"Çox-çox Vüqarlı Əhmədlər var ədəbiyyatımızda" - ONLAYN YAZAR

12.09.2015 15:43     Müsahibə     4174

“ONLAYN YAZAR” layihəsinin bu günkü qonağı "Yazı" ədəbiyyat jurnalının baş redaktoru, yazıçı Azad Qaradərilidir.

Yazıçı haqqında Vikipediya səhifəsində yazılır ki, Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışıb. Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirib. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.

- Azad müəllim, Qaradərəsiz duruş gətirmək çoxmu çətindir, yoxsa ki, Zəngilanın yoxluğuyla  barışmısız  artıq?

- Yazıçı üçün məkan və zaman məsələsi bir qədər şərtidir. Amma insan kimi təbii ki, barışmamışam. Bu yazılarıma da təsirsiz ötüşməyib. Son illərdə çıxan kitablarımda da bunu görmək mümkündür.

- “Şəhərcik” romanınızın düşündürücü süjet xətti var. Romanın qəhrəmanı Ağaquliyev həm də qorxunc obrazda verilir. Belə bir sujet xətti seçməkdə, qorxunc obraz yaratmaqda məqsəd nə idi? Oxucuları qorxudaraq düşündürmək mümkün oldumu?

- Bilirsiniz, vallah o əsəri başlayanda heç İŞİD-in izi-tozu da yox idi. Kimin ağlına gələrdi ki, bir gün gələcək Azərbaycanı və bütün Şərqi tük basacaq. Üzü tüklü kişilər indi dünya mədəniyyətini yox etməklə, insanlığı qorxunc qətliamla hədələyirlər. Mən əslində bunu fəhmlə hiss etmişdim, necə deyərlər, deyilənlər də oldu. Dostum Tehran "Şəhərcik" romanı haqda maraqlı fikirlər yazmışdı, amma nədənsə bu amilə toxunmamışdı. O ki, qaldı qorxunc sujetə və qəhrəmanlara. Vallah nə deyim, bu qorxu elə mənim özümü də qorxudur, sanki dünyanın son vaxtlarıdır,  bəşəriyyət təhdid altındadır.

- İndi fəhminiz nə hiss edir? Həmin tüklü kişilər bəşəriyyətin sonuna çıxacaq, yoxsa ki, qorxunc obrazları bəşəriyyət məhv edəcək?

- Rumiyyə xanım, bu günlərdə siz məndən gözəlliklə bağlı münasibət öyrənmişdiniz. Və  mən demişdim ki, “bəşəriyyəti gözəllik xilas edəcək" deyən dahi ilə yüzdə yüz razıyam. Yəni ola bilməz ki, haqq, ədalət, o cümlədən gözəllik də onların içində, tamam məğlub olsun, tam məhv olsun. Hətta, məğlub olsa, belə onun ətri, rahiyyəsi bəşəriyyətə bəs edər. Mən inanıram ki, bəşəriyyət üçün bu da bir sınaqdır. Mən indi "Şüşə ev” adlı roman yazıram, orada şüşədən qurulmuş ev (təsəvvür edin ki, bu da bir Şuşadır) bir əlin zərbəsilə künfəkün olur! Amma onun xarabaları altında insanlıq qalır.

- Deyirsiz ki, bəşəriyyəti gözəllik xilas edəcək, ancaq başqa bir fikir də irəli sürürsünüz ki, gözəl qadından yazıçı olmaz. Səbəblərini də deyə bilərsinizmi?

- Yəni yazıçılıq əzabdır, zülmdür, işgəncədir, xüsusən də nəsr. Mən heç bir gözəlin belə bir işgəncəyə girməsinə razı ola bilmərəm. Düzdür, istisnalar var, amma tarixən bu əzablı işi kişilər görüb.

- Məncə əsl cavabınız bu deyil. Sanki nəyisə deməkdən ehtiyat edirsiniz...

- Gözəllik obyektdir, yəni hamınındır əslində. Bizdə, müsəlman şərqində bunu bilərəkdən qadını çadraya saldılar. Yəni o şey ki, gözəldir və onun gözəlliyi hamıya çatır, onu həm ana kimi, həm qadın kimi, həm ailə sahibi kimi istismar etdiyimiz yetməzmiş kimi, əlinə qələm verib roman yazdırmaq məncə məşəqqətdir. Bu cavabım son dərəcə subyektivdir, bilirəm, amma bu, mənim düşüncəmdir. Di gəl ki, ortada Afaq Məsud kimi güclü bir qadın nasir də var!

