"Bu günədək özüm-özümə qiymət yazmamışam" - Əkbər Qoşalı
31.08.2015 16:08 Müsahibə 5183
"ONLAYN YAZAR" rubrikasının bu dəfəki qonağı şair-publisist Əkbər Qoşalıdır.
- Salam, Əkbər bəy. "ONLAYN YAZAR”da bu günün qonağı kimi sizi görmək istədik.
- Günaydın. Məmnuniyyətlə.
- İlk öncə doğulduğunuz məkandan başlayaq. Necə ki, qarabağlı olasan oxuya bilməyəsən deyirik, eləcə də qazaxlı, tovuzlu olasan qanına saz-söz sevgisi hopmaya. Yəqin ki, sizin də sözə sevginiz o torpaqdan su içib...
- Səməd Vurğun "Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq" deyə ellərimizin qonaqpərvərliyini ruha bağladığı kimi, elə bilirəm, "bizim elllərin" söz qoşmağını, söz sənət(çiliy)ini, şairliyini də gələnək-görənəkdən, hətta qandan ötədəki ünvana - ruha bağlasaq, günah olmaz... O ünvana ki, o barədə Tanrımız öz sonuncu elçisinə belə, çox az bilgi verib...
- Ruhu sazla, sözlə çağlayan bir insan necə oldu ki, elə əvvəldən sözün ardınca getmədi? Texniki təhsil seçməyinizin səbəbi nə idi?
- Söz, bir anlama enerjidir - itməyən... yalnız şəklini dəyişən..! Yüksək texniki təhsilin verdikləri türk xarakteri ilə çox uyğundur - öz simmetrikliyi, konkretliyi, dəqiqliyi, deyərdim, texniki universallığı və harmoniya üfüqü ilə... Ancaq yarızarafat-yarıgerçək sözlə desək, mən Texniki Universiteti mühəndis kimi yox, bəlkə, şair-mühəndis, mühəndis-yazar (əgər belə demək mümkünsə) kimi qurtardım. Özü də bu yalnız mənim başımda görülməyib. Vaqif Bayatlı Önər, Vahid Əziz, İbrahim İlyaslı, Elxan Zal Qaraxanlı, Hamlet Kazımoğlu (rəhmətlik)... - hamısı Texniki Universiteti bitirib. Onu da əlavə edim ki, mən hələ orta məktəbdə oxuyarkən, Ədəbiyyat, Tarix, Riyaziyyat və Fizika müəllimlərimin hər biri öz fənləri üzrə rayon olimpiadasında məhz mənim iştirakıma maraq göstərirdilər, mənə güvənirdilər. Mən isə yalnız bir fənni tərcih edə bilərdim, o da bu dörd fənnin içində "ən ana fənn" sayılan riyaziyyat olurdu...Günü bugün də, mənim şeirlərimi oxuyanlar, orada riyaziyyat görür)...
-Bəli, ömür keçir cəbrdə deyirsiz şeirlərinizin birində. Əkbər bəy, texniki ixtisasa yiyələndiniz, sonra ədəbiyyata gəldiniz, ancaq yenidən başqa sahədə, bu dəfə də siyasət üzrə təhsil aldınız. Və hətta 2010-cu ildə millət vəkilliyinə namizədliyinizi də irəli sürdünüz. Söz adamının siyasi arenada duruş gətirməsi nə qədər mümkündür? Axı siyasət lirikadan uzaqdı, siyasət insanı daha çox “möhkəm” olmağa sövq edir, ədəbi yaradıcılığa mane olur.
