Ordu rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

26.06.2015 13:25     Siyasi reaksiya     1976

Müdafiə nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. Bu bayram iİlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülüb və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

 

Şərhlər

Çox oxunanlar