İlham Əliyev Naxçıvanda yolun açılışında iştirak etdi - YENİLƏNİB-1 - FOTOLAR

01.12.2015 17:31     Siyasi reaksiya     2445

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış olub.

Məlumat verilib ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 
17:15
 
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına terminalın texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.

Dövləti başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

İ. Əliyev həmçinin Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. V. Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

 
17:06
 
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

 

Şərhlər