- Bilirsiniz, mənim özümü də aid etdiyim "epostipli insan"ların yaradıcılığı, çalışmaları "qarşısına nə iş çıxsa, üzərinə nə düşsə onunla uğraşan", "işini planlaşdırmayan" kimi şəkillənmələrlə yorumlanır. Söz vaxtına çəkər, deyiblər, sizinlə söhbətə başlamazdan az öncə "Qanın səsi" deyə bir yazı oxuyurdum, orada da, mənim qan qrupumdan (I) olanların əcdadları - "Ovçular" haqqında belə yazılır: "Təbiətin verdiyi nemətlərdən yeyib-dolanarkən də, gələcək üçün heç nə planlaşdırmayıblar"... Bu, iki fərqli yanaşmanın üst-üstə düşən sonucları da göstərir ki, şeir yaza-yaza Texniki Universitetə qəbul olmaq, "şair-mühəndis" olaraq, Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil almaq... bir qədərdir - "planlaşdırma"ya o qədər də yatmayan qədərin özüdür, bəlkə "alın yazısı"dır... Millət vəkilliyinə namizədlik də o sıradan... Mən ilk bələdiyyə seçkilərində, III, IV çağırış seçkilərdə də iştirak etmişəm (- IV seçkilərdə namizədliyim qeydə alınan gün geri çəkildim), seçki prosesinə bacardığım töhfələri vermişəm, əgər mandat qazanmamışamsa, bunu da bayaqdan dediyimiz o, QƏDƏRə bağlamışam, belə məsləhətdir - "Mövlam nə yaparsa, doğru yapar" demişəm, üzülməmişəm. Qaldı, siyasət meydanında dayanmaq, möhkəm olmaq-filan... bunları da görmüşük - təhsilimiz də, təcrübəmiz də, şükür Tanrıya, möhkəm dayanmağa da yetərlidir. Ancaq burada fiziki deyil, mənəvi möhkəmlikdən söz açırsızsa, hesab edirəm, insanın harada olmasından çox, necə olması önəmlidir. Biz harada olsaq da, "ikiləşən", "özündən uzaqlaşanlar"dan olmarıq. Hələ-hələ yaş 40-ı keçəndən sonra... Ədəbi yaradıcılıq, əbədi yaradıcılıqdır - əgər ürək, sevda, ruh varsa, işin içində...
- Bu il necə, millət vəkili adayı olmağı düşünürsünüzmü?
- Seçkilər prosesi artıq başlayıb, mən də, öz qərarımı tam da bugünlərdə açıqlayacağam. Sizdən gizlətmirəm, ictimai fikirdə, bu il aday olacaq dostlarımızın siyahısında mənim də adım keçir, el-obadan, seçicilərdən də dostanə istəkli suallar gəlir, biz də bunları dəyərləndirməyə borcluyuq.
- Əkbər bəy, Türk dünyasına səyahət edək bir az da. Xarici görkəmdən də sırf türklərə bənzəyirsiz. Türklük, türkçülük də sizin üçün çox böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə fəaliyyətiniz kifayət qədərdir. Türkçülük sizin üçün nə deməkdir?
- Türk Dünyasına, istərsiz, səyahət etməyək, ürək edək... Böyük Əli bəy Turan (Hüsenzadə) deyirdi, "Mən türkəm, Qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm". Bu formul, deyərdim, biz Azərbaycan vətəndaşlarının, qutsal bayrağımızla da səsləşən kimlik formuludur. Biz dünyaya barışçı, birgəyaşayış imkanları ilə baxmağı bacaran, haqsızın qarşısında, haqlının yanında olan, başqa kültürlərə sayğılı bir xalqıq. Bayrağımızın birinci boyasının anlamı - türkçülüyümüz bu dediklərimizi, eləcə də, dolu tarix, dolu yaradıcılıq, dolu kültürə, ən əsası ortaq keçmişə dayalı dünyamızdan, ortaq gələcəyə üfüqlənməkdir! Yaratdıqlarımızla, vaxtı ilə bizim hökmümüzdə olmuş coğrafiya ilə qürurlanıb, arxayınçılıq girdabına yuvarlanmaq, yuvarlanıb da, xumarlanmaq olmaz - üfüq deyiriksə, sabahımız üçün hər kəs əlini daşın altına qoymalı, "üzərinə düşən iş"lə, "planlaşdılmayan plan"la hərəkət etməlidir. - Yəni "özündə şeylər", epos təfəkkürünün, daşıdığımız qanın, sahib olduğumuz ruhun gərəkdirdikləri ilə yola çıxmalıyıq! Bax, günümüzdə türkçülük ən qısa şəkildə belə tərif edilsə, yanlış olmazdı. Türkçülük Qarabağı azad etməkdir, Azərbaycanı öz tarixi torpaqlarında söz sahibi etməkçün çalışmaqdır. Bu, kimində sazla, sözlə, qələmlə, kimində silahla, topla-tüfənglə, kimində siyasətlə, diplomatiya ilə təcalla edir, biçim qazanır - fərqi yoxdur, əsas hədəfə - sabaha, üfüqə doğru yürüməkdir! Bugün Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək Türk Dünyasına ən böyük xidmətdir, müsəlman dünyasına ən böyük xidmətdir, dünyaya xidmətdir! - Tanrıya xoş gedən işdir! Özü də, mən bunu yalnız Azərbaycan vətəndaşları üçün keçərli saymıram, bütün dünya azərbaycanlıları, Türk Dünyası, tərəqqipərvər insanlar üçün keçərli bilirəm. Əgər fətva vermək imkanım olsaydı, onun adı, mövzusu QARABAĞ barədə olardı!
