Türkiyənin daxilindəki yarıtmaz siyasət ölkəni içəridən qurd kimi gəmirməkdədir - Kəbutər Haqverdi

07.09.2015 19:31     Müsahibə     3417

Dünən gecə də Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində 15 əsgər şəhid olub. Yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.

Ümumiyyətlə, son bir ayda Türkiyədə baş verən bu və ya digər hadisələr hər birimizə məlumdur və aldığımız acı xəbərlərdən sarsılırıq. Türkiyədə son dövrdə pərdəarxası nə kimi oyunların getdiyi və bu hadisələrin necə bitəcəyi hamıda narahatlıq doğurur. Günahsız övladların şəhid olması nə zaman bitəcək deyə beyinlərdə suallar yaranır.

Rekasiya.az Türkiyədə baş verən son olaylarla bağlı hazırda Türkiyədə yaşayan Azərbaycanlı jurnalist, hocalihaber.com saytının baş yazarı Kəbutər Haqverdi ilə söhbətləşib.



- Kəbutər xanım, istərdim ilk əvvəl oradan başlayaq ki, qardaş ölkə olaraq Türkiyədə baş verən olayları qəbul etməyimiz elə də asan deyil. Hər gün aldığımız şəhid xəbərləri bizi çox ağrıdır. Türkiyə hər gün bu qədər şəhid verməyə necə tab gətirir?

- Türkiyənin indiki durumu eyniylə Azerbaycanın 1989-90 – cu illərdə yaşadığı durumlara bənzəyir. O dövrün gəncləri yaxşı xatırlayar, hər gün dildə - ağızda xəbərlər gəzirdi ki, Qarabağda filan kəndi dağıtdılar, filan fermada yanğın çıxartdılar, filan rayona gedən avtobusda terror oldu, insanlar öldü. Doğru - dürüst bir məlumat verən yox idi və mərkəzdə, yəni Bakıda hakimiyyət davası, çəkişmə və oyunlar gedirdi. Hazırda Türkiyədə də eyni məhəllə siyasəti, “vətəndən öncə partiyam” davası gedir. Üstəgəl, PKK - nın əlində Amerikanın silahlarıdır. O zaman Qarabağda ermənini silahlandıran rus kimi yəni.
- Azərbaycan həmin illərdə müstəqilliyinə qovuşurdu və üstəlik erməni ilə müharibə başlayırdı. Bu keçid dövrü də anlaşılan idi. Ancaq Türkiyənin elə problemi yoxdur axı?

- Türkiyənin daha ciddi bir problemi var, demokratiya adı altında Əfqanıstan, Pakistan, İraq, Suriya, Misirdən sonra məhv edilmək növbəsi Türkiyənindir. Dünyada baş verən prosesləri  təhlil etməklə nələrin planlaşdırıldığını  çox aydın görmək olar. Amerikanın növbəti hədəfinin Türkiyə olduğu açıq görülür. Türkiyədən sonra Azərbaycan və paralel olaraq Orta Asiya, daha sonra İran. İran hələlik gizli müttəfiq rolunu oynasa da, elə bolluq içində olan bir müsəlman ölkəsinin neftin üstündə bərqərar olaraq yaşamasına Qərb dözə bilməz. Məsələ burasındadır ki, Türkiyənin daxilində yarıtmaz siyasət və ermənilərin gizli fəaliyyətləri ölkəni içəridən qurd kimi gəmirməkdədir. Təsəvvür edin ki, ölkədə bomba hücumları zamanı həbs olunanların əksəriyyəti alman, fransız  və ingilis kəşfiyyatının nümayəndələri olduğu məlum olur. Əlaqələri də Türkiyədəki yüksək vəzifəli iş adamlarıdır. Media tamamilə yad qüvvələrə xidmət edir. Elə götürək dünənki hadisələri. Ərdoğanın adından xəbər yayan “Hürriyyət” qəzetinin ofisi dağıdıldı. Yalan xəbər insanların səbrini daşırdı. Müxalifət isə belə ağır bir gündə üstünlüyü əldə etmək üçün xəyanətin bir addımlığında start gözləyir.

