"Gözəl insanlarla ünsiyyətdə olmağı xoşlayıram" - Zöhrə Əliyeva

09.09.2015 18:56     Müsahibə     5197

Bu günü bütün dünya gözəllik günü kimi qeyd edir.

Gözəllik dedikdə ağıllarda ilk öncə gözəl qadın obrazı canlanır.

Bəli, gözəllik qadın üçün, qadın da gözəllik üçün yaranıb. Ancaq o da var ki, qadın gözəlliyi  təkcə zahiri görünüşdə təzahür etməməlidir. Gözəl qadının ilk öncə daxili dünyası gözəl olmalıdır. Daha sonra isə daxili gözəllik xarici görünüşdə təcəssüm etməlidir. Gözəl qadının yerişi, duruşu, baxışı, danışığı, geyimi, rəftarı da gözəllik saçmalıdır. Bir sözlə, gözəl qadın təpədən dırnağa gözəl olmalıdır.

Bu mövzu ilə bağlı yazmağı düşünərkən aylar əvvəl facebook-da gördüyüm bir foto gəldi ağlıma.

Kəlağayılı bu gözəli çoxunuzun məndən yaxşı tanıdığına əminəm.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Zöhrə xanım Əliyeva. 

Və əminəm ki, mənə çoxlarınız da haqq qazandıracaqsınız ki, Zöhrə xanım Azərbaycan qadınının ən gözəl obrazıdır.

Bu gözəl xanımla qısaca da olsa gözəllikdən, gözəl qadın obrazından danışdıq.

- Zöhrə xanım, Balzak belə bir fikir söyləyib ki, gözəllik çox vaxt qüsurları gizləyən bir örtükdür. Sizcə Balzak haqlıdırmı?

- Məsələ burasındadır ki, ətrafda gözəl olmayan nə varsa elə gözəlliyin özü kimi ilk növbədə gözə çarpır. Yəni bu iki kateqoriyanın ikisi də cəlbedicidir... maraq oyadır və danışılır, yəni müzakirə olunur... Fərq isə odur ki, biri insanları gülümsədir, zövq verir, o biri uzaqlaşdırır, diksindirir... Amma bəzən onların arasında bir sərhəd çəkmək o qədər çətin olur ki... Ona görə ki, onlar həyatda mövcud olan bütün anlayışlar kimi bir-birinə nüfuz etmək xüsusiyyətinə malikdir. Bəlkə dediklərim sizə qəribə görünə bilər, amma bu belədir. Bəli, Balzakın sözünə qüvvət, bəzən zahiri gözəllik daxıli qüsurları gizlədir. Fəqət, müvəqqəti...! Bəzən zahiri gözəlliyin altından boylanan eybəcərliyi görmək çətin olur, bəzən də əksinə. Bu anlayışların özü də nisbi xarakter daşıyır, əslində hər şey kimi...

- Gözəl qadın necə olmalıdır?

- Konkret desək ki, gözəl qadın necə olmalıdır, məncə biz cavabımızda yeni heç bir şey kəşf etməyəcəyik. Əlbəttə ki, həm zahiri, həm də daxili halının harmoniyası o qadını, ümumilikdə isə İNSANı gözəl edir. Zahiri gözəlliyin bir meyarı yoxdur. Hər dövrün öz gözəllik anlayışları olub. Bir zamnlar MONA LİZA da gözəllik meyarı sayılırdı, indi də sayılır. Öz dövründə, o zamanın qadınları o dəblərlə geyinir, bəzənirdi. “CAKONDA” olandan sonra artıq bütün zamanların gözəlinə çevrildi. Bu gün qadın gözəlliyinin də öz zahiri əlamətləri var. Mənimçün bunlar ilk növbədə səliqə, ünsiyyətdə şirinlik, zövq, üz cizgilərinin və bədən quruluşunun mütənasibliyi və onlarla saya biləcəyimiz əlamətlər olsa da, bunlar yalnız zahirdir. Yalan nə deyim, əlbəttə mən estetəm və gözəl inanlarla ünsiyyətdə olmağı, gözəl yaşamağı, gözəl əşyalardan istifadə etməyi xoşlayıram. Nənələrimizin sözü olmasın, adamın evdə pişiyi də gözəl olsun... Kaş ki... Amma nəbadə bu, həyatın məqsədinə, hədəfə çevrilsin, nabədə o "Gözəl" bildiyin surətin arxasında kobud, hiyləgər, qeyri-səmimi bir məzmun olsun. Bir də, ən başlıcası, hər şey öz olçüsündə olmalıdır. Ədəbiyyat nəzəriyyəsində QROTESK anlayışı var, bilirsiz. Tərifini belə verirlər: QROTESK gözəlliyin eybəcərliyə qədər şişirdilmiş formasıdır... Gördüyünüz kimi biri-birinə nüfuz situasiyası.. Ölçü hissi həyatımızın harmoniyasıdır.

