“Yeganə istəyimiz o idi ki, Heydər Əliyev hakimiyyətə gəlsin”
28.10.2015 12:15 Müsahibə 3470
“Son 5 ildə Azərbaycan parlamenti daha çox parlament fəaliyyətilə məşğul olub və doğrudan da öz yerini, rolunu, nüfuzunu getdikcə artırıb və Azərbaycanın həyatında hakimiyyətin əsas qanadlarından biri olduğunu sübut edib”.
Bu sözləri 84 saylı Füzuli seçki dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın idarə heyətinin üzvü Bahar Muradova Avrasiya Media Şəbəkəsinin baş direktoru Zaur Qəriboğluna verdiyi müsahibəsi zamanı deyib.
Bu müsahibədə vitse-spiker Bahar Muradova həyatının görünən tərəflərindən daha çox görünməyən tərəfləri ilə diqqət çəkir. Oxucu bu yazıda bir neçə Bahar Muradova görə bilər. Siyasətçi Bahar Muradova, ana Bahar Muradova, qayğısız uşaqlıq illərinin Bahar Muradovası, torpaqlarının 20% faizi düşmən tapdağında olan vətəndaş Bahar Muradova...
Bütün bunların fövqündə dayanan Azərbaycan qadının ali siması sayılan Bahar Muradova. Bahar xanım bu sadaladığımız və sadalamadığımız, lakin müsahibədə oxucularımızın diqqətinə çatdırılan məqamları ilə öz HƏDƏFLƏRİNƏ DOĞRU addımlamağı bacaran QADINdır.
Beləliklə, Reaksiya.az həmin müsahibəni sizə təqdim edir.
“Xoşbəxtliyim tam və bitkin deyil”
- Bahar xanım, oxucularımız bu müsahibədə sizi daha çox qeyri-rəsmi şəxs kimi tanımaq istəyir. Bu, sizin oxucularınız və seçiciləriniz üçün də maraqlı olacaq. Şəxsən mən də sizi rəsmi şəxs kimi tanıyıram və bilmirəm ki, işdən sonrakı Bahar xanım necədir? Və ilk sualım da belədir. Xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Özünüzü belə insanların sırasına daxil edirsinizmi?
- Əlbəttə, mənim taleyim elə gətirib ki, ömrüm boyu sevdiyim işlə məşğul olmuşam. Ona görə də hər zaman işə tələsmişəm. Və bir qayda olaraq sevdiyin işlə məşğul olduqdan sonra sevdiyin insanların əhatəsinə düşmək istəyirsən. Taleyim o sarıdan da gətirib ki, mənim ailəm hər zaman mənə dəstək verib. Ona görə də evə də tələsirəm. Bu mənada xoşbəxt adlandırmaq olar. Ancaq bir istisna var: bir var hər kəsin hər gün gecələdiyi və səhərlər gözünü yuxudan açdığı evi, bir də onun ata yurdu, eli-obası... Bu mənada xoşbəxtlik tam deyil. Əlbəttə, doğulduğum ata yurduma da tələsirəm və ora da getmək istəyirəm. Və bu gün oraları görmək imkanım olmadığından xoşbəxtliyim tam və bitkin deyil.
- Ata yurdu hesab etdiyiniz Füzulidən artıq bir neçə dəfə deputat seçilmisiniz. Və tez-tez o ərazilərə gedirsiniz, orada yaşayan insanlarla görüşürsünüz. O rayonun bir hissəsinin işğal altında olmasına baxmayaraq, seçicilərinizlə təmasda olursunuz. Hansı duyğulara köklənir Bahar xanım o anlarda?
- Dediklərinizlə razıyam. Gəlin yenidən o tarixə nəzər salaq. 1994-cü ildə gedən gərgin döyüşlərdə Füzulinin bir qismi işğaldan azad olundu. Hazırda biz “Füzuliyə gedirik” söyləyəndə məhz işğaldan azad edilən o əraziləri nəzərdə tuturuq. Horadiz qəsəbəsindən o tərəfə bizim xeyli ərazimiz işğal altındadır. Və mənim də doğulduğum, boya-başa çatdığım Füzuli şəhəri işğalçılar tərəfindən darmadağın edilib. Mənim böyük həyata boylandığım kiçik evimiz, həyətimiz, onun cığırları, məktəbə getdiyim yol, oxuduğum məktəb, sevdiyim şəhər, dostlarımla oynadığım küçələr də işğal altındadır. Və mənim görməyə tələsdiyim yer oradır. Böyük mənada isə Qarabağdır və işğal edilən digər ərazilərdir. Nə qədər torpaqlarımız azad edilməyib, bütün hissiyatlarımız yarımçıqdır.
