"Biz hamımız üzü Tanrıdan gəlmiş göy adamlarıyıq!" - "ONLAYN YAZAR"

28.08.2015 16:08     Müsahibə     5146

Onu mavi ekranlarda görüb sevmişdim. Daha doğrusu, o, özünü sevdirmişdi, həm özünü, həm də sözünü, peşəsini. Hər dəfə efirdən evlərimizə qonaq gələndə anamın əlində yağı daşmış olsaydı belə, qaçıb televizorun qarşısını kəsdirərdi. Hər dəfə də, “Bəxtəvərin nə gözəl saçları var” deyərdi. Mənsə onun dodaqlarını hər tərpətdiyində sanki ürəyindən süzülüb gələn kəlimələrinin sehrinə düşmüşdüm. Aram-aram, özünəməxsus intonasiyayla, həlimliklə elə gözəl danışardı ki, mən jurnalistlərə həsəd aparardım. O dövrdə hər günümüzü “Səhər”lə salama gəlib, gecələrimizi bədii filmlə sonlandıran bircə kanalımız vardı. O kanalda da ən istedadlı jurnalistlər, diktorlar cəmlənmişdi sanki. Açığını deyim ki, o vaxtlar sevmədiyimiz diktor, jurnalist yox idi.

Telli Pənahqızı isə bir başqa aləm idi mənim üçün. Daha sonralar onu təcrübəyə getdiyim AzTV-nin həyətində, dəhlizində görürdüm, yaxınlaşmağa isə ürək etmirdim. Söz genaralının qarşısında “çest” verməyin hələ çox tez olduğunu düşünərək oğrun-oğrun izləməklə kifayətlənirdim ancaq. Və bir də dəftərçəmə qəzetlərdən kəsib yapışdırdığım şeirləriylə dərdləşirdik sanki. O qədər göynəyirdim ki, o şeirləri oxuduqca...

Söz vermişdim özümə, bir gün o generalın qarşısında əsgər salamı verməyə. Deyəsən, o gün bu günmüş... 

- Salam cənab general!

- Salam, xoş gördük! Amma, məncə bir azca duzunu, istiotunu çox elədik deyəsən!  General çox yüksək çindir! Ona layiq olmaqsa böyük xoşbəxtlik!

- Telli xanım, yaxşı jurnalist olmağın xüsusi düsturu varmı? Yoxsa ki, söz aşının mahir aşpazı olmaq üçün anadan xüsusi istedadlı doğulmaq lazımdır?

- Hər bir sənətin, peşənin əsl ustası olan birisi ilə rastlaşsanız, bilin ki, o adamdakı istedad Tanrı vergisidir! Başqa cür sıradan biri olmaq mümkündür, uca yaradan seçib istedad nuru ilə şərəfləndirdiyi bəndələrinə başqalarından bir az artıq şans verir, lakin qarşılıq almadan eləmir ha, bunu da bilmənizi istiyirəm! Yoxsa  bəziləri düşünər ki, istedadı Allah veribsə, deməli yolumda heç bir maneə olmayacaq! Xeyir! Əslində mənim üçün İstedad= zəhmət+ fədakarlıq+istək! 

- Bu gün söz meydanında aşpazlar çoxdur, yoxsa ofisiantlar? Qane edirmi, sizi jurnalistikanın indiki durumu?

- Müqayisəniz bir qədər mübahisə doğura bilər! Ofisiantlıq-yəni yemək paylayan şəxsin işi də bir peşədir və mətbəxdə zəhmət çəkən onlarla insanın, o cümlədən də ən mahir aşpazın hazırladığı təamları müştəriyə-qonağa o təqdim edir! Biz nə restoran sahibi, nə də aşpazla ünsiyyətdəyik. Bizim mətbəxin və yemək, əylənmək üçün getdiyimiz restoranın şah damarı sayılan mətbəxlə yeganə bağımız ofisiantlardı.(Yalnız çox ciddi  fövqəladə bir hadisə baş versə, müştəri iradını aşpaza və ya rəhbərliyə bildirə bilər!) Əslində, bu xidmət sahəsinin bizə məlum olmayan o qədər sirləri, etiket qaydaları var ki, onu mükəmməl bilməyən birini özünə hörmət edən, imicini qoruyan restoranda işə götürməzlər! Bu, çox mürəkkəb və həm də olduqca maraqlı bir sistemdir və bu məktəbin ustad dərsini keçməyənlər  bizim toylarda gördüyümüz günəmuzd cavan uşaqlardır ki, onların "vəzifə məharəti" bütün gecə boyu ancaq masadakı qab-qacağın yerini vaxtaşırı dəyişdirmək və yeməkləri yarı-yarımçıq boşqablara qoymaqdan ibarətdir ki, belələrindən də nə mədəniyyət gözləmək mümkündür, nə də yüksək qulluq! Belələrini də işdə çox  saxlamırlar!