-Əkbər bəy, kimsəylə işi olmayan, hər zaman barışdan, dostluqdan, sevgidən yana olan türklər nədən bu qədər göz dağı olub dünyaya? Nəyi veriblər ki, indi də alammırlar? Daşımız bu qədərmi ağırdı, tikanımız bu qədərmi itidir ki başlara düşüb, gözləri çıxardır...
- "Başarı bədəl istər" deyiblər. - yüzillər boyu başarılı olan xalqın başarılarından rahatsız olanlar, bədəllər meydana çıxacaqdı, təbii. Bir də, bəyəm, hamı bizi sevməyə borcludurmu? Hələ hələ öz içimizdə baş qaldıran haqsızları demirəm. Bu uzun söhbətdir, bir müsahibənin bir sualına sığmaz. - Türk Dünyası da, bugünkü darlığa sığmaz, inşallah. Bütün böyük xalqlar kimi, bizim də qabarıb, çəkildiyimiz dönəmlər olub. Bizim dalğa yenə tarixin üfüqlərindən boy göstərər, əlbət.
- Bir qədər də ədəbiyyata nəzər salaq, indiki durum sizi qane edirmi? Bir çoxu "deyir ki, ədəbiyyatda at ölüb itlərin bayramıdır", həqiqətənmi belədir?
- Bütün dövrlərdə "Ədəbiyyatın indiki durumu" deyə rahatsız olmaq (yaxud kiminə görə məmnun olmaq) halları mövcud olub. Yazan yazır, oxuyan oxuyur. Məncə, bu sual iki əsas məqamdan qaynaqlanmış kimi görünür. 1) Sovet dövrü ədəbiyyat təsərrfat(çılığ)ının həsrətini çəkmək - bu daha çox sosial-iqtisadi planda yorumlana bilər; 2) Yeni dövrdə, peşəkarlığın aşağı düşməsi barədə rəylərin tirajlanması - bu da yaşının yaxşı vaxtlarında "Sovet görmüş"lərin çağdaş dövrün intonasiyasına, çağırışlarına da, bir "təsərrüfat biçimi", "klassik forma" arayışları ilə yorumlana, bəlkə, "ədəbi şura"ların yaranması ilə sonuclana bilər... Yaşayarıq, görərik.)
- Bu gün elə “yazarlar”, “şairlər” var ki, nə yazdıqlarını, nədən yazdıqlarını özlərindən başqa heç kim anlamır. Ancaq di gəl ki, dahiləri, ədibləri bəyənmirlər. Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi şairlərimizi tənqid hədəfi seçənlərin məqsədi, məramı nədir axı? Bu layk dilənçiliyidir, yoxsa ki özünüreklam?
- Siz deyən hallar bu və ya digər formada başqa dönəmlərdə də olmamış deyil. Sadəcə olaraq, indi yaramazlıqların tirajlanma imkanları genişdir. Deyək, qabaqlar, "ümumi dəftər" vərqində, küçədə, tində, hansısa qruplarda oxunan, yayılan "şeir"lər, indi sosial şəbəkələrdə, "feysbuk"dakı qruplarda yayılır və s. Bu da, necə deyərlər, texniki fərqdir - ariflər qatında nə o zaman, nə indi, nə də gələcəkdə, bir dəyər daşımaz... Ancaq yeniyetmələrə etkisi baxımından rahatsızlıqlarınızı anlayıram. Bunun da çıxış yolu, necə deyərlər, onların çəkdiyi xətti pozmaq deyil, daha qalın, daha uzun xətt çəkməklə mümkündür, məncə. - Yaramaz yaramazlığından əl çəkməsin, düşünən vətəndaş, aydın yazar da öz yolundan... - hər halda, biz "haqq nazilər, üzülməz" deyə bilirik..! Bir də, deyək ki, təhsil müəssisələrimizdə "internet süzgəcləri"n - zərərli saytlara çıxışı məhdudlaşdıran "süzgəc"lərin tətbiqi də, təqdirəlayiq hal kimi, bir İKT imkanı kimi xatırladılmalıdır. Yəni İKT-nin gətirdiyi sorunlara elə İKT-nin özü ilə də cavab arayışında ola bilərik - evdə, məktəbdə və s. .
- Əkbər bəy, bir ruhani havasına köklənib azacıq da olsa könül dünyanıza səyahət edək. Şeirlərinizin birində deyirsiniz ki, olum-ölüm arası bir imtahan yeridir. Əgər qiymət vermək imkanınız olsaydı, indiyə qədər verdiyiniz imtahandan necə yazardınız özünüzə?