Yaxud Voyniç!

- İndi Afaq Məsud kimilər çox, lap çox azdır, bəlkə də onun üçün bu fikirdəsiniz? Yəni ki, indi gözəl qadınların yazdıqlarından çox gözəllikləri göz qamaşdırır...

- ... (susur)

- Niyə susursunuz? Siz susun, o sussun, hər kəs sussun, bəs kim danışsın,  kim desin doğruları? Ədəbiyyat meydanında ədəbiyyatdan başqa nəylə desən məşğul olan qadınlardan kim danışsın?

- Hesab edin ki, o üç nöqtə ilə hər şeyi dedim. Bu barədə çox yazmışam. Kişi şairlər, yazıçılar, baş redaktorlar var ki, dəstəylə qadın yazarlar saxlayır. Ora-bura göndərir, sözü gözdən salırlar, qələmə də lənət oxudurlar. Yazdıqlarının əksəriyyəti mədhiyyə olan, ona-buna yarınan, ədəbiyyata qara ləkə olanlar sözü belə-belə urvatdan salırlar. Daha nə yazım? Görünən dağa nə bələdçi?! Amma bir iş var ki, nə bunların, nə onların əsl ədəbiyyata dəxli yoxdur.

- Belə bir fikriniz var ki, Azərbaycan ədəbiyyatı kimi qarma-qarışıq, qeyri-müəyyənliklərlə dolu ikinci bir ədəbiyyat yoxdur. Bu qarma-qarışıqlıq içində böyük ədəbiyyata iddialı olmaq nə qədər mümkündür?

- Bu zamanla bağlı məsələdir. Yəni Sovet rejimi kimi bir axmaq rejimdən qopmuş ölkələrin hamısında bu xaotiklik var. Amma qopmuş dedim! Bizdən hələ də Sovetin iyi gəlir. Necə deyərlər, “xər həmin xərəst, çuli digər əst”. Biz hələ də Sovet adamı kimi düşünür, Sovet yazıçısı kimi yazırıq. Baxın, AYB-ə və onun üzvlərinə. Şəxsiyyətə pərəstişin pik həddindədir buranın vəziyyəti. AYB üzvü olmaq, təqaüd almaq, təriflənmək üçün mütləq Anara yaltaqlanmaq gərəkdir.

Ona əlin yetməsə, Fikrət Qocaya.

Ona da əlin çatmasa... daha sonrasını bilmirəm... Amma bir şey də var ki, lap alt qatda cücərtilər, yeni doğulanlar və yenicə iməkləyənlər var. Onların mayası bərkiməsə də, süddən yanıq olsalar da, artıq bəziləri ayağa dura biliblər, qəddlərini dikəldiblər. Şax yeriməyə də başlayıblar. Bax, əsl ədəbiyyatı onlardan gözləyin. Bu, olacaq!

- O ayağa duranlar da elə həngamələr çıxardır ki, matı-qutumuz quruyur. Özləri bir kəlmə doğru-düzgün nəsə yazmamış ədiblərimizi tənqir və hətta təhqir edirlər. Onlardan hansısa ədəbiyyatı gözləmək olarmı?

- Bu suala başqa bir sorğuda da cavab vermişəm, yenə təkrar edirəm, ədəbiyyat fərdi yaradıcılıq sahəsidir. Burada kütləvilik yoxdur, ansambl, orkestr işi deyil bu. Yazıçı 4 divar arasında oturub yazır. Və o yazıçının yazdığını hamının həzm etməsi heç mümkün də deyil. Yəni əsl ədəbiyyat, əsəl sənət kütləvilikdən uzaqdır. Onu zamanında az adam anlayır. Məgər Nizamini, Füzulini indi hamı anlayır? Nə olsun, orta məktəbdə oxuyublar? Nizaminin 5 poemasını Azərbaycanda neçə adam axıracan oxuyub? Çətin ki, çox olsun. Hər zaman belə olub. Füzulini Axundov bəyənmirdi, adi nəzm yazan sayırdı. Cavidi Cabbarlı, Şekspiri Tolstoy bəyənmirdi. Bu adi haldı və bundan heç kim əndişələnməsin. Yəni ədəbiyyatda müqəddəs adam və müqəddəs əsər-filan yoxdur. R.Rzanın "Lenin" poeması hanı indi? Kim oxuyur onu? Yaxud S.Vurğunun "Zamanın bayraqdarı" poeması indi kimə lazımdır? Kim oxuyur onu? Heç kim. Demək ki, hər bir yazıçı, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq başqa bir yazıçını bəyənməmək hüququnu özündə saxlayır. Yəni gənc yazıçıların klassikləri, müasirlərini tənqid etməyindən qorxmaq lazım deyil. Ondan qorxun ki, hamı "Bəli, baş üstə" deyər, dünyanın nizamı pozular.