- Telli xanım, indi media kapitanı olmaq dəbdədir, nə vaxtsa belə bir istək keçibmi könlünüzdən? Azacıq sərbəst olub, nə vaxtsa, söz dənizində bir gəminin də sahibəsi olmaq istəmisinizmi?

 -Biz elə ötən yüzilliyin son illərinin-özü də tarixin təkərinin tərs fırlandığı, dünyanın çarxının dabanın qaldığı, səssizcə dənizə axan "yeraltı çayların" məcrasından çıxdığı dönəmlərin kapitanı idik də! Amma, bizim dövrün kapitanları batan gəmini sonuncu tərk edən və ya heç etməyən əsl fədailər idi! (Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev, Salatın Əsgərova və onlarla başqaları). Əgər o illərdə; deyək ki, Qarabağ müharibəsində reportaj hazırlamaq üçün cəbhəyə gedərkən başımıza yağan ölüm saçan mərmilərdən, 20 Yanvar gecəsi və ondan sonrakı Komendant saatlı Bakının küçələrində hər an ölümlə üzləşərkən Allah bizi qorudusa, ölmədiksə, ömründə bir dəfə də yolu Biləcəridən o tərəfə düşməyən, utanıb-qızarmadan bu gün cibində gəzdirdiyi "Müharibə veteranı" vəsiqəsini az qala adamın gözünə dürtənlərdən olmadıqsa, bu artıq bizim "günahımız" deyil!  Əgər insanlar bu gün də mənim Şəhidlər Xiyabanından, Qocalar evindən, Qərbi Azərbaycan qaçqınlarının, Qarabağdan məcburi köçürülən insanların taleyindən, dünyanın ən məşhur siyasət, elm, mədəniyyət xadimlərindən, bir sıra xarici ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərindən hazırladığım reportaj, müsahibə və verilişləri bu gün də xatırlayırlarsa, məni sevgi və hörmətlə dindirirlərsə, bu, məncə, bütün yer sevgilərinin fövqündə dayanan bir el məhəbbətidir! Bu bayaq dediyiniz General rütbəsindən də ucadır mənim üçün!     Biz - yəni o dövr üçün "gülü burnunda olan" cavan jurnalistlər cibimiz, şəxsi mənafeyimiz, rahatlığımız, özümüzü təbliğ üçün, indi dəbdə olan "reytinq rekordları qırmaq" xətrinə çalışmırdıq! Biz bir-birimizlə söz yarışına çıxdıq. Kim daha yaxşı veriliş, reportaj, zarisovka, teleoçerk yazar – deyə bir-birimizlə bəhsə girdik! Məqamında işlədilməsi gərəkən bir kəlməni, sözü, fikri tapmaq üçün baş sındırdıq! Biz dedi-qodu eləməyə vaxt tapmadıq, biz insanları marifləndirməyə, həyatı sevməyə, ən çətin anda da ümidini itirməməyə, mübariz və əzmkar olmağa həvəsləndirdik. Bəlkə indi cavanlar bunu "Sovet təbliğatı" adlandıracaq! Qoy olsun. Gəlin unutmayaq ki, o dövrdə orta məktəb şagirdləri dünyaya, həyata, insanlara və ən başlıcası, öz gələcəklərinə indiki qədər biganə deyildilər. Adamlar bu qədər yadlaşmamışdı bir-birinə, ailə bağları bu qədər qopmamışdı, insanlar, xüsusən də yeniyetmələr bu qədər süst və laqeyd deyildilər! Budurmu bizim "Yüksək Reytinqli" təbliğatımız?

Sualınızdan uzaq düşdük deyəsən bir az! Vallah o qədər problem var ki, bilmirsən, hansını çözələyəsən! Fikrimi belə izah edim: mən həmişə daxilən Azad olmuşam, özümə, doğmalarıma Rəva görmədiyimi heç kəsə rəva görməmişəm, həmişə Özümdən Çəkinmişəm, bir iş görəndə düşünmüşəm ki, bu sözü deməyə, bu hərəkəti etməyə sənin Mənəvi Haqqın çatırmı?