-İstər orta məktəbdə, istər universitetdə, istərsə də akademiyada müəllimlərim mənə adətən "Beş" yazardılar. - Bu günədək özüm-özümə qiymət yazmamışam). - Başqalarına qiymət yazmaq məqamlarında isə, "qiymət kəsən" olmamış, əksinə, qan qrupumun göstərici qədər ("+1") artırmağa meyilli olmuşam. Nə bilim..? Yəqin özümə verdiyim qiymət də zəif olmaz, ən azından miyana alınar.))
-Bu dəfə də qan qrupundan danışdınız. Deyəsən bu tip məlumatlara daha çox inanırsınız. Bürclərə də inanırsınızmı?)
- O qədər də çox inanmıram, sadəcə üst-üstə düşən, tamamlayıcı məqamlara biganə deyiləm. 4-cü ayın, 3-cü günündənəm, bürcüm "Qoç"dur - bu bürcün özəllikləri də, "epostiplilik"lə, "Ovçular" qan qrupuna aid göstərilənlərlə ilginc şəkildə səsləşir... Ancaq səsləşməsə də, zərəri yoxuydu). Bir şərqidə deyildiyi kimi, "Bir çarəsi bulunur"(du)... Yeri gəlmişkən, Pifaqor təliminə, nunerologiyaya biganə olmayanlar təsdiq edər ki, doğum günümü göstərən rəqəm də, qeyd etdiyimiz məqamlarla tərs gəlmir. - Görün nə yazır: "3 – yaradıcılığa meyl, ailə qurmaq bacarığı, yüksək məhəbbətlə sevmək qabiliyyəti, çalışqanlıq, zəhmət çəkmək istəyi, intizam, daxili qüvvə... ...Sizin söz ehtiyatınız var, siz – yaradıcısınız"... Həncəridir?)
- "Şairi dilindən asarlar" deyiblər.) Yüksək məhəbbətlə sevmək qabiliyyəti dediniz yadıma bir məqam düşdü. Şeirlərinizin bir neçəsində sevgi-din eyniləşdirilib. “Dindən öncə sevgi din idi”, “sevgi nə dinsizlikdir, nə də ki, dindir” demisiz bir necə şeirinizdə. Bəlkə elə bu məqamda ruha, ürəyə, sevdaya köklənək? Şairi sevgi havası üstündə dindirək bir az da... Nədir axı sevgi, kimdir belə sevdiyiniz? Bəlkə elə sizin də deyiniz kimi qəlbinizdəki sevgidir elə sevdiyiniz?
-Xanıməfəndi, nə demişəmsə, elə o şeirlərdə demişəm, artığına nə hacət?..) -Mən odlandım, o nə susdu, nə dindi, ürəksizlik, sevgisizlik nə dindi?.. Deyir, sevgi nə dinsizlik, nə dindir, odlanmayan ürəkləri od dandı...
- “Əvvəl sözün susma idi, din idi, İndi isə susmaq olub yaraşıq”. Susmaq dəbdə olduğu üçün dəblə ayaqlaşırsız, yoxsa ki, gerçəkdən danışılası paylaşılası bir sevgi əhvalatı yoxdur?
- Belə oxucusu olan şairə zaval yoxdur). Elə həmin şeirdə deyilir ki,
Zaman keçdi, dedik son söz dinindi,
eşq yolunu kəsib durub din indi.
Ağılda - din, ürəkdə - eşq! - din indi,
bir addım at, bu sərhəddi yar, aşiq..!
A günü ağ olmuş, belə çox vektorlu söhbətin axırı necə olacaq? - söz içindən söz çıxa-çıxa gedir elə).
- O zaman son bir sual verim, yekunlaşdıraq.) Bir oğul istərəm Özqan adında... Oldumu o oğul? Yoxsa hələ də arzusundasınız?
-Şeir şairin yalnız Sözü deyil, bəlkə həm də, özüdür, ancaq öz keçmişi deyil. Bu yurd itirmiş anaların dilindən yazılmış bir şeir idi, hərbi xidmətdə olarkən qələmə almışdım. Yoxsa, oğulun işi yalnız oğul istəmək deyil, oğul olmaqdır..! "Vətən mənə oğul desə, nə dərdim? - Mamır olub qayasında bitərdim" deyən ustad da yəqin belə düşünürmüş - elə deyilmi? Adınız Rumiyyə olsa da, sözünüz, özünüz mənə Azəriyyə, Azərin kimi təsir bağışlayan sayğıdəyər xanım, bilirsiz, bizlərdə oğuldan öncə, atadan danışmaq yey sayılır. Mənim ən böyük diləklərimdən biri, "Tanrım, atama oğul, oğullarıma ata ola bilim!" şəklindədi. Keşkə oğullarım gələcəkdə məndən danışanda alnıaçıq, başı dik olsunlar - gerisi təfərrüatdır...
Şərhlər