"Köhnə cəbhəçilər çox yorulub" - Razi Nurullayev

19.10.2015 14:12     Müsahibə     2949

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimlidən ayrılan hissəsi tərəfindən Etimad Qurultayı keçirilib. Qurultayda 209 nəfərin iştirak etdiyi səsvermə nəticəsində 165 səslə Razi Nurullayev sədr seçilib.

Razi Nurullayev mətbuata açıqlamasında AXCP-nin müxalifət kimi fəaliyyət göstərəcəyini bildirib: “Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biriniz zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsınız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm”.

R.Nurullayev, həmçinin Əli Kərimliyə sərt mesaj ünvanlayaraq onu istefaya getməyə çağırıb: “AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: Əsl AXCP burdadir. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar”.

Reaksiya.az Razi Nurullayevinn partiya sədri kimi düşüncələrini öyrənib və ondan müsahibə alıb. 

- Razi müəllim, ilk öncə özünüzün təbirinizcə desək, tarix yazmağınız münasibəti ilə partiyanızı təbrik edirik. Və istərdik ki, Qurultay sonrakı düşüncələrinizi oxucularla bölüşərdiniz.

- Mən fəxrlə və qürurla deməliyəm ki, qurultayımızda 1200 nəfərdən artıq insan iştirak etdi. Və bu Qurultay nümayəndələrinin göstərdiyi coşqu, alqışlar, şüarlar, orada yaranan abu-hava qurultay iştirakçılarını da, məni də 15 il əvvələ qaytardı. Bu cür coşqu ilə, bu cür inam və ehtiramla keçirilən qurultay hər birimizin yaddaşında dərin izlər buraxdı. Deməliyəm ki, bəlkə də neçə illərdir bu qədər həyəcan, bu qədər səmimiyyətlə keçirilən bir qurultay olmamışdı. Nəzərə alsaq ki, Azərbaycanda siyasət sıfır vəziyyətə enib, insanların siyasətçilərə və siyasətə inamı azalıb. Ancaq dünən qurultay nümayəndələrinin inamı, səmiyyəti və coşqusu belə bir təəssürat yaratdı ki, doğrudan da Azərbaycana yeni nəfəs gəldi. Yeni bir tarix yazıldı. Bu həqiqətdir və bu gün də mən insanlardan zəng alıram. Deyirlər ki, orada gözü yaşaranlar, ağlayan insanlar belə olub, çünki insanlar çoxdan bəri bu cür prosesin şahidi olmamışdılar. Belə bir siyasi abu-havanın 15-20 il bundan qabaq iştirakçısı olmuşduq. Qurultay eyni zamanda bizdə belə bir inam yaratdı ki, yolumuz doğrudur. Və təbii ki, Azərbaycanda yeni bir siyasi tarixin astanasındayıq.

- Qurultaydan sonra mətbuata açıqlamanızda Əli Kərimliyə sərt bir ismarıc göndərdiniz. Bilmək istəyirik ki, partiyanız Əli Kərimli ilə rəqabətə tab gətirə biləcəkmi? Əli Kərimlini ağ bayrağı qaldırmağa məcbur etməyi bacaracaqsınızmı?

- Başqa bir ölkədə yaşasaydıq, real vəziyyətdə istənilən digər partiya ağ bayrağı çoxdan qaldırmış və siyasi səhnədən çəkilmişdi. Amma Əli Kərimlinin ictimai rəyi və reallıqları nəzərə alan bir siyasətçi olduğu düşüncəsində olmadığımdan bunu deyə bilmərəm. Digər bir tərəfdən artıq Əli Kərimlinin on illiklərlə gördüyü işi biz iki ay ərzində gördük. Və bu gün heç kim 2 ay ərzində 57 rayon şöbəsi yaradıb, bu cür gurultulu, inamlı və real insanlardan, real cəbhəçilərdən, real hərəkatçıların içtirakı ilə belə bir qurultay keçirə bilməzdi. Belə bir abu-hava yarada bilməzdi və belə bir gündəm yaradaraq gündəmi zəbt edə bilməzdi. Hesab edirəm ki, 2 ayda gördüyümüz işin nəticəsi belədirsə demək, bizə inanmağa dəyər. Biz “tarix yazdıq” deyərkən heç də mübaliğəyə yol verməmişik.

- Partiyanın sıralarına nəzər yetirdikdə daha çox gənclərin üstünlük təşkil etdiyini görürük. Bunu nəylə əlaqələndirirsiz?

- Təbii ki, gələcək gənclərindir və biz gənclərə üstünlük veririk. Çünki doğrudan da köhnə hərəkatçılar, köhnə cəbhəçilər çox yorulublar. Onlar artıq bu yükün daşıyıcısı ola bilmirlər. Amma biz onlara hörmətlə yanaşırıq, hörmətlə anırıq və hər zaman başımızın üstündə, yanımızda onlar üçün yer var. Amma bu prosesin, növbəti mərhələnin iştirakçıları gənclər olmalıdır. Gənclərsiz biz bu işin öhdəsindən gələ bilmərik. Onun üçün də bizim şüarımız, meyarımız və əsas üstünlük verdiyimiz gənclərlə işdir. Gənclər də bu işin öhdəsindən çox uğurla və müvəffəqiyyətlə gələ bilirlər.

- Partiyanızın qarşıdakı planları və hədəfləri barəsində qısaca da olsa danışardınız.

- Qurultaydan sonra qarşımızda duran ilk məsələlərdən biri sənədlərimizi tam şəkildə hazırlayaraq Ədliyyə Nazirliyinə təqdim etmək və AXCP-dən hüquqi təmsilçiliyi əldə etməkdir. Növbəti mərhələdə isə beynəlxalq aləmə açılmaq istəyirik. Üçüncü  mərhələ isə partiyanın bütün sahələr üzrə proqramını hazırlamaqdayıq. Və bunun da xüsusi təqdimatını keçirərək ictimaiyyətə, mediaya təqdim edəcəyik. Bununla yanaşı təşkilati işlərimiz də davam edəcək. 

Şərhlər