“Ailə təkcə dincəldiyin yer deyil...”
- Ciddi görkəmli, sözü ötkəm bir siyasətçi evdə ciddiliyi qoruya bilirmi? Yoxsa evə gələndə övladınızın təbəssümü hər şeyi dəyişir?
- Əlbəttə, sevdiyin insanların içərisində, onların əhatəsində məqam gəlir ki, ciddi olmalısan, məqam gəlir ki, ipəkdən yumşaq olmalısan. Bütün bunları bacarırsansa, deməli ailənin idarə olunmasını da yüksək səviyyədə həyata keçirə bilərsən. Ailə təkcə dincəldiyin yer deyil, ailə həm də vətəndaş böyütdüyün bir ocaqdır. Burda gənc nəslə, uşaqlara, bir də ki, yaxın adamlara yeri gələndə nəvaziş, qayğı göstərmək lazımdır, yeri gələndə isə ciddi tənbeh etmək lazımdır. Ciddiyyət o məqamlarda özünü göstərir.
- Müsahibələrinizin birində oxudum ki, həyat yoldaşınız sizə çox dəstək olur. Nə qədər iş xanımı olsanız da evdəki nəzarəti də əldən vermirsiniz. Qeyd edirsiniz ki, mətbəxdə özüm yemək hazırlamasam da mətbəxə diqqət edirəm.
- Qadını evdə həmişə mətbəxdə təsəvvür edirlər. O mənada mətbəx nəzarəti əlimdədir. Bir də evin bütün künc-bucağı, səliqə-səhmanı, hansı qonağın gəlməsi, necə qarşılanması, bütün ailə üzvləri üçün vacib olan qərarların qəbulu, uşağın dərsi, onun sağlamlığı nəzarətdə olmalıdır. Həyat yoldaşı isə başqa bir qayğı, başqa bir diqqət, eyni zamanda tərəfdaşlıq, qarşılıqlı hörmətə əsaslanan münasibətlər, bir-birinin maraqlarını anlamaq, başa düşmək, nəzərə almaq tələb edir. O mənada evdəki işlər heç də bayırdakı işlərdən az deyil. Bütün bunları isə idarə etmək və hamısını çatdırmaq çətin məsələdir. Ona görə də bütün ciddiyyətilə evdəki işləri dövlət işlərindən ayırmıram.
“Bu, bütövlükdə bir ömürdür”
- Övladınız, deyəsən azyaşlıdır...
- Bəli, bir qızım var, 4-cü sinifdə oxuyur. 9 yaşı oktyabr ayının 31-də tamam olacaq.
- Yəqin işlərin çoxluğundan belə gec ailə həyatı qurmusunuz...