- Bəlkə də onların səsləndirdiyi fikirlər həmin yazarı, şairi oxumağa təkan verdi? Ən azından həmin yazarı ötəri də olsa vərəqləyər ki, bəlkə doğrudan da həmin ədib heç yaxşı yazmayıb...

- Orası da var ki, əgər o fikirlər yaşarı olmasa sabun köpüyü kimi dağılacaq. Əgər yaşarı olsa, ədəbiyyat tarixində özünə yer edəcək. Yəni fəlsəfədə inkarı inkar qanunu var. Bu olmasa cəmiyyətdə sükunət yaranar, inkişaf dayanar. Gənclik, əslində etiraz deməkdir. Aşıb-daşan enerjisini bilmir hara xərcləsin, bəyənmədiyi yazıçının tənqidinə cəhd edir. Məhz tənqidinə! Hər mənada tənqid lazımdır. Təhqir isə yolverilməzdir. Təhqir onu edənin zəifliyinin əlamətidir.

- Azad müəllim, bizdə "yaxşı geyinim, yaxşı dolanım, soyuducum dolu olsun" devizi ilə yaşanlar daha çoxdur. Bəlkə elə indi ciddi ədəbiyyatı belə devizlərlə yaşayan oxucu özü istəmir?

- Əslində ac qarına nə ədəbiyyat, nə elm mümkün deyil. Yəni ki, iqtisadi cəhətdən təmin olunmuş adam bədii əsər oxuya bilər, musiqiyə qulaq asar, teatra gedər və sair. Yəni bizim kimi gödəninin əsiri olan xalqlar, yəni yeməyi özünün 1 nömrəli problemi edənlər üçün bu, faciədir. Ədəbiyyat bu faciəni də göstərməlidir. Mənim hekayələrimdə bu zilləti görmüş olarsınız. Bir hekayəm var, "Ehsan” adında. Qəhrəmanım allaha yalvarır ki, hər gün adam ölsün, gedib ehsan yesin, qarnı doysun. İndi bu zalım oğluna sən Motsartın simfoniyasını dinlət, görüm necə dinlədirsən Yaxud kitabmı yadına düşəcək bunun? Yəni ədəbiyyatın, mədəniyyətin iqtisadiyyatdan asılı olduğu yüzdə yüzdür. Qəzetlərə baxın, saytlara göz gəzdirin, mədəniyyət xəbərləri sonda verilir. Niyə? Çünki insan ancaq rahat olandan sonra mədəniyyətə, ədəbiyyata vaxt ayıra bilir.

- Bu yaxınlarda eşitdim ki, parlament seçkilərində Vüqar Əhmədi dəstəkləyəcəksiz? Sizin cəbhənin adamı olduğu üçünmü ona səs verəcəksiniz, yoxsa ki, başqa səbəb var?

- Yox, bu mənim ədəbi zarafatlarımdandır.)) Bir dəfə də yazmışdım ki, çox-çox Vüqarlı Əhmədlər var ədəbiyyatımızda. O adamla şəxsi tanışlığım yoxdur. Amma bayağı şeirlərin müəllifi olduğunu bilirəm. Yəni ədəbiyyata dəxli olmayan minlərdən biridir. Amma parlamentə o cür baz-burutlu adamlar daha çox yaraşır. Ona görə də ədəbiyyatdan gedib orada əyləşsə, ədəbiyyatın xeyrinə olar. Amma bir qorxu da var: bəziləri parlamentə gedəndən sonra şairliyi vurur başına! Ay qardaş. ay bacı, bu axı ədəbiyyatdır, burda qələm çalanın ağzının qıyı-qıpı olmur. Sənin o "bezdarnı" yazılarını bir gün yerdən yerə vuracaqlar. Nəyinə lazım özünü “zibilə” salırsan?! Kimə deyirsən? Gah roman yazırlar, gah şeirlərinə mahnı bəstələdirlər, gah da yazıçı kimi poza verib bir sürü özləri kimi istedadsız yazarla şəkil çəkdirirlər... Allah bizi belə yazıçı-deputatlardan qorusun!

