Məqsədimiz "Qarabağ"a dəstək olmaqdır - "Fan Klub- Ladies of “Qarabağ” FC" - FOTOLAR
28.08.2015 12:53 Müsahibə 5449
Xəbər verildiyi kimi dünən futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin son görüşündə Ağdamın “Qarabağ” komandası Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrənin “Young Boys” klubunu 3-0 yenərək qrup mərhələsinə adlayıb.
Bu sevindirici dünənki qarşılaşmasını stadiondan izləyənlər arasında “Ladies of Qarabağ FC” fan klubu da olub. 100-ə yaxın xanımı bir yerdə “Qarabağ”ı dəstəkləyiblər. Digər azərkeşlər tərəfindən də maraqla qarşılanan bu fan klub haqqında daha ətraflı öyrənməyə çalışdıq. Klubun direktoru Vasif Acalovun Reaksiya.az-a müsahibəsini təqdim edirik.
- "Fan Klub- Ladies of “Qarabağ” FC" nə zaman yarandı?
- Sentyabrın 29-u bir yaşımız tamam olacaq. Bu klubu yaratmaq haqqında keçən il qərar verdik.
- Klubu yaratmaqda məqsədiniz nədir?
- “Qarabağ” bizim Avrokuboklarda ən böyük ümidlərimizdəndir. “Qarabağın” avropa meydanlarında hər çıxışı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın etirafı deməkdir. Çünki “Qarabağ” təkcə bir futbol klubu deyil, həm də bizim işğal altındakı torpaqlarımızın simvoludur. Odur ki, hər birimiz bu klubu əlimizdən gələn qədər dəstəkləməliyik. Bu məsələdə xanımların üzərinə böyük məsuliyyət düşür. Elə buna görə də Fan Klub- Ladies of “Karabakh” yaratmaq qərarına gəldik. Məqsədimiz “Qarabağ”ı sevən xanımları ətrafımıza toplayıb kluba gücümüz daxilində dəstək olmaqdır. Şüarımız isə “ Gəlin “Qarabağ” üçün bir olaq!”
- Bu ideya ilk olaraq necə formalaşdı?
- İdeya elə bir şeydir ki, hamı fikirləşə bilər. Amma həyata keçirmək, Azərbaycanda bunu yaratmaq çox çətin idi. Həqiqətən bir möcüzə kimi görünürdü. Çünki xanımlardan ibarət fan klub yaratmağa qarşı çıxırdılar. Amma biz bunu bacardıq. Məşhur televiziya aparıcısı, “Qarabağ” klubunun pərəstişkarı Günay Yelmarqızı ilə bunu edə bildik. Bizim rəhbərimiz Günay xanımdır. O xanım sayəsində digər xanımlarda stadiona getmək həvəsi, özünəinam yarandı.
- Hazırda klubunuzun nə qədər üzvü var?
- Hər oyunda 200-ə yaxın xanım müraciət edir. Lakin biz 70-nəfər seçə bilirik. Çünki yerləşdiyimiz sektorun tutumu bu qədərdir. Müraciət edən azərkeşlər içərisindən ən aktivləri, ən yaxşı azərkeşlik etməyi bacaranları aparırıq. Təbii ki, yeni gələnlərə də qapılarımız hər zaman açıqdır. Əsas odur ki, “Qarabağ” üçün birlikdə olaq, futbolumuza dəstək olaq.
- Bilirik ki, oyun zamanı komanda məğlub olanda əsəbləriniz cilovlaya bilməyənlər söyüş söyürlər. Bəs bu xanımlar üçün narahatlıq yaratmır ki?
- Təəssüf ki, haqlısınız. Bu hallarla rastlaşırıq. Amma buna görə bizim xüsusi sektorumuz var- "34-cü sektor". Burada yalnız xanımlar və övladları əyləşir. Həmin sektorda söyüşlərdən müəyyən qədər uzaqlaşmaq olur. Amma sevindirici haldır ki, artıq getdikcə söyüşləri eşitmirik, azalır get-gedə.
- İlk dəfə qrup şəklində xanımlarla stadiona gedəndə bəy azərkeşlərin reaksiyası necə oldu?
- Əvvəllər qəribə qarşılayırdılar. İlk dəfə gedəndə hətta hamı futbolu unudub, fan klubun şəkillərini çəkirdi. Sonra sonda digər fan klubların bəyləri xanımları alqışlara yola salmışdı. Amma indi dəstək olurlar. Bayraqlar verir, formalar gətirirlər. Münasibət normallaşıb, insanlar xanımları stadionda görməyə alışıblar artıq. Fan klubumuz Azərbaycana yeni mədəniyyət gətirdi. Əvvəllər stadionda 5 xanım olanda sevinirdik. İndi 100, hətta daha çox xanım görürük. Fan klub halında xanımların oyuna getməsi nəinki Azərbaycanda, hətta Qafqazda və Avropada belə ilk addımdır.
- Bəs fan klubunuza necə qoşulmaq olar?
- Bizim çox aktiv facebook səhifəmiz var. “Fan Club - Ladies of "Qarabağ" FC” yazıb axtararaq müraciət etmək olar. Orda əlaqə vasitələrimiz göstərilib. İstənilən xanım zəng edərək bizə qoşula bilər. Əsas odur ki, hər dəfə bizimlə oyunlara gəlsinlər.
- Yəqin ki xəbəriniz var: bu yaxınlarda xanımlardan ibarət yeni bir fan klub yaranıb. Onları özünüzə rəqib hesab edirsinizmi?
- Bəli, məlumatım var. Təbrik edirik onları da. Uğurlar arzu edirik. Böyüyüb böyük fan klub olsunlar. Onlar bizim rəqibimiz deyil. Həqiqətən sevinirik ki, artıq nəsə edə bilmişik. Digər fan klublar rahatlıqla yarana bilir. Buna necə sevinməmək olar? Bizim şüarımız "Qarabağ üçün bir olaq"dır. Onlar bizim rəqibimiz deyil.
- Bəs həmin fan klubla əməkdaşlıq etməyi düşünürsünüzmü?
-Biz onlara hər zaman dəstək olmağa hazırıq.
- "Əvvəllər xanımlardan ibarət fan klub yaratmağa qarşı çıxırdılar" deyirsiniz. İndi “Xan qızı” fan klubu da sizin kimi problemlər yaşayırmı?
- Belə deyim. Əslində bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. Maraqlısı odur ki, indi həmin kluba dəstək olanlar vaxı ilə bizə qarşı çıxanlardır. Nə mutlu bizə ki, düzgün təbliğat apara bilmişik. Və bir zamanlar bizə qarşı çıxanlar bunu anlayıb özləri klub yaradıblar.
- Gələn ay baş tutacaq fan klubunuzun ad gününü necə qeyd etməyi düşünürsünüz?
- Əgər alınsa, maraqlı layihələrimiz, planlarımız var. Hələ ki sirr saxlayırıq. Amma tezliklə ilk xəbər tutan da siz olacaqsınız.
- Öncədən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Söhbətləşdiyiniz üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm.
Şərhlər