- Mənim həyatım çox keşməkeşli oldu, soydaşlarımın həyatı kimi. Çox uşaqlı ailədə böyümüşəm. Təhsil almaq, şəxsiyyət kimi formalaşmaq, həyatda öz yerini tutmaq, hər kəsdə olduğu kimi mənim də ən ali istəklərimdən biri olub. Onun ardınca Bakıya gəldim. Bakıya gəlişimi və buradakı həyatımı o vaxtkı dünyagörüşümə uyğun təsəvvür edirdim. Amma Bakı məni başqa cür qarşıladı. Çox çətinliklərlə üzləşdim, amma Tanrı bəlkə də bu çətinlikləri mənə sınaq üçün verdi. O sınaqlardan çıxa bildim. Böyük həyata atılmaq, Bakı şəhərində özünə yer tutmaq, ictimai-siyasi proseslərə qatılmaq, onun bir parçası olmaq, nəhayət gəlib müstəqil Azərbaycan dövlətinin quruculuğunda Ulu öndər Heydər Əliyevlə, onun müəyyənləşdirdiyi və zərgər dəqiqliyi ilə seçdiyi kadrlar sırasında olmaq, onun yaratdığı partiyanın rəhbər strukturlarına gəlib çıxmaq və nəhayət bu gün III çağırış Azərbaycan parlamentinin üzvü olmaq, onun 10 ilini parlamentin rəhbərliyində təmsil olunmaq əlbəttə ki, bir şəxsin, bir qadının həyatında çox əhəmiyyətli dönəmlərdir. Və mən bu dönəmləri bir-birinin ardınca günbəgün, anbaan keçsəm də, amma bu, bütövlükdə bir ömürdür. Bu ömrü mən planlaşdırmadım. Əvvəlindən bugünədək... Sadəcə proseslərdən kənarda qalmamağa çalışdım. Qalanını həyat özü nizamladı. Ona görə də hesab edirəm ki, bünövrəsini Füzulinin dar küçələrindən götürən bu ömür yolu həyatın iri prospektlərinə - Bakıda gəlib çıxdı. Bu şəhər məni formalaşdırdı, özümü təsdiq etməyə və yeni Azərbaycanın quruculuğuna cəlb olunmağıma şərait yaratdı. O mənada taleyimi, həyatımı burda tapmışam. Bundan sonra da davamını gözləyirəm. Davam da yalnız müəyyən etdiyimiz siyasi yol, özüm üçün qəbul etdiyim siyasi əqidədir. Bu, Heydər Əliyev yoludur, ideyalarıdır. Nə qədər ki, bu yolla gedəcəyik, Azərbaycan inkişaf edəcək, bizim arzularımız da çiçəklənəcək. Və əlbəttə ki, o kiçik vətənimin, Füzulinin, bütün kəndlərinin, bütün Qarabağın nicatı da, xilası da bu yola nə qədər sədaqətlə davam edəcəyimizdən asılıdır. Hesab edirəm ki, tale mənə həm sərt üzünü göstərib, həm də mənə qarşı səxavətli olub. Bu, siyasi həyatda olan bir qadın üçün böyük nailiyyətlərdir.
- Bu uğurlarınızda həmişə də valideynlərinizə minnətdar olmusunuz. Onlar sizə müyyən qədər sərbəstlik veriblər, şərait yaradıblar. Amma qonşularınızdan biri deyir ki, siz ailədə olan 7 qızın içində ən qaraqabağ, heç kəsin işinə qarşmayan, öz aləmi olan bir qız olmusunuz. Yəni, doğrudanmı, siz uşaqlıqda özünüzə qapanmısınız?
- Bunu özünə qapanma deməzdim. Öz aləmim var idi, bunu təsdiq edə bilərəm. Çox uşaqlı ailədə bir ümumi qayda-qanun var. Hər kəs ona əməl etməlidir. Bu çərçivələrə sığışmaq və çərçivələr içərisində böyümək elə də asan deyil. Əgər sənin xarakterin, imkanların, arzuların, bu çərçivədən kənara çıxırsa, müəyyən problemlər də yaranır. Bu fikri hansı qonşu səsləndirib onu bilmirəm, ancaq bu fikir mənim üçün maraqlıdır ki, insanlar məni belə xatırlayırlar.
“Hüquqşünas olmaq qərarına gəldim”
- Həm də deyirlər ki, sizin uşaqlıqdan bir liderlik özəlliyiniz də olub.