Baxın, mən ilk dəfə o vaxt  Azərbaycan Ali Sovetinin sədri seçilən unudulmaz  şəxsiyyət, böyük insan Heydər Əliyevdən müsahibə alanda beynimdə dolaşan sualların böyük əksəriyyətini ona verdim və o da çox böyük səbrlə bu sualları cavablandırdı. O vaxt işləmək çox çətin idi! Hər cümlənin, hər fikrin, sözün məsuliyyətini hiss etməliydin! Sözümün canı nədir? O müsahibəyə görə müxalifətçilər mənim başıma oyun açdılar! Niyə sən demisən ki: "Siz təcrübəli, dünya miqyasında tanınmış siyasətçisiniz, qapıları açıq qoyun, o gənclər gəlib sizdən öyrənsinlər!". O böyük şəxsiyyətsə özünəməxsus təbəssümlə: "Mənim qapım həmişə onların üzünə açıqdı!"-demişdi! Buna görə jurnalisti təhdid edərlərmi, hədələyələrmi? Ancaq mən o vaxt kimsəyə bir söz söyləmədim! Neçə ay işə də,  evə də taksi ilə gedib gəldim. Özü də eyni taksi ilə yox, qapıdan çıxıb rastıma gələn ilk taksini saxlayırdım. Və zaman sübut elədi ki, Vətənin istiqlalı, müstəqilliyi naminə mənim verdiyim sual o vaxt da, elə indi də çox vacibdir!

Bu günsə, işləməyə nə var! Maşallah, özünü məşhur sayan "jurnalistlər" getdikləri obyektin adını doğru-dürüst bilmir, sualların mövzuya aid olub olmadığının belə fərqində deyil. Elə suallar verir, elə cümlələr quraşdırır, elə mənasız fikirlər söyləyirlər ki, adamın matı-qutu quruyur!

Bu məqamda mənə də maraqlı olan bir sual vermək istəyirəm: niyə bizim orta məktəb məzunlarının böyük əksəriyyəti Azərbaycan dilindən (öz Ana dilindən, Dövlət dilindən) iki alır? İnsan öz doğma dilinə bu qədərmi, yumşaq desəm, laqeyd və biganə ola bilər? Bunun səbəbini araşdıran, bu qlobal problemi aradan qaldırmaq üçün əməli iş görən niyə yoxdur? Dilimizin qrammatikasını doğru-dürüst bilməyən, fikrini ifadə eləməkdə çətinlik çəkən, bədii kitab oxumağa həvəs göstərməyən yüzlərlə yeniyetmə nədənsə Jurnalistikanı çox asan, gəlirli və populyarlıq üçün əlverişli mühit saydıqlarından bizim illər boyu nazını çəkdiyimiz bağçanın gül-çiçəyini əzməyə başlayıblar! Bu, bəlkə də qəribə bənzətmə oldu, ancaq mənim üçün Jurnalistika çox-çox ülvi və müqəddəs sənətdir!

- İndiki məqamınıza pillə-pillə yüksəlmisiniz. Hər pillənin də bir ayrı çətinliyi, ağırılığı olub. Mənə maraqlıdır ki, söz ordusunda əsgərlik rütbəsi daha çətin olub, yoxsa ki, sərkərdəlik məqamı?

-Təbii ki, əsgərlik! Bir vaxtlar biz, yəni öz peşəsinə təmənnasız sevgiylə bağlananlar bu çətinlik və ağırlığı sıradan bir sınaq sayırdıq! Həm də bəzi qadağalar, maneələr, hətta vurulan badalaqlar belə bizi polad kimi bərkitdi, zərbələrə qarşı daha dözümlü etdi, yıxılmağa qoymadı! Bu gün mən bir çox bədxahlarımı belə minnətdarlıq hissi ilə xatırlayıram! Çünki o adamlar özləri də bilmədən, bizə bu həyatın Ustad dərsini keçdilər!

- Telli xanım, qadınının bu sənətdə var olması heç də asan deyil, məncə. Bu sahədə qazanmaq üçün mütləq nələrisə uduzmalısan. Fırtınanın qabağında duruş gətirmək hər tingin işi deyil. Bu həqiqətənmi belədir, yoxsa səhv düşünürəm?

- Mən peşə və sənəti qadın və ya kişi işi kimi dəyərləndirməmişəm heç vaxt! Nə vaxtsa sırf kişi peşəsi sayılan o qədər sahələr var ki, bu gün orada qadınlar kişilərdən daha bacarıqlı və daha çevikdi. Əgər sənin öz işini yüksək əyarlarla yerinə yetirməyə qabiliyyətin çatırsa, deməli sən ora üçün seçilmişlərdənsən! Qalanı şans məsələsidir! Sənə bunun üçün imkan yarada da bilərlər, yaratmaya da!

- Mən sizi jurnalist kimi sevib, şairə kimi bağrıma basmışam. Hər şeirinizi oxuduqca sizi ağlamışam o şeirlərdə, deməsəm yalan danışmış olaram. Belə içdən yazmağınız nakam məhəbbətin gücündədir yoxsa ki, peşənizdən qaynaqlanan bir bacarıqdır? Telli Pənahqızı eşq acısı yaşamasaydı da beləcə içdən, yanğıyla yaza bilərdimi?

