"Adım mənim sirrimdir" - Naqiyə Rzayeva
10.09.2015 13:10 Müsahibə 6077
Rəssamlıq könül işidir, ruh işidir. Könül gözü bağlı olanlar nə rəsmdən anlayarlar, nə də fırçayla kətanı sevgili etməyi bacararlar.
Bu dəfəki qonağımız ruhu, könlü ilə sırf sənətə bağlı olan, ecazkar tablolar yaradan rəssam xanım Naqiyə Rzayevadır. Hər zaman gözlərdən uzaq qalmağa çalışan, mətbuatdan kənar qaçan Nagiyə xanım Azərbaycan Rəssamlar İttifaqının, Uluslarası Aktivist Sənətçilər Birliyinin üzvüdür. Uşaq yaşlarından rəsm çəkməyi sevsə də sənətin sirlərinə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun bədii qrafika fakültəsində yiyələnib. Uzun müddət Hərb Tarixi Muzeyində rəhbər vəzifədə çalışıb. Hazırda rəssamlıqla yanaşı sənətin tədrisi ilə də məşğuldur. 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində müəllim kimi çalışır.
- Naqiyə xanım, çox maraqlı adınız var. Eşidən kimi göz önündə qeyri adi sənət sahibinin obrazı canlanır. Adınızın mənası nədir?
- Çox müsahibələr vermişəm, amma bu sualı verən olmayıb. Adımın mənası çox maraqlı və sadədir, bir meyvə adının mənasını verir. Ancaq bunu heç vaxt açıqlamıram, adım mənim sirrimdir. Maraqlı tarixçəsi də var bu adın qoyulmağının. Söz verirəm, müsahibə bitəndən sonra sizə danışaram o tarixçəni.
- İnsanlar öz adlarına bənzəyir deyirlər, sizdə bu necədir?
- Bəli elədir, mən də xasiyyətimdə adıma uyğun nələrsə tapıram. Utancaqlığım, çəkingənliyim də bəlkə elə adımdan irəli gəlib.
- İstərdim ki, özünüzdən, sənətə gəlişinizdən danışasınız. Necə oldu ki, rəssam olmağa qərar verdiniz? Ailənizdə kimsə vardımı bu sənətlə məşğul olan?
- Ailəmizdə rəssam olmayıb, düzdür rəhmətlik atam çox istedadlı insan idi. Yaxşı şəkillər çəkirdi, öz əlləri ilə mebellər düzəldirdi, evləri təmir edirdi. Divarları elə bəzəyirdi ki, iki göz istəyirdi tamaşasına dura. Mən də, bacılarım da uşaqlıqdan şəkil çəkirdik və hamı da bəyənirdi əl işlərimizi. Ancaq rəssam olacağım heç vaxt ağlıma gəlməzdi.
- Qadın üçün rəssam olmaq çətin deyilmi?
- Mənim üçün çox çətindir. Bəlkə kiminsə evdə köməyi var, ev işləri ilə məşğul olan yaxın adam var, o başqa məsələ. Ümumiyyətlə, qadının işlə ailəni bir yerdə idarə etməsi asan iş deyil. Bizim işimizə də vax çox tələb olunur. Elə bil ki, sənin beynində dayanmadan yaradıcılıq prossesi gedir, sən də onu işləməyə məcbursan. İşləyə bilməyəndə isə çox pis olursan.
- Həm də rəssamlıq elə də gəlirli sahə də deyil ki, ev işlərində köməkçi tutasınız.
- Tamamilə razıyam. Həm gəliri yoxdur, həm vaxt çox aparır, həm də çox yer tutur. Amma bu işdə ürək var və o da hər şeyə dəyər.
- Bezdiyiniz, çəkmək istəmədiyiniz vaxtlar olurmu heç?
- Olur, əlbəttə ki. Hər işdə olduğu kimi. Həyatdır, birmənalı nəsə demək olmur. Elə iş olur ki, həvəsnən başlayırsan. Və elə olur ki, bir kəlmə, bir baxış bütün işini, həvəsini öldürür. Buna baxmayaraq işdən çox aralı durmaq mümkün olmur, özün də hiss etmədən fırçanı alıb yenidən işə başlayırsan. İnsanın, xüsusən də qadının sənəti onun övladı kimidir. Necə ki, övladdan ayrılmaq mümkünsüzdür, işdən də eləcə ayrılmaq olmur. O da var ki, övladlara görə çox şeydən keçər qadın, işdən də həmçinin. Çünki qadın üçün ən vacib əsər onun övladıdır.