- Bunu liderlik adlandırmazdım. Bəli, içimdə bir etiraz var idi. Və mən küçəmizin palçıqlı, səliqəsiz, oxuduğum məktəbin şüşələrinin sınıq, otaqlarının soyuq olmasını qəbul edə bilmirdim. Düşünürdüm ki, bu, belə olmamalıdır. Biz buna layiq deyilik. Böyük həyata daha tez atılmaq istəyirdim. İstəyirdim ki, məni özümdən yuxarı siniflərdə oxuyan uşaqlarla birlikdə pionerə və yaxud komsomola tez qəbul etsinlər. Bunu özünütəsdiqin mümkün variantı hesab edirdim. Məktəbin ictimai həyatında daha çox iştirak etməyə çalışırdım. Və xatirimdədir ki, heç bir böyük təntənəli tədbir mənim iştirakım olmadan keçmirdi. Məhsul bayramından tutmuş ali qonaqların qəbuluna və qarşılanmasınadək iştirak edirdim. Bacardığım, həyata keçirə bildiyim bu idi. Dərsdən sonra anamın ciddi nəzarətindən qaçaraq tez-tez pioner evinə gedərdim. Hər dəfə getməyim də danlanmaqla sonuclanırdı. Günümün bir hissəsi orda keçirdisə, bir qismi də böyüklər üçün olan kitabxanalardan götürdüyüm kitabları oxumaqla keçirdi. Yaxşı yadımdadır ki, Mirzə İbrahimovun “Pərvanə” romanını mən 3-cü sinifdə oxumuşdum. Kiçik yaşlı uşaqlar üçün olan proqramlar məni qane etmirdi. Bəlkə fərqlənməyim bununla bağlı idi. Öz həmyaşıdlarımla oynamaq məni maraqlandırmırdı. Böyüklər də məni kiçik hesab edib özlərinə yaxın buraxmırdılar. Sözüm hər bir uşaqla tutuşmurdu.
- Bahar xanım, tərcümeyi – halınıza nəzər saldığımız zaman sizin elmə nə qədər maraqlı olduğunuzu bilmək olar...
- 5 yaşım olanda kitabları sərbəst oxuyurdum. Mənə əlifbanı heç kəs öyrətməyib. Evdə olan bütün kitabları, hətta bacı-qardaşlarımın fizika, kimya dərsliklərinədək hamısını acgözlüklə oxuyurdum. Xatırlayıram ki, anamla hansısa qohumlarımızgilə gedəndə mənə oxumaq üçün rus dilində “Pravda” qəzetini verirdilər. Buna həddən artıq təəccüblənirdilər. Uşaq ləhcəsilə oxumağım onlara qəribə gəlirdi. Məndən 2 yaş böyük olan bacım məktəbə hazırlaşırdı. Onun üçün avqust ayında əlifba kitabı alınmışdı. Sentyabr ayında o, dərsə gedəndə mən o kitabı tamamilə oxumuşdum. Hətta, bacımla birlikdə məktəbə getmək istəyirdim. Oktyabr adlı qonşumuz ibtidai sinif müəlliməsi idi. Sonradan o, mənim sinif müəllimim oldu. O, həvəsimi bilirdi və təklif etdi ki, məni tez məktəbə göndərsinlər, ancaq atam buna icazə vermədi və fikrini belə izah etdi ki, bu, uşaq sağlamlığına təsir edə bilər. Amma buna qədər bacımla məktəbə gedirdim və dərsdə iştirak edirdim. Hətta, mənə təskinlik üçün əla qiymət də yazırdılar. Artıq birinci sinfə gedəndə mənimlə müəllimə məşğul olmurdu. Bir dəfə oxuduğum şeir, mətn kompüterin yaddaşına göçürülən kimi əzbər yadımda qalırdı. Bəzən sinifdən sinfə keçdikcə müəllimlər elə düşünürdülər ki, mən dərsləri əzbərləyirəm. Hətta, sınaq dərslərində çox vaxt müəllimlər məni qaldırırdılar ki, sinifin göstəriciləri yaxşı olsun. Bir neçə dəfə sınaq dərslərinə girən müəllimlər də irad tutmuşdular ki, sən dərsi əzbərləyən uşağı danışdırırsan. Amma sonradan bəlli olurdu ki, mən əzbərləmirəm, sadəcə yeni dərs keçirilən 45 dəqiqənin içərisində şeirdirsə yerindəcə əzbərləyirdim, mətn idisə oxuyub nəql edirdim və bunu nümunə kimi mənim müəllimlərim uşaqların qarşısında deyirdilər. Oxumağa belə güclü həvəsim var idi. 8-ci sinifdən sonra artıq Füzulidə qala bilmədim. Düşünürdüm ki, 9-10-cu siniflərdə oxumaq mənim üçün vaxt itkisi deməkdir, çünki həmin dərs proqramlarını müstəqil olaraq keçmişdim. Və ciddi təkidlərimdən sonra ailəm razı oldu ki, mən oxumaq üçün Bakıya gəlim. Mədəni-maarif texnikumuna gəlmişdim, amma orda müəyyən problemlər yaradıldı, tərifnamə ilə 8-ci sinfi bitirənlər imtahansız müsabiqə ilə qəbul edilməli idi. O vaxt düşünürdüm ki, yaxşı biliyə qiymət veriləcək və hər yerdə mənim üçün qapılar açılacaq. Müsabiqədən keçdim, ancaq müəyyən hərəkətlər oldu və mən texnikuma qəbul olmadım. Rayona qayıtmamaq üçün sənədlərimi Yüngül-sənaye texnikumuna verdim. Burda isə biliyə qiymət verən insanlara rast gəldim. 4 il oxuduqdan sonra həyat öz korrektlərini etdi, hüquqşünas olmaq qərarına gəldim. Çünki ilk andan rastlaşdığım haqsızlıq qəlbimdə kök salmışdı və mən “Mehman” povestində olduğu kimi özümü ədalətli bir prokuror obrazında görürdüm. Düşünürdüm ki, dünyanı və onun əyər-əskiklərini düzəltməliyəm.