- Kəbutər xanım, iş adamları deyirik, ayrı-ayrı qüvvələr deyirik, partiyalar deyirik. Bəlkə elə bir yolluq Ərdoğan deyək? “Türkiyəni bu və ya digər səbəbdən qırğına verən Ərdoğandır” - deyək bəlkə? Ola bilərmi ki, Ərdoğan təkcə hakimiyyətdə qalmaq üçün deyil, digər səbəblərdən, məsələn Amerikanın diktəsiylə getmədiyindən bu gün Türkiyə bu vəziyyətdədir?

- Mən elə düşünmürəm. Məncə, bu halda Ərdoğanın getməsi Türkiyənin Suriya və Misirlə eyni taleyi yaşamasına səbəb olacaq. Ölkənin kürdlər yaşayan ərazilərini bir tərəfə qoyaq. Sonuncu seçkilərdə vəziyyət üzə çıxdı. Ölkədə hakimiyyəti ələ alacaq partiya olaraq HDP-dən cəsarətli birisi olmalıdır. Nə səs toplaya bildilər, nə də hakimiyyətə gəlməyə cəhd edildi. HDP xeyli səslə qanunverici orqana belə sahibləndi. MHP və CHP-nin yürütdüyü siyasət şüarçılıqdan başqa bir şey deyil. MHP-də hökm sürən despotizm göz önündədir. Azərbaycan ərazi bütövlüyünün təhlükə altına almaq qarşılığında da olsa MHP sədri partiya içərisindəki gedişləri ilə hansı zehniyyətə malik olduğunu sərgilədi. Və nəticə olaraq keçid bölgəmiz Naxçıvanı Türkiyəyə bağlayan Iğdır terrorçuların əlinə keçdi. CHP-nin isə HDP-dən fərqi olmadığını görmək üçün son seçimlərdə qalib çıxan insanlara baxın. Böyük əksəriyyəti erməni və PKK müdafiəçisidir. Ərdoğan sadəcə son gedişlərini düzgün hesablaya bilmədi.

- İqdır məsələsinin fonunda nə dayanırdı əslində? Orada yaşayan Azərbaycan kökənlilər bu məsələdə necə davranmalıydı?

- İqdırın verilməsi birbaşa MHP-nin məsuliyyətsizliyidir. Yarıtmaz fəaliyyət, partiydaxili gizli intriqa məhz İqdırdakı insanların HDP-yə meyllənməsinə gətirib çıxartdı. Təəssüf ki, soydaşlarımız da “öncə Vətən yox, öncə partiyam” məntiqi ilə çıxış edərək səslərin parçalanmasına gətirib çıxaran addım atdılar.
- CHP bu seçkidə də səsləri böləcəkmi?

- Millət vəkilliyinə namizədliyini göstərənlərə baxarsaq, əslində bu şəxsi mqnaqişələrə daha çox oxşayır. Məhəllə davası, tayfa davası, nəinki siyasət. Bir-birini bəyənməmək, özünü hamıdan ağıllı hesab etmək, siyasətin “s” hərfindən xəbəri olmadan siyasətlə məşğul olmaq və daha gülüncü şansa güvənərək irəli atılmaq. Mən oradakı soydaşlarımıza “facebook” səhifəmdən belə bir ismarıc göndərdim ki, hələ zaman var. Əvvəlki səsvermənin mənzərələri açıqdır. Yəni, zəif yerimizin hara olduğu artıq məlumdur. Gəlin, bütün namizədlər üçün sorğu təşkil edək. Ən güclü namizədin ətrafında birləşib hansı partiyadan olmasına baxmayaraq həmən o adamı irəli verək. Bütün partiya, məzhəb söhbəti bağlansın. Reaksiya bilirsinizmi necə oldu? AKP-dən olmaz! Amma ən güclü namizədlərin biri elə AKP-lidir. CHP və MHP öz arasında çəkişəndə təbii ki, qalib HDP olacaq. Yanı, şir ilə ayı vuruşacaq, dovşanı tülkü aparacaq. Ümmətçilik adı altında dünya müsəlmanlarını birləşdirmək üçün atılan addımların düzgün realizə edilməməsi ölkə içində məzhəb ayrılığınl qızışdırır. Amma Türkiyə bu vəziyyətdən çıxa bilməzsə, bu gün Ərdoğan MHP və CHP ilə eyni günah yükünü paylaşacaq.