- Təkcə üz-gözünü bəzəməklə son dəb əlbisələr geyniməklə gözəl olmaq mümükündürmü?

- Gözəl geyinmək də olar, müasir geyinmək də olar, bəzənmək, kirşanlanmaq da olar, mini, midi, maksi də geyinmək olar ki, mən gözəl geyinməyə bayılıram. Amma və lakin, bir azca ayarını qaçırdınmı, bu yerdə gözəllik eybəcərliklə əvəz olunur. Bu ayarı gözləmək üçün isə Allah insanlara ağıl, zövq, məntiq və s. bu kimi keyfiyyətlər verib. Sən qərar verirsən, gözəl olmaq istəyirsən, ya yox. Məgər Barbara Streyzand zahiri gözəlliyin bütün standartlarına cavab verir, yaxud başqaları? Amma istedad, zəriflik onun zahirən malik olmadıqlarını təlafi edir.

- Azərbaycan qadını necə olanda daha gözəl görünür?

- Azərbaycan xanımının isə daha başqa özəllikləri var. Zəriflik, abır, həya, məsumluq, ləyaqət... Bunlar nə pulla, nə də ki təcrübə ilə qazanılan keyfiyyətlər deyil. Qanda varsa var, yoxdursa artıq faciədir. Və cəmiyyətə özünü başqa cür sırımaq istəyənlər heç də özlərini aldatmasınlar... Hamı hər şeyi görür...

- Zöhrə xanım belə gözəl olmağı necə bacarır?

- Vallah, mənim elə ambisiyalarım yoxdur, sadəcə normal olmaq istəyirəm. Yox, əgər kiminsə gözünə gözəl görünürəmsə, demək ki, boşuna yaşamamışam bu yaşa qədər, çünki istəyirsən lap Merilin Manro ol, əgər ADAM deyilsənsə, dost deyilsənsə, qohum deyilsənsə, bacı deyilsənsə, həmkar deyilsənsə, SADİQ deyilsənsə, mərd deyilsənsə, sənin o zahiri gözəlliyinin bir qəpiklik qiyməti yoxdur! Son vaxtlar mənim gözəllik meyarlarımın siyahısına daha vacib bir element əlavə olunub ki, daim elə yaşamışam, amma son vaxtlar ətrafımda onun əskikliyini hiss edirəm... Bəlkə bu da sizə qəribə və sərt görünəcək, amma qeyri-professional adamlar gözümdən birdən-birə düşür. Çünki vaxtımı alır, əsəbləşdirir və yorur. Həyatımın elə dönəmini yaşayıram ki, işini doğru-dürüst bilən, sevən və bacaran adamları ətrafımda istəyirəm...Elə bilirəm, bu elə GÖZƏLDİR ki...

- Özünüzə daha hansı gözəllikləri arzu edirsiniz?

- İnsanın ən gözəl keyfiyyətlərindən biri SƏBRdir ki, özümə də onu arzulayıram. Səbir adamı elə gözəlləşdirir ki, o, özü özündən razı qalır! Bir də öyrənmək istəyi və bacarığı. Bunlar Allahın verdiklərini tamamlaya biləcək nəsnələrdir. Ən böyük arzum da sevdiklərimi – ailəmi, dostlarımı-yanımda görməkdir, gözəl yaşlanmaqdır! Həyat göstərir ki, bütün mənalarda gözəl yaşlanmaq, hər kəsə nəsib olan nemət deyilmiş... odur ki, AMİN!

 

Şərhlər

Çox oxunanlar