“Həyatım çətin keçsə də, qürur duya biləcəyim bir tərcümeyi-halım var”
- Texnikumdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmaq fikrinə düşdünüz...
- Bəli. Bakı Dövlət Universitetinin hüquq fakultəsinin axşam şöbəsinə cəmi 25 nəfər götürürdülər. Orda da müəyyən şərtlər var idi. Birincisi, hərbi xidmətdən qayıdıb gələnlər, hüquq-mühafizə orqanlarında çalışanlar müsabiqədən kənar qəbul olunurdular. Onlardan sonra yer qalardısa, bütün imtahanlardan əla qiymətlər alanlar qəbul olmaq şansı əldə edirdilər. Ona görə 4 il müsabiqədən keçə bilmədim. Sonra həqiqəti mənə elə hüquq fakültəsinin dekanı anlatdı. Çünki hər il dekanın qarşısında müsabiqədən keçirdik və o, məni yaxşı tanıyırdı. Dedi ki, vaxtın gedir, sənə bir məsləhət vermək istəyirəm. Bu gedişlə hələ bir 4 il də hüquq fakültəsinə qəbul ola bilməyəcəksən. Ona görə sənədlərini başqa fakültəyə ver. Onun sözləri ağlıma batdı və həmin il filologiya fakültəsinə sənədlərimi verdim və dərhal da daxil oldum. Hüquq fakültəsinə isə 2000-ci ildə daxil oldum. O vaxtlar Prezident Aparatında işləyirdim. Sonra da Yeni Azərbaycan Partiyasında çalışdım. İcra katibliyində təmsil olundum. Daha sonra isə bildiyiniz kimi millət vəkili seçildim və siyasətlə peşəkarcasına məşğul oldum. İndi siyasət üzrə fəlsəfə elmləri doktoruyam. “ATƏT-in vasitəçiliyilə Dağlıq Qarabağ probleminin həll edilməsi” mövzusunda elmi iş götürdüm və onu da müdafiə etdim. Özüm üçün gəldiyim qənaət ondan ibarətdir ki, əgər qarşına bir hədəf qoyursansa, bu hədəf də yalnız inkişafı, geniş miqyasda iştirakı nəzərdə tutursa, hansı keyfiyyətdə olursa olsun, ona nail olmaq mümkündür. Həyat müəyyən mənada maneələr yarada bilir, ancaq bu maneələr də yeni hədəflər müəyyən etmək üçün bir stimula çevrilir. Həyatım çətin keçsə də, hesab edirəm ki, qürur duya biləcəyim tərcümeyi-halım var. Əgər bu tərcümeyi-hal müstəqil Azərbaycan dövlətinin quruculuq illərinə təsadüf edirsə və ümumi Azərbaycanın siyasi tərcümeyi-halında mənim zərrə qədər də iştirakım varsa, bu, xoşbəxtliyimdir. Sözün bu mənasında tam xoşbəxtəm.
I hissənin sonu
Şərhlər