- Ərdoğanın Şərqdə açılıma getməsi və parlamentdə 80 HDP millət vəkilinin seçilməsinə şərait yaratması Ərdoğanın yanlışı idi o zaman?

- Burda vəkillər sifarişlə seçilmir, bu vəkillərin parlamentə seçilməsi xalqın Ərdoğanı cəzalandırması idi. Amma MHP və CHP o səsləri qazana bilmədi. Şüardan başqa heç bir əməli işə şahid olmayan millət səsi HDP-yə verdi. Çünki HDP iş görən və AKP ilə kəllə-kəlləyə döyüşə bilən yeganə partiyadır. İnsanların fəaaliyyəti göz qabağındadır, kimsə bu fikirlə razı deyilsə araşdırsın.

- Demək ki, xalq AKP-dən intiqam almaq xatirinə özünü qırğına verir.

- Hətta nə olur olsun, kim gəlir gəlsin, AKP seçilməsin zehniyyəti də bu işə təsir etdi.

- Kəbutər xanım, müşahidələrimdən düşünürdüm ki, Ərdoğan insanları meydanlara yığa biləcək qədər gücə və xalq sevigisinə sahibdir. Ancaq indi baş verənlər tam əksini deyir.

-Təsəvvür edin ki, xalqın bir qismi və əsaslı gücə sahib bir qismi müsəlman və Türk kimliyi daşıyan etniklərdir. Əlində güc olan media və tv-lərə sahib olan erməni, rum, yunan (hansı ki, əsrlərdir İstanbulun fəthi arzusu ilə yaşayırlar) şüuraltı olaraq Türkləri bu məmləkətin düşməni hesab edirlər.

- Hadisələr bundan sonra necə cərəyan edə bilər?

- Növbədənkənar seçkilərdə AKP-nin qalib gələcəyini düşünürəm. CHP yeni namizədləri ilə gündəmdədir. MHP hələ ki, bir təpər göstərmir. Dünənki terror olayında bu qədər çox itki olmasına rəğmən Dövlət Baxçalı nədənsə susur.

- Amerikanın da Türkiyəyə qarşı ikili mövqe göstərdiyinin şahidiyik. Amerika Türkiyəyə İŞİD-lə mübarizə apar, ancaq PKK-nı vurma deyir. PKK İŞİD-dən daha təhlükəli deyilmi? Amerikanın bu mövqeyi nə ilə əlaqədardır?

- Amerikanın demokratiya gətirirəm dediyi ölkələri sıralasaq və demokratiyadan əvvəlki halını demokratiyadan sonrakı halı ilə müqayisə edək. Görərik ki, “Xaçlı yürüşü”nün gizli və müasir forması cərəyan edir. Forma dəyişib, məzmun isə olduğu kimi qalır. Tək Amerika yox, Almaniya, İngiltərə, Fransa əlindən gəldiyi şəkildə Türkiyəyə zərbə vurmağa çalışır.

- Deyirsiniz ki, Ərdoğanın gedəcəyi təqdirdə Türkiyə daha böyük zərbə ilə üzləşəcək. Yaxşı, AKP-nin yenidən qalib gələcəyi təqdirdə daha betər fəsadlar baş verməyəcəyinə inanmaq olarmı?

