Gülüstan Əliyevadan etiraflar: “Böyük hissəsi oğurlanıb”
22.10.2026 15:13 Müsahibə 332
Əvvəllər müğənnilərin və digər sənət adamlarının məşhurluq qazanmasında televiziya verilişləri, radio və musiqi proqramları mühüm rol oynayırdı. Bu gün isə TikTok, Instagram və YouTube yeni simaların tanınmasına, mahnıların hitə çevrilməsinə və trendlərin formalaşmasına ciddi təsir göstərir. Bəs sosial media alqoritmləri musiqi zövqümüzü və məşhurluq anlayışını necə dəyişib?
"Reaksiya.az" xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Əməkdar artist Gülüstan Əliyeva bildirib ki, internetin və sosial şəbəkələrin həyatımıza daxil olması ilə televiziya dövrü artıq öz ömrünü başa vurmaq üzrədir:
“Ola bilsin ki, bir neçə ildən sonra televizor ümumiyyətlə həyatımızda əvvəlki yerini tutmasın. Artıq hər şey onlayn platformalar, “YouTube” və sosial şəbəkələr üzərindən həyata keçirilir. Bu, informasiya axınının artması və texnologiyaların inkişafı ilə bağlıdır. İnsanların reklam, məşhurluq və informasiya əldə etmək üçün sosial şəbəkələrə üz tutmasının əsas səbəbi də budur. Bu tendensiya bütün dünyada müşahidə olunur və biz də həmin prosesin içindəyik.
Ancaq nəyin, necə və kim tərəfindən reklam olunması artıq başqa məsələdir. Televiziyalarda əvvəllər də arzuolunmaz verilişlər və şəxslər var idi. Son dövrlərdə isə belə hallar daha da artmışdı. Teleradio Şurasının müdaxiləsindən sonra müəyyən qədər vəziyyət dəyişib və bu gün televiziyalarımızda az da olsa, maraqlı verilişlər var. Sadəcə, həmin proqramların izlənmə sayı azalır. Bunun əsas səbəbi insanların televiziyadan uzaqlaşaraq sosial şəbəkələrə, yutuba və digər onlayn platformalara yönəlməsidir”.
Əməkdar artist qeyd edib ki, eyni zamanda, sosial şəbəkələrdə və yutubda da maraqsız yayımlar kifayət qədərdir:
“Bununla yanaşı, izləməyə dəyər verilişlər də var. Mən özüm də hər gün yutubda müxtəlif verilişləri və insanları izləyirəm. Sadəcə, insanların baxış məkanı dəyişib. Bu, təkcə televiziya ilə bağlı deyil, insanların maraq dairəsinin dəyişməsi ilə əlaqədardır. Bu gün insanlar arasında sorğu keçirsəniz, bir çoxu sonuncu dəfə televizoru nə vaxt açdığını belə xatırlamayacaq.
Sosial şəbəkələrdə məşhurlaşmaq məsələsinə gəlincə, burada maddi amil də mühüm rol oynayır. Məsələn, hansısa şəxs sosial şəbəkədə reklama 10 min pul xərcləyərək geniş izləyici kütləsi toplaya bilər. Cəmiyyətdə insanların zövqləri və maraqları fərqli olduğundan, belə şəxslərin kifayət qədər izləyicisi olur. Nəticədə onlar üç-beş ay ərzində məşhurlaşırlar. Ancaq həmin maraq davamlı olmadıqda, insanlar başqa istiqamətə yönəlir, mahnı dəbdən düşür və ifaçı da əvvəlki populyarlığını itirir”.
G.Əliyeva qeyd edib ki, hazırda bəzi mahnıların əksəriyyətinin möhkəm musiqi təməli yoxdur:
“Onların böyük hissəsi plagiatdır, başqa ölkələrin, o cümlədən Latın Amerikası musiqisinin elementlərindən götürülür. Buna görə də uzunömürlü olmurlar. Halbuki xalq mahnılarımız əsrlərdir səslənir və bu gün də sevilir. Onları remiks etmək, fərqli aranjimanlarda təqdim etmək mümkündür, amma musiqinin əsasında xalqımızın özünəməxsus musiqi ladları və kökləri dayandığı üçün dəyərini qoruyur. Hər dövrdə sevilməsinin səbəbi də budur”.










Şərhlər