- Hər zaman rəsm əsərini qadın obrazıyla eyniləşdirmişəm və düşünmüşəm ki, o obrazı da məhz kişilər çəkməlidirlər. Nədənsə qadın rəssamlar bu işdə bir o qədər də uğurlu ola bilməzlər. Qadın özünü kişinin gördüyü kimi görə bilməz axı. Sizcə çoxmu ağ edirəm belə düşünməklə?
- Mən sizinlə qismən razı ola bilərəm, bəlkə ona görə ki, mən də bu sənətdəyəm. Həmişə rəssam deyəndə tək rəsm əsəri çəkən şəxsiyyəti götürmürəm, burada dizayner də, rejissor da, dirijor da ola bilər. Qadınlar bu sənətdə daha həssas, daha incə olsalar da onların sənətdə irəli gedişi çox vaxt kişilərdən asılı olur.
- Naqiyə xanım, indi nə çəkirsiz, hansı üslubda çəkirsiz? Ruhunuza daha yaxın olan janr hansıdır?
- İndi çox vaxtımı batikaya sərf edirəm, amma ara bir qrafikanı, yaglı boyanı da işləyirəm. Batikanı çox alan olmur.
- Bilirəm ki, rəssamlıqla yanaşı müəlliməlik də edirsiniz, sənətin sirlərini uşaqlara öyrədirsiz...
- Bəli, müəllim kimi də çalışıram, balaca uşaqlar, gənclərə dərs keçirəm. Bu işlə məşğul olan elə çox da insan yoxdur. Elə bilirəm ki, müəllimin hər sahədən anlayışı olmalıdır. Zaman bizdən başqa prioritetləri istəyir.
- Balacalarla işləmək çətin deyil ki?
- Çox çətindir, həm də çox maraqlıdır.
- Ötən illərlə müqayisədə rəssamlığa maraq artıbmı, yoxsa əksinə?
- Deyərdim ki, artıb, ancaq təkcə hansısa profillərə.
- Uşaqların özündə maraq artıb yoxsa ki, valideyinləri təkid edir? Axı bizdə bəzi valideynlər var ki, müasir görünmək üçün uşaqlarını rəsmə, musiqiyə yazdırırlar. İstedadları oldu, olmadı...
- Hər ikisindən var. Ancaq onu deyim ki, valideyn məcburən dartıb gətirən uşaq sonacan gəlmir. Bəzi vaxtlar isə bu sahədə istedadlı uşağı valideyn məcburən basqa sənətə yönəldir. Həmin valideynlər bilməlidir ki, uşaqlarını xoşbəxt görmək istəyirlərsə, mütləq onlarla bir istiqamətdə baxmalıdırlar. Demirəm ki, uşaq nə istəyirsə o olmalıdır, sadəcə uşağa seçim hüququ verilməlidir, valideyn uşaqla dost olmalıdır. Valideynlər bunu bilsə, bacarsa, anlasa cəmiyyətimiz də sənətdə nə qədər irəli gedər. Çox vaxt olur ki, valideyn uşağı gətirir yanıma və deyir ki, istəyirəm uşağım ancaq rəsm çəkməyi öyrənsin, rəssam olmasını istəmirəm. Soruşuram ki, axı niyə rəssam olmasın, rəssamlıqda qəbahətmi var? Mən rəssamam, müəlliməm, dünyanın bir çox ölkələrində əsərlərim var, mənə sizlər gəlib sifariş verirsiniz, xahiş edirsiniz, burda pis nə var axı? Cavabları o olur ki, rəssamlıq qazanclı və dəbdə olan sənət deyil. Və bu da təbii ki, məni çox üzür.
- Naqiyə xanım, başqa ölkələrlə, xüsusən də Türkiyədə təqaüdə çıxmış insanların toplaşıb işlədikləri sənət mərkəzləri var. İstərdinizmi bizdə də belə vərdişlər və mərkəzlər formalaşsın?
