Pezeşkiandan inqilabi qərarlar - İran tarixində 45 il sonra ilk yaşandı
29.08.2024 12:23 Müsahibə 383
İran Prezidenti Məsud Pezeşkianın son təyinatları diqqət çəkir. Belə ki, ötən gün o, Fatimə Mühaciranini İran hökumətinin yeni sözçüsü təyin edib. Mühacirani İranda hökumət sözçüsü təyin edilən ilk qadındır.
Bundan başqa, Pezeşkian bir qədər əvvəl deputat Əbdülkərim Hüseynzadəni özünün kəndlərin və az imtiyazlı ərazilərin inkişafı üzrə müavini təyin etmişdi. Hüseynzadə 1979-cu il islam inqilabından bəri İran hökumətinə təyin olunan ilk sünni siyasətçidir.
Bu cür sərt reformlar, gedişlər hara qədər inkişaf edə bilər? Belə addımlar İrana hansı perspektiv vəd edir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İran Prezidenti Məsud Pezeşkian həm seçkiöncəsi verdiyi vədləri yerinə yetirməli, həm də siyasi baxışlarının dəyişmədiyini sübut etməlidir:
“Birincisi, o, İran parlamentinin deputatı olarkən hakimiyyətin xarici və daxili siyasətini tənqid edirdi. Misal üçün, İran hakimiyyətinin Azərbaycan və Türkiyə siyasətinin yanlış olduğunu vurğulayırdı.
İkincisi, Pezeşkian İranda yaşayan etnik qrupların Konstitusiyada təsbit olunmuş hüquqlarının təmin olunmasını vacib sayırdı. Bunlardan ən başlıcası İranda yaşayan xalqların dillərini və mədəniyyətlərini inkişaf etdirə bilmələridir. Pezeşkian prezidentdir və deməli, vaxtilə dediklərini icra etməyə başlamalıdır. İlk addımların atıldığını müşahidə etmək olar. O, İranda yaşayan millətlərin öz dillərində təhsil almaları və Konstitusiyanın 15-ci maddəsinin işlək mexanizmə çevrilməsi ilə bağlı komissiyanın yaradılmasına qərar verib. Həmin komissiyanın fəaliyyətinin faydalı olacağını zaman göstərəcək. Hər halda Pezeşkian bu komissiyanın yaradılmasına qərar verməklə xoş niyyətini ortaya qoyub. O, hökuməti formalaşdırarkən Azərbaycan mənşəli bir neçə nazir də təyin edib”.
Politoloq qeyd edib ki, Pezeşkianın Əbdülkərim Hüseynzadəni özünə müavin təyin etməsi sünni təriqətinə hörmət kimi dəyərləndirilir:
“İslam inqilabından bu yana İranda yaşayan sünnilər hakimiyyətdə təmsil olunmayıblar.
Məsud Pezeşkianın İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi hökumətdə təmsil olunmasına inandırması da əhəmiyyətli addım kimi qiymətləndirilməlidir. Çünki Zərif hökumətdə mühafizəkarların çoxluq təşkil etdiyinə etiraz olaraq Pezeşkianın müşaviri vəzifəsindən imtina etmişdi. Ötən gün isə Cavad Zərif geridönüş etdi. O, prezidentin strateji məsələlər üzrə müavini kimi çalışacaq. Bu, Məsud Pezeşkianın inadkarlığı nəticəsində oldu. Görünür, Pezeşkian mühafizəkarların ona təzyiq etməsini minimuma endirməyə çalışacaq.
Buna baxmayaraq, İranın strategiyasını əvvəlki kimi ali rəhbərin ətrafı və SEPAH generalları müəyyənləşdirir. Belə olmasaydı, müxtəlif dövlətlərdən Ermənistana silah və hərbi texnika İran üzərindən daşınmazdı”.
Şərhlər