- Ərdoğan gedərsə (bu dəqiqə bütün daxili müxalifət və xarici qüvvələr buna çalışır) ölkədə vətəndaş müharibəsi olacağı mümkündür. Bu da Şərqin planlaşdırdığı kimi qoparılıb müstəqillik elanı ilə nəticələnəcək. Burada da ən çox zərər çəkən Azərbaycan olacaq. Çünki 10 ildən artıq bir vaxtdır ki, ermənilər Naxçıvanın işğalı üçün zəmin hazırlayırlar. Xarici ölkələrdə Naxçıvan sərgilərinin keçirilməsi və s. buna nümunədir.

Ölkədəki gənclik AKP - ni dəstəkləmir. Gezi hadisələrini xatırlayırsınız? Əgər Erdoğanın o zamankı yanaşması davam edərsə, onun bənzəri bir olay çıxar və qanlı toqquşmalar başlayar. Amma Ərdoğanın bu halını davam etdirəcəyini düşünmürəm və yəqin ki, seçkilərdən sonra ölkə gəncliyinə davranışında demokratik bir yumşalma olacaq.

- Bəlkə elə Ərdoğan Qərbin bir siyasəti idi və daha çox dindar olan xalqı ələ ala biləcək deyə ölkəni parçalaya bilmə həddinə gətirdi? Çünki hara çəkirsən Türkiyənin bu vəziyyətə düşməsinin altından Ərdoğan çıxır.

- Bu işi Ərdoğana bağlamaq əslində doğru deyil. Addım-addım işlənən bir planın nəticəsi Ərdoğanla ola bilər. Ama BOP layihəsində önəmli yer alan Ərdoğan öz planladığı ikinci bir Osmanlı dövləti-Suriyanı, Misiri, Liviyanı içinə alan bir imperatorluq yaratmaq istəyirdi. Şərq uzlaşması da buna xidmət edirdi əslində. Bəşar Əsad bunu öyrəndikdə öz etirazını qoydu və dərhal da düşmən oldular. İran da eyni. Misirdə də Amerika bu planın fərqinə vardı və Sisini devirdi, xristian bir rəhbər gətirildi. Bununla da Orta Şərqdə Ərdoğanın yaratmaq istədiyi ümmət toplumu- prezidentlik sistemi ilə idarə olunacaq II Osmanlı imperiyası planı da ortadan qalxdı.

- Buradan belə çıxır ki, AKP qalib gəlsə də, Türkiyə daxilindəki hiddətlər səngiməyəcək. Və bu zaman belə sual doğur ki, Türkiyə mövcud gərginlikdən necə çıxmalıdır? Əlbəttə ki Ərdoğanın hakimiyyətə gətirilməsi verisyasından əlavə Türkiyə nə etməlidir, necə etməlidir ki, axan qan dursun?

- Ərdoğanın hakimiyyətə gəlməsi də terrorun qarşısını almayacaq. Yənı, bismillah ilə donuz darıdan çıxmaz. Durdurmaq istəyirsənsə əvvəlcə Türkiyə tarixindəki üsyanların yatırılmasını örnək alacaqsan. Məsələn, bizim ölkənin tarixində qondarma Talış-Muğan  Respublikası örnəyi var. Heydər Əliyev kimi uzaqgörən bir siyasətçi nə etdi? İstəsələr bu hadisələri də həll edərlər. Buna Türkiyənin gücü də var, qeyrəti də. Fəqət siyasi iradə yoxdur.

- Gücü də var, qeyrəti də, ama istəmir. Nə zaman istəyəcək bəs? Xalqın səbri sonsiz deyil axı.

- O terroru xalq özü sonlandırmalıdır. Məsələn, Ərzurumda xalq ayağa qalxdı, terrorçuları ərazidən çıxartdı. Amma Tunceli, Diyarbakır kimi yerlərdə belə deyil. Oralar bir vaxtlar Bakının məlum kəndləri kimidir. Bütöv rayonlar heç bir komunal xərclər ödəmirlər, sosial sığortaları var, aylıq təzminat alırlar. Terroru sonlandırıb zamanında Atatürkün həyata keçirdiyi milli siyasəti ortaya qoymaq lazımdır.

Şərhlər