- Azad müəllim, bəlkə indi də "Yazı"dan danışaq. Bilirik ki, dərginiz ədəbi mövqeyinə, siyasi baxışına fərq qoymadan hamının yazısını çap edir. "Yazı"da indi nə yazılır, nədən yazılır?

- Bizim "Yazı" dərgisi həqiqətən xalqın dərgisidir. Yəni Azərbaycanda bir eksperimentdir bu: heç bir dövlət orqanından pul almadan, yalnız xalqın avanqard adamlarının yardımı ilə çıxan ədəbiyyat dərgisi. Sonra da deyirlər ki, xalq ədəbiyyat oxumur!? Necə oxumur? Hətta XALQ ədəbiyyat dərgisi buraxır axı! Heç bir maddi dəstəyi, işçisi, ofisi olmadan 5-ci ildir ki, 200 səhifəlik dərgi nəşr olunur. Dərgidə çap olunanların 90 faizini şəxsən tanımıram. Yəni facebookla, email adreslə əlaqə saxladığım adamlardır çoxu. Amma o var ki, "Yazı"nın artıq öz yazarları var. Bütün ölkələrdə yazarlarımız və bizi dəstəkləyənlərimiz var. İnanıram ki, ədəbiyyat sevərlər yazını yarıyolda qoymayacaqlar.

- Bu işin öhdəsindən gəlmək bir o qədər də asan iş deyil. Siz necə bacardınız?

- Mən Azərbaycan ədəbi mühitini az-maz bilən adam kimi yazarlarımızın potensialına bələd idim. Bilirdim ki, tərpətsən, hərəsinin qoltuğundan bir yarımçıq roman çıxacaq. Elə də oldu. Mənim sifarişimlə konkret "Yazı" üçün roman, hekayə, uzun hekayə yazırlar indi. Heyf ki, qonorar verə bilmirik... Məni qorxudurdular ki, yazan olmayacaq, camaat çörək hayındadır, sən romandan danışırsan və sair. Amma yalandır! Ədəbiyyat acıdır bu xalq. Bu xalqa yalan, saxta ədəbiyyat oxudublar uzun illər. Bu xalqa biz öz yazıçılarını, yasaq ədəbiyyatdan yazanları - Sabir Əhmədli kimi böyük ədibləri təzədən tanıtdıq.

Eldar Baxış kimi qiymətini almayan şairi yenidən tanıtdıq.

Sən haqqı yaz, xalqına kələk gəlmə, həqiqəti de, oxuyan bu gün də olmasa sabah olacaq. "Yazı"nın təkcə kağız variantı deyil. Elektron variantı da var ki, bu da onun daha geniş arenada və bütün dünyada oxuna bilməsinə kömək edir.

- Azad Qaradərili müsahibəsini necə sonluqla bitirərdi?

- Mən yazıçıyam və bu gün, əslində başqa bir peşəm yoxdur, yəni sırf yazı-pozu ilə məşğulam. Bilirəm ki, bütün dünyada millətin nicatı həmişə ədəbiyyatın inkişafından asılı olub. Çünki bütün sənət növləri həmişə ədəbiyyatın inkişafından şirə çəkib. Bu dediklərim barədə "Renessans həsrəti” adlı esselər kitabımda geniş söhbət açmışam. Çox istərdim ki, ölkəmizdə RENESSANS mühiti yaransın və onda yazıçıların da işi asanlaşar. Oturub öz dədə-baba peşələri ilə məşğul olarlar. Necə deyərlər, ədəbiyyatın əzəli-əbədi mövzularından bəhs edən əsərlər yazarlar.

- Tanrı sizi də, bizi də ədəbiyyatla bağlı istəklərimizə çatdırsın!

Şərhlər