- Aman Allah, daha məni ağlamaq niyə? Əslində bu şeirləri yaza bildiyim və sizin, bir başqasının, bütövlükdə oxucuların ürəyindən keçənləri söyləməyi bacardığım üçün sevmək və hardasa qibtə eləmək gərəkdir mənə! Əgər şairlər təkcə özlərini yazsaydılar, tez tükənərdilər məncə! Bilirsinizmi, mənim düşüncəm belədir: şeir Tanrı pıçıltısıdır, Allah sevdiyi bəndələrinin vasitəsi ilə yaratdıqlarına mesaj göndərir məncə!

- Çoxmu arzularınızın ətəyindən daş asılı qaldı?

- O daşları ətəyə yığmaq lazım deyildi! Nə göyü daşladım, nə də bədxahlarımı, birdə gördüm ki, donum da köhnəlib, ətəyim də. Mən də o daşları Minada Şeytana tulladım!

- Anam sizin saçlarınıza hər baxanda bəxtəvərlik verərdi, ancaq sonradan ona danışanda ki, saçlarınız qarasını bəxtinizə hədiyyə edib, yazıq qadın yanıb-töküldü.

- Saç və gözəllik qızın yaraşığı olsa da, xoşbəxtliyinin başlıca meyarı deyil! Mən alın yazısına inanan bəndələrdənəm və taleyimdən qəti narazılığım yoxdur! Allah hər kəsə qaldıra biləcəyi qədər yük, çəkə biləcəyi boyda qəhr verir!

- “Kəsilmiş başın saçı üçün ağlamazlar! İçimdəki o məsum və gözəl körpəni heç kəs öldürə bilmədi, ona görə də hələ də dünyanın yaxşılığa doğru dəyişəcəyinə inanmıram”-deyirsiniz! Bu gəlişi gözəl şözdür, yoxsa sizin həyat amalınız?

 - Mənim bir şeirim var:

Sevdim insanları dəlicəsinə,

Məni dəli kimi sevən olmadı.

Qəribədir ki, illər sonra məni bir vaxtlar dəlicəsinə  sevdiklərini, amma yaxınlaşıb söz deməyə ürək eləmədiklərini  etiraf edənlər oldu. Ancaq bu nəyisə dəyişmək üçün çox təəssüf ki, çox gecdir! Onları başa düşürəm. Ancaq mənim kimilərinin iş-güc, qayğılar başını o qədər qatır ki, özünü düşünməyə macal tapammır:

   Ağacını sevdim, quşunu sevdim,

   Üstümə atdığın daşını sevdim ,

  Mən sənin gözünün yaşını sevdim,

   Özümü sevməyə vaxtım olmadı!

- Şerilərinizlə o qədər göynəmişəm ki, indi istəmirəm kövrək notlara toxunum. Siz də istəməzsiniz, əminəm. Elə buradaca söhbətimin məcrasını dəyişmək istəyirəm. Rubrikamız “Onlayn yazar” adlanır və əlbəttə ki, sosial şəbəkələrə toxunmadan keçsək, inandırıcı olmaz dialoqumuz. Məsum körpə dediniz, yadıma düşdü, facebook profilinizdən balaca bir bal bala boylanır mənə. Kimdir o?

- Qardaşımın nəvəsi. Atamın adını yaşadan Pənahımın oğlu!

- Allah salamat eləsin Pənah balanı! Telli xanım, indi verəcəyim sualı cavabsız qoymağınızı heç istəməzdim. Çoxları sizi çox qapalı, dərdi içini yandıran qadın kimi tanıyır. Telli Pənahqızının elə bir sirri olubmu ki, indiyəcən də içini yandırıb, ancaq tüstüsünü ən əzizləri belə hiss etməyiblər?

-Var! Və güman eləmirəm ki, siz onun açmasını gözləyəsiniz!

- Son olaraq da əsgər "Sağ ol!"u ilə ayrılmaq istəyirəm hüzurunuzdan və təbii ki,  bir daha yenidən salam vermək ümidi ilə. Ümid edirəm ki, həqiqətən də əsgər-komandir olsaydıq, bu suallara görə ağır cəza verməzdiniz mənə.)))

 - Yox... Təşəkkür eləyirəm, maraqlı həmsöhbətsiniz. Sevdim sizi! Bilirsinizmi niyə? Çünki biz hamımız üzü Tanrıdan gəlmiş göy adamlarıyıq!

Şərhlər

Çox oxunanlar