Elman Nəsirov: "Ən fəal millət vəkillərindən olacağam" - MÜSAHİBƏ
02.11.2015 17:11 Müsahibə 4021
Ölkəmizdə dünən baş tutmuş parlament seçkilərində qələbə qazanan millət vəkillərindən biri də 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürən politoloq Elman Nəsirovdur.
İlk dəfə millət vəkili adını qazanan Elman Nəsirovu təbrik edirik və onun Reaksiya.az-a millət vəkili kimi verdiyi ilk müsahibəsini sizlərə təqdim edirik:
- Dünən ölkəmizdə keçirilən seçki prosesini necə dəyərləndirirsiniz?
- Seçkinin çox yüksək səviyyədə keçdiyini hesab edirəm. Seçkiləri 66 min yerli müşahidəçi, 20 dövlətdən, 40 beynəlxalq təşkilatdan 501 xarici müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilər də seçkini çox yüksək səviyyədə qiymətləndirirlər. Obyektiv, demokratik, şəffaf seçkilər keçirilib. İstənilən seçkidə bu və ya digər qüsurlar ola bilər. Amma bu qüsurlar heç bir halda seçkinin nəticəsinə təsir etmək iqtidarında olan qüsurlar deyil. Bu seçkilər Azərbaycanda demokratiyanın inkişafı yolunda növbəti mühüm addımdır. 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində seçicilərin çox böyük fəallığının şahidi oldum. Hava şəraitinin pis olmasına baxmayaraq, seçicilər çox ciddi yanaşdılar və növbəti 5 il üçün kimə səs verəcəklərinin fərqində idilər. Böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gəlirdilər və nəticələr də bunu göstərir. Və seçicilərin 61.5 faiz səsini qazandım. Son dərəcə obyektiv formada seçki prosesi yekunlaşdı. Məni seçdiklərinə görə, seçicilərimə, namizədliyimi irəli sürən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirəm.
- Seçkilərdən uğurla ayrıldınız və indi millət vəkili kimi növbəti 5 il üçün planlarınız necədir?
- Mən ilk növbədə ən fəal millət vəkillərindən olmaq istəyirəm. Fəaliyyət göstərdiyim sahə daha çox xarici siyasət, beynəlxalq məsələlər ilə bağlıdır. Bu istiqamətdə istəyirəm ki, öz töhfələrimi verim. Yeni təkliflər, tövsiyyələr, yanaşmalar irəli sürərək Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin möhkəmləndirilməsi siyasətinə xidmət edən addımlar atmaqdır. İlham Əliyevin apardığı uğurlu xairci siyasət kursuna biz də kiçik töhfələrimizi verərək Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirək. Azərbaycanın etibarlı tərəfdaş olması ilə bağlı reallıq var və onu daha da inkişaf etdirmək lazımdır. Eyni zamanda məqsəd bizim üzləşdiyimiz problemləri, Ermənistan işğalı faktorunu, Xocalı soyqrımı ilə bağlı məsələləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu proseslərdə də öz töhfəmi vermək istəyirəm və hesab edirəm ki, buna mənim potensialım və imkanlarım da çata bilər.
- Ölkənin yeni parlamenti ilə növbəti 5 illikdə hər hansı kurs dəyişikliyi olacaqmı?
- Azərbaycanın xarici siyasətini prezident İlham Əliyev müəyyən edir. Həmin siyasət çevik olduğundan, bu siyasətə bir ehkam kimi də baxmaq olar. Azərbaycan dövlətinin xarici siyasəti ilk növbədə Azərbaycanın milli maraqlarını nəzərə alan və xalqın maraqlarından çıxış edən siyasətdir. Və bu, heç zaman dəyişmir, hər şeydən irəlidədir.
- Yaxın zamanlarda xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması ehtimalı ilə bağlı bəyanat səsləndirib. Bu parlament seçkilərindən sonra bu fikir təkrar gündəmə gələ bilərmi?
- Azərbaycan inteqrasiya məsələlərinə də çox böyük önəm verir. Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olunur və öz maraqlarını müdafiə edir. Məsələyə bu konteksdə yanaşılan zaman bu təşkilat ilə də münasibətlərin inkişafında maraqlı ola bilərik. Lakin bu təşkilatda işğalçı Ermənistan dövləti də təmsil olunur. Bu fakt qurumla münasibətlərimizin yaranmasına və inkişafına ciddi maneə olur və ilk növbədə bu faktor aradan qaldırılmalıdır. Yeni reallıqlar meydana gəlməlidir, bu reallıqlar olduğu zaman Azərbaycan dövləti milli maraqlardan çıxış edərək öz əməkdaşlığını, inteqrasiyasını həyata keçirə bilər. Bu olmadığı təqdirdə bizim bu təşkilatda olmağımız işğalçı Ermənistan dövlət ilə də münasibətlərin yaranmasına gətirib çıxarda bilər, bu da bizim dövlətin bütün maraqlarına ziddir. Ermənistan, nə qədər ki, işğala son qoymayıb, bu məsələdə Azərbaycanın dəyişməz mövqeyi olduğu kimi qalacaq. Azərbaycanı ön sıralarda görmək istəyən qüvvələr bu reallığı nəzərə almalıdır və bundan çıxış edərək öz addımlarını müəyyən etməlidirlər. Azərbaycan əməkdaşlıq məsələlərinə açıqdır, ikitərəfli, çox tərəfli əlaqələrin yaranmasında həmişə maraqlı dövlət olub. Eyni zamanda Avrasiya İqtisadi Birliyinə üzv olan digər dövlətlərlə də ikitərəfli formatda çox gözəl münasibətləri var. Bunu çoxtərəfli formata çevirmək istəyirlərsə, işğala son qoyulmalıdır.
-
Şərhlər