Bu gün də məni aldat.
Hər gün nəyisə gözləmək
Ömrə-günə dirəyim.
Mənim sevgi, məhəbbət yox,
Ayrılıqdır çörəyim.
Unut verdiyin vədəni,
Ya da xəstələn yenə.
Ancaq gəlmə qurban olum,
Sevinmək düşmür mənə.
Usta, Vaqif Səmədoğlu.
-Niyə məhz bu şeiri? Olmaya həyatınızda hansısa məqamla səsləşdiyi üçün bunu seçdiniz?
-Yooox.... Sadəcə ağlıma gəldi... Bu an o ağlıma gəldi. İstəsəz Şaiqdən də deyə bilərəm.
-Ruhunuza yaxın olanları təxmin etdim. Ümumiyyətlə, indiyəcən oxuduğunuz, yazdıqlarınızın içində həyatınıza, taleyinizə yaxın olanı olubmu?
-Bilirsiz, böyük yazıçılar o yazıçılara deyilir ki, 7-dən 77-yə kim onu oxuyursa, özünə yaxın olan nəsə tapır. Dahilik budur. Ümumiyyətlə isə ədəbiyyatın işi elə odur ki, oxucunun şəklini çəkib ona göstərsin. Söhbət böyük ədəbiyyatdan gedir. Olar bir məsələyə toxunum?
-Əlbəttə ki, olar. Elə məqsədimiz də məsələlərə toxunmaq deyilmi…)
-Dünya ədəbiyyatında bütləşmiş obrazlar var. Onları bütləşmiş müəlliflər yaradıblar. L.N.Tolstoy kimi, Dostoyevski kimi, Kafka kimi, Markes kimi yüzlərlə belə yazarlar olub və var. Onlar əgər fahişədən yazırlarsa belə onu sevdirə bilirlər. Bilirsiz niyə?! Ona görə ki, onlar fahişə obrazı yox, böyük ədəbiyyat yaratmağı qarşıya məqsəd qoyurlar. Bizdə isə son dövrlərin əksər ədəbi nümunələri sırf elə obrazları yaratmağa sərf olunub. Bir kitab oxuyurlar, o andaca təsirlənib nəsə yazırlar. Yüzlərlə belə konkret misal gətirə bilərəm. Ən çox da gənclər, populyar olmaq istəyən gənclər... Təəssüf edirəm, onların zəhmətinə. Aralarında istedadı olanları da istedadsızlar o dəqiqə qamarlayıb məhv edirlər. Kimini alkaş, kimini bomja çevirirlər.
-Və özlərinə də bəraət qazandırırlar ki, gerçəkdən də istedadlı belə olmalıdır. İstedadlı obraz yaratmaqdansa, istedadlı obrazını məhv edirlər.
-Faciə də odur ki, böyüklərdən kimsə həmin o istedadlını kənara çəkib məhv olacağını deyəndə adamı hoyduhoyduya qoyurlar. Və nəticədə də özünü qınayırsan ki, mən buna kömək edib düz yola döndərə bilmədim. Bilirsiz, bütün dövrlərdə çayxanada olub, yeyib içmək də olub, “vurmaq” da. Hər şey olub... Bizim gənclik həmişə Vaqif Səmədoğluna, Emin Sabitoğluna, Anara yaxşı mənada həsədlə baxıb. Bax, onun nəticəsi idi ki, o üçlük bir-neçə şedevr qoyub bizim üçün.
-Qayıdaq, bayaqkı sualımıza. Konkret olaraq hansısa əsərlərdə Əyyub Qiyas obrazı varmı?
-Bütün nəhəng yazıçılar elə məndən yazıb. "Marten İden"də mən varam. "Yüz ilin tənhalığı"nda , "Qumarbaz"da, "Hərb və sülh"də, "Çərpələng uçuranda", "Qar"da mən varam. Hamısı mənim portretimi çəkib, hərə də öz gördüyü kimi. Mən də oxuyanda özümü görmüşəm. Hansını deyim axı. O “köpəkuşaqları” məndən başqa kimdən yazıb ki?
- Kifayət qədər tərcümələriniz var. Ümumiyyətlə, tərcümə edərkən əsas amil nəyi götürürsünüz?Ruhunuza yaxın olanları seçirsiniz, yoxsa tələb olunanı?
-Ən əsası ruhuma yaxın olanları.Tərcümə ədəbiyyatın ən çətin sahələrindən biridir. Gərək əsərə ruhən köklənə biləsən.
-Etiraf edək ki, tərcümələrin kəmiyyət bolluğunda keyfiyyət çox aşağıdır.
-İşimlə əlaqədar mənə tərcümələr gətirirlər. Vallahi çoxusu bərbaddır. Adamlar dili bilmədən dil ehtiyatı olmadan tərcüməyə girişirlər, amma su kimi içilən tərcümələr də olur, adam ləzzət alır sadəcə. Müəllifin fikrinə toxunmadan verə bilmək yazmaqdan daha çətindir. Kim gəldi, tərcümə edir, bu işi lap oyuncağa çeviriblər. Dəxli olmayan adamlar tərcümə işi ilə məşğul olur.
-Səbəb olaraq tərcüməyə gəlir mənbəyi kimi baxılmasını götürmək olarmı? Yoxsa başqa səbəb var?
-Bilirsiz, hər şey peşəkarlıqdan asılıdır. Peşəkar olduqdan sonra təbii ki, gəlir mənbəyi kimi baxılmalıdır, çünki yaradıcı adamın əmtəəsi budur. İstehsal etdiyi məhsul budur. Amma peşəkardan gedir söhbət. Ömründə yaxşı şeir yazmayan adam şeiri necə tərcümə edə bilər axı?! Yaxud, yaxşı roman yazmayan, ən azından yaxşı romanla pis romanı ayırd edə bilməyən adam roman tərcümə edə bilməz. Mümkün deyil, möcüzə olmur həyatda.
-Nə etmək olar axı, belə ciddi işlərlə ciddi şəxslər məşğul olsun?
-Sadəcə kimlər ki, sifariş verir və onlar səlahiyyət sahiblərdir, bazar açmamalıdırlar, diletantlarla işləməməlidirlər. Biz elə faktlarla qarşılaşırıq ki, az qala başımızı itirirdik bu sahədə. Keçmiş polis belə tərcümə ilə məşğul olur. Onun şəxsi yaradıcılığından yazdığı bircə misranı sizə oxusam, səviyyəsini təyin edə bilərsiniz. Və bu adam ən peşəkar tərcüməçilərin imtina etdiyi əsəri tərcümə edir. Mən və işçilərim azı 9 ay onu redaktə edirik, daha doğrusu onun əvəzində yenidən tərcümə edirik.
-Yaxşı tərcümələr, tərcüməçilər varmı?
-Elxan Zal Heyneni tərcümə edib, şeirlər su kimi içilir. Rasim Qaraca Kobe Abeni tərcümə edib, çox yaxşı tərcümədir. İlqar Məhəmməd ərəb antologiyasını tərcümə edib, yaxşı tərcümədir. İlqar Əlfi, Zahid Sarıtorpaq, Yaşar, elə Rovşən Ramioğlu yapon almanaxını tərcümə edib, əladır.
-Elə buradaca, yaxşı notlarla yekunlaşdıra bilərikmi?
-Əlbəttə. Çox sağ olun ki, yada saldınız məni.
-Siz sağ olun!
Şərhlər