- Xarici ölkələr ilə müqayisə etdikdə onlarda sənətə marağın bambaşqa olduğunu görürük. Bəli, elə qardaş ölkə olan Türkiyədə çox insan təqaüdə çıxdıqdan sonra rəsmlə, gözəl sənətlə məşğul olur, həmçinin ağır iş günündən sonra gözəl sənətlə məşğul olub mənəvi rahatlıq tapanlar da az deyil. Çox istərdim ki, ölkəmizdə də o tipli emalatxanalar, mərkəzlər olsun. Belə mərkəzlər insanın daxili potensialını, gözəlliyini, dünyagörünüşünü artırır. Burada yaşayan xarici vətəndaşlar da elə yerlər axtarırlar. Çünki onlar belə görüblər, bizimkilərə isə bu gülməli gəlir...
- Rəssamlar öz portretlərini də çəkirlər. Siz necə, özünüzü çəkə bilmisinizmi?
- Cavanlıqda nabroskalar işləmişəm, amma portret kimi yox.
- Bəs sizin rəsminizi çəkən olubmu? Olubsa, əgər daha çox kim sizi özünüzə oxşada bilib?
- Olub, bəli. Tələbəlik illərində cavan bir rəssam portretimi çəkmişdi və o portreti çox bəyənmişdim. Təəsüflər olsun ki, şəkilin sonrakı taleyindən xəbərim olmadı. İndi də olur hərdən.
- Bəs kimlərin portetini çəkmisiz? Və ya çəkmək istəyərdiniz?
- Mən çox portretlər işləmişəm. Rəssamlığa başlayanda da elə portretlərdən başlamışam. Birinci dəfə həkimimin portretini çəkmişdim, rəfiqələrimi də çəkirdim. Hərb Tarixi Muzeyində işlədiyim illərdə də silsilə olaraq sərkərdələrimizin, generallarımızın, çoxlu müharibə veteranlarının, qəhrəmanlarımızın portretlərini işləmişəm. Çoxusunu da qara ipəkdə və yağlı boya ilə.
- Naqiyə xanım, bilirəm ki, dünya rəssamlarının əksəriyyəti ilə sənət əlaqələriniz var. Bu yaxınlarda da Türkiyədə bir birliyə rəhbər seçilmisiniz. İstərdim, bu barədə də danışasınız?
- Türkiyə səfərimiz çox ugurlu keçdi. Dünya rəssamlarının sülh naminə birləşdirən VIII Uluslararası Femin Art Festivalında iştirak etdik. Dolğun bir proqramı birləşdirən festival Türkiyənin Trabzon şəhərində başlayıb Gürcüstanın Tiflis şəhərində bitdi. Beynəlxalq Femin Artın Prezidenti Şükran Yanğın Üst xanıma hər yerdən gələn qonaqları və iştirakçıları öz dogmaları kimi gəbul edib, bizimlə yanaşı işləyirdi, istirahət edirdi, bizə əsl dost münasibəti göstərirdi. Azərbaycandan 4 nəfər qatılmışdıq festivala, festivalın fəxri qonağı tanınmış rəssam Nəvai Metin və biz üç qadın rəssam, Tahirə Əliyeva, Sevinc Ələsgərova və mən. Orada Uluslararası Femin Art Qadın Sənətçilər Birliyinin Azərbaycan üzrə təmsilçisi seçildim. Qeyd edim ki, beynəlxalq təşkilatın təmsilçiliyi dünyanın 20 ölkəsində fəaliyyət göstərir və bu dəfə də həmin festival ölkəmizdə keçiriləcək.
- Bu yaxınlarda start götürmüş “Rəssamların dueli” layihəsinə də qatılmısınız. Necə oldu ki, bu layihədə iştirak etdiniz və ümumiyyətlə belə layihələri, sərgiləri, səfərləri, görüşləri necə qiymətləndirisiniz?
- Layihə çox maraqlı gəldi mənə və o üzdən də qoşuldum. Belə işləri çox müsbət qarşılayıram. Həmişə tələbələrə də deyirəm ki, bunların hamısı böyük məktəbdir. Görürsən, götürürsən, çalışırsan, ünsiyyətdə olursan, canlı çalışırsan, layihədə hamı birdir, göz önündə olan isə istedad, qabiliyyət, iş prinsipləridir.
Şərhlər